Страница 2 из 2 · 50%

Zaur dəstəyi asdı və Təhminəyə heç nə demədi. Nə mənası vardı bir şey deməyin. “Mən nə bilim kim idi bu, – deyəcəkdi Təhminə, – mən bütün telefon xuliqanlarını tanıyıram bəyəm?”

Bir də ki, son günlərin bütün iynələrindən, tikanlarından, küsüşmə-dalaşmalarından, tənəli sözlərindən, zəhərli atmacalarından, şübhələrindən, əsəbiliyindən sonra ilk dəfə idi ki, Zaur Təhminəni belə sakit, arxayın halda görürdü. Hamamdan sonra həmişəkindən onqat gözəl idi. Şampunla yumuşdu saçlarını, hansı meşə bitkilərininsə, hansı ağac yarpaqlarınınsa ətri vardı bu şampunda və qoxu Təhminənin saçlarına, bütün bədəninə hopmuşdu.

Zaur onu öpüşlərə qərq edirdi, elə bilirdi ki, ilıq bir bahar günü meşədədirlər, ətraf yaşıllığa, sərinliyə, sıx yarpaqlar arasından düşən günəş şüalarına qərq olub, onlar məhəbbətlərinin uzaq ilk günləri qədər bəxtiyar və hər şeydən asudədirlər... Təhminəni sığallayırdı, oxşayırdı – bu nəvazişlər, tumarlar, öpüşlər qurtarmaq bilmir, uzandıqca-uzanırdı və elə bil hər ikisinin ürəyinə dammışdı ki, bütün bu çılğınlığın axınına az, lap az qalıb...

* * *

– Səkinə, ərizəni direktora verdin?

– Yox, Dadaş aldı məndən.

– Dadaş? Dadaşın bura nə dəxli var?

– Dedi ki, direktorla özüm danışacam. Bir də xahiş elədi ki, onun yanına gələsən. Dadaşın...

Dadaş:

– Əşi, sən bir toxta görək, – dedi və küncdəki masanın arxasında oturmuş Qurban tərəfə əyri-əyri baxdı. – Ərizən burdadır, budu ey, məndədir.

– Mən axı sizə yazmamışam bu ərizəni.

– Bilirəm, bilirəm, ancaq səninlə bir balaca söhbətim var mənim. – Bir də tərs-tərs Qurban tərəfə baxdı. Qurban başını aşağı salıb, guya ki, öz işiylə məşğul idi, amma qulağı darı dənləyirdi. Dadaş ərizəni Zaura uzatdı. – Ala bax, budur ərizən, haçan istəsən, müdirə apara bilərsən. Amma səndən kiçik bir xahişim var, səninlə balaca bir söhbət edək, sonra haçan istəsən gir direktorun yanına, direktor qaçıb eləmir ki, işin axırınacan burda olacaq – Dadaş birbaşa Qurbana müraciət elədi. – Qurban, – dedi, – bir neçə dəqiqəliyə zəhmət çək çıx otaqdan, mənim Zaurla xudmani söhbətim var.

Qurban qaşqabağıyla yer süpürə-süpürə otaqdan çıxdı, amma çıxmamışdan qabaq bir xeyli masasının siyirtmələriylə əlləşdi – açdı, bağladı, kağızları səliqəyə saldı, götürdü, qoydu, bir söz, xeyli onların, illah da Zaurun əsəbləriylə oynadı. Nəhayət, çıxdı otaqdan, qapını da örtdü arxasınca.

Dadaş:

– Bilirəm, Zaur, – dedi, – mənimlə o qədər də aran yoxdur. Səbəbini də bilirəm. Amma inan ki, mən ancaq sənin yaxşılığını istəyirəm, gec-tez özün də bunu görəcəksən. Mən ərizəvi anavın xahişiylə götürmüşəm. O, təsadüfən haradansa bilib və mənə zəng eləmişdi. Məsələ ondadır ki, atan xəstələnib. – Zaur həyəcanla yerində qurcuxdu.

– Yox, yox nigaran olma, elə ciddi bir şey yoxdur. Bir az təzyiqi qalxıb, amma mən özüm həkimlə danışdım, deyir, qorxulu bir şey deyil. Əsəbdəndir, vəssalam, bir-iki gün dincələr, hər şey öz qaydasına düşər. İndi səndən də xahişim budur ki, bir-iki gün səbir eləyəsən, atan eşitməyib bu məsələni, amma eşitsə, bir az da əsəbiləşəcək, indiki vəziyyətində isə, özün başa düşürsən, əsəbiləşmək olmaz ona... Anan da elə bu barədə xahiş eləmişdi məndən. Qoy atan sağalsın, sonra ərizəni apar, çıxırsan işdən çıx, özün bilərsən.

– Atam yatır?

– Yox, anan deyirdi ki, evdə gəzir, amma işə çıxmağa həkimlər icazə vermirlər. Sabah gedib dəyəcəm ona... İstəyirsən, qoy bu ərizə də məndə qalsın, heç olmasa bazar ertəsinəcən gözlə. Mən danışdım direktorla, o müavin də bir az zırı adamdır, səninlə kobud danışıb bir az, bilirəm, direktora da çatdırdım bu məsələni, dedim, axı olmaz belə, bu tərzdə danışmaq olmaz belə incə mətləblər barəsində, özü də yeniyetmə gənclə. Axı yaşı-filanı da gərək nəzərə alasan.

Zaur:

– Yaşın bura heç dəxli yoxdur, – dedi.

– Yox, dediyim odur ki, özgənin işinə belə kobud şəkildə müdaxilə etmək ədəbsizlikdir, qanacaqsızlıqdır. Bəyəm belə məsələni kobud, qaba inzibatçılıq yoluyla həll etmək olar? Neyləyəsən, belə peziqırıq adamlar da var da...

Köynəyinin tərli, kirli boyunluğu, ora-bura dığırlanan göz bəbəkləri – bu adamın bütün görkəmi Zaurun ürəyini bulandırırdı. Əlləri necə də gödəkdir, barmaqları necə də qısadır, ilahi, elə bil ilk dəfə idi görürdü onun gödək barmaqlarını.

Zaur ayağa qalxdı:

– Yaxşı, – dedi, – bazar ertəsinəcən gözləyərəm.

Dadaş:

– Otur, – dedi, – sənə bir neçə kəlmə sözüm də var. Amma xahiş eləyirəm axıracan dinləyəsən... Dünən Təhminəylə danışmışıq. – Bu cümləni birnəfəsə dedi, elə bil qorxurdu ki, Zaur ağzından vurar, durub çıxıb gedər, söhbətləri yarımçıq qalar. – Dünən bütün axşamı Təhminəylə söhbət eləmişik. Amma ürəyinə ayrı bir şey gəlməsin, ha...

Zaur, nədənsə, ancaq Dadaşın gödək barmaqları haqqında, gödək əlləri haqqında düşünürdü, belə gödək əllərlə Təhminəni necə qucaqlamaq olardı, ilahi?

– Sən bilirsən ki, mənim ona münasibətimi. Nə olursa-olsun, mənim ona müəyyən rəğbətim var və bir çox yaxşı cəhətlər görürəm onda.

“Gödəkdi əlləri də, barmaqları da, yaman gödəkdir”. Zaur bir kəlmə dinib danışmırdı.

– Hə, sözüm odur ki, dünən Təhminəyə zəng elədim, görüşdük və hər şey barəsində ətraflı danışdıq... Zaur, inan mənə, sizin aranızda nə olubsa, olub keçib, hər şey bitib, hər şey qurtarıb. Təhminə artıq başa düşüb bunu, sən də bir azdan başa düşəcəksən, amma bir az gec başa düşəcəksən və o vaxta qədər də həm özün əzab çəkəcəksən, həm də başqalarına, o cümlədən atanla anana əziyyət verəcəksən... Xahiş edirəm sözümü kəsmə, axıracan dinlə məni. Mən hər şeyi başa düşürəm, – rast gəlmisiniz bir-birinizə, bəyənmisiz bir-birinizi, bağlanmısız bir-birinizə, məhəbbət deyirsən buna, sevgi deyirsən, nə deyirsən de, sözüm yoxdur. İkiniz də cavansınız, sağlamsınız, gözəl-göyçəksiniz, bir-birinizi cəlb etmisiniz, nə günah var ki, bunda?.. Bilirəm, hamısın bilirəm. Moskvada da olmusuz bir yerdə, indi Bakıda da bir mənzildə yaşayırsınız. Amma oğul, inan mənə, bir gün hər şey sona yetir, ən çılğın ehtiras belə bitib tükənir və əgər kişiylə qadını ehtirasdan başqa heç nə bağlamırsa – yəni ailəylə, uşaqlarla, nikahla bağlı deyillərsə – onda bu cür əlaqə elə bir dəhşətli işgəncəyə çevrilir ki, gəl görəsən.

Zaur Dadaşın nitqindəki hər çaları yaxşıca duyurdu: eşqdən, məhəbbətdən danışanda – rişxəndini, gənclikdən, gözəllikdən danışanda – həsədini, aralarında hər şeyin bitib-tükənməsindən danışanda – duyduğu ləzzəti – hər şeyi, hər şeyi qavrayırdı. Zaur onu da bilirdi ki, bu ağsaqqal təmkini, bu həlim danışıq, bu öyüd-nəsihət – hamısı eyni bir məqsədə yönəlmişdi: Zauru sındırmaq, qırmaq, ram etmək – hədələrlə, tənələrlə, inzibati tədbirlərlə nail ola bilmədiklərinə Dadaşın xəbis müdrikliyilə, mötəbər məsləhətləriylə, mülayim rəftarıyla çatmaq istəyirdilər. Ən dəhşətlisi bu da deyildi. Ən dəhşətlisi o idi ki, qəlbinin dərinliklərində Zaur, Dadaşın sözlərindəki həqiqəti duyurdu, bilirdi onun dedikləri düzdür, doğrudur, amansız, çılpaq və yeganə həqiqətdir. Bircə şeyi bilmirdi – bütün bunları, ehtirasın bitib-tükəndiyini, birgə həyatlarının işgəncəyə çevrildiyini Dadaşa Təhminə özümü danışmışdı, yaxud Dadaşın öz gümanları, çin çıxmış fərziyyələri idi? – Hər halda dünən Təhminənin Dadaşla görüşməsinə şəkk-şübhə ola bilməzdi.

– Hər şey sənə belə dəhşətli faciə kimi görünməsin e, – dedi. – Dünyanın axırı bilmə hər şeyi. Sənin ömrünün sonu deyil ki bu, olsa-olsa ancaq bir epizodudur. Həyat bilirsən nə uzundur. Zaur, yalan deyirlər, qısa deyil ömür, biz çox yaşayırıq, lap çox, o qədər, o qədər şey görüb bilirik, o qədər şeydən keçirik ki, həyatımız boyu hər cürə bərkəboşa düşürük, dünyanı, necə deyərlər, əməlli-başlı dişimizə vururuq. İndi ayrılsanız, ömrünüzün bu günlərini həmişə xoş bir təəssüflə, yüngül bir qüssəylə yad edəcəksiniz, şirin bir yuxu kimi, amma əlaqəniz davam etsə, bu, əməlli-başlı əzab-əziyyətə çevriləcək... Tıx deyincə yeyib toxluq eləməkdənsə, hər şeydən bir balaca doymamağın özgə ləzzəti var, inan mənə. – Bu sözlərdən sonra Dadaş gülümsündü və bu sözlərdən sonra Zaurun gözləri qarşısında haçansa gördüyü bir səhnə canlandı: Dadaş toppuş, gödək barmaqlarıyla soyutma toyuğu paralayır, ağzının içinə basır, hava da istidir, tər və yağ bir-birinə qarışıb axır çənəsindən boğazına, çirkli boyunluğunun ardına, boğazına, döşünə, sinəsinə...

Zaur ayağa durdu, yenə də kəlmə kəsmədən qapıya tərəf addımladı, Dadaş onun arxasınca:

– Bugündə, sabahda bir atana baş çək, – dedi. – O saat bütün azarbezarı keçib gedəcək...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов