Tənha narın nağılı
Страница 11 из 19 · 53%
Biz o qaranlıq otaqların birində sil-süpür eləmədik – Mərcan xala qoymadı. Biz palazımızı, samovarımızı, yorğan-döşəyimizi də kənddən gətirməli olmadıq, çünki Mərcan xalanın üç-dörd dəst yorğan-döşəyi vardı. O gün bibimlə Mərcan xala məni evdə tək qoyub, iş axtarmağa getdilər və iş tapıb çox keçməmiş sevinə-sevinə qayıtdılar. Onlar evə qayıdıb xeyli vaxt gülüşdülər, xeyli vaxt sevindilər və gülə-gülə, sevinə-sevinə kişiləri ələ salmaqdan danışdılar. Onların söhbətindən belə çıxdı ki, bibimi işə düzəltmək üçün haradasa, hansı “gic oğlu gici”sə ələ salıblar. Belə çıxdı ki, bu şəhərdə arvadların işə düzəlməyi üçün mütləq kişiləri aldatmaq lazımdır, dolamaq lazımdır, ələ salmaq lazımdır. O gecə işıq sönəndən sonra Mərcan xala özünün çörək dükanında işə girməyindən bibimə uzun-uzadı bir nağıl danışdı. O nağılda da bir “gic oğlu gic” vardı. Özü də o “gic oğlu gic” “Raytorq”un sədri idi. Bir əməlli iş almaq üçün Mərcan xala onun yanına gedəndə o adam Mərcan xalanı düz bir ay yozdurmuşdu: demişdi ki, get, axşamçağı gəl. Nəhayət, bir axşamçağı Mərcan xala təzə paltarını geyinib, özünü gəlin gedən qız kimi bəzəyib, “burcuda-burcuda” qapıdan içəri girmişdi və o gic oğlu gicin başına bir oyun açmışdı ki, bugünkü oyun onun yanında heç nə idi. Mən bu gün də, o vaxt da Mərcan xalanın nə cür oyun çıxardığını təsəvvür eləyə bilmirdim və başa düşmürdüm ki, əgər “Raytorq”un sədri olan o adam gic oğlu gic idisə, niyə Mərcan xala hər gün onun evinə dörd kilo ağ çörək göndərirdi... Mərcan xala danışdıqca hər sözün başında bibim şaqqanaq çəkib gülürdü, elə bil biz bu alçaq tavanlı xəfə otaqda deyildik, haradasa, nağıllarda olan böyük, işıqlı bir imarətə düşmüşdük. Elə bil, bizim kənddəki evimiz yox idi, elə bil o ev heç vaxt olmamışdı.
Sonra onlar başqa kişilərdən danışdılar: onlardan iki nəfəri çörək dükanına görə Mərcan xalanı almaq istəyirdi, həm də içərilərində bir “bazburutlu” adam da yox idi, hamısı əl-ayaq altında qalanlar idi. Mərcan xala Qubadı da “gic oğlu gic” elədi, halbuki Qubad Mərcan xalanı hələ çörək dükanı olmamışdan istəyirdi. Bibim Yaqubdan bir kəlmə də söz demədi: Yaqubu gic oğlu giclərin siyahısına mən saldım və o gecəki söhbətdən belə bir nəticəyə gəldim ki, bütün arvadların ürəyində bibimin mahnısı kimi məktəb vaxtından, qızlıq çağından qalma bir mahnı var, həmişə ərə getmək məsələsi olanda o mahnı arvadların yadına düşür və məhz buna görə onlar, Müküş kimi, hətta Qubad kimi kişilərə də ərə getmək istəmirlər.
Bir axşam işdən qayıdandan sonra bibim Mərcan xala ilə məsləhətləşib, səhərlər işə gedəndə məni də özü ilə aparmaq məsələsini həll eləyəndə, bilmirəm, mənim o həyətdə tək oturmağımın necənci günü idi. Biz kənddən çıxandan sonra, bilmirəm, neçə dəfə gün çıxmışdı, neçə dəfə gün batmışdı, bircə onu bilirəm ki, o gecə bibim mənim həyətdə tək qalıb darıxmağımdan danışanda, az qalıram deyəm ki, daha mən o həyətdə heç darıxmırdım. Daha mən kəndə qaçmaq barəsində fikirləşmirdim, həyətimizdəki divarın üstünə çıxıb, Yaqub küçədən keçəndə başına daş salmaq barədə fikirləşmirdim. Mən eyvanda Mərcan xalanın qapısı qabağında oturub bibimin yolunu gözləyirdim. Gözləyirdim ki, Qubad gəlsin, Vayenkomun dəli atından, yaxud bu gün bazarda baş vermiş əhvalatlardan danışsın. Gözləyirdim ki, Surət bacı gəlsin öz qəşəng əlləri ilə mənim burnumu, qulağımı ovxalayıb, sevinə-sevinə pilləkənləri qalxsın. Gözləyirdim ki, Bəyxanım qarı gəlsin, yuxarıdakı eyvanda canamazını açsın, üzünü göyə tutub, namaz qılsın, Allahla danışsın.
Bibimin dediyinə görə, mən haradasa, zavodun qabağındakı bir qəşəng bağda oturacaqdım. Həm də orada böyük yol vardı və mən yoldan keçən maşınlara baxacaqdım, adamlara baxacaqdım, adamlara baxacaqdım. Üstəlik hansı uşaq bağçasınınsa uşaqları tez-tez o bağa gəlirdilər, onda mən heç darıxmayacaqdım. Günortalar bibim zavodun yeməkxanasından xörək alıb gətirəcəkdi, biz həmin bağda oturub xörək yeyəcəkdik... Bundan sonra bibimin yediyi də boğazında qalmayacaqdı və o biləcəkdi ki, xörək yeyir.
O xörəkdən sabah mənim də yeyəcəyimə bibim, Allah bilir, necə sevinirdi. Ancaq mən sevinməyə ürək eləmirdim: qorxurdum ki, orada bağ olmasın, o bağda uşaq olmasın... Axı, mənim hesab dəftərimin boş vərəqlərindəki nağılımda, Mədinə adlı bir bibim də vardı və bir dəfə o, Sadıq adlı bir uşağı aldadırdı: deyirdi ki, narın üstündə qırmızı-qırmızı güllər var; o gülləri görməyəndə Sadıq bibisindən küsüb dağlara qaçırdı. O dağlarda nar ağacları qırmızı-qırmızı güllər açmışdı. Sadıq qırmızı-qırmızı güllər açmış nar kollarının dalında gizlənirdi. Bibisi dağı-daşı dolanıb Sadığı axtaranda nar ağacları öz aralarında xısın-xısın pıçıldaşırdılar. Ancaq onlar Sadığın yerini bibisinə demirdilər, çünki bibisi Sadığı aldatmışdı...
Bağ vardı. Hələ orada ağaclar da vardı: şaftalı, badam, ceviz. Badamların çağalasını yemişdilər, budaqlarını qırmışdılar; cevizə, şaftalıya dəyib-toxunan olmamışdı, çünki onları kal vaxtı yemək olmazdı.
Bibimin işlədiyi konserv zavodu bazarın qabağından keçən böyük asfalt yolun lap axırında idi. Daha doğrusu, ora yolun axırı deyildi, şəhərin axırı idi. Bazardan bir qədər yuxarıda, qabağında Leninin heykəli, içində ancaq yolka ağacları olan bağın yanından başlayan o yol konserv zavodunun qabağından uzanıb, üzü enişə, vağzalacan gedirdi. Bizim kəndə gedən maşın yolu da, zavod hasarlarının qurtaracağında, həmin yoldan ayrılırdı.
Uca hasarların arasında mən konserv zavodunun yalnız uzun, qara borusunu görürdüm. Bir də bir nazik boru içindən ağ buxar buraxıb, vağzaldan keçən qara qatarlar kimi ucadan ulayırdı. Nazik boru ulayan kimi zavodun küçəyə açılan böyük darvazasından, ardı-arası kəsilməyən bir axınla, ağ xalatlı qızlar, qadınlar çıxırdı. Onların hamısının ayağında başmaq əvəzinə bir qalın taxta vardı və onlar asfalt yola çıxanda o taxta başmaqların taqqıltısından küçədə ağız deyəni qulaq eşitmirdi. Sonra qızlar, qadınlar iki-iki, üç-üç, beş-beş ayrılırdılar. Bir dəstə bağa doluşurdu. Bir dəstə yolun qırağındakı çayxanaya girirdi, orada arvadlar çörək dəsmallarını stolların üstünə açıb, nahar eləyirdilər. Zavod işçilərinin bir qismi (əsasən qızlar) iki-iki, üç-üç dəstələnib, nə haqdasa tez-tez danışa-danışa asfalt yolla üzüyuxarı bazara tərəf gedirdilər və özləri gözdən itəndən sonra da, onların tələsə-tələsə sürüdükləri qalın taxta başmaqların taqqıltısı evlərin arxasında, ağacların dalında eşidilirdi.
Sonra zavod darvazasının dalında bibimin ağ tənzif çarqatı və şən, sevincək üzü görünürdü. O, çarqatının altında bir qab isti xörək, həmişə sevinə-sevinə mənə tərəf gəlirdi. Bibim zavod darvazasından hamıdan gec çıxırdı, çünki o, yeməkxanada xeyli vaxt xörək növbəsinə dayanırdı. Hər dəfə bibim oradan çıxanda darvazanın qabağında dayanmış arıq, törə bir kişi bibimin, içində xörək gətirdiyi, balaca qazanın qapağını götürüb-qoyurdu: bibim deyirdi ki, bu, onun vəzifəsidir. Biz bağda bir ağacın dibinə çəkilib, o xörəyi iştahla yeyirdik. Sonra bibim mənə bir manat pul da verirdi ki, ara sakitləşəndə gedib çayxanada çay içim. Bibimin özü heç vaxt çay içə bilmirdi, çünki biz çörəyi yeyən kimi nazik boru ağzından ağ buxar buraxıb ulayırdı və bibim boş qazanı çarqatının altına alıb darvazaya doğru qaçırdı. Bayaq yol yuxarı taqqıldayan taxta başmaqlar, indi daha da tələsə-tələsə yol aşağı gəlirdi, ağacların dibi boşalırdı, çayxanada ara seyrəlirdi, ancaq mən çay içməyə getmirdim, pulları yığıb saxlayırdım.
Bibim işdən çıxanacan mən bağda, yolun qırağında avaralanırdım və o yanda – zavod darvazasının qabağında törə, arıq bir kişi avaralanırdı. O törə kişinin vəzifəsi bibimin xörək qabına baxmaq idi, mənim vəzifəm burada durmaq idi, uzağa getməmək idi. Mən onsuz da uzağa getmirdim, təkcə yoldan keçən maşınların bizim kənddən gəldiyini görəndə qaçıb ağacların dalında gizlənirdim. Mən istəmirdim ki, o maşınların üstündə gedənlər məni yolun qırağında görsünlər, çünki o yolun qırağında mən özüm də özümə çox aciz görünürdüm.
Uzaqda, dəmiryol vağzalından qatarlar gəlib keçirdi. Mən oturub saatlarla o qatarların dalınca baxırdım. Qatarların dalınca baxa-baxa mən bir vaxt Surət bacını Bakıya qadınlar müşavirəsinə aparan qatarı fikirləşirdim və nə qədər qəribə olsa da, hələ də mənə elə gəlirdi ki, o qatar haradasa qaranlıq bir yolda, qara relslərin üstü ilə fit verib, sevinə-sevinə gedir və üstündə Surət bacının əksini aparır... Qubadı fikirləşirdim: görəsən doğrudanmı o, Vayenkomun atına baxırdı və doğrudanmı şəhərdə Qubaddan və Vayenkomun özündən başqa heç kəs o ata yaxın düşə bilmirdi?.. Görəsən, o, “raytorq” deyilən yer harada idi, orada qapının qabağında Mərcan xalanı arxadan qucaqlayıb içəri çəkmək istəyən kim idi və nəyə görə Mərcan xala hər gün onun evinə dörd kilo ağ çörək göndərirdi?.. Ağaclara baxa-baxa öz ağaclarımızı yadıma salırdım: görəsən, gilas ağacımızın gilası qalırdımı, görəsən, qarğanın yumurtalarından bala çıxmışdımı... Görəsən, Yaqubun bizim həyətdə əkdiyi xiyarlar, pomidorlar qalxmışdımı?.. Görəsən, Sədəf bacı indi harada idi: Yaqubun evindəmi, atası evindəmi? Görəsən, nə vaxtacan Sədəf bacını qovacaqdılar: Yaqub atası evinə, atası Yaqubun evinə?.. Mən o qədər fikirləşirdim ki, darıxmağa vaxtım qalmırdı, zavodun fiti çalınırdı və bu dəfə adamlar ağ xələtdə yox, hər kəs öz paltarında böyük darvazadan küçəyə çıxırdı. Bu dəfə başmağı olanlar başmağında gedirdi, başmağı olmayanlar yenə də, fasilə vaxtındakı kimi, həmin taxta başmaqları yol yoxuşa sürüyürdülər. Biz hər gün səsli-küylü bazarın yanından keçirdik, Lenin bağının qabağından dönüb evə gedirdik və səhərlər həmin yolla zavoda qayıdırdıq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ekrem-eylisli-tenha-narin-nagili
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.
Üçüncü fəsil. Əli Ziya– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sairBir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.
Beşinci fəsil. Adsız fəsilZuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.
Стихи других поэтов
Ey balam! Sən neçün yatmayırsan?Hər zaman ah edib ağlayırsan?
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Sındır qanadımı, qırıq simlərdəSındır qanadımı, qırıq simlərdəBir də eşq havası çalmaq olarsa.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı