İkinci nağıl
Страница 9 из 14 · 57%
Sonra sanki qeyri-ixtiyari, mexaniki bir hərəkətlə Məliyin dilinə də vurmadığı qədəhini götürüb başına çəkdi – nə qədər gec deyil, burdan uzaqlaşıb get – dedi. – Xoşbəxtsən ki, hələ bu imkanın var. Ayrı xoşbəxtlik axtarma. Biz də burda bir təhər başımızı girləyək, görək əcəl haçan insaf eləyib dadımıza çatdı.
– Beyrək, sənin belə danışmağın, mənimçün ölümdən betərdir.
– Eh, havayı sözlər danışmağa nə var ki?
– Havayı sözlər deyil bu. Nə isə etməliyik. Nə isə etmək lazımdır. Yəni bütün bunları dəyişmək istəyən adamlar qalmayıb burda? Hamı burda elə sənin kimi bədbinləşib, hər şeydən əlini üzüb?
– Yox, niyə ki, ümidini üzməyənlər də vardı.
– Vardı? Bəs indi hardadırlar?
– Xəzərin dibində. Bəxti gətirənlər – Nargin adasında.
– Nargin adasında?
– Bəli, o adanı Bakı Kommunasının ərazisinə daxil etdilər, indi orda möhtəşəm bir konslager qurublar. Mənim bu sənətim olmasaydı, mənə möhtac olmasaydılar, mənim də ən yaxşı halda yerim ordaydı. Niyə də olmasın? Atam Türkiyədə, anam və bacım düşmən qonşuların ərazisində... Amma elə böyük fərq də yoxdur, orda konslager dənizlə əhatə olunub, burda divarlarla.
Məlik əlləriylə üzünü qapadı.
Beyrək: – Kefini pozma ata, – dedi – böyük musibətlərin yanında bizim ailənin taleyi nədir ki... Mən özüm də hər şeyə qane olmuşam. Dolanışığım var. Camaat baxmasın deyə pozduğum xarici televiziyalara özüm gizlində baxıram. Bəzi kitabları qoruyub saxlaya bilmişəm – Cəlil Məmmədquluzadəni, Sabiri. Hərdən oxuyuram. Dostoyevskini daha çox oxuyuram. “Şeytanlar”ı. Zalım oğlu elə bil hər şeyi qabaqcadan görüb. Əlbəttə mənim Marat kimi, hətta Qaraxanov kimi pulum-sərvətim yoxdur, amma hər halda...
– Yəni onlar dövlətlidir? Bəs kommnistlər bərabərlikdən dəm vururlar, proletar rəhbərləridir...
– Proletar, kommunist – xeyli güldü, – bu artıq bir az sərxoş gülüş idi – bu sözlərə inanan var? – dedi – Qaraxanovun Fransada, Maratın dünyanın beş qitəsində villaları var, deyirlər ki, Amerika milyarderləri, ərəb şeyxləri qələt eləyər onun yanında.
Birdən Məliyin yadına düşdü:
– Pianino çalır Marat? – dedi.
– Pianino? – Beyrək təəccüblə gözlərini ovuşdurdu, arağın təsiri hiss olunurudu. – Bu hardan çıxdı?
– Pilləkənin yanında şəklini gördüm, piano arxasında.
– Hə... – Beyrək qəhqəhə çəkdi – şəkildir də çəkdirib, heç çijik-pijik də çala bilmir. O biri şəkli də gördün, at belində?
– Gördüm.
Ömründə nəinki ata, heç eşşəyə də minməyib. Heykəlini də gördün də Maratın?
– Bəli.
– Gördün necə ucadır? Boy-buxun da ki, maşallah. Əslində Marat Qaraxanovdan da potaboydur. Qaraxanovun çiynindəndir.
Beyrək bir qədəh də süzüb içdi. – Əşi bu Marat dəsgahdır – dedi – deməklə qurtaran deyil. Bir arvad uşaq doğub dörd kilo yarım. Televiziyada deyirlər ki, Maratın şərəfinə belə böyük uşaq doğulub. Üç gündən sonra Maratın ad günüdür. Bir ay qabaq səbəbsiz-flansız xüsusi olaraq on-on beş adamı tutub basıb ki, öz ad günü şərəfinə amnistiya verib beş-altısın buraxsın. Bu adam özü özündən doymur ki, doymur.
Telefon oldu, Beyrək dəstəyi qaldırdı:
– Da, yaxşı indi gəlirəm – sonra Məliyə – bağışla, Qaraxanov çağırır – dedi – gedək, sənin də buraxılış vərəqinə qol çəksin. Yoxsa burdan çıxa bilməzsən.
Qaraxanovun otağına girdilər. Qaraxanov ayağa durdu və yenə də balacalaşdı. Qəribədir: Stolunun üstündə balaca boşqabda səməni vardı.
Beyrəyə: – Vot – dedi – lyubuysya. Yoldaş Marat çağırmışdı, okazıvaetsya bu gün kakoy-to bayram. Novruz çto li? Tak vot, PP xəbər verib ki, bazarda kimsə bu zeleni satırmış, səməni, çto li, – səməninin bir qırağından qoparıb ağzına qoydu, bir az çeynədi, sonra tüpürdü – fu, kakaya qadost. Bunu da insan yeyər? Stəkandan su içib ağzını yaxaladı.
Məlik maddım-maddım oğluna baxdı, Beyrəyin heç tükü də tərpənmədi. Qaraxanov sözünə davam etdi: – Marat yoldaş dedi ki, xarici radio ilin təxvil, təxvil çto li, olmasının saatını deyib, bunu da eşidən olub. Kuda smotrit Boris dedi yoldaş Marat, nemedlenno primite merı. Pozor. Özü də haçan? Dünya proletariatının böyük prazdniki – Marat yoldaşın den rocdeniyasına üç gün qalmış. Razberites s etim.
– Sonra Məliyə baxıb – gedirsiz – dedi – verin kağıza qol çəkim, – qol çəkdi, – sonra yenə Beyrəyə müraciətlə: – Nu kak, prosvetil eqo nasçet tovarişa Şaumyana?
Beyrək: – Razumeetsya – dedi – söz verdi ki, Şaumyan yoldaşın əsərlərini türkcəyə tərcümə edib orda çap elətdirəcək.
Qaraxanov məmnun-məmnun gülümsədi.
– Eto xoroşo – dedi – nə olsun Türkiyə düşmən qosudarstvodur, biz orada da proletariatı oyatmalıyıq ki, bütün dünyada kommunizmin qələbəsinə qotovı olsunlar. – Məliyə müraciətlə: – papaşa – dedi – siz də unutmayın – ən böyük düşmənimiz imperializm və pantürkizmdir.
Məlik:
– Bəs sionizm? – dedi.
– Əbəltə i sionizm.
– Bəs panislamizm, buddizm, katolisizm, protestantizm, parlamentarizm...
– Əlbəttə, əlbəttə – Qaraxanov başıyla təsdiq edirdi. Məliyin də elə bil gic damarı tutmuşdu, vaxtilə Sovet cəmiyyətinin tarixinə dair oxuduğu kitabları xatırlayıb:
– Bəs sürrealizm, impressionizm, modernizm... – deyirdi.
Qaraxanovun sifətində gərgin bir ifadə vardı, bu sözləri bəlkə də ilk dəfə eşidirdi, nə demək olduğunu bilmirdi və bilmirdi ki, bütün bunlar doğrudanmı proletariatın düşmənləridir?
Məlik davam edirdi: – freydizm, feminizm, filatelizm, fetişizm...
Qaraxanov axır ki, arxayın nəfəs aldı, fetişizmi faşizm başa düşüb: – koneçno – dedi – faşizm də neprimiri düşmənimizdir. – Beyrəyə müraciətlə – Vicu əməlli-başlı işləmisən papaşayla. Nu xoroşo. Sağ olun.
Beyrək Məliyi qapıyacan ötürdü.
– Bu Qaragözov küçəsiylə get, Marat meydanından sonra Baş komissar küçəsinə burul. Üçüncü zonanın sərhəd keçidi ordadır.
Məlik: – Oğlum – dedi – çox içmə.
Beyrək yorğun-yorğun:
– Yaxşı – dedi.
Məlik bilmirdi daha nə desin. Beyrək saatına baxdı, bunu vaxtı olmadığına işarə kimi də başa düşmək olardı. Ayrılmalıydılar.
Məlik: – Bir dəqiqə eynəklərini çıxar – dedi – gözlərini görmək istəyirəm, bəlkə daha heç vaxt görə bilmədim.
Beyrək: – Boje, kakiye santimentı – dedi, amma bir anlığa eynəyini çıxartdı. Gözləri bom-boş idi, heç bir ifadə yoxdu onlarda. Əlini uzatdı:
– Əlvida – dedi, sonra birdən soruşdu: – Türkiyədə insanlar necə yaşayır?
Məlik: – İnsan kimi – dedi.
III
Divarın dar qapısından keçən kimi Məlik telefonu soruşdu.
– Orda avtomat var, jeton alın – dedilər. Jeton aldı, avtomat – telefon köşkünə girdi və Burlanın nömrəsini yığdı. Bir azdan dəstəkdən səs gəldi: Hello! – Burlanın səsi idi, amma nədirsə başqa cür səsləndi, Bir an sonra Məlik başa düşdü: avtocavabçıdır, özü də cavab ingiliscə səslənir. Məlik bir az bilirdi ingiliscə: – Mən evdə yoxam – sözlərini eşitdi.
– Siqnaldan sonra mesajınızı verin.
Siqnal gəldi.
– Salam, Burla Xatun – ancaq uşaqlıqda onu belə, tam adıyla çağırardı. – Mənəm, Məlik, atan... burdayam, səni görmək istəyirəm. Bir azdan yenə zəng edərəm...
Telefonu asmaq istəyirdi ki, dəstəkdən səs gəldi:
– Ata – bu Burlanın səsi idi, özü də lentə yazılmış mexaniki səsi yox, canlı səsiydi və bu səs titrəyirdi.
– Qızım, Burla...
– Ata, sən sağsanmış. Hardan gəlib çıxdın bura?
– Uzun söhbətdir. Görüşəndə danışaram. Səni görə bilərəm?
– Əlbəttə, hardasan?
– Sərhəd keçidinin yanında. Kommunadan gəlirəm.
– Ordan iki keçid var. Hansının yanındasan. Hansı küçədə?
Məlik avtomat köşəsindən küçənin latın hərfləriylə yazılmış adını oxudu:
– Burda 42-ci paralel avenyu yazılıb. Avtomat köşkündən danışıram.
– Ordan heç yerə tərpənmə. Maşınımı göndərirəm. On dəqiqədən sonra orda olacaq. Qara “Mersedes”dir. Şoferin adı Fildir.
– Oldu.
Doğrudan da düz on dəqiqədən sonra qara “Mersedes” köşkün düz qabağında dayandı. Tünd göy kostyumlu, ağ köynəkli, yaxasında qara bant olan sürücü cəld maşından düşdü. Ağ əlcəyini çıxarıb Məliyə əl verdi, sonra nəzakətlə maşının dal qapısını açıb – pliz – dedi. Maşının içi sərin və ətirli idi. Radiosundan ingilis dilində xəbərlər səslənirdi. Geniş prospektlə irəliləyirdilər. Hər iki tərəfdə çox şıq mağaza vitrinləri, çoxlu reklamlar vardı.
Maşın işıqforun qırmızı işığı qarşısında dayandı. Dərhal yeddi-səkkiz yaşında uşaq yüyürüb “Mersedes”in qabaq şüşələrini silməyə başladı. Başqa uşaqlar ba o biri maşınların şüşələrini silirdilər. Şofer şüşəni açıb uşağa bir neçə pens verdi. Uşaq cəld yeni gəlib dayanmış başqa maşına tərəf qaçdı. İşıqforun işığı dəyişdi, maşınlar hərəkətə keçdi. “Mersedes” şəhərin yuxarı hissəsində fiqurlu çəpərlə dövrələnmiş abad həyətə daxil oldu. Sarı kombinzonlu bağban qazonları sulayırdı. Məliyə elə gəldi ki, buralar ona hardansa tanışdır, amma tanınmaz dərəcədə dəyişmişdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-ag-qoc-qara-qoc-ikinci-nagil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Degildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Səkkizinci fəsilBu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,*Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.*
Стихи других поэтов
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
O görükən dağlar sizin dağlardıBaşına döndüyüm, a Nərgiz xanım,O görükən dağlar sizin dağlardı.
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?