Birinci kitab, birinci hissə
Страница 13 из 16 · 75%
– Mənim anlayışımca, – dedi, – on manat təxsis etməli və növbə ilə yemək daşımağa adam təyin etməli.
Sədr:
– Bu barədə daha danışmaq istəyən varmı?
Heç kəs dinmədi.
– Deməli, əvvəlcə pul təxsisi məsələsini səsə qoyuram. Kim tərəfdardır əl qaldırsın.
Üzvlər əl qaldırdılar.
– İkinci, miqdar məsələsidir. Xəlil on manat təklif edir. Başqa təklif yoxdur ki?
– Yoxdur.
– Kim on manat təxsis olunması tərəfdarıdır, əl qaldırsın.
Üzvlər əl qaldırdılar.
– Keçdi. İndi növbə məsələsinə keçək. Sabah kim getmək istəyir?
Xəlil:
– Mən.
– O biri gün kim?
Şirin:
– Mən.
– Sonra? – deyə Çingiz sual nəzəri ilə Həsənə baxdı. Həsən dinmədi.
Çingiz gülümsədi. Istehza təbəssümü hər kəsin dodağına yayıldı.
Həsən qızardı və hiddətlə:
– Mən gedə bilməyəcəyəm, məni bağışlayın.
– Səbəb? – deyə Xəlil sordu.
– İşim var.
Xəlil qəhqəhə çəkərək güldü.
– Aşna, – dedi, – deyəsən qorxursan?
Hamı gülüşdü. Çingiz gülüş vəziyyətindəki simasını ciddiləşdirərək masanı tıqqıldatdı:
– İndilik, – dedi, – iki adam bəsdir. Xəlil, sabahın pulunu xəzinədardan al.
Xəlil gülə-gülə Şirinə tərəf yönəldi:
– Yoldaş xəzinədar, – dedi, – pulu çıxart görüm.
Sədr masanı tıqqıldatdı:
– İclası bağlayıram, – dedi.
İclasın bağlanması üzvləri gərgin vəziyyətdən qurtardı, o saat gurultulu söhbətlər, zarafatlar və qəhqəhələr başladı:
Şirin zarafatla:
– Ay Çingiz, – dedi, – sənin bir müsbət tərəfin varsa, o da iclası uzatmamağındır.
– Deməli, başqa müsbət cəhətim yoxdur?
– Onu Quludan soruşmalı. Ha-ha-ha!..
Hamı gülüşdü və Həsənin üzünə baxdı. Həsən pərt oturmuşdu. Bu əsnada Cəlal gəlib çıxdı. İri qıllı papağını və paltosunu çıxarıb asdı və burnunu dəsmalına silərək:
– Yenə nədir, a millətpərəstlər, deyəsən, milləti qabağa aparırsınız.
Kül o millətin başına ki, sizin kimi sərkərdələri ola.
Şirin gülərək:
– Sərkərdələrin ikisini bu gün tutmuşlar.
– Zarafat eləməyin, bizdə o qeyrət yoxdur.
– Vallah, doğru deyirəm. Rüstəmbəylə Səlmanı həbsxanaya aparmışlar.
Cəlalın üzü bir az ciddiləşdi. Sonra birdən qəhqəhə çəkib, gülməyə başladı:
– Siz öləsiniz, – dedi, – indi özlərini batırmışlar. Gərək Həsəni aparaydılar, aparsaydılar indi bunun ürəyi getmişdi.
Həsən pərt bir halda:
– Sən Allah, zarafatınızı qoyun dursun. Heç yeri deyil. Cəlal bunun pərtliyinə etina etməyərək:
– Özü də Qulu ilə bir yerə salaydılar, ha-ha-ha!.. Qulu bunu cırığa verib, özünü qurtarardı.
Yenə qəhqəhə qopdu. Şirin ciddi səslə:
– Qulu həbs olunarmı? Yəqin bu gün heç evdən çölə çıxmamışdır.
Cəlal:
– Yox, canım, – dedi, – kişinin babalın yumayın; indicə küçədə rast gəldim. Çoxlu şey alıb aparırdı. Onun axı əntiqə bir qızı var, hərdən aparıb evdə yedirdir. Özü də qorxusundan heç kəslə tanış etmir ki, əlindən alarlar.
– Yəqin başqa bir kələyi var.
– Daha qızla eşqbazlıqdan başqa nə kimi kələyi olar ki?..
Şirin Cəlala cavab olaraq iyma ilə güldü:
– Yəqin qız vasitəsilə Qafqaza mal göndərir. Cəlal yenə qəhqəhə çəkdi:
– Sən öl, olar. Afərin onun atasına, əsil nəhəng odur. Çingiz rəsmən Həsənin yanında bu söhbətlərə qarışmırdısa da, Qulunun əleyhinə söylənənlərin hamısına şərik idi. O, bütün kinini yalnız xəfif təbəssümü ilə ifadə edirdi. Bitərəfliyini bildirmək üçün Həsənin üzünə baxıb dedi:
– Balam, kişinin qeybətini etdiniz, bəsdir, indi bir az çay içək. Həsən, irəli otur görək.
Çay ətrafındakı söhbət o vaxt çox moda sayılan millət məsələsi ətrafında olurdu. Cəlal özünəməxsus bədbinliklə deyirdi:
– Qardaş bizdən bir şey çıxmaz! Biz kim olduğumuzu belə dərk etməmişik. “Müsəlmanam” deyirsən, bütün üç yüz milyonluq topuğu cırığa qoşulub itirsən... Bəli, indi-indi özünə “türk” deməyə başlamısan.
Camaatımız türk olduğunu bilirmi? Biz özümüzü tanımayan kimi, başqası bizi heç də tanımır. Nahaq yerə də ermənilər və gürcülərlə bir tərəziyə girmək istəyirik – onlar hara, biz hara!
Şirin Cəlalın mübahisələri ilə razılaşmırdı:
– Canım, bir tərəziyə girmirik, ancaq Qafqazda say etibarilə hamıdan çox olduğumuz üçün istər-istəməz tərəziyə girəcəyik.
– Saya bir qəpik verməzlər, mədəniyyətdən danış.
– Altı-yeddi yüz illik ədəbiyyatı olana “mədəniyyəti yoxdur” demək olarmı? – Yalnız Avropa mədəniyyətini hələ almamışıq...
– Əsli də odur!
Şirin soyuqqanlılıqla:
– Sözümü kəsmə, bir az hövsələn olsun. Biz yeni mədəniyyətə yalnız 1905-ci ildən başlayırıq. 5 ildir. Yaxşı, beş ildə azmı irəli getdik? Bu gün mətbuatımız, nəşriyyatımız, teatrımız, az-çox milli məktəblərimiz var, ziyalılarımız yavaş-yavaş yetişir. Daha nə istəyirsən?
Əsrlər boyu yatmışdıq. Bu gün ayılmışıq.
Şirinin sözləri Cəlalı qane etmədi, o yenə əvvəlki kimi qəti olaraq:
– Heç bu gün də ayılmamışıq, – deyib durdu, – bizdə adam yoxdur, adam!
Çingiz sözə qarışdı:
– Adam birdən yetişməz ki!.. Rus məktəblərində oxuyanların içindən bir faiz də camaata yararlı adam çıxsa, yenə yaxşıdır.
Cəlal yenə israrla: – Çıxmır! – dedi.
Şirin güldü:
– Canım, – dedi, – bütün bəlalar özümüzə inanmamaqdan irəli gəlir. Necə yəni çıxmır? Madam yeni mədəniyyətdə aşılanmağa başlamışıq, adam yetişəcək. Elə adamlar yetişəcək ki, bəlkə səni də, məni də götürüb atacaq, yerimizdə oturacaq. Xalqın ayılmağı qəribə bir şeydir: bir də görürsən bəlli olmayan səbəbdən xalq sahəsinin hər bir guşəsində çiçək açmağa başladı...
Cəlal qəhqəhə çəkərək:
– Çiçəyin biri, məsələn, Qulu, – dedi və Həsənin üzünə baxdı.
Həsən bir az açıqlanaraq:
– Heç Quludan çıxmırsınız. Qulu kimdən pisdir? Vallah, hamınızdan qoçaqdır, hamınızdan da millətpərəstdir.
Cəlalın və Şirinin gülməsi Həsənin sözlərini kəsdi... Məclis ciddi söhbətdən yenə zarafata keçdi. Qulu yenə dillərdə əzbər olmağa başladı.
Çingiz gülümsəyərək məmnuniyyətlə dinləyirdi.
20
Həsən Veylabad məmurlarından Mirzə Səmədin oğlu idi. Mirzə Səməd şəkər məktəbini qurtarıb, iyirmi yaşından etibarən məmur zümrəsinə daxil olmuşdu. İlk əvvəl məmur həyatını sülh məhkəməsində kargüzarlıqla başlamış və bir müddət sonra dilmanc olmuşdu. O zaman türklərdən rusca bilən az olduğu üçün Mirzə Səməd xalq arasında məruf olmuşdu. Ərizə yazdırmaq istəyən, məhkəməyə işi düşən, divanla əlaqədar olanlar Mirzə Səmədə müraciət edərdi. Mirzə də əlindən gələn işləri görər və əvəzində mükafatını alardı. Bir gün olmazdı ki, nəqd pul, qırqovul, quzu, xalça kimi şeylər ona peşkəş göndərilməsin. Mirzə bolluq içində yaşar, padşah və hökumətə qarşı sədaqət bəslərdi. Bu sədaqəti çocuqlarına da təlqin etmək üçün otaqların birində divarda çarın möhtəşəm rəsmini asmışdı. Peşkəş quzuların kababını yedikdən sonra həşəmətli padşahına tamaşa edərək:
– Ömrün uzun olsun, – deyə minnətdarlıq hisslərini ibraz etməkdən çəkinməzdi.
Həsən çar rəsminin altında dünyaya gəlmiş, onun qarşısında böyümüşdü.
Realni məktəbinə davam etdikdə orada çarın bir başqa rəsminə də təsadüf edərdi.
Bu rəsm evlərindəkindən daha iri, daha əzəmətli idi. Rəsmi günlərdə məktəbliləri böyük salona yığar, onlar padşahın rəsmi qarşısında sıra ilə düzülərdilər. Keşiş ruhani ayin icrasından sonra padşaha dua oxuyar xaç suyu ilə məktəbliləri sulardı. Hər kəs xaç çəkərdi. O zaman Həsən gözlərini yerə dikərək padşahı düşünürdü. Hər sadiq təbəənin divarından asılan bu rəsm ona übudiyyət hissləri təlqin edərdi.
İyirmi beş illik məmur həyatından sonra Mirzə Səməd Veylabad şəhərini tərk edib, Bakıya gəldi. Həsəni də leyli olaraq Bakı realnisinə verdi.
O zaman leyli məktəbinə yalnız zadəgan və məmur çocuqları qəbul olunardı. Dağlıq məhəllələrin alçaq və xaraba evlərində, karvansara guşələrində yaşayan yüzlərcə fəqir məktəblilərə rast gələn Həsən özünün bunlardan imtiyazlı olduğunu duyar, səbəblərini düşünərdi.
Çar rəsminin əzəməti onun üzərində bir qat daha artardı. Lakin get-gedə məktəb mühiti onu dəyişməyə başladı. 1905-ci il inqilabı məktəblərdə tətillər doğurdu, məktəblilər inqilab hərəkatına qoşularaq siyasi təşkilatlar yapdılar. Marksizm əsaslarını öyrənmək üçün xüsusi kurslar vücuda gəldi.
Bu böyük hərəkat Həsəni sürükləməmiş olmadı. O vaxt texnik məktəbində siyasi mühazirələr oxunardı. Həsən də bu mühazirələrə davam etməyə başladı.
Bir gün Mirzə Səməd Həsənin masa qutusunda kağız ararkən siyasi risalələrə rast gəldi. Əvvəl heyrətindən döyükdü və sonra risalələri götürdü yandırdı.
Həsən evdə yox idi. Gələrkən atası onu təkcə otağa çağırıb, sakit bir tərzdə söhbətə tutdu:
– Həsən, – dedi, – sən bilirsən ki, mənim dünyadan xəbərim yoxdur.
Sən ora-bura gedirsən, yəqin eşidirsən, bilirsən, de görüm bu işlərin axırını necə görürsən?
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-studentler-birinci-kitab-birinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Get yat, bədbəxt fəqir! Sənin dərdin məni lap çərlədib! – deyə ana, qızı Fatmanın arxasınca zənn ilə baxıb, başını mütəkkəyə söykədi:– Get, yat, aşıb daşmış fəqir! Hamı ərə gedib, ev-eşik sahibi oldu, bircə sənin bəxtin bağlandı. Döşün-başın çıxıb, ata dönmüsən!..
MərsiyəxanPəncərədən düşən işıqdan məsciddəkilərin başları işıldayırdı. Möminlər börklərini yerə qoyub, yaşlı gözlərini mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı:– Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə!
Yeni bir aləmHəsən çəkməsini ayağından dərin bir iztirabla çıxardıb, altına diqqətlə baxmağa başladı: gönü daş tamam aparmışdı; daban da əldən düşmüşdü.Həsən çəkməni o biri üzünə çevirdi: üst tərəf də vecdən çıxmışdı; neçə yerdən çatlamışdı.
Nahaq qan– Mənim namusumu yerə soxub; daha bazara da çıxa bilmirəm.Məgər buna bir təhər çəkilməz?!
Стихи других поэтов
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.