İkinci nağıl
Страница 4 из 14 · 21%
Səhər açılsın, düşüb aşağıdan zəng edər. Yatağına girdi və bu uzun günün bütün qarabasma kimi görünən təəssüratlarından sonra daş kimi yatdı.
İmamqulu düz deyirmiş. Səhərisi gün də bir-birini gördülər. Məlik səhər otelin birinci mərtəbəsinə enəndə İmamqulu Bəhbəhani yumşaq divanda bardaş qurub oturmuşdu. Məliyi görüb ayağa qalxdı.
– Ağa, sabahınız xeyir. Dedim hər halda qəribsiniz. Bəlkə yardıma ehtiyacınız oldu. Qulluğunuzda amadəyəm.
Məlik: – Sağ olun – dedi – bir çay içmək pis olmazdı.
– Əlbətməkin, əlbətməkin.
Kiçik çayxanaya keçdilər. Saqqallı xidmətçi qabaqlarına çay-çörək gətirdi. İmamqulu əlindəki qəzeti Məliyə uzatdı: – “Siratül-müstəqim” rüznaməsidir – dedi – baxırsız?
Məlik: – Sonra baxaram – dedi – qəzetin birinci səhifəsindəki böyük şəkli göstərib: – Ağayi Müşteyiddi? – deyə xəbər aldı.
İmamqulu: – Bəli – dedi – Ali müşteyidimiz zişan ağayi Badikübeyidir. Möüzəsi nəşr olunub. Bu axşam İman televizionunda da bərnaməsi var, vaqiən arif-bəsər, əhli ürfandır. Elmi – əbdanda da, elmi ədyanda da bibədəl zatdır. Manəndi yoxdur.
Məlik haçansa klassik ədəbiyyatdan bildiyi, amma az qala unutduğu fars-ərəb sözlərini İmamqulunun dilindən ölçüsüz-biçisiz eşitdikcə: – fağır dilimiz – deyə düşünürdü – gör nə günə qalıb ki, bu Azərbaycan balası iki cümləni təmiz ana dilində deyə bilmir.
Məlik artıq aydın dərk edirdi ki, burada, bu Behiştdə qaldığı bütün müddət ərzində İmamqulu onun yaxasından əl çəkən deyil, hər addımını qarabaqara izləyəcək. Arvadıyla görüşmək istəyini də biləcək, bəlkə elə çoxdan bilir. Əlbəttə bilir, lap yəqin bilir. – Mən bir yerə telefon etməliyəm – dedi.
– Baçcşm ağa, şümarəni ərz eləyin.
Məlik Aypərinin telefon nömrəsinin dörd rəqəmini dedi, axırıncı rəqəmi deməzdən, ağlına nə isə gəldi, tamam başqa bir rəqəm dedi. İmamqulunu yoxlamaq istədi. Görən İmamqulu bu nömrəni də bilirmi?
– Telefon edin, Aypəri xanımla danışacam.
İmamqulu bir qədər təəccüblə: – Kiminnən? – deyə soruşdu.
– Aypəri xanımla. Mənim arvadımdır – İmamqulunun mat-mat baxdığını görüb – övrətim – deyə əlavə etdi – zövcəm, halalım...
– Əlbətməkin, əlbətməkin...
İmamqulu inzibatçıya yanaşıb onunla uzun-uzadı nə isə danışdı.
İnzibatçı telefonu götürüb harasa zəng elədi. Kiminləsə də danışdı, sonra dəstəyi qoyub İmamquluya razılıq işarəsi verdi. İndi də telefonu İmamqulu qaldırdı, Məlik verən rəqəmlər olan kağıza baxıb nömrələri çəkməyə başladı, sonra birdən, qaşları çatıldı. Məlik: yəqin ki, axırıncı rəqəmə təəccüb qalıb, – deyə düşündü – görəsən gümanım düz çıxacaqmı.
İmamqulu əvvəl kağızı götürüb Məliyə yanaşmaq istədi, sonra nə isə fikirləşib axırıncı rəqəmi də çəkdi. Görəsən nə çəkdi, Məlik yazan səhv rəqəmimi? Yaxud hər ikisinin bildiyi doğru rəqəmi çevirib oyunu açıq aparmaq qərarına gəlib.
Bir az gözləyib danışmağa başladı, nə danışdığını Məlik eşitmirdi.
Sonra dəstəyi kənara qoyub Məliyə əl elədi: – Buyurun ağa – Məlik durub yaxınlaşanda dəstəyi ona uzatdı: – xanım Mahruxdur – dedi.
– Xanım Mahrux? Xanım Mahrux kimdir?
İmamqulu: – Buyurdunuz ki, zövcənizdir.
Bəlkə Məlik yanılırmış, bəlkə İmamqulu axırıncı rəqəmin doğrusunu həqiqətən də bilmirmiş, Məlik yazan nömrəni çevirib və ayrı yerə düşüb. Kağızı İmamquludan alıb: – Axırıncı rəqəmi səhv yazmışam – demək istəyirdi ki, birdən ağlına nə isə gəldi – telefon dəstəyini götürüb – Allo – dedi.
Cavab gəldi:
– Bəli.
Bu o idi, onun Aypərisi. Yəqin özü kimi səsi də xeyli qocalmışdı, aradan gör neçə il keçmişdi. Səsi boğuq, solğun, kədərli idi, amma onun səsiydi. Məlik bu səsi dünyada heç bir səslə dəyişik sala bilməzdi.
Məlik: – Salam Aypəri, mənəm – dedi.
Qadın: – Bağışlayın, ağa, səhv telefon etmisiz – dedi
– Necə səhv? Mənəm Aypəri, Məlikdi. Ancaq üç gün bundan qabaq sənin sağ-salamat olduğunu bilmişəm, adresini, telefonunu veriblər mənə. İndi burdayam, “İrşad” otelində. Hara gəlim? Necə görüşək?
Dəstək tam bir sükuta qərq olmuşdu. Məliyə elə gəldi ki, boğuq hıçqırıq səsi eşidir. Bəlkə də yanılırdı. Bir azdan sonra qadın:
– Bir saatdan sonra “İrşad” mehmanxanasının lobbisinə gələrəm – dedi və dərhal xətti qapatdı.
Məlik saatına baxıb İmamquluya yanaşdı:
– Çox sağ olun – dedi – məni calaşdırdınız. Amma niyə onu Mahrux xanım adlandırdınız.
– Özü dedi. Soruşdum kimdi, dedi: xanım Mahrux.
İmamqulu son rəqəmin üstünü vurmadı, Məlik də özünü o yerə qoymadı. Onsuz da hər şey aydın idi, izaha nə ehtiyac qalırdı.
* * *
Məlik mehmanxananın foyesində üzü qapıya tərəf oturub gözləyir, siqareti – siqaretə calayırdı. İmamqulu bir qədər aralıda oturub, guya ki, “Siratül – müstəqim” qəzetini oxumaqda, ara-sıra da “İMAN” telefiziyasının moizələrinə qulaq asmaqda idi.
Məlik: – Televiziya ancaq moizələr verir? – deyə xəbər aldı.
– Yox niyə ki, xəbərlər, dualar, din tarixinə aid verilişlər... Məscidlərdən beş rükət namaz da göstərir.
– Bəs tamaşa, şeir, musiqi?
– Aşura günü şaxsey-vaxsey göstərilir, mərsiyyələr, nohələr oxunur.
– Rəqs, mahnı, muğam necə?
– Əstafürrullah ağa, bunlar ki, şeytan əmməlləridir.
Məlik:
– Muğam da? – deyə soruşmaq istəyirdi ki, qapıdan girən qadını gördü. Təpədən dırnağa qara çadraya bürünmüşdü, bircə gözləri görünürdü, Məlik onu gözlərindən tanıdı. Haçansa bu qaynar baxışlı gözlər indi sönük, yorğun, kədərli idi – amma hər halda onun, Aypərinin gözləri idi.
Məlik yerindən sıçradı, neçə ildi öldüsünü – qaldısını bilmədiyi arvadına tərəf atıldı. Qadın sanki həyulə görübmüş kimi geri çəkildi, bir qədər aralı dayandı. Məlik də duruxdu, məsafəni yavaş addımlarla qət edib ağuşunu açmaq istədi. Qadının yenə bürüşüb bir addım geri çəkildiyini görüb dayandı, ancaq əlini uzatdı. Əli havada qaldı. Məlik hiss edirdi ki, İmamqulu qulaqlarını şəkləyib onların hər hərəkətini izləyir.
Qadın: – Bağışlayın ağa – dedi – naməhrəmə əl verə bilmərəm.
– Naməhrəmə? Mənəm e Aypəri, Məlik, sənin ərin.
Qadın: – Mənim adım Mahruxdur – dedi.
– E... e... Mahrux olsun, hər halda mənim kəbinli arvadımsan.
Qadın: – Yox – dedi – məsələ ondadır. Biz heç vaxt şəriətlə kəbin kəsdirməmişik.
Məlik deməyə söz tapmırdı.
– Yaxşı – dedi – bəs balalarımız nə olsun? İki balamız var axı. Onların anası deyilsən?
Qadın: – O mənim günahım idi – dedi – Min dəfə tövbə etmişəm ki, qadir Allah günahımı bağışlasın.
İmamqulu özünü saxlaya bilməyib söhbətə qarışdı:
– Allah rəhimlidir, rəhmandır – dedi – keçər günahınızdan.
Məlik donub qalmışdı: – Necə günah? Məgər ana olmaq günahdır?
– Şəriətlə kəbin kəsdirməmişiksə, əlbəttə günahdır. Zinadır – dedi Aypəri-Mahrux.
İmamqulu onun sözünə qüvvət verdi: – Mənkuhə deyil – dedi
– Yaxşı, əyləş... ee... əyləşin.
Qadın qarşıdakı kürsüdə, Məlikdən və İmamquludan xeyli aralı oturdu.
Məlik danışmağa söz tapmırdı, bilmirdi nə desin, nədən başlasın.
Qadın da dinib-danışmırdı. Aralığa üzücü sükut çökmüşdü. Nəhayət Məlik:
– Yaxşı, bəs Beyrəklə, Burlayla da əlaqən yoxdur? Doğma övladlarınla?
Mahrux-Aypəri:
– Onlar mənim övladlarım deyil – dedi, – Şeytani-büzürglərin xidmətində olan mürtədlərdir.
Məlik yalnız: – əcəbdir – deyə bildi...
Yenə sükut çökdü. Mahrux: (artıq o Məlikçün doğrudan da uzun illər bir yastığa baş qoyduqları arvadı Aypəri yox, heç bir vaxt tanımadığı Mahrux idi):
– Ağanın mənə bir ərzi yoxsa mürəxəssis olum – dedi.
Məlik dərk edirdi ki, bax indi, bu dəqiqə keçmiş arvadını yenidən, bu səfər həmişəlik itirəcək.
– Dayan görüm, mürəxxəs olmağa tələsmə, de görüm, necəsən, ee... necəsiniz? Gününüz – güzaranınız, dolaşığınız necədir?
– Sağ olun, lap yaxşıdır. Allahın köməyiylə heç bir şeyə ehtiyacımız yoxdur.
– Harda işləyirsən... e... e... işləyirsiniz?
– Allahın köməyilə ünas mədrəsəsində dərs verirəm. Xəttatlıq dərsi.
– Axı sən... siz... rəssam idiniz...
– O bir cavanlıq xətası idi... İnsan şəkli çəkmək günahdır... İnşallah rəhmani-rəhim bu günahımdan da keçər.
– Mədrəsədə xəttatlıq dərsi verirsən? – Deyə indicə eşitdiyi məlumatı bir də mənasız yerə soruşdu. Danışmağa ayrı söz tapmırdı.
– Bəli ağa, şagirdlərimə nəsx, nəstəliq, kufi xətlərlə “Qurani-Kərim”in üzünü köçürməyi öyrədirəm.
– Dərslər nə dilindədir?
Mahrux cavab verməmiş İmamqulu:
– Əlbəttə zəbanı Azərbaycanda. Və zəbani-farsda – dedi – dəbistanda da dərslər də hər iki lisanda keçirilir. Danişgahımız da var.
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-ag-qoc-qara-qoc-ikinci-nagil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Degildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Səkkizinci fəsilBu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,*Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.*
Стихи других поэтов
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
O görükən dağlar sizin dağlardıBaşına döndüyüm, a Nərgiz xanım,O görükən dağlar sizin dağlardı.
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?