Birinci kitab, birinci hissə
Страница 12 из 16 · 69%
– Yaxşı, deyərəm.
– Di sağ ol.
– Sağ ol.
Axşam Səlman Həsənin yanına getdikdə, Əhmədi orada gördü.
Əhməd bu il Ali ticarət məktəbinə daxil olmuş gənc bir tələbə idi. Görüşdülər,
Həsən qulluqçunu çağırdı, çay ismarladı.
– Əhməd, işlər nə təhərdir? – deyə Səlman soruşdu.
– Yaxşıdır, Səlman, oxuyuram.
– Bizim işimizə necə baxırsan? Əhməd bir az qızardı, qəti səslə dedi:
– Çox gözəl işdir. Oxumalıyıq... Sonra bir müddət keçmiş hazır kadrımız olar da, kiçik bir təşkilat yaparıq.
Səlman təsvibedici bir səslə:
– Əlbəttə, bu mütləq olmalıdır. Bu gün davam edən irtica tarixi gedişi sürətləndirir, vaqe olacaq hadisələr zamanca bizə yaxınlaşır. İnqilab üçün zəmin çoxdan hazırdır. Biz də istər nəzəri, istərsə əməli məsələlərə vaqif olmalıyıq.
Yoldaşlar, inqilab üçün ən böyük amillərdən biri bilgidir. Dünyagörüşümüzü təyin etmək üçün bizə müsbət bilgi lazımdır. Marksizm nəzəriyyəsi bilgi sahəmizi olduqca genişləndirəcək, dünyaya yeni görüş öyrədəcək.
Səlman əlini qoltuq cibinə atdı, iki qatlanmış bir qırmızı risalə çıxartdı, qatını düzəltdi, masanın üzərinə qoydu:
– Əvvəlcə bundan başlamalıyıq, – dedi. Həsən maraqla:
– O nədir?
– Bu “İqtisadi söhbətlər”dir. Bu, əsasdır. Bunu bildikdən sonra başqa əsərlərə keçəcəyik. Ancaq bir iş var. Həftənin müəyyən günləri kursa davam etməlisiniz. Ciddiyyət göstərəcəyinizə əminəm. Bildinizmi?
– Çox gözəl, – deyə Əhməd və Həsən cavab verdilər.
– İndi dərsə başlayalım...
18
Səlman gürcü yoldaşı Şaliko ilə imtahana hazırlaşırdı. Bu gün də yenicə oturub kitab oxumada idilər, bir də Tolstoyun vəfat xəbərini eşitdilər. Zatən Tolstoyun qaçması və yolda xəstələnməsi bir böyük hadisə olmuş, bilxassə tələbələri həyəcana gətirmişdi. Tolstoy demək, çar idarəsinə qarşı ümumi bir etiraz demək idi.
Xəbəri eşidər-eşitməz Səlmanla Şaliko küçəyə çıxdılar. İlk nəzərə çarpan atlı və piyada qorodovoylar oldu. Hər ehtimala qarşı zabitə tərəfindən tədbir görülmüşdü.
Darülfünuna doğru axın-axın tələbələr getməkdə idi. Səlman və Şaliko da getdi. Darülfünuna gedən Böyük Vladimir küçəsində atlı qorodovoylar toplanmaq istəyən tələbələri dağıtmaqda idilər.
Bulvarno-Qudryavski küçəsinin tinində Səlman Həsən və Əhmədə rast gəldi:
– Ya Allah! – dedi.
– Ya Allah, – deyə cavab verdilər.
– Bu gün nümayişdə iştirak edirik, deyilmi?
– Əlbəttə, – deyə şən bir surətdə cavab verərək, Həsən və Əhməd Səlmanın qoluna girdilər və Şaliko ilə bərabər darülfünuna doğru getdilər.
Kərpici boyalı darülfünun binasının qarşısında bir çox tələbə durmuşdu.
Qorodovoylar bunları bir tərəfdən dağıtdıqda o biri tərəfə yığılırdılar. Səlman da yoldaşları ilə durdu. Qırmızı sifətli və yoğun vücudlu bir qorodovoy bunlara yanaşdı:
– Durmayın, dağılın!
Səlman istehzalı təbəssümlə:
– Dursaq nə olar? – dedi.
– DağılIn, deyirəm.
– Dağılın, deyirəm! – deyə Səlman onu yamsıladı. Qorodovoy hiddətləndi.
Bunlara hücum etdi. Tələbələr qaçaraq darülfünunun pilləkəninə çıxdılar.
Arxadan bir qorodovoy da gəldi, sonra bir ayrısı da yanaşdı. Tələbələr dönüb darülfünuna girdilər. Sol tərəfdə xədəmələr durmuşdular.
Bunlar tələbə bileti istədilər. Səlman və yoldaşları biletlərini göstərib keçdilər.
Uzun və yarıişıq koridorlarda həmişəkindən daha çox tələbə var idi. Lakin kimsə auditoriyaya girmək istəmirdi. Dərsə gələn professorlar geri dönürdülər.
Bir az keçmiş uzunboylu, qara gözlüklü rektor göründü. Tələbələrə müraciət edərək bir şeylər söyləmək istədi:
– Rədd ol! Rədd ol! – deyə hər yerdən səslər eşidilirdi. Rektor dərhal ortalıqdan qaib oldu. Koridorun başında duran bir dəstə tələbə içlərindən birini çiyinlərinə aldı; o, yüksək və aydın səslə nitqə başladı.
– Yoldaşlar, istibdad pəncəsində inləyən yüz minlərcə işçilər baş qaldırmadadır...
Bir dəqiqədə ətrafı bürüyən qorodovoyları görən kimi tələbələr natiq arkadaşlarını çiyinlərindən endirib, aralarında gizlədilər.
– Dağılın! Darülfünunu tərk edin! – deyə ətrafdan səslər eşidilirdi. Buna cavab olaraq tələbələr bir səslə “Marselyoz” oxudular.
Darülfünunu tərk etməyə məcbur olan tələbələr küçəyə çıxar-çıxmaz bir-birinin qoluna girərək “zəncir” təşkil etməyə başladılar. Bir dəqiqədə küçənin bir hissəsini işğal etdilər.
– Zəncirin qırılmasına mane olun, – deyə nümayiş rəhbərləri əmr verdilər. Getgedə zəncir dairəsi genişləndi və genişləndikcə də qorodovoyların hücumu artdı. Piyadalar zənciri qıra bilmədilər, yardıma atlılar gəldi. Hər tərəfdən tələbələrin üzərinə atlar çapıldı. Arada qadın çığırtıları eşidildi. Zəncir qırıldı, hərə bir tərəfə qaçdı və yenidən bir yerə yığılaraq, “Marselyoz” oxudular. Hücum şiddətləndi. Bir neçə tələbə həbs olunub, götürüldü. Bunları qurtarmaq niyyəti ilə qarşılarına bir dəstə tələbə çıxıb zəncir təşkil etdi. Atlı qorodovoylar yenidən hücuma başladılar. Bu dəfə qorodovoylar qamçı çıxardılar və qarşılarına gələnləri vuraraq hərəni yenidən bir tərəfə qaçırdılar. Ələ gecən bir dəstə də həbs olundu.
Səlman və Rüstəmbəy də bunların arasında idi.
O zaman inqilabi hərəkatda tutulub, həbs olunmaq gənclər üçün bir şərəf sayılırdı. Təbiidir ki, Səlmanla Rüstəmbəy də özlərini qorodovoya fəxrlə təslim etdilər. Həbsxanaya getdikcə dəstə böyüdü.
Söhbət və qəhqəhə davam etdi. Yol uzunu qorodovoyu da rahat buraxmadılar.
Səlman gülərək:
– Cənab qorodovoy, bağışlayın, siz kəndli deyilsinizmi?
Qorodovoy qaba səslə:
– Kəndliyəm, nə olsun? – dedi.
– Yəqin orada iş tapmamışsan da şəhərə gəlmisən, çünki torpaq mülkədar əlindədir, mujikə icarəyə verir. Mujik də ha çalışır, axırda ona borclu çıxır. Odur ki, acından ölməmək üçün baş götürüb şəhərə gəlir.
Qorodovoy Səlmanın üzünə diqqətlə baxdı, bir söz demədi, acıqlı görünürdüsə də, acığı zahiri idi. Səlman sözlərində davam edirdi:
– Amma, dostum, zavoda getməli idin, qorodovoyluq bir şey deyil. Biz sənə torpaq tələb edirik, sən də bizi tutub həbsxanaya aparırsan.
Qorodovoy hiddətli:
– Sus! – dedi və vəzifəsinin mühüm olmasını bildirmək üçün əlini yoğun bığlarına çəkib, qürurunu bir daha artırdı.
Rüstəmbəy Səlmana yönələrək:
– Onda nə günah var, – deyə qorodovoya eşitdirdi, – o, bir baltadır, sapı başqasının əlindədir.
Salman:
– O lap pis, – deyə əlavə etdi, – adam da balta olub, sapını cəllad əlinə verərmi?
Cəllad sözü qorodovoyu büsbütün acıqlandırdı:
– Susun! İxtişaşçılar! O balta olmasa, siz nələr yapmazsınız?!
Uzaqdan həbs edilənləri seyr edən Həsən çox fikrə getməyərək arxa küçəyə döndü, nümayişçilərdən uzaqlaşdı.
Atlı qorodovoyların hücumundan daldalanaraq Əhməd Nikolay parkı darvazasının başına dırmaşıb, orada oturmuşdu. Orada-burada toplanmaq istəyən tələbələrə qarşı hücum davam etməkdə idi. Bir dəstə tələbə qaçaraq, parka girdi. Qorodovoy parkın qapısını kəsdirib durdu:
Əhməd yuxarıdan:
– Ey, utanmırsan, belə iş görürsən? – dedi.
– Sus! Yoxsa tutaram.
– Buna haqqın varmı?
– Sus!
– Sən sus, utanmaz! Ayda otuz manat üçün özünü satırsan!
– Sus, deyirəm, – deyə qorodovoy hücum etdi. Şallaq çatmadı, qorodovoy məyus olaraq geri çəkildi və bəhanə ilə darvazadan uzaqlaşdı.
Əhməd arxadan:
– Alçaq, xain! – deyə çığırırdı.
19
Nümayiş bitər-bitməz Səlmanın və Rüstəmbəyin həbs olunmaları münasibətilə “zemlyaçestvo” fövqəladə bir iclas çağırdı.
Axşam saat yeddidə Çingiz iclası açdı:
– Yoldaşlar, – dedi, – idarə üzvü Səlman və Rüstəmbəyin həbs olunmalarını bilirsiniz. Əvvələn bunların buraxılmaları haqqında tədbir görülməli; ikinci, bunlara hər gün yemək göndərməlidir. İştə, bu iki məsələnin müzakirəsi üçün sizi buraya dəvət etdim. Bu barədə sual vermək istəyən varmı?
Qıçını-qıçının üstündən aşıraraq xırda bığlarını buran Şirin dedi:
– Sual yeri yoxdur, məsələ bəllidir.
Xəlil söz aldı:
– Necə yoxdur? – dedi, – qurtarılmaq üçün nə tədbir görmək lazımdır?
Sədr:
– Daha başqa sual yoxdur ki? – deyə sordu.
Məclis sükuta getmişdi.
Sədr:
– Deməli, yoxdur. Indi Xəlilə cavab verirəm. Tədbir – bir vəkilə müraciət etməkdən ibarətdir.
– Necə? – deyə Xəlil etiraz etdi. – Bu hələ tezdir. Hər halda bir neçə gün gözləməliyik. Bəlkə buraxacaqlar.
– Buraxmasalar? – deyə Şirin sordu.
– Buraxmasalar, onda “ağa durur, ağacan durur” – yenə toplaşıb müzakirə edərik.
Sədr:
– Yoldaşlar, söz alın, sonra danışın... Məsələ belədir: tədbir görək, yoxsa görməyək?
– Hələ gözləyək, – deyə Xəlil cavab verdi.
Sədr:
– Xəlilin rəyinin əleyhinə söz söyləyən varmı?
Heç kəs dinmədi.
Sədr:
– Onda məsələni səsə qoyuram. Hələlik tədbir görülməni təxirə salmaq tərəfdarları əllərini qaldırsın. Üzvlər əl qaldırdılar.
– Qəbul olundu. Ikinci məsələ haqqında sualınız varmı?
Şirin:
– Yoxdur, – dedi, – icrası haqqında danışaq.
Xəlil söz istədi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-studentler-birinci-kitab-birinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Get yat, bədbəxt fəqir! Sənin dərdin məni lap çərlədib! – deyə ana, qızı Fatmanın arxasınca zənn ilə baxıb, başını mütəkkəyə söykədi:– Get, yat, aşıb daşmış fəqir! Hamı ərə gedib, ev-eşik sahibi oldu, bircə sənin bəxtin bağlandı. Döşün-başın çıxıb, ata dönmüsən!..
MərsiyəxanPəncərədən düşən işıqdan məsciddəkilərin başları işıldayırdı. Möminlər börklərini yerə qoyub, yaşlı gözlərini mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı:– Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə!
Yeni bir aləmHəsən çəkməsini ayağından dərin bir iztirabla çıxardıb, altına diqqətlə baxmağa başladı: gönü daş tamam aparmışdı; daban da əldən düşmüşdü.Həsən çəkməni o biri üzünə çevirdi: üst tərəf də vecdən çıxmışdı; neçə yerdən çatlamışdı.
Nahaq qan– Mənim namusumu yerə soxub; daha bazara da çıxa bilmirəm.Məgər buna bir təhər çəkilməz?!
Стихи других поэтов
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.