İkinci kitab, ikinci hissə
Страница 3 из 8 · 25%
Vəlibəy yoğun bığlarını tumarlayaraq:
– Sən də çox dərin düşünürsən, – deyə qırıq-qırıq gülməyə başladı.
Rüstəmbəy qayət ciddi:
– Ay Vəlibəy, bax, sən həkimsən, sənətin var. Onu dərinləşdirməyə çalışacaqsan. Mən hüquqşünasam – vəkillikdən başqa, bir də xalqın ictimai işlərinə yaramalıyam. Federasiya fikri günü-gündən meydan almadadır. Indi federasiya əsaslarını bilirəmmi? – Yox! Qərbdə və Amerikada bir çox dövlətlər var. Bunların qanuni-əsasisindən, üsuli-idarələrindən xəbərim varmı? – Yox! Müxtəsərcə olaraq darülfünunda keçdik. Vəssalam... İndi bir müddət burada oturub, bunlarla məşğul olmaq icab edər. Bilgisiz olaraq millətə xidmət etmək olmaz.
Bilgimiz də olmasa, xalq arasında heç bir nüfuzumuz ola bilməz.
Vəlibəy yenə qırıq-qırıq gülərək:
– Aşna, sən arxayınçılıqdan danışırsan.
– Başqa cür də ola bilməz.
Bu əsnada qapı açıldı. Cabbar gəldi. Salamına soyuq cavab alıb, bir tərəfdə oturdu. Mir Cəfər onu nifrətəngiz bir nəzərdən keçirdi.
6
Tələbələr yavaş-yavaş yığılırdı. Səlman və Əhməd də gəldi. İclasın gecikməsini görən Rüstəmbəy qolundakı saata baxdı:
– Vaxt keçir, – dedi.
Bunu görən Mir Cəfər istehza ilə qoluna baxdı və:
– Vaxt keçir, – deyə Rüstəmbəyin ağzını yamsıladı. Sonra cibindən vizit kartını çıxarıb, üzərinə bir şeylər yazdı və Rüstəmbəyə uzatdı. Rüstəmbəy suçlu-suçlu alıb, bu sətirləri oxudu: “Ya sən, ya mən – ikimizdən birimiz yaşamalıdır. Səni duelə çağırıram. Sekundantlarını göstər”. Mir Cəfərin tühaflığına yaxından bələd olan Rüstəmbəy yoldaşının hərəkətindən heç də heyrətlənmədi. Mətin bir səslə:
– Mən hazıram. Qaçan alçaqdır! – dedi.
Mir Cəfər Rüstəmbəyin mətanətini duyub, sönük səslə:
– Alçaqdır! – dedi və susdu.
Məclisə sakitlik düşdü. Hər kəs məsələnin nədən doğduğunun səbəblərini anlamayaraq bir-birinin üzünə baxırdı.
Bəzilərinin dodaqlarında heyrət təbəssümü donub qalmışdı.
Səlman Əhmədə tərəf yönələrək:
– Bu Mir Cəfərin də əcəb işləri var, – dedi, – hələ yersiz çıxışının üstündə bir dəfə mühakimə olunmuşdu. Yenə çocuq hərəkətindən əl çəkmir, – dedi.
Başqalarının qüvvətinə yaranan Cabbar Səlmana xoş gəlmək üçün geniş ağzını açaraq bərk gülüşü ilə məclisdəki sakitliyi pozdu. Rüstəmbəyə bata bilməyən Mir Cəfər bunu əldə bir vəsilə edərək, yerindən dəli kimi qalxıb, Cabbara bir şapalaq vurdu. Məclisdəkilər durub Mir Cəfəri yerində oturtdular. Hər kəsdə bir qələyan vücuda gəldi.
Səlman həyəcanlı bir səslə:
– Yoldaşlar, – dedi, – bu gün Rusiyada əldə edilmiş hürriyyətə müəyyən bir şəkil verildiyi bir zamanda biz də burada dərəbəylik dövrü, qolçomaq və qoçu üsulları yeritməyə çalışırıq. Mir Cəfər kimilərin vəhşi hərəkətlərinə artıq xitam verilməlidir. Bu saat qəti olaraq deməliyik ki, Mir Cəfərə aramızda yer yoxdur!
Hər kəs Səlmanın sözlərini təsdiq edərək:
– Ar olsun! Eyib! – deyə səsləndi. Vəlibəy ayağa durub, mülayim səslə dedi:
– Yoldaşlar, bu gün Rusiyadakı bütün millətlər hürriyyətdən lazımınca istifadə etmək yollarını arayırlar. Baxın, paytaxtında oturduğumuz
Ukrayna nə cəsur addımlar atır. Müvəqqəti hökumətlə belə hesablaşmaq istəmir... Baxın, biz nə ilə məşğuluq... Mir Cəfərin xatirinə dəyməsin, onun indiki hərəkəti mədəni bir hərəkət deyil. Elə hərəkətlərin baş verməsinə imkan verməməliyik.
Vəlibəydən sonra Xəlil istehzalı gülüşlə:
– A Mir Cəfər, sən başdan-başa təzad imişsən ki! Küçələrdə dediyin gözəl nitqlər harada, bu qoçuluq harada?
Mir Cəfər:
– Sən də qoy görüm, – deyə çəmkirdi və sandalyadakı vəziyyətini dəyişib susdu.
7
Bir az keçmiş Qulu ayağa qalxıb:
– Yoldaşlar, biz buraya mühüm bir iş üçün gəlmişik, zənn edirəm, – deyə uzun bir nitq söylədi. Zamanın siyasi incəliyindən, bütün millətlərin muxtariyyət yolunda çalışmalarından, Ukrayna hökumətinin müvəqqəti hökumətlə razılaşmayaraq ordu təşkil etməsindən və bu kimi bir çox məsələlərdən bəhs açdı. Axırda “biz də əl-ələ verərək çalışmalı, geridə qalan millətimizi irəli çəkməliyik”,- deyə nitqini bitirdi.
Məclis Qulunu alqışladı. Rüstəmbəy Vəlibəyin qulağına “boş sözdür” – deyə pıçıldayıb gülümsədi. Vəlibəy isə zahirən Rüstəmbəyə şərik olmayaraq, Qulunu məmnun etmək üçün üzünə baxdı və xoş bir təbəssümlə alqışını Quluya duydurdu.
Xəlil ayağa qalxdı. Zemlyaçestvo dövrünün bitməsini, artıq siyasi platformaya keçmək ehtiyacını bildirdi. Bu əsnada “sədrsiz məclis olmaz, sədr seçməli”, – deyə səslər eşidildi.
– Vəlibəy!
– Vəlibəy!
– Xəlil!
İndiyə qədər sözlərini kəsib ayaq üstə qalan Xəlil gülə-gülə:
– Mən Vəlibəyin sədr olmasını təklif edirəm. Kim tərəfdardır əl qaldırsın!
Vəlibəy əksəriyyətlə qəbul olundu. Mir Cəfər səsdə iştirak etmədi. Qulu isə könülsüz olaraq əl qaldırdı.
Vəlibəy görkəmli bir yerdə oturub, rəsmən məclisi açdı, sonra milli məzmunda bir nitq söyləyərək, Rusiyadakı vəziyyəti təsvir edib, müsəlmanların siyasətcə hazır olmadıqlarını qeyd etdi. “Bütün millətlər, – dedi, – təşkilat yaparaq, məclisimüəssisan qarşısına hazır çıxmaq istəyirlər. Halbuki biz hər işdə geri qaldığımız kimi, burada da ləng iş görürük”. Sonra Vəlibəy ziyalı azlığından şikayət edərək, mövcud olanlar arasında da ittihad olmadığından bəhs etdi və əlavə olaraq: “Bu gün burada bir nəticəyə gəlib, ümumi bir dil tapmalıyıq; çünki bunu bizdən həm zaman, həm də millətimiz tələb edir”, – deyib nitqini qurtardı.
Danışmaq istəyənlər yazıldı. Səlman, Əhməd, Mir Cəfər, Xəlil, Rüstəmbəy, bir neçə tələbə və məktəbi yeni ikmal etmişlər çıxışda bulundular. Kiyev türk tələbələri tarixində ilk dəfə olaraq məslək ayrılığı duyulmağa başladı. Əvvəllər zemlyaçestvo ətrafına toplanıb yalnız mədəni-maarif məfkurəsi daşıyan gənclər indi artıq köhnə çərçivəyə sığmamağa başlamışdılar. Eser, menşevik, bolşevik və milli demokratik platformalar irəli sürülərək, hər kəs müəyyən proqram dairəsində hərəkət etməyə çalışırdı.
Nitqlərdən sonra uzun-uzadı münaqişələr oldu, nəticədə məclis bir neçə qrupa ayrıldı. Səlmanla Əhməd bolşevik, Xəlil menşevik, Mir Cəfər eser olaraq qaldılar. Məclisin əksəriyyəti isə milli məfkurə daşıyan bitərəflər idi. Bunlar heç bir firqəyə mənsub deyildilər, milli hərəkatda edəcəkləri iştirakın şəkli və üsulu da hələ təbəllür etməmişdi.
Məclisdə söylənənlər kimsəni qənaətbəxş etmədi, hər kəs əvvəlki məsləkinə sadiq olaraq məclisi tərk etdi.
8
Axşam Vəlibəy Rüstəmbəyi “Kupeçeskoye sobraniye” bağçasına dəvət etmişdi. Mayın aydınlıq bir axşamı idi. Dneprin geniş köksü yaldız saçırdı. Yasəmən və kəstanə çiçəklərinin qoxusu ruha təravət verirdi. Bağçadakı şıq geyimli, şən söhbətli adamlar sanki şəhərdəki çörək və şəkər böhranı ilə heç də əlaqədar deyildilər.
Rüstəmbəylə Vəlibəy əvvəl açıq havadakı kinoya gedib, “Qriqori Rasputin” adlı şəklə tamaşa etdilər. Sonra bağçanın restoranına gəlib, çiçəklər arasındakı bir masaya yerləşdilər. Vəlibəy qarsonu çağırıb, yemək və içki ismarladı. Ağ örtülü masanın üzərinə əlvan məzələr düzüldü, araq qoyuldu. Vəlibəy özünəməxsus nəzakətlə qədəhləri doldurdu və Ömər Xəyyamın bir rübaisini söylərək, qədəhini qaldırdı:
– Rüstəmbəy, – dedi, – xoş gəlmisən! Inqilabın nərələrə varacağını və bizi haraya sürükləyəcəyini hələ bilmirəm. Qoca fars “dəm qənimətəst”1 deyər. İndi bu dəqiqələr də bir qazancdır. İçək, sağ olaq.
– Vəlibəy, sağ ol! – deyə Rüstəmbəy qədəhini Vəlibəyin qədəhinə vurub içdi.
Vəlibəy boşalmış qədəhləri təkrar doldurub dedi:
– Qəzetləri, yəqin diqqətlə oxuyursan.
– Təbii.
– Bu müvəqqəti hökumətdən axır, deyəsən, bir şey çıxmayacaq...
Müttəfiqlərə verdiyi notanı gördüm, yenə köhnə hamam, köhnə tas; çar siyasəti dəyişilmir – müvəqqəti hökumət müttəfiqlərlə bağlanan bütün əhdnamələrə sadiq qalır... Milyukov yenə İstanbulu tələb edir. “Son zəfərə qədər müharibə” şüarı utanmazcasına davam edir...
– Vəlibəy, bu siyasət yeriməz, ordu vuruşma qüvvətini qaib etmişdir, paytaxtda soldat və işçi şurası ilə hökumət arasındakı uçurum get-gedə dərinləşir; bolşeviklər yorğun vücudlarda doğan xəyalları həqiqətə çevirmək istəyir; Ukrayna muxtariyyət bayrağını qaldıraraq, başqa millətləri də arxasınca aparır, iqtisadi böhran, hərcmərclik məmləkəti alt-üst edir... belə bir zamanda əski siyasəti yürütmək qabilmi?
Vəlibəy qədəhi qaldırıb, Rüstəmbəyin nitqinin sonunu gözləyirdi. Nitq bitər-bitməz:
– Ukraynanın şərəfinə içək, – dedi, – qoçaq adamlar yetişdirmişdir.
Rüstəmbəy səmimi bir halda qədəhinə yapışdı və ukraynaca: “İşşe ne vmerla Ukraina!”2 – deyib içdi.
Bir neçə dəqiqə başları yeməyə qarışdı. Lakin sükut uzun sürmədi. Rüstəmbəy:
– Ukrayna, – dedi, – fürsəti əldən buraxmır, cəbhədən ukraynalıları yavaş-yavaş çəkib milli ordu təşkil edir; müvəqqəti hökumətdən muxtariyyətinin tanınmasını tələb edir; məktəb və idarələri milliləşdirir; milli nəşriyyata çalışır... Tələbəlik zamanımızda Kiyevdə Ukrayna dilinin danışıldığını eşitməmişdik. İndi yavaş-yavaş eşidilməyə başlandı.
Çar zamanı yalnız bir qəzetləri vardı, onu da müharibə başlarbaşlamaz hökumət qapadı. Əlan gör nə qədər qəzet və jurnalları var...
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-studentler-ikinci-kitab-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşam saat ona kimi oxudular. İkisi də bərk yorulmuşdu. Əli cəsarətsiz bir səslə yoldaşına dedi:– Doğrusu, Cavad, mənim başım daha heç işləmir.
Sidiİlk əvvəl onu bir avtomobil fabrikində görmüşdüm: manövr idi, yəni ən aşağı dərəcəli iş görürdü: süpürürdü, zibil daşıyırdı. Maşınları təmizləyirdi və qazandığı da yalnız bir parça yavan çörəyə və mənzil kirayəsinə gedirdi. Onu fabrikdə tanımayan yox idi, hər kəs ona buyurur, işlədir və onunla əylənirdi.Qiyafəsi qəribə idi: başdan ayağa qədər yağ və çirkə batmış paltarı əvvəlki rəngini çoxdan itirmişdi. Hətta üzünün dərisi belə solmuş və kirləşmişdi. Yalnız dişləri ağarır və gözləri işıldayırdı.
Osman DövlətşinO çox şenlikli, bol nəşəli Kiyev bu dəfə boş qəbiristanı andırırdı: küçələr sönük, qəmgin idi; kimsə evindən dışarı çıxmağa cəsarət etmirdi. Yalnız çörəkçi dükanlarının önündə uzun sıralar görünürdü. Oradaburada düşüb partlayan mərmilərə, tüfəng şaqqıldamasına baxmayaraq bu adamlar cansız bütlər kimi düzülüb çörək gözləyirdilər. Hansı qüvvələrin şəhərə hakim olduğu bəlli deyil idi. Belə zamanlarda min bir şayiə dövran edər, çoxusu da doğru olmaz. Sabah ertə ukraynalıların poçtaya hücum etdiklərini söylədilər. Dünən bir məktəbin ətrafında qanlı vuruşmalar olmuş; kim bilir, sabah bu qan və atəş haralara keçəcək?Ara-bir divarlara xitabnamələr yapışdırılır: Ukrayna hökuməti kəndliləri bolşeviklərlə mübarizəyə dəvət edir... Bu elanları, çağırışları oxuyan olurmu? Hər kəs zirzəmilərdə; xalq can qayğısındadır.
Qoz ağacıHər ilki kimi, bu il də Məşədi Xonku məhərrəmə hazırlaşırdı.Köhnə katbini sandıqdan çıxardıb, xəzlərini güvədən təmizləmişdi, sarıq və qurşaq üçün tədarük olunmuş şal parçalarını günə sərmiş, uzunboğaz çəkmələr piylənmiş, qılıncın da pasına qarşı tədbirlər görülmüşdü.
Стихи других поэтов
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
ای شاه چو کردگار بگشاد ترادر ملک بقای جاودان داد ترا