Tənha narın nağılı
Страница 14 из 19 · 68%
Axşamlar o uca divarların arasında keçən saatlar da indi əvvəlkindən xoş keçirdi. İndi mənim də saymağa pulum vardı və hər axşam Mərcan xala çörək dükanının pullarını qabağına töküb sayanda mən də öz pullarımı gətirib ortaya tökürdüm. Mən öz əprimiş manatlarımı Mərcan xalaya verirdim, Mərcan xala mənə şax manatlar seçib verirdi. O şax manatları mən böyük pulla dəyişmək istəmirdim, çünki onda mənim cəmisi bir, ya iki pulum olardı. Mənim bir dəstə şax manatım vardı və onun üstünə bircə manat əlavə olunan kimi mən o manatların hamısını sayırdım; yavaş-yavaş sayırdım ki, tez qurtarmasın, aralı-aralı qoyurdum ki, az görünməsin. O pulları saymaq bilmirəm nə qədər vaxt aparırdı, ancaq mən ürəkdən istəyirdim ki, o vaxt daha çox olsun.
Axşamlar, mən pul sayanda, bibimin gözləri həmişə üstümdə olurdu. Ya o mənim bu cür maraqlı məşğuliyyət tapmağıma sevinirdi, ya da bibim mənə baxıb ayrı şeylər fikirləşirdi və axşamlar çiynini divara söykəyib oturanda onun gözlərindən həmişə bir yorğun xoşbəxtlik süzülürdü. Bunun səbəbi, bəlkə də, Yaqubun birdən-birə bizdən əl çəkməyi idi. Axı, buna heç inanmaq olmurdu. Heç inanmaq olmurdu ki, onun bizdən həmişəlik əl çəkməsi üçün bibimin bircə dəfə bazarın qabağından zavoda corabsız getməyi lazım imiş və bütün bu əhvalatlar bir səhər Yaqubun bazarın qabağında məni yaxalayıb, az qala yarım saatlıq hədədən, qışqırıqdan sonra mənə “arvad” deyib üzümə tüpürməyi ilə qurtara bilərmiş. Bibimin bazarın qabağından corabsız getməyini, yəqin ki, Yaqubun özü görməmişdi. Bu xəbəri, yəqin ki, ona bizim kənddən bazara gələnlərin biri aparıb çatdırmışdı. Şübhəsiz, Yaqub bilmirdi ki, kənddən gələndən sonra bibim Mərcan xalanın olan-qalan bir cüt corabını da dağıdıb və Mərcan xala söz verib ki, “raytorqun anbarına” corab gələn kimi bibim üçün də, özü üçün də əl altdan yaxşı-yaxşı corablar götürəcək. Ola bilsin ki, “raytorq”un anbarına tezliklə corab gələcəkdi. Ola bilsin ki, lap yaxın vaxtlarda bibim bazarın qabağından corab geyib keçəcəkdi. Ancaq mən yəqin bilirdim ki, Yaqub əhvalatı qurtarıb. Bu, həm o vaxt Yaqub bazarın qabağında yarım saatlıq hədədən, qışqırıqdan sonra mənə “arvad” deyib, üzümə tüpürüb gedəndə ürəyimə dammışdı, həm də Yaqub kənddən üç-dörd adamla bibimə sifariş göndərmişdi ki, daha biz qohum-zad deyilik...
İndi Qubad da Mərcan xala ilə barışmışdı. Dirəyin dibində özü üçün qoyduğu sərhədi keçmişdi, hətta çörəkdən sonra o, söhbət eləmək üçün bizim yanımıza gəlirdi. Əslində Qubad Mərcan xala olan yerdə danışa bilmirdi. Mərcan xala ilə üz-üzə duranda, özü demişkən, dili tutulurdu. Qubad dinməz-söyləməz kətilin üstündə oturur və dinməz-söyləməz çıxıb gedirdi. Bəzən Qubad araq içib gəlirdi, ancaq onun içməyinə heç kəs fikir vermirdi. Bəzən Qubad kobudluq eləməyə çalışırdı: kətili cırıldadırdı, bərkdən danışırdı, yalandan papiros çəkirdi, çünki o bilirdi ki, Mərcan xalanın kobud kişilərdən xoşu gəlir. Ancaq Qubadın kobudluğuna da fikir verən olmurdu. Nə qədər lovğa-lovğa içəri girsə də, otaqdan çıxanda Qubad özünü “kobud” kişiyə oxşada bilmirdi. Bircə gündüzlər Surət bacını görəndə hərdən Qubadın dili açılırdı. Zarafatla deyirdi ki:
– Yoldaş Jenaddel, bəs bizim məsələmizə nə vaxt baxacaqsan? Bu Mərcanı al mənə, canım dincəlsin.
Bu sözləri Qubad uzaqdan-uzağa Mərcan xalanın özünə eşitdirirdi. Çox vaxt Mərcan xala özünü eşitməməzliyə vururdu, bəzən də baş barmağını iki barmağının arasından çıxarıb, uzaqdan-uzağa Qubada göstərirdi:
– Onu görəndə bunu görərsən.
Mərcan xala deyirdi ki:
– Bircə çolağımız əskikdir.
Qubad qətiyyən incimirdi:
– Ayağı salamat olanların başı xarabdır, – deyirdi, – səni alan olmayacaq, axırda mənə qismət olacaqsan.
Beləcə, xeyli vaxt onlar uzaqdan-uzağa bir-birinə sataşırdı. Ancaq axşamlar Mərcan xala ilə üzbəüz oturanda yenə də Qubadın dili tutulurdu. Yenə axşamlar Surət bacı gəlib nişanlısından danışırdı və gecə Qubadla mən divarın üstündə “kino”ya baxırdıq. Bir vaxt, qatarlarda olan, hansı pəncərəninsə üstündə Surət bacının əksinə baxan o oğlan indi başqa bir qatarla gəlirdi. İndi Surət bacı toydan danışırdı və mən istəyirdim ki, o toy bizim həyətdə olsun. Həm də mən Surət bacının bizim həyətdə toy eləməyini istəmirdim, çünki Bəyxanım xalanın oğulları qayıtmamışdı. Hətta ürəyimin dərinliyində mən Surət bacının heç yerdə toy eləməyinə razı deyildim; istəmirdim ki, o gecə zurna çalsınlar, nağara vursunlar. Çünki bibimi Müküşün evinə aparanda zurna çalmışdılar, nağara vurmuşdular və bibim bu əhvalatı danışandan sonra hələ də mənə elə gəlirdi ki, toylarda zurna çalınanda, nağara vurulanda ərə gedənlərin heç biri xoşbəxt olmur...
Bir səhər bazarın qabağında mən pinəçi Səlim dayıdan eşitdim ki, kimsə əsgərlikdən qayıdıb. Sonra Qubad gəldi və sevinə-sevinə xəbər verdi ki, o adam Surətin nişanlısıdır. Məlum oldu ki, Qubad o adamı tanıyırmış, hətta evlərinin yerini də bilirmiş. Qubad mənə, şəhərin lap yuxarı başında, qabağı bağlı-bağatlı qəşəng bir ev göstərdi və ağzı sulana-sulana dedi ki, bu gün-sabah Surəti “dambadurum ilə aparıb, o evdə dincəldəcəklər”. Tez-tez çörək dükanına baxa-baxa bir xeyli Qubad, Surət bacının nişanlısının boy-buxununu təriflədi. Sonra, ümumiyyətlə, qızların gəlin aparıldığı gecədən, yengədən, qapının dalında dayanıb bəylə gəlinin “haqq-hesabının” qurtarmağını gözləyən qırmızı paltarlı arvadlardan... nə bilim daha nələrdən danışdı. Bir sözlə, Qubad məni toy gecəsinin bir çox sirlərindən agah elədi və gedəndə əlini çiynimə vurub dedi ki:
– Daha kino qurtardı!
Surət bacının necə sevindiyini görmək üçün o gün mən hələ bazar bağlanmamış tələsə-tələsə evə gəldim, ancaq Surət bacının qapısı bağlı idi. O gecə divanın üstündə doğrudan da “kino” olmadı, heç ertəsi gün də mən Surət bacının nə vaxt evə gəldiyini və nə vaxt durub işə getdiyini görmədim. Sonra, üç-dörd gün dalbadal Surət bacı iş qurtaran vaxtdan xeyli keçmiş evə qayıdıb, heç kəsi dindirib-danışdırmadan, pilləkənləri tələsə-tələsə yuxarı çıxdı, yenə pilləkənlərdən enib, qaça-qaça harasa getdi. Heç kəsi dindirib-danışdırmayan Surət bacı üç-dörd gün dalbadal küçə qapısına aman vermədi: getdi taqqıldatdı, gəldi taqqıldatdı. Nəhayət, bir axşam çıraqlar təzəcə yananda Surət bacı, kölgə kimi, biz olan otağın qapısından içəri girdi. O, xeyli vaxt dinməz-söyləməz aynanın qabağında dayanıb, xəstəlikdən təzəcə duran adamlar sayağı, diqqətlə öz sifətinə baxdı; Surət bacı xəstə adamın gözləri kimi azca qabarmış gözlərini xırdaca dəsmalının ucu ilə dönə-dönə sildi, qaşlarını düzəltdi, dodaqlarını çəkişdirdi və bütün bunları eləyəndən sonra o, üzünü bibimə tutub:
– Beynini doldurublar, – dedi. Lap astadan dedi və Surət bacı ilk dəfə yerdə, bibimin yanında, bibim kimi çiynini divara söykəyib oturanda mən onun da əynində bibimin, Mərcan xalanın, kəndimizdəki çeşmənin qırağında yan-yana düzülüb, paltar, qab-qaşıq yuyan qızların, qadınların əynində gördüyüm adicə göy tursik gördüm və heç özüm də bilmirəm nəyə görə Surət bacı birdən-birə mənim gözümdə adiləşdi. Surət bacını neçə illərdən bəri Bakıya, qadınlar müşavirəsinə aparan o qatar da elə bil birdən-birə dayandı və onun neçə illər boyunca fit verib sevinə-sevinə getdiyi qaranlıq yollara sükut çökdü.
Otağın ölü sükutunda xeyli vaxt haradansa içəri soxulub, indi çıxmaq üçün yer axtaran yekə bir eşşək arısının dızıltısı eşidildi. Sonra Surət bacı ağlaya-ağlaya oğlanın anasından və bacılarından danışdı: oğlanın anası Surət bacıya demişdi ki, əgər sən düz yuvanın quşu olsaydın, gedib raykoma çıxmazdın; kiçik bacı demişdi ki, əgər abırlı qız olsaydın, indiyədək səni də alan tapılardı; oğlanın böyük bacısı, hamamda çek satan “kaftar bacısı”, “donqar bacısı”, “aranqutan meymuna oxşayan o ifritə” göz görə-görə Surət bacının üzünə dirənmişdi; demişdi ki, mən sənə neçə dəfə öz əlimlə çek vermişəm, gedib nömrədə kişilərlə çimmisən...
Hələ oğlanın xalası da vardı. “Öz qızını işə keçirmək üçün” o da Surət bacının adına yüz cür böhtan yaxmışdı. Surət bacı o böhtanların da bir neçəsini saydı, ancaq o, kölgə kimi qapıdan çıxıb pilləkənlərlə yavaş-yavaş yuxarı qalxanda Mərcan xala bu deyilənlərin hamısını yalana çıxartdı. Mərcan xala dedi ki, bu deyilənlərin hamısı boş-boş sözlərdir, “daş Surətə ayrı yerdən dəyib”. Dedi ki, keçən yay Surət “domkulturanın bir sürü artisti” ilə burdan vurub Sevana çimməyə gedib. O boyda yolu vurub getməyi bir yana dursun, hələ deyilənə görə, orda Surət kişilərlə çaxır içib, kefli olub, yüz cür oyun çıxardıb. Bunun üstündə Surəti raykomdan çıxarmaq istəyiblər, ancaq yazıqları gəlib çıxarmayıblar; bu məsələni oğlana raykomun öz işçilərindən biri çatdırıb və bunu bilən kimi oğlan dili ilə deyib ki, daha mən o adda qız tanımıram...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ekrem-eylisli-tenha-narin-nagili
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.
Üçüncü fəsil. Əli Ziya– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sairBir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.
Beşinci fəsil. Adsız fəsilZuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.
Стихи других поэтов
Ey balam! Sən neçün yatmayırsan?Hər zaman ah edib ağlayırsan?
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Sındır qanadımı, qırıq simlərdəSındır qanadımı, qırıq simlərdəBir də eşq havası çalmaq olarsa.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı