Страница 2 из 6 · 17%

Və bəlkə bundan ötrü on doqquz il çox idi, həddindən çox idi və Kərimin bu on doqquz ildə elədiyini bəlkə on ildə də eləmək olardı. Amma məsələ bunda deyildi. Məsələ burasında idi ki, bu on doqquz ildə əldə elədiyi hər şey Kərimdən ötrü bu səhər birdən-birə öz mənasını büsbütün itirmişdi. O maaş da, o mənzil də, o elmi ad da... Və bu on doqquz ildə heç nə qazanmadığını fikirləşəndə bu səhər birdən-birə Kərimin elə bil başının tükləri də üşümüşdü. Çünki bütün bunlar, sən demə, indiki Kərimə lazım deyilmiş, haçansa bir dərənin ətəyində qatara minən o on yeddi yaşlı Kərimə lazım imiş... O Kərim isə daha yox idi.

“Birin vur”.

“Birin də...”

Və o toyda, o vurhavurda o bir dərə ay işığı bircə Allah bilir ki, hardan peyda olmuşdu. O işıq, on doqquz ilin arxasından elə bil Kərimi yavaşca səsləmişdi. Səsləyib yerindən oynatmışdı, səsləyib ağıldan eləmişdi. Və indi Kərimi evindən-eşiyindən eləyib, bu çölün düzünə salan da elə bil o sehrli səs idi. İşıq səsi, ilahi, işıq səsi...

Və o səsin sehrli aləmində Kərim, pay-piyada, haçansa bir dərənin ağlığında minib şəhərə gəldiyi bir qatara təzədən minməyə gedirdi. Bayaq toyda, öz xəyalında da Kərim eynən bu yolu getmişdi. Və bayaq onun xəyalında getdiyi o yol ilə indi ayağı ilə getdiyi bu yolun, Kərimdən ötrü, hələ ki, heç bir fərqi-zadı da yox idi və guya Kərim o işığa çatmayınca, o işıq o dərənin ətəyindən heç cür çəkilib gedə bilməzdi.

Kərim gedirdi. Havadan ay işığının metal qarışıq iyi gəlirdi və Kərimin ağzında da elə bil – ay işığının metalla qarışığından ibarət – bir qəribə tam vardı. Bu tamı Kərim get-gedə daha aşkar hiss eləyirdi. Bu tamın köməyi ilə Kərim nəyisə yadına salmağa çalışırdı, amma olmurdu, heç cür baş tutmurdu – yadına salmaq istədiyi o şey onun ağlına-şüuruna azca yaxınlaşan kimi, Kərimin ağzındakı o tam hər dəfə çəkilib-gedirdi.

“Birin vur”.

“Birin də...”

Və kim bilir, bəlkə o tam Kərimin öz toyunda içdiyi o iki qədəh arağın tamı idi? Sonra evdə (Validə çay dəmləmək üçün mətbəxə gedəndə) onlar Nağı ilə adama bir stəkan da şampan içmişdilər. Şampan Nağının kefini durultmuşdu. Nağı “Həyat gözəldir!” – deyib səsi gəldikcə qışqırmışdı, bir küncdə dinməz-söyləməz oturub, yorğun-yorğun əsnəyən arvadının kefini açmaq üçün cürbəcür hoqqalar çıxartmağa başlamışdı. Və nədənsə, məhz bu məqamda Kərimin öz köhnə dostuna yaman yazığı gəlmişdi. O məqamda Kərim də var səsi ilə qışqırıb nəsə demək istəmişdi. Amma Kərim qışqırmamışdı. Bayırdakı ay işığı yenə Kərimi xəlvətcə səsləmişdi. Kərim o səsi eşidib balkona çıxmışdı və vur-tut beş-on dəqiqə əvvəl, o balkondan necə enməyi də bu saat Kərimin yadında deyildi.

Sonra Kərim o qəribə tamı ağzında elə aşkar hiss elədi ki, hətta bir anlığa dayandı da. Bayaqdan bəri yadına salmaq istədiyi o şey bu dəfə Kərimin elə bil lap damağına toxundu, dilinə dəydi. Amma dünyanın ayında-ağlığında axtardığı o ümidin nə ümid olduğunu Kərim bu dəfə də dərk eləyə bilmədi. Və Kərimin ağzında, çox keçməmiş, bayaq Nağı ilə içdiyi şampanın soyuq tamından savayı heç nə qalmadı. Kərim üşüdüyünü hiss elədi.

II

Payızın ortaları idi. Və bu payız elə əvvəlindəncə Kərimə bir qəribə narahatlıq gətirmişdi.

Validəni Kərim beş-altı il idi ki, tanıyırdı. Beş-altı il idi ki, eyni bir idarədə onlar – bir-birindən vur-tut bircə divar aralıda – işləyirdilər. Validə Kərimdən üç-dörd yaş kiçik idi. İndiyəcən ərdə-zadda da olmamışdı. Ya rastına münasib bir adam çıxmamışdı, ya da, Kərim kimi, ümidini hər gün sabaha bağlayıb, axırda ümidin də dadını itirmişdi. Və məhz buna görə də elə bil onlar bir-birlərini əlbəəl başa düşmüşdülər. Bir gün Kərim işdən sonra Validəni aparıb evlərinə ötürmüşdü. O biri gün onlar bir yerdə kinoya getmişdilər. Üçüncü gün, yenə kinoya getdikləri yerdə, Validə dinməz-söyləməz univermağa burulmuşdu və Validənin o univermağa nədən ötrü girdiyini Kərim o biri görüşdə bilmişdi: o gün onlar univermaqdan pərdəlik parça almışdılar – halbuki Kərim evindəki pəncərələrin pərdəsiz olduğunu Validəyə heç vaxt deməmişdi.

Görüşlərinin birində onlar bir mağazada xeyli vaxt nişan üzüyü növbəsində durmuşdular. Görüşlərinin birində Validə Kərimi evlərinə aparıb öz ata-anası ilə tanış eləmişdi. Görüşlərinin birində Validə dinməz-söyləməz şəhərin atelyelərindən birinin qapısını açmışdı. Və Validənin o vaxt sifariş elədiyi kostyumda indi Kərim baş alıb, dünyadan gedirdi.

Görən Kərim dünyadan hara gedirdi: axı o dərənin özü də dünyada idi. Yoxsa Kərim o dərənin başındakı kəndi tanımırdı, – Kərimi bu şəhərə çəkib-gətirən elə o kəndin darısqallığı deyildimi? Və indi Kərimi çağırıb aparan o genişlik, o dağda-dərədə görən havaxt peyda olmuşdu, hardan peyda olmuşdu, – ordan keçən bütün qatarların izincə bir vaxt dünyanın bu tərəfindəki genişliyə məlul-məlul baxan Kərim deyildisə, bəs kim idi?..

Bəli, genişlik bu saat, yalnız orda idi. Bu saat dünya orda idi. Ay orda idi, ulduz orda idi. Və bu saat Kərimin özünə gəlməyindən ötrü də ayrı heç nə lazım deyildi: o aya, o ulduza bircə dəfə baxmaq lazım idi, o dərənin havasından bircə udum udmaq lazım idi... Bəs Kərimin ağzındakı o tam nə idi – ay işığı ilə metal qarışığının tamı?.. Bəlkə bir vaxt, ay işığı boyunca, o dərənin ətəyi ilə uzanıb gedən polad relslərin iyi indi, on doqquz illik məsafədən, Kərimin burnuna dəyirdi, damağına toxunurdu. Bəlkə haradasa, bu həndəvərdə metal vardı, yaxud metal iyi verən zavod vardı. Amma yox, o iy bu həndəvərdə ola bilməzdi. O iy haradasa bir ayrı dünyada olmalı idi. O “ayrı” dünya isə, deyəsən, lap yaxında idi. Və sirli, ovsunlu bir səs Kərimi maqnit kimi elə bil birbaş ora çəkirdi, ora aparırdı: işıq səsi, ilahi, işıq səsi!..

Və bir azdan – bir uzun daş hasarın boyunca – suyun, palçığın içində üst-üstə qalanmış dəmir tığlarını görəndə özünün harada olduğunu Kərim nəhayət ki, dərk eləyə bildi. Bura da şəhərin ucqar yeri idi. Buradakı binalar da nisbətən təzə salınmışdı. Ancaq binalar hələ xeyli aralıda idi. Və beş-altı il əvvəl, gecələrin birində həmin binaların arasında o, Nağı ilə birgə, Toğrulun mənzilini axtaranda bu dəmir-dümür qəbirstanlığını Kərim möhkəm yadında saxlamışdı. Buranı Kərim öz kəndli instinkti ilə əlbəəl nişanlamışdı, çünki qabaqdakı binaların hamısı bir-birinin tam eyni idi və bir şey nişanlamasan, ordan geri qayıdanda yolu çətin ki, tapmaq olaydı. Üstəlik, o gecə o binaların arasında onlar, taksi sürücüsünə az qala bir saat zülm eləyib, naümid geri qayıdanda Toğrulun mənzilinin yeri də Nağının yadına məhz bu dəmir-dümürü görəndə düşmüşdü. Taksini buradaca saxlatmışdılar. Düşüb piyada getmişdilər və bu dəfə Toğrulun mənzilini rahatca tapmışdılar. Və sonralar o mənzilə Nağısız gələndə də Kərim taksidən həmişə burda düşmüşdü...

Çarpayı dəmirindən tutmuş, vertolyot pərinəcən – metalın hansı növündən desən burada tapmaq olardı. Metal suyun-palçığın içində pas atıb iylənmişdi. Ayın işığı metalın, suyun, palçığın üstündə yenə eynən ovaxtkı mənzərəni yaratmışdı və hələ pas atmamış metal hissələri Ayın ağ şirəsini elə bil duru yerindən somururdu... o yanda binalar görsənirdi. Binaların beton divarlarını Ay bir azca yumuşdu, bir azca təzələmişdi. Orda baxan pəncərələrinsə üzünə sanki bir müxtəsərcə metal tozu səpmişdilər.

Bəli, Kərim harda olduğunu nəhayət ki, dərk eləmişdi, amma bura necə gəlib-çıxdığını heç cür dərk eləyə bilmirdi. Onun yaşadığı mikrorayondan görən, bura dümdüz yolmu var idi, yoxsa bayaqdan bəri Kərim doğrudan da bir sehrli işıq üstdə yerimişdi ki, o işığın yeganə mənzilbaşı yalnız bura idi, bu metal qəbiristanlığı idi. Hər halda, o düz yoldan hardasa burulduğunu Kərim xatırlamırdı. Və dəhşət burasında idi ki, indi, geri qayıdası olsa, öz evinə gedən yolu Kərim çətin ki, tapa biləydi.

Ancaq Kərim geri qayıtmaq istəmirdi. Haçansa, beş-altı il əvvəl burada taksidən düşüb, bu dəmir yığnağını, öz kəndli instinkti ilə, əlbəəl nişanlayanda da burdan Kərim geri qayıtmaq istəməmişdi. Onda Kərim ürəyində dönə-dönə Allaha yalvarmışdı ki, o evlərin arasında Nağı Toğrulun mənzilini tapa bilsin, burdan onlar naümid geri qayıtmasınlar, çünki bu yolun ayrıcında o vaxt Kərim ilə Nağının yanında iki nəfər qız da vardı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ön söz yerinə

...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.

19682 мин
Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 мин
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 ч 10 мин
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 ч 5 мин

Стихи других поэтов