On beşinci fəsil
Страница 2 из 4 · 25%
Bu lənətə gəlmiş qatar, nəhayət ki, keçib getdi...
Qalın sırıqlı pencək geymiş dolu bədənli qadın yoğun kəndirli çarxı hərləməyə başladı, şlaqbaum yavaş-yavaş qalxdı. Zaur maşını hərəkətə gətirib, qalxmaqda olan şlaqbaumun altından keçdi. Sürət göstərici saatda 130-la 140 kilometr arasında gedib-gəlirdi. Bir azdan çəhrayı “Volqa”nı qabaqda, aeroporta dönən yolun ayrıcında gördü. İndi əmin idi ki, çatacaq onlara, ancaq, görünür, onlar da Zaurun maşınını görmüş və sürətini artırmışdılar, elə bil məsafə azalmırdı iki maşının arasında, elə bil bir ölçüdə donub qalmışdı aralarındakı məsafə... Zaur qazı tam dibinəcən basdı və artıq onların maşınları bir-birinə toxunacaq dərəcədə yaxınlaşmışdı. Zaur düşündü ki, indicə sükanı bir balaca sağa əysə, belə dəhşətli sürətlə çəhrayı “Volqa”ya ilişdirsə maşınını, hər iki maşın kəllə-mayallaq aşacaq və hər üçü lap yəqin həlak olacaq. Bu üçlük də ölüm tragikomediyanın məntiqi sonluğuydu.
...Ancaq baş vermədi bu sonluq... Spartakın əsəbləri tab gətirmədi, sürəti aşağı saldı. Zaur onların maşınını keçdi, təqribən iki yüz metr qabağa çıxıb sürəti kəskin azaltdı, sonra tamam saxladı maşınını və yanböyrü qoyaraq yolu kəsdi.
Spartak da kəskin saxladı və çəhrayı “Volqa” lazlarla sürüşüb Zaurun maşınının lap yanında dayandı.
Zaur maşından çıxıb, onlara tərəf getdi. Spartak da maşından düşdü, amma yerindən tərpənmədi, “Volqa”sının qanadına dirsəklənib dayandı. Paltosuz idi, əynində mixəyi kostyum vardı, köynəyinin yaxası açıq idi. Günün qürub çağında Zaur Spartakın bütün qızıllarını aydın görürdü – qızıl saat, qızıl üzük, boynundan tüklü sinəsinə sallanmış qızıl zəncir... İki qabaq dişi də qızıl idi... Spartakın rəngi qaçmışdısa da, üzündə təbəssüm vardı, cibindən qızıl portsiqar çıxardı, siqaret qoydu damağına, alışqanla yandırdı. Zaur alışqana da fikir verdi: “Ronson” idi – bəlkə bu da Təhminənin hədiyyəsidir. Zaur özü də təəccüblənirdi ki, indi, bu anlarda ən xırda təfərrüat da yayınmırdı diqqətindən... Təhminə tərəfə baxmırdı. Amma gözünün qırağıyla onu görürdü. Təhminə maşının içində hərəkətsiz oturmuşdu, donub qalmışdı sanki.
Spartak siqareti diliylə yuxarı dişlərinin arasında tutmuşdu, ağzı da açıq idi. Bir az təlaşlı, amma həmişəki kimi sitizə təbəssümlə:
– Nə oldu? – dedi. – Sınadın təzə maşınının sürətini? Əntiqə maşındı, doğrudan... Çox mübarək, sağlığına qismət olsun.
Zaur bu sözlərdə murdar bir istehza duydu və yanaşıb Spartakın çənəsinə bir yumruq ilişdirdi: Spartak səndirlədi, amma yıxılmadı, dişləri bir-birinə dəyib siqareti qırdı, siqaretin közərən başı Spartakın köynəyinin açıq yaxalığından sinəsinə düşdü, köz sinəsini, qarnını, yandırdı. Spartak əlini tələsik yaxasından içəri salıb siqareti axtarmağa başladı: çox məzəli idi onun bu hərəkətləri. Spartakdan odekolon iyi gəlirdi. Nəhayət, siqareti tapdı, çıxartdı ordan, kənara atdı. Daha təbəssümdən əsər-əlamət qalmamışdı sifətində, tez maşının qapısını açdı, əlini paltosunun cibinə saldı. Həmin andaca maşının o biri qapısı açıldı və Təhminə bayıra sıçrayıb, tələsik addımlarla Zaura tərəf qaçdı. Zaur Təhminəyə tərəf baxmırdı, paltosunun cibindən bıçaq çıxarıb gələn Spartaka baxırdı. Bıçaq fin bıçağı idi, tiyəsi uzun və itiydi. Zaur fikirləşirdi ki, Spartak zərbə vurmağa cəhd etməmişdən bir an qabaq təpiklə onun qarnından ilişdirmək lazımdır və elə bu an özüylə Spartakın arasında Təhminənin mavi paltarını gördü. Moskvada Kino evinin restoranında həmin bu paltarda idi və bu paltarı Təhminənin bütün başqa paltarlarından daha çox sevirdi Zaur.
Təhminə Spartakı bərk-bərk qucaqladı, onun bıçaq tutmuş əlindən yapışdı və kəsik-kəsik:
– Qurban olum, Spartak, qurban olum sənə, – deyə-deyə maşının qapısına tərəf itələməyə başladı.
Zaur düşündü ki, əlbəttə, Spartak çox istəsəydi Təhminənin əllərindən qurtula bilərdi, itələyə bilərdi bir qırağa Təhminəni, amma, görünür, özü də buna cəhd eləmirdi: düzdür özünü elə göstərirdi ki, guya Zaurun üstünə cummağa çalışır... Sağ əliylə Spartakın bıçaq tutan əlindən bərk-bərk yapışmışdı Təhminə, sol əliylə isə maşının qapısını açırdı. Qapını açan kimi yenə də sol əliylə Spartakı oxşaya-oxşaya, sığallaya-sığallaya və tələsik-tələsik ona nə isə deyə-deyə maşına dürtmək istəyirdi. Sözləriylə, əlləriylə, Zauru qoruyan tarım bədəninin bütün qüvvətiylə Spartakı birtəhər maşına saldı və dərhal qapını çırpdı. Başını qaldırmadan, bir kəlmə dinib-danışmadan Zaurun qabağından keçdi, sağ qapıdan maşına mindi, oturdu. Maşının içində də nə isə danışırdılar hələ. Zaur isə durduğu yerdəcə dayanmışdı, gözləyirdi, onlardan qabaq çıxıb getmək istəmirdi. Nəhayət, Spartak motoru işə saldı, maşını çevirib əks istiqamətdə sürdü – dənizə tərəf, sahilə tərəf – bəlkə də əyri eyvanlı bağ evinə sarı...
* * *
“Əcəb axmağammış, ilahi, adam da belə axmaq olarmış!”. Şəhərə yaxınlaşdıqca fikirlər, sözlər Zaurun beyni içində qaynam-qaynam qaynayırdı. “Belə bir fahişənin üstündə mən iztirab çəkirdim, ürəyimə salırdım hər şeyi... Nəyimə lazım idi mənim o? Hardan beynimə salmışdım ki, bu cür qadını sevmək olar? Bütün o şirin dilləri, o yağlı sözləri, vədləri – hamısı başdan-ayağa fırıldaq imiş... Gör özü də kimnən – Spartakla!!! Aman Allah, Spartakla ha... Gör bir fırıldaqçılığa bax, sən allah, necə də yalanlar tapıb deyirdi e... “maşınını qəsdən mənim evimin qabağında saxlayır... Ay səni... heç eybi yoxdur. Atamın oğlu deyiləm, bu hayfı onda qoysam... Necə eləyəm, onu elə yandıram, elə yandıram ki, cızdağı çıxsın... Spartakı qucaqlamışdı, guya məni onun bıçağından qoruyur, tüpürüm onun özünə də, bıçağına da. Amma ənginə əntiqə qoydum Spartakın, siqareti də qarnına düşdü, ləzzət elədi mənə... O gün elə Təhminəyə də yaxşı çəkmişəmmiş, yerində lap... İtin qızı it... heç eybi yoxdur... İndi mənə gülürlər, yəqin gediblər bağa, mənə gülürlər, daha da cuşa gəlirlər... Kef çəkirlər... Gülün, heç eybi yoxdur, görək axırda kim güləcək... Məni, demək, aldatdınız da öz aləminizdə?.. İndi görək axırda kim-kimi aldadacaq...
Zaur xəyal elədi, uzaq gələcəyi gətirdi fikrinə, bir gün haçansa, çox-çox illər sonra Təhminəyə rast gələcək, Təhminə lap qoca və eybəcər olacaq, amma qəmli-qəmli Zaura baxıb: – Zaurik, sən bizim hamımızdan bic çıxdın, – deyəcək – hamımızı aldadıb hamımıza doqquz qoydun, – deyəcək... Zaur da belə yuxarıdan aşağı baxacaq ona, etinasız gülümsünəcək, yəni ki, bəs sən nə bilmişdin Zauru? Amma bu çox-çox illər sonranın işiydi hələ, indi, bax indi neyləsin ki, Təhminəni yandırıb-yaxsın, kabab eləsin, hə?
Şəhərin küçələriylə sürürdü artıq. Şəhərə gecə düşmüşdü.
* * *
Təəccübdən Zivər xanımın ağzı açıla qalmışdı.
– Ciddi deyirsən?
Zaur:
– Əlbəttə, ciddi deyirəm, – dedi. – Heç bu boyda da zarafat olar? Axır vaxtlar çox fikirləşmişəm bu barədə, çox götür-qoy eləmişəm... Mənzil də hazırdır... Odur ki, başlayın görək fəaliyyətə.
Zivər xanım:
– Çox gözəl, – dedi. – Elə günü sabah elçi göndərərik. Amma sonra fikrini dəyişməzsən ki? – Zivər xanım bir qədər ehtiyat edirdi: axı Zaurun qərarı çox gözlənilməz idi.
Zaur:
– Uşaq-zad deyiləm ki, fikrimi dəyişəm, – dedi. – Belə şeylərnən zarafat eləmək olmaz.
Anası tələsik mətbəxə keçdi, geri qayıtdı... Nə isə axtarırdı, amma heç özü də bilmirdi ki, nə axtarır – sadəcə olaraq karıxmışdı arvad, başını itirmişdi elə bil, nə edəcəyini bilmirdi... Nəhayət, Zaura yanaşdı, diqqətlə, uzun-uzadı oğlunun gözlərinə baxdı və onu öpdü:
– Sən mənim ağıllı balamsan, – dedi. – Mən elə bilirdim ki, Allah insafsızlıq eləməz bizə qarşı, hər şey yaxşılıqla qurtaracaq... Sənin boyuna qurban olum mən... Atan da, bilirsən, necə sevinəcək... Day qızgili demirəm, əməlli-başlı bayram olacaq onlarçün. Alyanın ən böyük arzusuydu da bu.
Zaur televizorun qabağında əyləşdi, xokkey oyununu gözləyirdi... “Amma bunu doğrudan əntiqə fikirləşdim ha, – deyə öz-özünə düşünürdü, – bomba kimi partlayacaq bu xəbər, bəzi-bəzi adamların yandırıb cızdaqların çıxaracaq... Doğrudan da, “ey həyat, sən nə qəribəsən...”. Nə gözəlsən, ey həyat, cavan, güclü, sağlam olmaq nə gözəl şeymiş... Həm də sərbəst, azad olmaq, istədiyin kimi hərəkət eləmək, heç kəsdən asılı olmayasan, əksinə, səndən asılı olsunlar. Həm də bütün ömrün irəlidə olsun... Əla...”
Doğrudan da, məgər onun həyatı əla, əladan da əla deyilmi – əntiqə təzə maşını var, əntiqə təzə mənzili olacaq, istədiyi kimi bəzəyəcək bu təzə mənzilini – ekspedisiyalardan qəribə, əcaib daşlar gətirəcək, meşələrdən əcaib budaqlar toplayacaq, maqnitofona quşların, meşənin, çayların, küləyin, dənizin səsini yazacaq, mənzillərini təbiətin gözəl bir guşəsinə çevirəcək. Uzaq ölkələrə səyahətlər edəcək, oradan da maraqlı şeylər gətirəcək – Afrika maskaları, yapon kuklaları, hind taxta fiqurları... Bütün dünyanı, bütün ölkəni gəzəcək, evdə də sağlam, xoşbəxt ailəsi olacaq – gül kimi təmiz arvadı, səliqəli, tərbiyəli, sağlam, xoşbəxt uşaqları, qoy gözü götürməyənlərin gözləri kor olsun; yansınlar, cızdaqları çıxsın paxıllıqdan, həsəddən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/anar-besmertebeli-evin-altinci-mertebesi-on-besinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Siqareti siqaretə calayırdı: “Əgər dolamaq istəyirmişsə, çox mənasız zarafatdır”.“Bəlkə bağın o biri tərəfini deyib? Yox, orda maşın saxlamaq qadağandır. Sol tərəfi dedi. Sol tərəf buradır da”.
Zaurun Təhminəyə məktubuTəhminə! Mən bu məktubu indi yazıram. Səndən ayrılandan bir saat sonra. Sənə qəribə gələcək ki, biz ayrılandan bir saat sonra, özü də gecə saat 4-də məktub yazmaq nə vacib düşüb. Bəlkə də səninçün bu vacib deyil. Amma mənimçün çox vacibdir. Məktubu niyə yazıram. Çünki məktubda deyəcəyim şeyləri elə-belə, sözlə, sənin üzünə deməyə, hətta telefonla deməyə belə heç vaxt cəsarət etməzdim. Heç bilmirəm, demək istədiklərimi məktubla deyə biləcəyəmmi. Demək istədiyim odur ki, Təhminə, mən bu gün çox şeyi başa düşdüm. Gülmə, Təhminə, yəqin ki, sən məni uşaq sayırsan, hissə qapılan sadəlövh bir uşaq. Nə olar, say. Hər halda mənimçün bu çox vacibdir. Heç bilmirəm nə yazıram. Elə hey yazıram vacibdir, vacibdir, nədir vacib? Heç özüm də bilmirəm. Bircə onu bilirəm ki, bu gün mənim gözüm açıldı, elə bil çox şeyi təzədən gördüm, anladım. Bir yandan Məmməd Nəsirin təkbaşına nərd oynaması, bir yandan bizim bugünkü səfərimiz, xüsusən sənin son sözlərin (həkimlərin sənə dediyi sözlər), bütün bunlar hamısı elə bil mənim varlığımı alt-üst etdi. Bilirsən, əgər mən yazıçı olsaydım, bütün bu hissləri, bu psixoloji incəlikləri daha dəqiq təsvir edə bilərdim. Ancaq məndə bu məharət yoxdur, odur ki, fikirlərimi, hisslərimi də belə dolaşıq ifadə edirəm. Nə isə mənə elə gəlir ki, mən indiyə qədər hamını və birinci növbədə də özümü aldatmışam. Həqiqətdən qorxmamaq, həqiqət nə qədər acı olsa da, onun düz gözünün içinə baxmaq lazımdır. Bunu mənə sən öyrətdin. Doğrudan da dünyada ən murdar şey riyakarlıqdır, ruslar buna xanjestvo deyirlər. Mən də başa düşdüm ki, bundan sonra mən heç bir vaxt nə heç kimi, nə də özümü aldatmamalıyam. Bilirsən, Təhminə, səndən ayrılandan sonra maşınla boş küçələri dolaşırdım və başıma min cür fikir gəlirdi. Bir istəyirdim gedib bu saatca Manafa teleqram vuram ki, bəsdir bu yalan, Təhminə səni sevmir, məni sevir, biz onunla bir-birimizi sevirik. Biz evlənəcəyik. Gəl Bakıya, məhkəməylə Təhminəylə boşanın... Sonra istədim təzədən Pirşağıya dəniz qırağına, həmin o yerə gedəm. Sonra istədim maşınımı divara vurub əzəm. Sonra qərara gəldim evə gedib ata-anamı oyadam. Hər şeyi onlara danışım, deyim ki, çox sağ olun, məni dünyaya gətirmisiniz. Ancaq adam gərək iki dəfə doğulsun. Bir dəfə onu ata-anası dünyaya gətirir. İkinci dəfə o özü-özünü dünyaya gətirir, özü özünə dünyada bir yer qazanır. İndi, əziz ata-anam, mən hələ bircə dəfə doğulmuşam. Mən hələ özüm yaranmamışam. Hələ ancaq sizin yaratdığınız kimi, sizin istədiyinizə uyğun olaraq yaşayıram. Çox sağ olun əziz ata-anam, məni böyüdüb boyabaşa çatdırmısınız, oxutmusunuz, saxlamısınız, geydirib-yedirtmisiniz, mənə maşın almısınız. Amma mən daha özüm yaşamalıyam. Götürün bu “Moskviç”i. O sizindir. Mənim onu öz maşınım hesab eləməyə haqqım yoxdur. Nə maşınımı, nə geyimimi, nə otağımı. Bundan sonra belə olmayacaq. Mən öz əlimin zəhmətiylə dolanmaq istəyirəm, öz iradəmlə, öz ağlımla yaşamaq istəyirəm. Yoxsa mən başdan-ayağa özümü kiminsə borcu hesab edirəm. Kiminsə qaytarılmamış borcu. Adımı siz qoymusunuz, məktəbimi, ixtisasımı, iş yerimi siz təyin etmisiniz. Bütün həvəslərim, işlərim də sizin razılığınızla olub. Bəs mən özüm nəyəm, kiməm, hardayam? İndi ilk dəfə mənim həyatıma elə bir adam daxil olub ki, o yalnız mənimdir, yəqin siz onu qəbul etməyəcəksiniz. Yəni bu keçəri bir həvəs olsaydı, siz qarışmazdınız. Siz heç vaxt mənim belə işlərimə qarışmırsınız. Ancaq biləndə ki, məsələ ciddidir, siz hay-haray qaldıracaqsınız. Ancaq mən də ondan keçməyəcəyəm. Çünki o mənim özlüyümdür, özlüyümün təsdiqidir, o mənim etirazımdır. Təhminə, gör mən nə səfeh-səfeh sözlər yazıram sənə. Oxuyub güləcəksən. Bilirsən, mən bütün bunları tamam başqa cür hiss eləyirəm, ancaq kağızda yazanda hər şey nə cürsə bayağılaşır, adiləşir, gülməli görünür. Gülmə, Təhminə, bəlkə mən bu məktubu heç sənə göndərmədim, cırıb atdım. Ancaq göndərsəm də, göndərməsəm də, mən artıq sənsiz yaşaya bilmərəm. Sən elə bilirsən mən kütəm, keyəm, heç nə başa düşmürəm. Mən sənin bütün dediklərini, duyduqlarını hiss eləyirəm. İnan mənə ki, hiss eləyirəm. Mən bilmirəm bizim uşağımız olacaq, ya yox, ancaq mən səninçün həm ər, həm də övlad olmaq istəyirəm. Sənin davamın olmaq istəyirəm, həyatının mənası olmaq istəyirəm. Mən səninçün həm İkinci, həm də Üçüncü, Dördüncü, Beşinci, Altıncı, Yeddinci, Səkkizinci, nə bilim neçənci, neçənci olmaq istəyirəm. Məktubumu qurtarıram. Son sözü yazıb kibrit çəkib bu məktubu yandırıram. Son söz... Təhminə...
Təklik tilsimiSaat düz üç tamamda Səfdər dayı pilləkəni düşməyə başladı. Fərqinə varmadığı mexaniki bir vərdiş halını almış adəti üzrə, ürəyində pillələri saya-saya düşdü. Üçüncüdən ikinci mərtəbəyəcən on yeddi pillə idi. İkincidən birinciyəcən on səkkiz pillə...– 17, o da 18, 35 – deyə ürəyində təkrar edib idarənin qapısından küçəyə çıxdı. 35, o da 3719, elər... yox, 35-in 3719-a dəxli yoxdur. 3719 təxmini hesablamanın balansıdır. 4012 olmalıdır. Deməli, 293 manat çatmır. Görəsən harda səhv ediblər. Keçən kvartalda 145 manat səhv etmişdilər. 145, ya 147? Yox 147. Bəs niyə 145 dedi? hə, ev nömrəsiylə çaşdırır. Ev nömrəsi 45-dir. Mirzə Fətəli, 45.
Nərminənin atası Səfdərə və anası Minaya məktubuMənim əzizlərim! Ana və ata! Uzaq Qvineya diyarından sizə çoxlu-çoxlu salam göndərirəm. Sizinçün burnumun ucu göynəyir. Əvvəlcə, sizə bir şad xəbər vermək istəyirəm: hər ikiniz baba və nənə olmusunuz. Özüm qəsdən bu barədə sizə heç nə yazmırdım ki, anam nigaran qalmasın. Bilirəm axı, yaman vasvasıdır. İndi hər şey yaxşı qurtarıb və on gün bundan qabaq balaca bir oğlan nəvəniz dünyaya gəlib. Hüsü deyir ki, atama oxşayır, ancaq burnu lap səninkidir, ay ana. Adını hələ qoymamışıq. Ay ata, mən istəyirəm sənin adını qoyaq; ancaq Hüsü deyir ki, iraq-iraq, sağ olan adamın adını qoymazlar. Dedim, sizlərdə qoymurlar, amma bizlərdə qoyurlar. Dedim bizlərdə belə qayda var ki, birinci uşağa babasının adını qoyurlar. Heç özüm də bilmirəm belə qayda var, ya yox, ancaq hər halda Hüsünün başını tovlamaq üçün belə dedim. Çünki çox istəyirdim sənin adını qoyam, ay ata. Uşağın adını çağıranda elə bilərəm siz də yanımdasınız bu qərib yerdə. Qız olsaydı sənin adını qoyacaqdım, ay ana. Ay ana, qurbanın olum, səndən yaman nigaranam. Hər gecə səni yuxuda görürəm. Elə qatmaqarışıq yuxular görürəm ki, heç olmasa mənə bir əlcə kağız yazaydın. Atama bax, gözünə su ver, hər ay müntəzəm mənə məktub yazır. Bizim əhvalımızı xəbər alsanız, güzəranımız pis keçmir. Hüsünün burda yaman hörməti var. Burda həkimlərə çox ehtiyac var. Elə xəstələr, elə xəstəliklər var ki, Allah göstərməsin. Camaat çox mehribandır. Amma çox kasıbdırlar yazıqlar.Hə, balaca Səfdər oyandı, başladı bağırmağa. Yəqin acıb, köpəkoğlu yaman qarınquludur.