Страница 16 из 19 · 79%

Bundan bir neçə gün sonra, bizim sinif rəhbərimiz, cəbr dərsi deyən uzun, arıq, bir az da beli bükülmüş Səyyad müəllim qoltuğunda yoxlama dəftərləri içəri girib, məni ayağa qaldırdı. Əvvəlcə o, məndən kənddəki hesab müəllimimin adını xəbər aldı. Atamın-anamın kim olduğunu soruşdu. Sonra Səyyad müəllim mənim lap üstdən qoyulmuş dəftərimi göturub dedi ki, mən evə verilən məsələni də, misalları da hamıdan düz həll eləmişəm. O gün Səyyad müəllimin dərsindən sonra tənəffüsdə uşaqlar mənim başıma toplaşdı. Hətta hamıdan qəşəng geyinən, dərslərdə lovğa-lovğa oturub, tənəffüslərdə lovğa-lovğa gəzən Xəzər də o gün məni adam yerinə qoydu və o gün biz dərsdən sonra bir-birimizi itələyə-itələyə məktəbin darvazasından küçəyə çıxanda mənə elə gəldi ki, o kök, qırmızıyanaq Həqiqətin yumru, yumşaq əli də mənim əlimə təsadüfən toxunmadı; o özü bilə-bilə əlini mənim əlimə sürtdü.

Xəzərə heç cür bağışlaya bilmədiyim o şeyi, hələ birinci rüb qurtarmamış, mən bütün müəllimlərdən aldım və yerdə qalan üstünlüklərin hamısını ürək genişliyi ilə Xəzərə bağışladım. Sonralar, lap sonralar mənə məlum oldu ki, belə qəşəng-qəşəng paltarları Xəzər təkcə atası dərzi olduğuna görə geymir və təkcə bütün dərslərdən “beş” aldığına görə məktəbdə lovğa-lovğa dolanmır. Müəllimlər jurnalı açıb oxuyanda mən Xəzərin familiyasını gündə neçə dəfə eşitsəm də, onun “Qorsovet Cəlilov”un qardaşı olduğunu bir gün dərsdən sonra, Xəzər şəhərin lap yuxarısındakı bağlı-bağatlı həyəti göstərəndə bildim. O məni evlərinə dəvət elədi, ancaq mən getmədim.

Bir gün dərsdən sonra Xəzər məni daha qəribə bir yerə dəvət elədi. Bunun üçün qabaqca biz bazardan qoz-fındıq almalıydıq. Sonra məktəbin dalından hərlənib, dörd tərəfdən ağ divarlarla hasara alınmış “Detdom” bağının iri darvazasının qabağına getməli idik. Orada Xəzər hüştürək çalacaqdı və Ayişə adlı hansı bir qızsa oradakı darvazanın altındakı deşikdən çıxıb gələcəkdi. Biz qoz-fındığı o qıza verəcəkdik və əvəzində o qızdan “öpüş” alacaqdıq.

Bazardan qoz-fındıq aldıq, özü də mənim pulumla aldıq. Divarın dalında Xəzər hüştürək çaldı və göy darvazanın altındakı deşikdən belinə ağ ip bağlamış bəstəboy, kök bir qız pişik kimi sürüşüb çölə çıxdı. O məni görəndə qapının qabağındaca büzüşüb qaldı: qabaqca qıpqırmızı qızardı, sonra ağappaq ağardı. Ancaq Xəzər özünü itirmədən irəli cumub qoz-fındığı qızın qoynuna tökdü, onun donunu dartışdırdı, döşlərini sıxçaladı. Sonra Xəzər qaça-qaça mənim yanıma gəldi; indi növbə mənim idi. Ancaq mən yerimdən tərpənə bilmədim. Qız bir müddət eyni vəziyyətdəcə dayanıb, qorxmuş gözlərini mənə zillədi, sonra darvazanın altından sürüşüb içəri girdi.

Qayıdanda Xəzər qorxduğuma, rəngimin ağardığına görə məni ələ salıb güldü. Sonra mənim lap “o dünyalıq” olduğumu görüb:

– Nədən qorxursan? – dedi. – Bu yoldan heç vaxt adam keçmir... Sabah gələcəksənmi?

– Yox, – dedim, – mən sabah gəlməyəcəyəm! – Ancaq sabah da gəldim, birisigün də gəldim. Qoz-fındıq hər gün mənim pulumla alındı. Ancaq bir dəfə mən cürət eləyib Ayişəyə yaxınlaşa bilmədim.

Heç özüm də bilmirəm ki, bir vaxt əziyyətlə qazandığım o şax manatları niyə mən belə həvəslə qoza, fındığa verirdim və hər gün dərsdən sonra məni məktəbin dalındakı o göy qapıya tələsdirən nə idi? Hər gün biz o qapının yanına gəlirdik, oradan aralanırdıq, ancaq Ayişənin qorxudan bərəlmiş gözləri göy qapının üstündə qalırdı. O gözləri də, o göy qapını da hər gün mən gözümün qabağında evə aparırdım, gözümün qabağında qaytarıb məktəbə gətirirdim. İndi mən öz axırıncı partamdan uşaq evinin həyətindəki qələmə, söyüd ağaclarına baxanda ancaq bir şey barədə düşünürdüm: görəsən, o acacların yerində niyə qoz əkmirlər? Mən o şax manatları xərcləyəndə də, öz pulumla aldığım qozu, fındığı Xəzərin qara, qəşəng pencəyinin cibinə dolduranda da, göy qapıdan xeyli aralıda oturub, qorxusundan tir-tir əsən Ayişənin o qapının altından nə vaxt sürüşüb həyətə girəcəyini səbirsizliklə gözləyəndə də yaxşı bilirdim ki, Xəzər məni gic hesab eləyir. Hər gün Xəzər o qapıdan qayıdanda mənim gic olmağım daha aşkar bilinirdi. Məni axmaq yerinə qoyduğuna görə Xəzər bic-bic gülürdü, ancaq o vaxtlar mən yalnız bir şey barəsində fikirləşirdim: indi Ayişə dörd tərəfdən ağ divarla hasara alınmış o həyətin lap xəlvət bir yerində, bir qələmə, yaxud söyüd ağacının altında oturub qoltuğundakı qozu, fındığı tələsə-tələsə sındırıb ləzzətlə yeyirdi...

Mən istəyirdim ki, Ayişə hər gün qoz yesin, fındıq yesin – necə ki, Səlim dayının hər gecə ət yeməyini istəyirdim, necə ki, başmaqsilən daz Səftərin hər səhər bal-yağ yeməyini istəyirdim. Bir də, mən Ayişənin qorxudan bərəlmiş gözlərini qara köpəyin iri gözlərinə bənzədirdim və hər gecə göy qapını nəzərimə gətirəndə qara köpəyin gözləri gözümün qabağında dayanırdı. Axı mən məktəbə apardığım çörəyin tən yarısını hər səhər bazarın qabağında qara köpəyə yedizdirirdim və yaxşı bilirdim ki, bunu görsəydi, Xəzər məni daha gic hesab eləyərdi.

Həmişə Xəzərdən ayrılandan sonra mən bazarın qabağında bir müddət avaralanırdım. Qara köpəklə oynayırdım, Səlim dayı ilə söhbət eləyirdim. İndi mən Xəzərin “Qorsovet” qardaşını da tanıyırdım. O, sıx, qara saçlarını yuxarı darayıb, bazarın qabağından başıaçıq keçən yeganə kişi idi. Xəzərin qardaşı həmişə yolun eyni yeri ilə dümdüz keçib gedirdi və elə bil yalnız özünün gördüyü bir düz xəttin boyunca, addımını həmin yerdən bir qarış da kənara qoymadan, qayıdıb gəlirdi. O nə qolunu yelləyirdi, nə bədənini yırğalayırdı; bir kəsə salam verəndə başı tərpənirdi, (təkcə başı) salam verməyəndə heç o da tərpənmirdi.

İndi bazarın qabağında əsgərlikdən qayıtmış bir qəribə adam da vardı. Daha doğrusu, o adam deyildi, möcüzə idi. Bütün günü dinməz-söyləməz öz təkərli “araba”sının üstündə oturan o qıçsız adam bağçanın balaca uşaqları dəstə ilə yoldan keçib Lenin bağına gedəndə öz “araba”sı ilə birgə hərəkətə gəlirdi. Əllərindəki taxtaları bərk-bərk yerə basa-basa, gülə-gülə, sevinə-sevinə o, uşaqların dalınca gedirdi və hər gün yolun eyni yerində yorulub qalırdı. Nəfəsi təngiyə-təngiyə, o, yorulduğu yerdə dayanıb, uşaqlar gözdən itənəcən baxırdı, sonra çevrilib arabanı yol aşağı, əvvəlki yerinə sürürdü. Və qəribə burasındadır ki, bağçanın uşaqları qayıdıb gələnəcən bu adam öz dərdli, qüssəli gözlərini Lenin bağından ayırmırdı.

Payız qurtardı. Burada payızın qurtarmağına nə vardı ki, asfalt küçənin qırağındakı beş-altı tut ağacının budaqları çılpaqlaşıb bir-birindən aralandı, uşaq evinin həyətindəki sarı qələmələr ağappaq ağarıb bir quruca skeletə döndü və bir gün Səyyad müəllimin dərsində mən pəncərədən o quru qələmə skeletlərinə baxıb Ayişənin haqqında fikirləşəndə birdən-birə eyvanda Yaqubun uca qamətini görüb mat-məəttəl qaldım. Yaqub alnını pəncərənin şüşəsinə söykəyib bizim sinfə baxdı, sonra gedib o tərəfdən qapını taqqıldatdı və hələ Səyyad müəllim o taqqıltıya cavab verməmiş mən icazə alıb Yaqubun qabağına çıxdım.

Biz, küsülü adamlar kimi, dinib-danışmadan məktəbin qapısından küçəyə çıxdıq. Qapının çöl tərəfində mən dayandım, Yaqub da dayandı. O, əlini cibinə salıb, bir dəstə pul çıxartdı. Pulları əlində tutub heç bir müqəddiməsiz-filansız soruşdu:

– Qırx beş kilo kartof üç manatdan neçə eləyər?

– Yüz otuz beş manat eləyir, – dedim.

Yaqub əlindəki puldan yüz otuz beş manat ayırdı.

– On iki kilo soğan – dörd manatdan?

– Qırx səkkiz manat.

– Yüz otuz beşin üstünə qırx səkkiz gəl.

– Yüz həştad üç, – dedim və mənim bu cür tez hesablamağım Yaquba aşkar ləzzət verdi.

– Yüz həştad üçün üstünə yüz əlli manat da xiyar-pomidor pulu gəl.

Gəldim:

– Üç yüz otuz üç.

– Ala say. Neçə oldu?

– Üç yüz otuz üç, – dedim.

– Daha nə qaldı?

– Bilmirəm.

– Əriyinizi satıb divarlarınızı suvatmışam. Cövüzünüzdən bir meşok çövüz çıxıb; qoymuşam evinizə, bir dənəsinə də əl vuran olmayıb, satıb novdanlarınızı düzəltdirəcəyəm, dama suvaq saldıracağam. Bu il bir dənə də armud yox idi. Daha nə qaldı?

Mən mat-məəttəl əlimdəki pullara baxıb:

– Heç nə, – dedim, – heç nə qalmadı.

– Pulları qoy cibinə!

Mən pulları cibimə qoydum.

– Heç kəsə bir qəpik də verməyəsən. Eşitdinmi? Özünə paltar alarsan!

– Baş üstə! – dedim.

Yaqub bir anlığa dayanıb səssiz-səmirsiz mənim üzümə baxdı: pencəyimə, şalvarıma, qaloşuma. Sonra çevrilib getdi, ancaq qayıdıb bir də mənə tərəf gəldi, pencəyinin cibindən bir ovuc qoz ləpəsi ilə tut qurusu çıxarıb cibimə tökdü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci fəsil. Yəmən

Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.

199130 мин
Üçüncü fəsil. Əli Ziya

– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:

199116 мин
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sair

Bir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.

199138 мин
Beşinci fəsil. Adsız fəsil

Zuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.

199114 мин

Стихи других поэтов