Yalan mamırlanıb ürəyimizdəHaram maya tutub çörəyimizdə.Yalana inandıq, doğrunu dandıq,Yalandan nə bezdik, nə də utandıq.Həqiqət qovuldu həyatımızdan,Yalan bazarında satıldı vicdan.Xəyanət gözüylə baxdıq hər şeyə,Təpədən dırnağa döndük hiyləyə.

Hiylə zəhərindən o qədər içdik,İndi yalan axır damarımızdan.Sirat körpüsündən kələklə keçdik,Dönmək istəmədik öz karımızdan.

Zamanın şər ilə söz birliyindən,Haqqın zor əlində əsirliyindənQəlbimiz o qədər yaralanıb ki,Hiylələr o qədər haqqı danıb ki,Kələyi ağıldan seçə bilmirik,Gerçəyi nağıldan seçə bilmirik.O qədər əyriylə çulğalaşmışıq,O qədər dolaşıq yollar aşmışıqİndi hamar yoldan keçə bilmirik.

Tamam unudulub əcdaddan gələnGözəl xislətimiz, təbiətimiz,Bu gün özümüzə yad olmuşuq biz.Kiminsə dərdinə alışıb yanmaq,Kiməsə əl tutmaq ar gəlir bizə.Kimisə aldatmaq, nəyisə danmaqElə bil çevrilib xislətimizə.Gözümüz önündə haqq ölən zamanFəryad qopardıqmı?Yox, susan olduq!Biz ömür qazanıb susmağımızdanAmma insanlığı uduzan olduq.

Bu gün üzümüzə qabarır zaman,Biz necə keçmişi bu gündən danaq?Biz indi dünənin çirkablarındanNecə təmizlənək, necə paklanaq?

Fikrimiz o qədər hədələnib ki,Ruhumuz o qədər zədələnib ki,Anlaya bilmirik astar nə, üz nəİndi baxammırıq düzün gözünə.

Yalan mamır tutub ürəyimizdəBu qalın mamırdan arınmaq çətin!Günün damğası var kürəyimizdə,Damğa bizimlədir çox illər, yəqin.

Könlümü gəmirən fikirlərimiDünən öldürmüşəm bir cəllad kimi.Mən kiməm?Ağlımın kəsilən dili!Mən fikir qatili, əməl qatili!Bu gün ədalətli bir insan kimiO qatil ömrümü ömür sayımmı?Özümün özümə xəyanətimiBu gün mən özümə bağışlayımmı?Tərsinə yaşadıq bir qarış ömrüHələ sağım solda, solum sağdadır.Dünənki günlərin köləlik möhrüHələ ruhumuzda yaşamaqdadır.

Necə təmizləyək dünən kirlənənBu gün saflıq uman ürəyimizi?Haqqa çətin gələr haqqından dönən,Təzədən yaratsın yaradan bizi!

Avqust, 1992, Şəki

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов