Tənha narın nağılı
Страница 12 из 19 · 58%
Bir səhər biz yenə də bazarın yanından keçib zavoda gedəndə mən bibimə yalvardım ki, daha məni uzağa aparmasın, qoysun elə buradaca dayanım. Bibim razı oldu, bu şərtlə ki, gərək zavodun fiti çalınmamışdan qabaq mən bağın qabağında hazır olaydım və əgər buralarda Yaquba rast gəlsəydim, gərək olduğumuz evin yerini ona deməyəydim.
Mən nə Yaquba rast gəldim, nə də ona olduğumuz evin yerini dedim. Ancaq bir gün biz elə təzəcə evə qayıtmışdıq ki, birdən-birə Yaqub küçə qapısını açıb içəri girdi.
O gələndə hələ Mərcan xala evə gəlməmişdi. Surət baçı yuxarıdakı eyvanda dodağının altında mızıldaya-mızıldaya, pilətənin üstündə nəsə bişirirdi və onun xırdaca çölməkdə bişirdiyi biradamlıq azca xörəyin həmişəki dadlı iyi yenə də həyəti ağzına götürmüşdü. Qubad da evdə idi. O, səhərlər xəşil bişirdiyi qazanı ağzınacan kartofla doldurub pilətənin üstünə qoymuşdu və Mərcan xaladan küsəndən sonra özü üçün sərhəd yeri elədiyi dirəyin yanından bir addım da bu tərəfə keçmədən, eyvanda gəzinə-gəzinə yenə bibimlə dava vaxtının aclığından danışırdı. Qubad öz satdığı şeyləri sayırdı, bibim də bizim satdığımız şeylərdən danışırdı. Boylu-buxunlu Yaqub, başının eyvanın alçaq tavanına toxunacağından qoxurmuş kimi, bir qədər əyilə-əyilə bizə tərəf gələndə bibim Qubadla elədiyi söhbətə ara vermədi. Hətta Yaqub Mərcan xalanın qapısı qabağında bizimlə lap üz-üzə dayananda da, ona heç bir əhəmiyyət vermədiyini göstərmək üçün, bibim Qubadla danışmağa çalışdı. Ancaq Qubad bunu başa düşmədi. O, arxasını bizə tərəf çevirib, bir müddət öz kartof qazanının yanında oturdu, sonra durub qaranlıq otağına girdi.
Bir müddət Yaqub çaşqın halda qapının qabağında dayanıb içəridəki kətillərə baxdı, çünki bayırda oturmaq üçün yer yox idi və bibim içəridən onun üçün kətil gətirmirdi. Həm də Yaqubun əlində kağızın arasında pryanik vardı, kağız cırılmışdı, pryanik tökülürdü. Yaqub bilmirdi ki, onu hara qoysun. Bir də, Yaqub bilmirdi ki, kiminlə danışsın: bibim üzünü o yana tutmuşdu, mən başımı aşağı salmışdım və özümü möhkəm-möhkəm sıxmışdım ki, Yaqub danışdırsa cavab verməyim... Sonra onu gördüm ki, Yaqub ehmalca əyilib pryaniki dirəyin dibinə qoydu. Sonra onu eşitdim ki, Yaqub üç-dörd dəfə “öhə, öhə” eləyib yalandan öskürdü. Sonra o mənə də, bibimə də, içəridəki kətillərə də hirsli-hirsli baxıb, ucadan dedi:
– Mən gəlmişəm sizi aparım!
Bibim o başdakı dirəyin yanında durmuşdu. Yaqub bu başdakı dirəyə söykənib dayanmışdı. Bibim səsini çıxarmadı və Yaqub bir də dilləndi:
– Mən gəlmişəm sizi aparım.
Bibim başını qaldırıb şəst ilə Yaqubun üzünə baxdı, bu baxmaqla, mən elə bildim ki, bibim deyəcək, qələt eləmisən; məncə Yaqub da belə zənn elədi. Ancaq bibim dedi:
– Eləmi? Sənə əziyyət olub ki...
– Nə olar? Nəcəf əmoğlu çox əziyyətimizi çəkib. Biz də onun bacısının əziyyətini çəkərik. Dünya başlı-başına qalmayıb ki... Hələ Nəcəfin qohumları ölməyib ki, bacısı gəlib onun-bunun həyətində qalsın, itin-qurdun içində!
Bunu deyəndə Yaqub yoğun, qırmızı boynunu çevirib Qubadın kartof qazanına sarı baxdı. Bibim də həmin səmtə baxdı və heyf ki, həmin o bir neçə saniyədə bibim Yaquba deyəcəyi sözlərin çoxunu yenə də ürəyində dedi. Bibimin dildə dediyi ancaq bu oldu:
– Çıx get, Yaqub, çıx get. Bu həyətdəkilər səndən əskik adam deyil!
– Məndən qoy əskik olmasınlar, artıq olsunlar. Ancaq mən namusuma sığışdıra bilmərəm ki, dostumun, qohumumun, minillik qonşumun bacısı gəlib yad yerlərdə, yad adamların içində qalsın. Yüz kişinin arasından keçib getsin, zavodda işləsin. Gül kimi evi qalsın başına. Bağ-bağçasının meyvəsi ağacların dibində çürüsün. Bəyəm nə olub ki? Çayımız var, çörəyimiz var. Allaha şükür, kolxozun o boyda anbarı da indi öz əlimizdədir. Uşaq, bu qupquru həyətdə bekar-bekar oturunca, gələr bir saatlıq qaraltı eləyər, gedəndə də anbarın olanından qoltuğuna doldurub aparar. Biz də evimizdə rahat oturarıq. Bilərik ki, abırımız içimizdədir. Bilərik ki, Nəcəfin özü qalmasa da, el içində namuslu adı qalıb.
Bibim dedi:
– Heç kəs səni Nəcəfin namusuna vəkil eləməyib. İkincisi, əgər namuslu adamsan, get öz arvadını adam kimi saxla. Həftə səkkiz mən doqquz, gözünün altını qaraldıb dədəsinin üstünə göndərmə. Sonrası, əgər bilmək istəyirsən, mənim o həyətin heç nəyində gözüm yoxdur – get ək, ye – halal xoşun olsun. Allahın var, evi də dağıt, sök tirlərini sat. Ancaq məndən əl çək, Yaqub, sən deyən adam mən deyiləm.
– Nə olub, bəyəm pisliyim keçib sənə?
– Xeyr, yaxşılığın keçib. Ancaq bundan sonra mən day istəmirəm o yaxşılığı.
– Mən qoymaram səni bu evdə qalasan.
– Sən kimsən?
– Mən heç kiməm, ancaq hamı bilir ki, bu evin sahibi kimdir.
– Bu evin sahibi səndən min pay namuslu adamdır.
– Onun namusunu bütün rayon bilir.
– Gözünlə görmüsən?
– Qulağımla eşitmişəm!
Heç özüm də bilmirəm niyə mən birdən başımı qaldırıb Yaqubun qulaqlarına baxdım və nə üçün mənə elə gəldi ki, onun qulağı olduğunu birinci dəfə görürəm. Bibim dirəyin dibindən aralandı. Qapının qabağındakı vedrəni götürüb, suyunu tələsmədən pilətənin üstündəki çaydana boşaltdı. Sonra bibim əlində vedrə gəlib Yaqubla lap üz-üzə dayandı.
– O qulaq ki, səndədir, – dedi, – çox keçməz mənim də namussuz olmağımı eşidərsən. İndi yeri, çıx get. Səni bura çağıran olmayıb.
Bibim Yaqubun söykəndiyi dirəyin yanındaca həyətə atılıb elə bil vedrəni qəsdən daha bərk cingildədə-cingildədə həyət aşağı getdi. Bir müddət Yaqub bilmədi neyləsin, o yana baxdı, bu yana baxdı, sonra o da cəld hərəkətlə çevrilib küçə qapısına tərəf üz qoydu və bibim artıq dəhlizin altındakı çeşmədə olanda Yaqub qapının çöl tərəfindən başını içəri uzadıb, bilmirəm – mənimmi, Qubadın qaynayan kartof qazanınınmı, yoxsa nəyin üstünə bağırdı:
– Hələ bizim nəsildən binamus adam çıxmayıb. Mən o adamın boğazını cücə boğazı kimi üzərəm!
Yaqub qapını çırpıb getdi. Sonra qapı açıldı – Mərcan xala gəldi. Sonra bibim vedrə əlində qaranlıq çeşmədən çıxdı və Surət bacı eyvandan boynunu uzadıb soruşdu ki, o “yekəbaş” kim idi. Hələ bibim Surət bacının cavabını verməmiş, Mərcan xala özünü yetirib dedi ki, qapıdan bir əntiqə oğlan çıxdı, beləsinin çarığını çıxardasan, boynuna qalstuk taxasan, olar anadangəlmə “minisdir”. Surət bacı dedi ki, eləsini gərək salasan qoduqluğa, əlinə bir ağac alıb başına-başına vurasan, bilə ki, Sovet “hökumətində” qadınla necə danışarlar... Surət bacı ilə Mərcan xala yenə də mübahisəni qızışdırdılar. Biri dedi: kobud kişi yaxşıdır; biri dedi: kişi gərək nəcib olsun, “arvadın hüququnu tapdalamasın”. Bibim Yaqubun barəsində çox söz demədi. Bircə bunu dedi ki, Yaqub bizim lap uzaq qohumumuzdur, özü də kənddə ondan gönünqalın adam yoxdur. Bibim dedi ki, Yaqub arvadını döyə-döyə azara salıb, əgər Mərcan o yazığı görsəydi, belə danışmazdı.
Yaqubun söhbəti tez qurtardı, ancaq onun pryaniki səhərəcən dirəyin dibində qaldı. Yaqub gedənəcən Qubad evdən çıxmadı. Sonra çıxdı – nə bir söz soruşdu, nə də mübahisəyə qarışdı. Ancaq üç-dörd gün keçəndən sonra bir dəfə biz həyətdə tək olanda Qubad Yaqubdan söhbət saldı:
– Ə, sənin o kətdin lap heyvan adama oxşayırdı ha... Deynən niyə?
Dedim:
– Niyə?
Dedi:
– Zalım oğlu elə bil zooparkdan bezbilet qaçmışdı, içəri girəndə bizə Allahın bir quruca salamını da vermədi.
Üç-dörd gündən sonra Yaqub bazarın qabağında başımın üstünü alıb, bir bükülü dəftər vərəqini hirsli-hirsli mənə uzatdı:
– Bibinə ver!.. Özün də, – dedi, – buralarda bekar-bekar avaralanma, simişqadan-zaddan al, sat!
Mən Yaqubun məktubunu bibimə vermədim, çünki o məktubda bibim bütün bir nəsli bir çolağa satmışdı. Çünki, o çolaq, heç şübhəsiz, Qubad idi və tək mən yox, hamı bilirdi ki, Qubad bibimi yox, Mərcan xalanı istəyir. Tutalım ki, doğrudan da Yaqub bibimi “şah arvadı” kimi saxlaya bilərdi, şah arvadı olmaq bibimin nəyinə lazım idi? Əgər bibim o məktubu oxuyub görsəydi ki, Yaqub təkcə onu yox, hələ ondan başqa “beşaltısını” da şah arvadı kimi saxlaya bilər – buna görə bibim, heç şübhəsiz, sevinməzdi. Bir də Yaqubun döyə-döyə azara saldığı Sədəf bacının özü də o məktubda şah arvadı deyildimi? Nə olsun ki, Sədəf bacı heç kəsdən əskik geyinmirdi və nə olsun ki, Sədəf bacının sandığında “hələ əyinə taxılmamış on dəst ipək paltar vardı, kəlağayılar vardı ki, hələ heç qatı açılmamışdı”. Mən o kağızı bibimə verə bilməzdim, çünki orada, atamdan qalan ev də, həyət də mənim idi (bibim evini çoxdan dağıtmışdı). O məktubda Yaqub mənim həyətimə baxırdı. Bir də, ona görə baxırdı ki, o ev-eşik “Nəcəf əmoğlu”nun” idi... Üstəlik, bibim bilsəydi ki, hələ Yaqub bizdən əl çəkməyib və “o, bircə him eləsə, ömrü boyu şah arvadı kimi yaşayar” – onda, yəqin ki, bibimin lap qanı qaralardı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ekrem-eylisli-tenha-narin-nagili
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.
Üçüncü fəsil. Əli Ziya– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sairBir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.
Beşinci fəsil. Adsız fəsilZuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.
Стихи других поэтов
Ey balam! Sən neçün yatmayırsan?Hər zaman ah edib ağlayırsan?
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Sındır qanadımı, qırıq simlərdəSındır qanadımı, qırıq simlərdəBir də eşq havası çalmaq olarsa.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı