Страница 3 из 7 · 29%

Yaxşı, sən də sözbazlıq eləmə də, burada nə var ki?

– Başa düşmürsən? Guya bu məlumatı sadəcə telefonla almayıb, hamıda belə təsəvvür oyanır ki, guya bu nə isə yaxın, məhrəm adamdır, bir sözlə, ev adamıdır. Ailənin içindən gəlib işdə xəbər verir. – Susdu və bir qədər əsəbi əlavə etdi: – Təhminə işə gəlməyəcək. Guya başqası bunu zəng eləyib bilə bilməzdi. Kibriti ver görüm. Sönüb. Aha... Hə, sonra ki, başladı söz-söhbət, eyhamlar, onda da arifdi, başladı danmağa, özü də elə can-başla danmağa başladı ki, yatanları da ayıltdı. Çox vaxt görürsən, özü bu söhbəti heç eşitməyənlərə eşitdirirdi: əşşi mənimçün söz çıxarıblar, yaxşı deyil, qızım yerindədir, gedər ərinə çatar, duz-çörək kəsmişik, filan-peşməkan. Deyərsən daha bundan namuslu adam yoxdur, – istehzayla əlavə etdi, – qeyrət dağarcığı, – susdu, sonra yenə sözünə davam etdi. – Hə, belə-belə hamıda fikir oyandı ki, bəli, burda mütləq bir iş olmamış deyil. Mən də qaldım gic vəziyyətdə. Hər sözümü, hər hərəkətimi başladılar müəyyən yerə yozmağa. Dadaşa mehribanlıq da göstərsəm, etinasızlıq da, heç fərqi yoxdur. Hər şeyi bir cür başa düşürlər.

Birdən nədənsə Zaurun Təhminəyə yazığı gəldi. Düşündü ki, bütün bu yüngülməcazlığına, əzilib-büzülməsinə baxmayaraq, yəqin, onun da öz dərdi-səri var.

Təhminə:

– Əlbəttə, – dedi, – mən də istəsəm, yüz cür kələk qurub işin içindən çıxaram. Məsələn, bəd ayaqda adımı bir başqasıynan çıxardaram. Dadaş da qalar qurumsaq kimi baxa-baxa.

Qəfildən maşının güzgüsündə gözləri Zaurun nigaran baxışlarıyla haçalandı, bir an içində şıltaq bir fikir beynindən keçdi.

– Məsələn, – dedi, – şayiə buraxardım ki, səninlə sevişirəm. Hamı da inanardı, çünki, maşallah, şəkil kimi göyçək oğlansan, özün də subay, – şaqqıldadı, – bura bax, yoxsa elə bilirsən səninlə plyaja getməyə də onunçün razı oldum, məqsədim var, hə? Düzünü de, sən allah, elə fikirləşirdin?

– Arvad deyilsən sən, şeytansan, şeytan.

– Nə olar? Qoy şeytan olum. Bir var dəli şeytan. Mən də dərdli şeytanam.

– Nədir axı sənin dərdin, Dadaş?

Təhminə bu sözləri də qulaqardına vurdu, cavabsız qoydu.

– Bəli, çox şey edərdim, – dedi, – etmirəm, çünki mən adamların hamısını başa düşürəm. Bilirəm bu dünyada kimə gərək olan nədir. Dadaşa ancaq vur tut quru söz-söhbət lazımdır. Necə deyərlər, ocağın tüstüsü. Nə olar, qoca kişidir, qoy könlü xoş olsun. Məndən nə gedir?

– Necə nə gedir? Bəs, adına ləkə gəlmir?

– Əzizim, – dedi, – adlarına ləkə düşməkdən qorxan bilirsənmi kimlərdir? O adamlardır ki, təmiz elə bir adlarıdır, özləri çoxdan çirkab içindədirlər. Ona görə də ancaq quru adlarını qoruyurlar. Aman günüdür ləkə düşər. Əgər mən özümü ləkəli bilmirəmsə, adamlar adıma nə ləkə vurur-vursun vecimə deyil.

– Bəs, Manaf da belə düşünür?

– O...mənim ərim ayrı oğlandır. Dünyada tayı-bərabəri yoxdur. Deyir ki, ürəyim buz kimidir, arvadımdan arxayınam. Təhminə aydan arıdır, sudan duru, intəhası, gözəldir. Gözələ həmişə söz qoşarlar, o qədər paxıl gözügötürməyən var ki... Düz demir, sən allah?

– Nə bilim, yəqin düz deyir də.

Təhminə rişxəndlə ona baxdı.

– Elə bilirsən dediyinə özü inanır? Qəlbinin dərinliyində bilir ki, mən onu sevmirəm, deməli, ona sadiq də deyiləm. Ancaq bu fikri beynindən rədd edir, bu barədə düşünmək belə istəmir. Amma orda, lap, lap ürəyinin dibində, – barmağını Zaurun köksünə sarı uzatdı, – bax burda bir quyu var ha, onun lap dibində, özünə belə təsəlli verir ki, nə olsun, mən də Təhminəyə xəyanət edirəm. – Təhminə bərkdən güldü. – Amma məndən beşbetər aşnaları bir ifritə bədəncərədirlər, gəl görəsən! İkisini mən tanıyıram. Biri Bakıdadır, biri Tiflisdə. Kişinin oğlu mecduqorodnı Don-Juandır. Yəqin Moskvada da adamı var, amma mən tanımıram. Hər halda tez-tez bəhanə tapıb cumur Moskvaya. Odey, indi də bir aydır Moskvadadır. Deyəsən, günü pis keçmir. Tezliklə qayıtmaq fikri yoxdur.

Laqeyd, tənbəl hərəkətlə maşının güzgüsünü özünə tərəf çevirdi, dodaq boyasını çıxarıb dodaqlarını boyamağa başladı. O, solğun boyaları sevmirdi, həmişə dodaqlarına al-qırmızı rəng çəkir, özü də boyanı dodağına elə sıxırdı ki, dodağı qat-qat boyanırdı. Boyanı bağlayıb balaca çantasına qoydu.

– Amma zövqü bir şey deyilmiş. Bilmirəm heç məni necə bəyənib. Bakıdakı dəhrəcanlı bir şeydir, dam boyda. Tiflisdəki də dəmbərəgöz, Allah göstərməsin.

Zaur:

– Sən də bütün bunlardan belə sakit danışırsan, – dedi və öz sualından özü utandı. – “Deyəsən, hansı əsrdə yaşadığını unutmusan, Zaur kişi” – deyə düşündü.

– Eh, mənə nə! Od ver görüm. Sağ ol. Birinci dəfə eşidəndə pis oldum. Sonra adət etdim, laqeydləşdim. Ən ləzzətlisi də odur ki, elə bilir mənim heç nədən xəbərim yoxdur. Gəlir, belə ciddi tonla “sovnarxoza çağırmışdılar” – deyir. – “Tiflisə bir həftəliyə ezamiyyətə göndərirlər”. Mən də bilirəm axı, işdən öz hesabına bir həftəlik məzuniyyət alıb. “Sabah gedirsən? – deyirəm, – yoluna nə hazırlayım?” Bəli, Tiflisdə də şıdırğı hazırlıq gedir. Bir nəfər var, mənə danışıb. Deyir arvadın ayrıca mənzili var, iki otaq. Manaf teleqram vuranda ki, bəli gəlirəm, otaqlara xüsusi xəli döşənir, döşəkçələr, mütəkkələr düzülür, kişinin oğlu keçmiş xansayağı kef eləyir. Sonra...

Zaur çevrilib Təhminəyə baxdı. Təhminə tuşla çəkilib uzadılmış kirpiklərini qaldırdı. Birdən Zaur onun gözlərinin lap dibini gördü. Səhrada qəflətən qum axıb-çökub quyu açılan kimi, Təhminənin gözlərində nə isə uçub-dağılmışdı, gözlərinin lap dibində, bəlkə də dibsizliyində nə isə zil qaranlıq bir lağımın ağzı açılmışdı. Qəlbin gizlinlərinə açılan bir lağım, uçuruma aparan bir yolun ağzı.

Zaur:

Lazım deyil, – dedi, – danışma. Keç ayrı söhbətə.

– A... belə de. Bu cür söhbətlər sənin zərif qəlbinə toxunur. Bəs, özünü elə göstərirdin ki, müasir oğlansan, həyatın hər üzünü görmüsən, dəyirmanın bu başından girib o başından çıxmısan, – gözlərini qapamadı, amma gözlərinin içindəki quyunun ağzı tutuldu, gözləri yenə də həmişəki kimi şıltaq və işvəkar, şux və işıqlı idi, – nə oldu, xoşun gəlmir belə söhbətlərdən? Həyatdır da bu, oğlum, həyat demirsən, qulaq as!

– İstəmirəm. Bu həyat deyil, həyatın astarıdır. Mənim belə söhbətlərdən xoşum gəlməz. Görürəm səninçün danışmaq ağırdır, danışma, nə vacib olub...

– Ağırdır? Əksinə. Ağır neçin olur? Ağır-zad deyil. – Uzun zaman yola baxdı, sonra, – mən Manafı başa düşürəm, – dedi, – cavanlıqda çətin dolanıb. Ailə saxlayıb. İndi, necə deyərlər, bolluğuna düşüb. Yaşı keçdikcə cavanlıqda ötürdüyü dəmlərin əvəzini çıxmaq istəyir. Dünyada ən yaman dərd görməmişlikdir.

Siqaret tüstüsündən boğuldu. Bir xeyli öskürdü. Sonra birtəhər sakit oldu.

– Tiflisdən gələndə də yoluna yemək qoyurlar, – dedi, – qab-qacağı bilmirəm gizlədir, ya atır. Bir dəfə, bilmirəm, içmişdi, ya kef başına vurmuşdu, çaşıb evə Asyanın qab-qacağını gətirmişdi. Tiflisdəki arvadın adı Asyadır. Belə göy kasa idi. Noxud-noxud ağ naxışlı. Mən də götürüb gizlətdim. Gələn səfər Tiflisə gedəndə yeməyini o kasaya qoydum. Elə bilirsən, başa düşdü?

– Deyirsən iki evin qab-qacağını əzbər bilsin?

– Yox, heç olmasa Asya xanım onu başa salaydı. – Nə bilirsən, bəlkə Tiflisə çatanda da sənin qab-qacağını gizlədir?

Təhminə şaqqıldadı.

– Bax, bu, mənim ağlıma gəlməmişdi. Yox, bala, gələcəyin parlaqdır, – sonra çılğınlıqla əlavə etdi: – Dünyada ən çox acığım gələn şey riyakarlıqdır, bir də yalan...

Zabratın yanından Pirşağı yoluna buruldular. Avtobus dayanacağında bir kişi uzaqdan “Moskviç”i görüb əl qaldırdı.

– Saxla götürək onu.

– Bir o çatmırdı.

– Xahiş edirəm saxla. Yoxsa bütün söhbətlərimiz qurtardı, danışmağa sözümüz qalmadı, heç olmasa saxla görək nə istəyir.

Zaur ayağını əyləcə basdı. Maşın sürüşüb dayandı.

Kişi sadə kəndli geyimində idi. Yanında çarşablı bir arvad da vardı. Maşın dayanan kimi kişi zənbilini qapıb maşına tərəf gəldi.

– Qardaş, – dedi, – Pirşağıyacan apararsan bizi?

Təhminə:

– Gəl aparaq, – dedi, – gör nə yorğundurlar.

Zaur:

– Yaxşı, oturun, – dedi.

Kişi arvada əl elədi. Sonra ucadan qışqırdı:

– Bəri gəl, Əlmərdan.

Dayanaq köşkünün altından ucaboylu bir oğlan çıxdı. Axsaya-axsaya maşına tərəf gəlməyə başladı:

Zaur:

– Ancaq iki yerim var, – dedi və Təhminəyə tərəf dönüb əlavə etdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов