Страница 5 из 14 · 29%

Məlik: – Bəs nə əcəb Universitetdə – e... danişgahda dərs demirsən?

Mahrüx: – orda dərslər farscadır – dedi və dərhal dilini dişlədi.

İmamqulu da dərhal: – Amma tüllablar ana dillərini də bilirlər – dedi. – İnsan bəqədri – qüvvət nə qədər çox lisan bilsə o qədər faidəsi var. Elə deyilmi ağa?

– Bəli, əlbəttə

Bütün bu əndişələr içində Məlik tamamilə unutmuşdu ki, bu gün Novruz bayramıdır.

– Bayramınız mübarək – dedi.

Mahrux təəccüblə:

– Nə bayram? – deyə soruşdu.

– Novruz bayramı.

– Novruz?

İmamqulu yenə söhbətə müdaxilə elədi: – Həzrət Əlinin taxta çıxdığı gün – dedi.

Mahrux laqeyd bir tərzdə:

– Hə, sağ olun – dedi.

Məlik pəncərədən dünən gecə rastlaşdıqları arabalı, piyada adamların qafiləsini gördü. – Bunlar da Nardaran pirinə gedirlər? – deyə xəbər aldı.

İmamqulu:

– Bəli, ağa – dedi. – bəlkə də Buzovnaya, Əliayağına.

Mahrux yenə durmağa cəhd etdi. Məlik qəti qərara gəldi:

– Ağayi Bəhbəhani – dedi – bu qadın mənim siz demiş mənkuhəm olsa da olmasa da otuz il kəbinli... yaxşı, qanuni arvadım olub. O vaxtın qanunlarıyla rəsmən evlənmişik. İzn ver beş dəqiqə təklikdə danışaq. Bəlkə bir sözümüz var. Olarmı?

İmamqulu:

– Əlbətməkin ağa, – dedi – nə söz ola bilər, – ayağa durub kənara çəkildi, xeyli aralı oturdu, amma gözü yenə onlarda idi.

Pəncərənin qarşısından keçən qafilə qurtarmaq bilmirdi.

Məlik: Pirə gedirlər, arabalara niyə bu qədər qab-qacaq yığıblar? – dedi.

Mahrux da qanrılıb pəncərəyə, sonra aralıda oturmuş İmamquluya baxdı, üzünü yana çevirib:

– Pirə-zada getmirlər – dedi – Yanardağa gedirlər.

– Yanardağa?

Qadın yenə üzünü Məliyə tərəf çevirmədən:

– Evlərdə qaz da yoxdur, odun da, bütün ağacları qırıb qurtarıblar, ayından-oyundan tapıb Yanardağa gedirlər, orada yerdən çıxan odların üstündə xörək bişirirlər.

Bütün bunları birnəfəsə dedi və yenidən üzünü Məliyə tərəf çevirdi, başını qaldırıb onun üzünə baxmırdı, amma sözləri qeyri-adi şəkildə tələffüz edərək – Bəli, Ağa, pirə gedirlər. Bizim camaat çox mömün camaatdır – dedi.

Məlik başa düşdü. O özü arxası İmamquluya oturmuşdu, İmamqulu uzaqdan Mahruxun ağzına baxırdı – yəqin ki, sözləri dodaqdan oxumaq səriştəsinə yiyələnmişdi.

Mahrux yenə üzünü pəncərəyə tərəf tutaraq, güya qafiləni seyr edirmiş kimi:

– Burda nə eşitsən, inanma – dedi – mənim dediklərimə də inanma, – sonra yenə Məlik tərəfə dönüb – Şagirdlərim elə həvəslə çalışırlar ki – dedi – mədrəsəni bitirənə qədər Quranı başdan ayağa yeddi dəfə köçürürlər.

Məlik:

– Mən səni burdan qurtaracam – dedi.

Mahrux qəmli-qəmli:

– Bu qeyri-mümkündür – dedi, bunu üzünü Məliyə tərəf tutarkən demişdi və dərhal səhvini başa düşüb: – Bəli, bu tamamilə qeyri-mümkündür – dedi – biz Şeytani büzürglərlə ünsiyyət yarada bilmərik. Lap oğlun, qızın da olsa.

Daha danışmağa söz qalmamışdı. Mahruxmu, Aypərimi ayağa qalxdı:

– Ağa, çox xoşhal oldum – dedi, sonra çarşabıyla ağzını yaşmaqladı və çarşabın altından dodaqları görünmədən yavaş səslə: – Mən səni ölmüş bilirdim, sən də bundan sonra məni ölmüş bil – dedi.

Dikəldi. Gözləri dolmuşdu.

Onun durduğunu görüb İmamqulu da yanaşdı. Aypərinin gözündən süzülən bir damla yaşı yəqin o da gördü və başını aşağı saldı. Bəlkə yazacağı hesabatda bu göz yaşını qeyd etməyəcəkdi. Axı haçansa o da insan olmuşdu.

Mahrux:

– Salamat qalın ağa, – İmamquluya – ağa, siz də salim olun – dedi. Çevrildi, qapıya tərəf getdi. Məliyə elə gəldi ki, çiyinləri titrəyir. Bəlkə səssiz hıçqırırdı.

Qapıdan çıxdı, uzaqlaşıb gözdən itdi. Ta uzaqlarda qara bir siluetə çevrilənəcən Məlik uzun-uzun onun ardınca baxdı, sonra ayağa durdu.

– Ağayi Bəhbəhani – dedi – mən bu gün getməliyəm, tapşırın hesabımı hazırlasınlar.

İmamqulu:

– Ağa, nə tələsik işiniz var ki – dedi. Bir-iki gün qalıb bizi feyziyab edəydiniz. Kişvərimizin görməli yerlərini görərdiz.

Məlik:

– Gördüyümü gördüm – dedi, sonra bu sözlərin ikibaşlı səslənməsindən ehtiyat edərək – Allah başatan versin – deyə əlavə etdi.

– Buyurun ağa, əmrinizə müntəzirəm.

Nömrəsinə qalxdı, əşyalarını çantasına yığarkən, kasetlərin yox olduğunu gördü. Kim götürüb görəsən? İmamqulu bütün bu vaxt ərzində onunlaydı, otağa gələ bilməzdi. Kasetçalar yerində idi. Amma kasetlər yoxdu. Kimə gərək ola bilər onlar? Yalnız otaq xidmətçisi götürə bilərdi. Onun nəyinə lazımdır? Birdən Məliyin ağlına qəribə bir fikir gəldi, bəlkə də yanılırdı. Ona elə gəldi ki, ola bilsin böyük risqə gedərək otel xidmətçisi kasetləri oğurlayıb, gizli bir yer tapıb onlara qulaq asacaq. Kim bilir? Bəlkə də...

Aşağı endi, hesab kağızını aldı, dollar verdi, qalığını inzibatçı tümənlə qaytardı.

– Bunlar mənim nəyimə gərək?

İmamqulu:

– Bəlkə gərək oldu, xırda-xuruşdur. Dilənçiyə verərsiz.

– Burda dilənçi var ki? – Məlik istehzasıyla sanki qisasını alırdı.

İmamqulu qorxmuş halda:

– Əlbətməkin yoxdur – dedi – qırmızıların tərəfinə keçəndə lazım olar, deyirlər orda addımbaşı dilənçilər düzülüb.

– Orda məyər sizin pullar keçərlidir?

İmamqulu çaşıb-qalmışdı, nə deyəcəyini bilmirdi. Ağzından qaçırmışdı, indi bilmirdi vəziyyətdən necə çıxsın. Məliyin ona yazığı gəldi. Axı bu buyruq qulunun nə təqsiri var ki, onu belə müşgülə salır.

– Yaxşı, salamat qalın.

İmamqulu son dərəcə nəzakətlə:

– Ağa mən özüm sizi rədd edəcəm – dedi.

Məlik tutuldu, bu nəzakətli davranış hara, belə qaba sözlər hara? Sonra yadına düşdü, indi burda danışılan dildə rədd etmək sadəcə sərhəddi keçirmək deməkdir. İmamqulu heç bir nəzakətsizlik etməmişdi.

Oteldən çıxıb yerlə-yeksan olmuş İçəri şəhərin dağılmış küçələriylə addımladılar. Qoşa qala qapılarının yanına çıxdılar. Qoşa qala qapıları dururdu, amma indi çox mənasız bir görkəmi vardı, çünki ətrafındakı qala divarları sökülmüşdü, məlum deyil ki, indi bu qapıların nə əhəmyyəti var?

– Qala divarları hər yerdə sökülüb?

İmamqulu:

– Bəli ağa – dedi – o daşlardan tazə divarlar çəkilib: Badi-Kubəylə kafərlər arasında.

Məlik cavabından qorxaraq bir sual da verdi:

– Qız qalası da sökülüb?.

– O qala kafərlər tərəfində qalıb. Deyilənə görə, indi ora taxtaşalban ambarıdır.

Yeni yöndəmsiz divarlar qoşa qala qapısından bir az aralı çəkilmişdi. Sərhəd keçidi də buradakı dar qapı idi. İmamqulu Məliyi qapıya qədər ötürdü. Bu tərəfdə hilallı yaşıl bayraq, o tərəfdə oraq-çəkicli qırmızı bayraq dalğalanırdı.

İmamqulu: – Ağa Allahın köməkliyilə yolunuz açıq olsun – dedi və Məlik sərhəddin o tayından bir də çevrilib baxanda gördü ki, İmamqulu hələ də onu izləyir. Məliyə elə gəldi ki, indi İmamqulunun gözlərində sonsuz bir qüssə vardı.

II

Sərhəddin bu tayında ilk gördüyü bina ona tanış gəldi. Əlbəttə yanılmırdı, bu Nizami muzeyinin binasıydı. Amma nə isə tamam başqa cür görünürdü, elə bil dəyişmişdi. Diqqətlə baxıb başa düşdü, binanın şərq üslubunda tağlı qapıları, pəncərələri indi dümdüz edilmişdi və dəmir barmaqlıqlar ardında idi. Rəngbərəng kaşılar da yoxdu.

Məlik binanın fasadına baxdı. Buradakı altı lodci də dəyişdirilmiş, kaşıszlaşdırılmış və dördkünc kvadratlar biçiminə salınmışdı. Məlik heykəllərə baxdı və əvvəlcə gözünə inanmadı. Şairlərin, ədiblərin yerini indi tamam başqa heykəllər tutmuşdu. Məlik birinci üçünü tanıdı

– Engels, Lenin, Stalin, o biri üçünü isə heç cür tanıya bilmədi.

Bəs Nizaminin heykəli? Çevrilib qarşı tərəfə baxdı. Nizami heykəlinin yerində indi daha da uca bir kişi heykəli dayanmışdı. Heykəl ağ mərmərdən, eynəkləri qara mərmərdəndi. Marat!

Əlbəttə, Maratın heykəlidir – deyə tapdı. Heykəlin hər iki tərəfində iki gözətçi əsgər farağat dayanmışdı.

Keçmiş muzeyin qarşısında iri kiril hərfləriylə Azərbaycan və rusca MARAT MEYDANI sözləri yazılmışdı. Muzeyin yan tərəfinə də lövhə vurulmuşdu: MARAT QARAGÖZOV KÜÇƏSİ.

Ərxanın verdiyi adres məhz bu küçə idi. Uzaqdan binanın girişində yazılmış BAKI KOMMUNASI BAŞ KOMİSSARLIĞI sözlərini oxudu. Beyrəyi burda tapacaqdı.

Bir-iki addım atan kimi on-on iki yaşlı qız uşağı, qucağında da dörd-beş yaşlı oğlan – onun qabağını kəsdi, bu əcnəbiyə hansı dildə müraciət etdiyini bilmədiyindən əliylə balaca uşağın ağzını göstərdi – bu bütün dillərdə aydın olan bir işarəydi – yəni acdır. Qızın üst-başı cır-cındır içində idi. Məlik əlini cibinə atdı. Əlinə ilk keçən tümənlər oldu, tümənləri qıza uzatdı. Qız aldı, baxdı, baxdı, sonra tüpürüb yerə atdı. Məlik dərhal məsələni anladı – burada o pulların qara qəpikcə qiyməti yoxdu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов