İkinci nağıl
Страница 10 из 14 · 64%
Şofer maşını həyətin içindəki üçmərtəbəli evin qarşısında saxladı, cəld düşüb dal qapını açdı. Məlik də maşından endi, Fil:
– Pliz – deyə onu evin qapısna tərəf yönəltdi. Qapıdan girən kimi pəhləvan cüssəli bir oğlan Məliyin qarşısını kəsdi, onun üst-başına əl gəzdirməyə başladı, Fil tələsik ona ingiliscə: – miss Buranın atasıdır – dedi.
Pəzəvəng əl çəkdi, Fil: – Sorri – dedi – miss Buranın bodiqardıdır – son cümlədəki iki sözün şəkilçiləri azərbaycancaydı. Məlik:
– Azərbaycanlısınız? – deyə xəbər aldı.
– Of kouz. Əlbəttə. May neym c... c... adım Fizuli.
Liftə girdilər. Liftin içi də ətir qoxuyurdu, Fizuli-Fil ikinci mərtəbənin düyməsini basdı, qalxdılar. Palıd ağacından olan qapının qarşısına çıxdılar. Fil zəngi basdı, qapı açıldı və Burla, onun balaca Burla xatunu, – indi o doğrudan da yaraşıqlı, xanım-xatın bir qadın olmuşdu – Məliyin boynuna atıldı – Ata, atacan – dedi – bilsən səni görməyimə necə şadam.
– Mənim qədər şad ola bilməzsən, Burla – dedi Məlik.
– Paltonu çıxar. Ver özüm asım – sonra şoferə ingiliscə nəsə dedi.
Fil əlini papağının dimdiyinə uzadıb getdi.
Məlik:
– Bu niyə ingiliscə danışır? – deyə soruşdu.
– İngilis məktəbində oxuyub.
– Azərbaycanca heç bilmir?
– Niyə bilmir?
– Onda de, mənimlə öz dilimizdə danışsın.
– Baş üstə.
Məlik paltosunu çıxara-çıxara dəhlizdəki iri əlvan afişə nəzər saldı və diksindi: afişdə Burlanın çox böyük yarılüt şəkli vardı.
Məlik: – Sənsən? – deyə qeyri-ixtiyari soruşdu.
Burla: – Yox, tanışımdır – dedi, güldü – bu barədə sonra danışarıq, keç içəri.
Otağa girən kimi Məlik qarşı divarı boya boy tutan pəncərədən dənizin çox geniş mənzərəsini gördü, amma diqqət edib başa düşdü ki, bu pəncərə deyil, şəffaf şüşənin arxasında göy dənizin, sarı qumlu sahilin fotosudur. Foto o qədər dəqiq və aydın çəkilmişdi ki, adama elə gəlirdi real mənzərədir, pəncərədən görünür. Sağ divarda da şəffaf şüşənin arxasında başı qarlı sıra dağlar görünürdü. Sol divarda sıx meşə, baş-başa vermiş ağaclar, üstünü yarpaqlı budaqlar yaşıl çətir kimi örtmüş meşə yolu. Məlik girdiyi qapı tərəfə çevrildi, bu divarda da köpüklənən dağ çayı, şəlalə şəkli vardı. Burla qapını örtəndə şəlalə sanki qapının üstündən aşağı axmağa başladı.
– Bəs bu otağın pəncərəsi yoxdur?
Burla: – Pəncərə nə lazımdır – dedi – bu murdar şəhərə baxmağa? Belədə hara baxıram ürəyim açılır.
Otağın küncündəki bara yanaşdı:
– Nə içəcəksən, viski, şerri-brendi, cin tonik, tekila, vodka, konyak...
– Dayan, dayan küyə basma görüm... Çay içərdim.
Burla daxili telefonu götürüb – Lera, uan ti – dedi – sonra xoş bir təbəssümlə Məliyə baxıb – unutmuşdum, sən axı xalis müsəlman kişisisən. Ancaq çay içirsən, o nədir o... o kişi... hə Məşədi İbad kimi. Gərək ki, belə bir müzikl də vardı, uşaqlıqda görmüşdüm.
Məlik: – vardı – dedi.
Burla: – Dayan bir sənə yaxşı-yaxşı baxım. Bir az qocalmısan.
– Bir az yox, lap çox. İllah da son iki gündə.
– Nə olub ki, son iki gündə?
Məlik bu son iki gün haqqında da, həyatının son illəri barədə də qısaca danışdı.
Burla ah çəkib: – Yazıq anam – dedi – belə də yaşamaq olar?
– Bəs ananla əlaqə yaratmağa çalışmamısan?
– Bu mümkün deyil, ora bütün yollar bağlıdır. Heç telefonla, teleqramla, məktubla da əlaqə saxlamaq olmaz.
– Beyrəklə necə?
– İnternetdən onun e-mailini öyrəndim, mesaj göndərdim, özüm haqqında yazdım. Heç bir cavab gəlmədi. Mənim də doğrusu başım elə qarışıqdır ki, daha yazmağa vaxt tapmadım. Bir də ki, görünür mənimlə yazışmaq istəmir. Ordakı rejimi özün gördün də... Bəlkə qorxur. İşıq necədir səninçin?
Otağın işığını nəzərdə tuturdu.
– Bir az qaranlıq deyil ki?
– Mən belə işığı sevirəm, ala toranlığı.
Məlik: – Mənə elə gəlir ki, hər halda pəncərə olsaydı – deyə sözə başladı, Burla:
– Əşi neyləyirsən pəncərəni? Mənzərəyə baxmaq üçün? – buyur doyunca bax, bu mənzərələr xoşuna gəlmir, buyur başqasına bax. – pultu götürüb düyməni basdı və dərhal dörd divarın dördündə də mənzərələr dəyişdi – indi qumlu səhra, buzlu çöl, əcaib qayalar, uzandıqca uzanan yollar görünürdü.
– Pəncərə? Bəlkə işığa görə deyirsən? Bu da sənə gün işığı – düyməni basdı və tavandakı alçibanlardan bol günəş işığı süzüldü otağa.
Məlik mat qalmışdı, Burla onun təəccübündən ləzzət alırdı sanki:
– Hə nə qaldı, hava? Hansı havanı xoşlayırsan, dəniz havası, dağ havası, meşə, çöl?. – bir bir pultun düymələrini basırdı və doğrudan da otağa gah dağ havası, gah dəniz mehi, gah şaxta təmizliyi, gah yağışdan sonrakı nəm hava dolurdu.
Məlik: – Bu sehirli otağın daha hansı möcüzələri var? – deyə soruşdu.
Burla: – Mən ancaq burda dincələ bilirəm, bütün əsəblərim sakitləşir – dedi – sonra Məliyin sualını cavablandırdı – sehirləri hələ çoxdur – yenə hansısa düyməni basdı, quş səsləri, dənizin uğultusu, yarpaqların pıçıltısı, bülbüllərin cəh-cəhi eşidildi.
Məlik: – Doğrudan möcüzədi – dedi – mən indiyəcən belə şey görməmişdim.
– Hələ bu harasıdır? – Burla başqa bir pultu götürdü, düymələri basdı. Otağa əvvəl qızılgül, başqa düyməni basanda bənöbşə iyi, daha sonra bir-birinin ardınca bədmüşk, iydə ağacının ətirləri, təzə çalınmış ot qoxusu doldu.
– Bunları necə düzəltdirmisən? – neçəyə başa gəlib – demək istəmirdi.
Burla: – Bu mənim dünyamdır – dedi – bütün dünyadan ayrılıb çəkildiyim dünya.
– Amma süni dünyadır axı.
– Süni dünya gerçək dünyadan min qat yaxşıdır – dedi Burla – beş duyğunla istədiyini istədiyin vaxt duya bilirsən. İstəyirsən gündüz vaxtı gecə olsun, gecə vaxtı gündüz. Bax. – Burla bir düyməni də basdı, otaq qaranlığa qərq oldu. Burlanın səsi gəldi: – Başını qaldır, tavana bax.
Tavan ulduzlu göydü. Kahkəşan, süd yolu, bürclər...
Burlanın səsi də sanki kainatın dərinliklərindən gəlirdi:
– Bax, indi ay doğacaq. Ulduzlar sönəcək.
Haradansa divarların üstündən ay çıxıb tavana ucaldı.
Məlik: – Yaxşı, bəsdir – dedi – çıxar bizi işıqlı dünyaya.
Otaq yenə gur gün işığına qərq oldu. Qapını tıqqıldatdılar, Burla:
– Yes – dedi.
Ağ döşlüklü xidmətçi qız otağa daxil oldu, Məliyə ədəblə salam verdi, padnosda gətirdiyi çayı, konfetləri onun qabağına qoydu. Sonra beləcə səssiz çevrilib çıxdı.
– Necə oldu ki, üçünüz də ayrı-ayrı zonalara düşdünüz?
Burla köksünü ötürdü: – Eh, getsin o günlər gəlməsin. O gün mən evdəydim. Hə, sən fikir verdinmi, bu ev elə bizim köhnə evimizdir?
– Köhnə evimiz?
– Bəli, təəccüblənmə, bizim köhnə evimiz, yəni o birmərtəbəli daxmamızın yerində tikdirdim bu üç mərtəbəni.
– Üç mərtəbəsi də sənindir?
– Əlbəttə.
Məlik: – Hansı pula? – deyə soruşmaq istəyirdi, amma cavabdan qorxub soruşmurdu, ayrı sual verdi: Deməli o gün sən evdəymişsən? – çayından bir qurtum aldı.
– Zökəm olmuşdum, evdə yatırdım. Anam da, Beyrək də işdəydilər, hərəsi öz idarəsində. İşləri də, bilirsən şəhərin müxtəlif səmtlərindədir.
Atışma başladı, bir neçə saatın içində şəhərin hər yerində barrikadalar qurdular, bu küçədən o küçəyə keçmək olmurdu. Sonra da ki, o müsibət, dağıntılar, yanğınlar... əvvəl-əvvəl heç olmasa bir-birimizlə telefonla danışa bilirdik, iki gündən sonra telefon əlaqəsi də kəsildi.
– Sonra da şəhərin üç zonaya bölünməsi...
– Bəli, qabaqca zonalar arasında tikanlı məftillər çəkildi, sonra da bu eybəcər divarları tikdilər.
– Babanın, nənənin, yəni mənim atamın, anamın qəbirləri də deyəsən bu zonaya düşüb.
– Hə? Hardadırlar ki?
– Bıy, yadından çıxıb, neçə dəfə sən də getmişdin axı qəbir üstə, şəhərin yuxarı tərəfindədir...
– Hə, hə bildim. İndi orda Luna-parkdır.
– Nə, Luna-park?
– Hə, Luna-park. Qəbirlər onsuz da dağılıb, itib-batıb getmişdi. Orda Luna park qurublar. Elə o biri qəbirstanlıqların yerində də reqbi, beysbol, qolf meydançaları düzəldiblər.
– Bəs ölüləri harda basdırırlar?
– Basdırmırlar, krematorilərdə yandırırlar. Yaxşı, bəsdir, ölülərdən danışdıq – durub atasının boynunu qucaqladı, başını sığalladı – axı biz səni də ölmüş bilirdik, sağsan, gəlib çıxmısan. Elə bil ömrümə gün doğdu – gülümsündü – əsil gün, daha – tavanı göstərdi – belə günəş yox – çayı içib qurtardığını gördü – Çay istəyirsən?
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-ag-qoc-qara-qoc-ikinci-nagil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Degildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Səkkizinci fəsilBu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,*Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.*
Стихи других поэтов
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
O görükən dağlar sizin dağlardıBaşına döndüyüm, a Nərgiz xanım,O görükən dağlar sizin dağlardı.
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?