Naz etmə, sevgilim, bilirik, mahiparəsən,Eşq əhlini kəməndə salan zülfü qarəsən.

Açdıqca gül cəmalını aləm işıqlanır,Aysan, günəşmisən, gözəlim, ya sitarəsən?

Bir kimsə görmədim, sitəmindən xilas ola,Kimsən, düşünmürəm, nəçisən sən, nə karəsən?

Yüzlərcə nazəninlər olur mübtəla sənə,Getsən bu nazü qəmzə ilə hər diyarə sən.

Güllər ayağın öpməyinin həsrətin çəkir,Çıxsan bu sərvi-qamətinlə laləzarə sən.

Çeşmü ləbin xəyalı məni qıldı meypərəst,Saldın həmişə könlümü rənci-xumarə sən.

Nöqsan yetişməsin, gözəlim, mahi-ruyinə,Çıxma rəqiblə gecə mənsiz kənarə sən!

Bir dəfə qeyrilə səni gördüm – bəladəyəm,Dərd öldürər məni, yenə gəzsən dübarə sən.

Xaki-məzar Vahidə bir laləzar olar,Qoysan əgər onu öz əlinlə məzarə sən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love