Страница 3 из 4 · 50%

* * *

Yeddidə yığışmağa başladılar... Məcidin əmisi oğlu professor Bəhram Zeynallı gəldi. Şahin gəldi. Zivər xanımın dayısı gəldi... Dadaşın gəlməsi Zauru təəccübləndirdi, amma Zivər xanım oğlunu mətbəxə dartdı:

– Sən allah, hirslənmə, – dedi. – Dadaşa bilirsənmi niyə görə demişik, çünki onlar tərəfdən Murtuzun bacanağı olacaq – Nemət, o da sizin nəşriyyatda işləyir, özü də Dadaşın əlinin altında: qoy onlar tərəfdən işçi olsun, bizim tərəfdən bu işçinin böyüyü – həm də Dadaş dilli-dilavərdir, sənin dədən kimi hər sözü kəlbətinlə çıxartmaq lazım deyil ağzından, qoy bir az meydan sulasın, səni tərifləsin orda.

– Məni tərifləmək nəyə gərəkdir axı... Məni tanımırlar bəyəm?

– Tanımağına, əlbəttə, tanıyırlar səni. Amma onlar da tək özləri olmayacaq ha. Onların tərəfindən də yəqin yad adamlar olacaq, gərək onların yanında səni də, elə bütün ailəmizi də bir əməlli-başlı təqdim eləyən olsun da. Odur ki, Dadaşa qaşqabaq eləmə, boyuna anan qurban.

Zaur yorğun tərzdə:

– Qaşqabaq niyə eləyirəm ki?.. Dadaş deyirsiz Dadaş olsun, mənimçün nə təfavütü var.

Səkkizçün elçilər Murtuzovgilə yollandılar. Zaur isə krossvord doldurmağa başladı... Afrikada “K” hərfiylə başlanan on hərfli şəhəri heç cür yadına sala bilmirdi... Elçiliyə, təbii ki, ancaq kişilər getmişdi, qadın qohumlar isə Zivər xanımla mətbəxdə laqqırtı vururdular. Zaur sözləri aydın eşitməsə də qadınların nə barədə, nədən danışdıqlarını çox gözəl təsəvvür edirdi – qadınlar gah bərkdən məmnun-məmnun gülüşür, gah xısın-xısın pıçıldaşırdılar.

* * *

– Yəni ki, Zauru xüsusi təqdim eləməyə ehtiyac da yoxdur. – Dadaş danışa-danışa çaydan qurtum-qurtum içir, qəndi dişləri arasında xırçıldadırdı – hamımızın gözü qabağında böyüyüb... Ailəsini də, maşallah, yaxşıca tanıyırsız, deyir, qonşu qohumdan yaxın olur adama, amma qonşu həm də qohum ola, görün bu da nə aləmdir də... Ha, ha, ha, zarafat bir yana. Məcid müəllim görkəmli alimlərimizdəndir, gözəl ailə başçısıdır, ailəsi də – demək artıqdır – ən təmiz, ən gözəl, mərifətli, qanacaqlı, sağlam ailələrdəndir. Ot da ki, bilirsiz, öz kökü üstündə bitər. Belə bir ailədə boya-başa çatmış oğul da, necə deyərlər, layiqli cavandı, hansı tərəfdən götürürsüz götürün – savadı, biliyi, tərbiyəsi, böyüknən böyükdür, kiçiknən kiçik. İki ildir bir idarədə çalışırıq – kollektiv arasında da əməlli-başlı nüfuz qazanıb, cavan olmasına baxmayaraq. Xasiyyəti ipək kimidir, ürəyi təmizdir, şəxsən mən bunu nöqsan saymıram, amma hər halda bunu Zaura nöqsan bilən varsa, nə olar, yaşa dolduqca, necə deyərlər, bərkə-boşa düşdükcə, şübhəsiz, təcrübəsi də artacaq. Hər halda böyük gələcəyi var Zaurun. Bilirsiz ki, pis adamçün sizin kimi hörmətli adamların qapısına elçi düşməzdik... Burda görürəm mənim dostum, Nemət müəllim də əyləşib, o da necə deyərlər, qız evinin adamıdır, amma eyni zamanda biz hamımız iş yoldaşlarıyıq, elə Nemət də Zauru yaxşı tanıyır və mənim sözlərimi təsdiq edə bilər.

Nemət nə isə dodaqaltı mızıldandı, yəqin ki, Dadaşın sözlərinə şərik çıxdığını ifadə etməliydi.

Murtuz pörtmüşdü, fısıltıyla ağır-ağır nəfəs alırdı. Bir az doluxmuşdu elə bil, axı hər halda ilk dəfəydi elçi qəbul edirdi. Amma o biri bacanağı Cabbar özünü çox fəal aparır, Dadaş danışdıqca: “bəli, bəli, qəşəng, qəşəng”, – deyə replikalar verirdi. Nəhayət, Dadaş nitqinə balaca bir ara verdi və Cabbar gözlərini Murtuzun üzünə zillədi. Murtuz yüngülcə başını tərpədən kimi Cabbar tələsik üyüdüb tökməyə başladı:

– Bizimçün də böyük şərəfdir ki, sizin kimi mötəbər adamlar elçi gəlibsiz qapımıza. Zauru hamımız tanıyırıq, mərifətli, qanacaqlı cavandır. Siz də, şübhəsiz ki, Murtuzovlar ailəsini yaxşı tanıyırsınız. Yəni Balayeviçi respukablikamızda kim tanımır axı? Görkəmli sərkərdədir, hərbi xadimdir, Firəngiz qızımız gözlərimiz qabağında böyüyüb. Doğrudur, indiyəcən onun səsini eşitməmişik, indiki At Balaxanım qızların tayı deyil, dindirirsən qıpqırmızı qızarır, başıaşağı, utancaq bir baladır, mən deyərdim qönçədir, fidandır, hələ gül kimi açılmayıb... Hamımız belə düşünürük ki, bu gözəl, göyçək-cavanlar xoşbəxt, qəşəng ailə quracaqlar: Allah xeyir versin...

Hamı gülümsündü, “Allah xeyir versin” dedi və bir dəqiqə sonra Alya, Tahirə və Sürəyya armudu stəkanlarda çay gətirirdilər, bu səfər bütün çaylar şirin idi.

Dadaş, başqa elçilər, ev adamları adət üzrə qaşıqları stəkanların içində şaqqıldada-şaqqıldada hərləməyə başladılar, hamı bir-bir Məcidi, Murtuzu, Alyanı təbrik etdi. Dadaşla Nemət isə nəşriyyatın işlərindən söhbətə qurşandılar...

Saat doqquzda, elçilər gülə-gülə, bərkdən danışa-danışa qayıtdılar. Hamıdan qabaq içəri Dadaş girdi, Zauru da hamıdan qabaq o təbrik elədi... Deyəsən, Zauru marçıldadıb öpmək fikri də vardı Dadaşın, amma Zaur birtəhər üzünü kənar elədi və bu an Afrikadakı “K” hərfiylə başlanan şəhər birdən-birə yadına düşdü: Kasablanka. On hərf. Əlbəttə, Kasablanka...

* * *

Səhəri gün də qadınlar görüşdülər. Zivər xanım Alyagilə getdi və hər şey barədə ətraflı danışdılar. Zaur geoloji ekspedisiyaya düzəlmişdi, bir aydan sonra getməli idi. Məsələni çox da uzatmağın mənası yoxdur. Həm də ki, doğrusu, hər ikisinin – elə Alya xanımın da, Zivər xanımın da ürəkləri bir az səksəkəli idi, iraq-iraq birdən bir şey çıxdı, birdən, nə bilmək olur, Zaurun başına başqa fikir düşdü. Odur ki, on günün içində həm nişan, həm də toy eləmək qərarına gəldilər. Hər iki tərəf tədarükünü çoxdan görmüş, lazım olan hər şeyi çoxdan hazır edib saxlamışdı. Alya lap qızı dünyaya gələn gündən xırda-xırda ona cehiz toplamağa başlamışdı – parçalar, yorğan-döşək, bahalı örtüklər, qabqacaq, duz qabına qədər – hər şey səliqə-sahmanla hazır durub, məqamını gözləyirdi. Doğrudur, bəzi iri şeyləri hələ alasıydılar – soyuducu, mebel, amma Spartak boyun oldu ki, üç günün içində nə lazımdırsa tapar, tapdı da – 12 əşyadan ibarət ərəb mebeli, fin mətbəxi, ZİL soyuducusu – bütün bunların xərcini də Spartak özü çəkdi, Cabbarla Tahirə televizor, Nemətlə Sürəyya büllur çilçıraq aldılar...

Zeynallıgil də qıza və qızın qohumlarına bahalı hədiyyələr alıb hazır qoymuşdular (o cümlədən Spartak üçün kostyumluq parça). Böyük bir restoranda dəm-dəsgahlı toy üçün məbləğ də əmanət kassasında hazır idi, yetmiş adamlıq toy etmək fikrindəydilər. Alya xanım “azından əlli yeri gərək bizim olsun, – demişdi, – o qədər dost-tanış var ki...” Adət üzrə nişanı qız evi, toyu oğlan evi eləməliydi.

Alya xanımla Zivər xanımın diplomatik danışıqları sülh və əminamanlıq şəraitində keçdi, söhbətin axırında Alya xanım Zaurgilin ailəsini sabah günortaya nahara dəvət elədi. Ayaq açdıya.

* * *

Zaur işdən qayıdırdı. Soyuqdu, adamın iliyinəcən işləyən xəzri əsirdi. Yağış da çilələməyə başladı. Zaur maşınını saxlayıb düşdü, şüşə süpürücülərini taxdı və avtobus dayanacağında büzüşüb durmuş Mədinəni gördü.

Zaur:

– Mədinə, – deyə çağırdı. – Gəlin oturun, aparım sizi.

Mədinənin əlində iri və görünür, çox ağır zənbil vardı, işdən sonra adəti üzrə bazara dəymiş, ayın-oyun almışdı, Mədinə tələsik maşına yaxınlaşdı, keçib oturdu və:

– Zaur, – dedi, – sizi Allah yetirdi mənimçün. Əlim-qolum qırılmışdı lap. Avtobus da gəlib çıxmaq bilmir. Bir yandan da bu yağış, külək...

Zaur təbəssümlə:

– Evə? – deyə xəbər aldı.

– Əlbəttə... Day heç ümidim yox idi ki, bu zənbillə gedib evə çıxacağam.

Zaur:

– Necəsiniz? – deyə soruşdu.

– Sağ olun. Pis deyiləm. Uşaq bir az nasaz kimidir.

– Nə olub ki?

– Qripdir də yəqin, həm də öskürür.

– İndi bütün şəhər qripdir.

Mədinə:

– Hə, kimi dindirirsən, xəstədir, – dedi. – Maşınıvız təzədir, hə? Çox mübarək, sağlığıvıza qismət olsun.

Sağ olun.

Mədinə susdu, tərəddüd keçirirdi: desin, deməsin, nəhayət, Zaura çəpəki baxaraq demək qərarına gəldi:

– Hə, sizi təbrik edirəm, eşitdim evlənirsiz.

Zaur:

– Çox sağ olun, – dedi və siqaret yandırdı.

İndi Zaur da soruşa bilərdi:

– Qonşunuz necədir?

– Təhminə? – Guya Zauru Mədinənin başqa bir qonşusu da maraqlandıra bilərdi. – O da xəstələnib yazıq.

– Nədir ki? O da qrip olub?

– Qara ciyəri xəstədir onun... İndi də xəstəlik şiddətlənib, deyirdim axı bədbəxt qızına – sənə içmək olmaz, qulaq asmır. – Mədinə susdu, sonra əlavə etdi. – Bəs görmürsünüz, day heç televizora da çıxmır ki.

Zaur:

– Mən televizora baxmıram, – dedi.

Mədinə həvəslə:

– Lap yaxşı eləyirsiz, – dedi. – Baxmalı nə var ki. Elə boş şeylər göstərirlər ki...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü

Siqareti siqaretə calayırdı: “Əgər dolamaq istəyirmişsə, çox mənasız zarafatdır”.“Bəlkə bağın o biri tərəfini deyib? Yox, orda maşın saxlamaq qadağandır. Sol tərəfi dedi. Sol tərəf buradır da”.

46 мин
Zaurun Təhminəyə məktubu

Təhminə! Mən bu məktubu indi yazıram. Səndən ayrılandan bir saat sonra. Sənə qəribə gələcək ki, biz ayrılandan bir saat sonra, özü də gecə saat 4-də məktub yazmaq nə vacib düşüb. Bəlkə də səninçün bu vacib deyil. Amma mənimçün çox vacibdir. Məktubu niyə yazıram. Çünki məktubda deyəcəyim şeyləri elə-belə, sözlə, sənin üzünə deməyə, hətta telefonla deməyə belə heç vaxt cəsarət etməzdim. Heç bilmirəm, demək istədiklərimi məktubla deyə biləcəyəmmi. Demək istədiyim odur ki, Təhminə, mən bu gün çox şeyi başa düşdüm. Gülmə, Təhminə, yəqin ki, sən məni uşaq sayırsan, hissə qapılan sadəlövh bir uşaq. Nə olar, say. Hər halda mənimçün bu çox vacibdir. Heç bilmirəm nə yazıram. Elə hey yazıram vacibdir, vacibdir, nədir vacib? Heç özüm də bilmirəm. Bircə onu bilirəm ki, bu gün mənim gözüm açıldı, elə bil çox şeyi təzədən gördüm, anladım. Bir yandan Məmməd Nəsirin təkbaşına nərd oynaması, bir yandan bizim bugünkü səfərimiz, xüsusən sənin son sözlərin (həkimlərin sənə dediyi sözlər), bütün bunlar hamısı elə bil mənim varlığımı alt-üst etdi. Bilirsən, əgər mən yazıçı olsaydım, bütün bu hissləri, bu psixoloji incəlikləri daha dəqiq təsvir edə bilərdim. Ancaq məndə bu məharət yoxdur, odur ki, fikirlərimi, hisslərimi də belə dolaşıq ifadə edirəm. Nə isə mənə elə gəlir ki, mən indiyə qədər hamını və birinci növbədə də özümü aldatmışam. Həqiqətdən qorxmamaq, həqiqət nə qədər acı olsa da, onun düz gözünün içinə baxmaq lazımdır. Bunu mənə sən öyrətdin. Doğrudan da dünyada ən murdar şey riyakarlıqdır, ruslar buna xanjestvo deyirlər. Mən də başa düşdüm ki, bundan sonra mən heç bir vaxt nə heç kimi, nə də özümü aldatmamalıyam. Bilirsən, Təhminə, səndən ayrılandan sonra maşınla boş küçələri dolaşırdım və başıma min cür fikir gəlirdi. Bir istəyirdim gedib bu saatca Manafa teleqram vuram ki, bəsdir bu yalan, Təhminə səni sevmir, məni sevir, biz onunla bir-birimizi sevirik. Biz evlənəcəyik. Gəl Bakıya, məhkəməylə Təhminəylə boşanın... Sonra istədim təzədən Pirşağıya dəniz qırağına, həmin o yerə gedəm. Sonra istədim maşınımı divara vurub əzəm. Sonra qərara gəldim evə gedib ata-anamı oyadam. Hər şeyi onlara danışım, deyim ki, çox sağ olun, məni dünyaya gətirmisiniz. Ancaq adam gərək iki dəfə doğulsun. Bir dəfə onu ata-anası dünyaya gətirir. İkinci dəfə o özü-özünü dünyaya gətirir, özü özünə dünyada bir yer qazanır. İndi, əziz ata-anam, mən hələ bircə dəfə doğulmuşam. Mən hələ özüm yaranmamışam. Hələ ancaq sizin yaratdığınız kimi, sizin istədiyinizə uyğun olaraq yaşayıram. Çox sağ olun əziz ata-anam, məni böyüdüb boyabaşa çatdırmısınız, oxutmusunuz, saxlamısınız, geydirib-yedirtmisiniz, mənə maşın almısınız. Amma mən daha özüm yaşamalıyam. Götürün bu “Moskviç”i. O sizindir. Mənim onu öz maşınım hesab eləməyə haqqım yoxdur. Nə maşınımı, nə geyimimi, nə otağımı. Bundan sonra belə olmayacaq. Mən öz əlimin zəhmətiylə dolanmaq istəyirəm, öz iradəmlə, öz ağlımla yaşamaq istəyirəm. Yoxsa mən başdan-ayağa özümü kiminsə borcu hesab edirəm. Kiminsə qaytarılmamış borcu. Adımı siz qoymusunuz, məktəbimi, ixtisasımı, iş yerimi siz təyin etmisiniz. Bütün həvəslərim, işlərim də sizin razılığınızla olub. Bəs mən özüm nəyəm, kiməm, hardayam? İndi ilk dəfə mənim həyatıma elə bir adam daxil olub ki, o yalnız mənimdir, yəqin siz onu qəbul etməyəcəksiniz. Yəni bu keçəri bir həvəs olsaydı, siz qarışmazdınız. Siz heç vaxt mənim belə işlərimə qarışmırsınız. Ancaq biləndə ki, məsələ ciddidir, siz hay-haray qaldıracaqsınız. Ancaq mən də ondan keçməyəcəyəm. Çünki o mənim özlüyümdür, özlüyümün təsdiqidir, o mənim etirazımdır. Təhminə, gör mən nə səfeh-səfeh sözlər yazıram sənə. Oxuyub güləcəksən. Bilirsən, mən bütün bunları tamam başqa cür hiss eləyirəm, ancaq kağızda yazanda hər şey nə cürsə bayağılaşır, adiləşir, gülməli görünür. Gülmə, Təhminə, bəlkə mən bu məktubu heç sənə göndərmədim, cırıb atdım. Ancaq göndərsəm də, göndərməsəm də, mən artıq sənsiz yaşaya bilmərəm. Sən elə bilirsən mən kütəm, keyəm, heç nə başa düşmürəm. Mən sənin bütün dediklərini, duyduqlarını hiss eləyirəm. İnan mənə ki, hiss eləyirəm. Mən bilmirəm bizim uşağımız olacaq, ya yox, ancaq mən səninçün həm ər, həm də övlad olmaq istəyirəm. Sənin davamın olmaq istəyirəm, həyatının mənası olmaq istəyirəm. Mən səninçün həm İkinci, həm də Üçüncü, Dördüncü, Beşinci, Altıncı, Yeddinci, Səkkizinci, nə bilim neçənci, neçənci olmaq istəyirəm. Məktubumu qurtarıram. Son sözü yazıb kibrit çəkib bu məktubu yandırıram. Son söz... Təhminə...

4 мин
Təklik tilsimi

Saat düz üç tamamda Səfdər dayı pilləkəni düşməyə başladı. Fərqinə varmadığı mexaniki bir vərdiş halını almış adəti üzrə, ürəyində pillələri saya-saya düşdü. Üçüncüdən ikinci mərtəbəyəcən on yeddi pillə idi. İkincidən birinciyəcən on səkkiz pillə...– 17, o da 18, 35 – deyə ürəyində təkrar edib idarənin qapısından küçəyə çıxdı. 35, o da 3719, elər... yox, 35-in 3719-a dəxli yoxdur. 3719 təxmini hesablamanın balansıdır. 4012 olmalıdır. Deməli, 293 manat çatmır. Görəsən harda səhv ediblər. Keçən kvartalda 145 manat səhv etmişdilər. 145, ya 147? Yox 147. Bəs niyə 145 dedi? hə, ev nömrəsiylə çaşdırır. Ev nömrəsi 45-dir. Mirzə Fətəli, 45.

18 мин
Nərminənin atası Səfdərə və anası Minaya məktubu

Mənim əzizlərim! Ana və ata! Uzaq Qvineya diyarından sizə çoxlu-çoxlu salam göndərirəm. Sizinçün burnumun ucu göynəyir. Əvvəlcə, sizə bir şad xəbər vermək istəyirəm: hər ikiniz baba və nənə olmusunuz. Özüm qəsdən bu barədə sizə heç nə yazmırdım ki, anam nigaran qalmasın. Bilirəm axı, yaman vasvasıdır. İndi hər şey yaxşı qurtarıb və on gün bundan qabaq balaca bir oğlan nəvəniz dünyaya gəlib. Hüsü deyir ki, atama oxşayır, ancaq burnu lap səninkidir, ay ana. Adını hələ qoymamışıq. Ay ata, mən istəyirəm sənin adını qoyaq; ancaq Hüsü deyir ki, iraq-iraq, sağ olan adamın adını qoymazlar. Dedim, sizlərdə qoymurlar, amma bizlərdə qoyurlar. Dedim bizlərdə belə qayda var ki, birinci uşağa babasının adını qoyurlar. Heç özüm də bilmirəm belə qayda var, ya yox, ancaq hər halda Hüsünün başını tovlamaq üçün belə dedim. Çünki çox istəyirdim sənin adını qoyam, ay ata. Uşağın adını çağıranda elə bilərəm siz də yanımdasınız bu qərib yerdə. Qız olsaydı sənin adını qoyacaqdım, ay ana. Ay ana, qurbanın olum, səndən yaman nigaranam. Hər gecə səni yuxuda görürəm. Elə qatmaqarışıq yuxular görürəm ki, heç olmasa mənə bir əlcə kağız yazaydın. Atama bax, gözünə su ver, hər ay müntəzəm mənə məktub yazır. Bizim əhvalımızı xəbər alsanız, güzəranımız pis keçmir. Hüsünün burda yaman hörməti var. Burda həkimlərə çox ehtiyac var. Elə xəstələr, elə xəstəliklər var ki, Allah göstərməsin. Camaat çox mehribandır. Amma çox kasıbdırlar yazıqlar.Hə, balaca Səfdər oyandı, başladı bağırmağa. Yəqin acıb, köpəkoğlu yaman qarınquludur.

1 мин

Стихи других поэтов