Tənha narın nağılı
Страница 17 из 19 · 84%
– Oxuyursan? – dedi.
– Bəli, – dedim, – oxuyuram.
– Yeri get, oxu!
Mən cibimdə pul, tut qurusu, qoz ləpəsi sevinə-sevinə sinfə qaçdım, onda qış tətilinə az qalırdı. Onda Xəzər dərsdən icazə alıb qardaşı ilə Bakıya gəzməyə getmişdi, daha mən Ayişəni də görmürdüm.
Soyuqlar düşdü. Günlərin bir günündə Surət bacı əyninə qəşəng sarı palto geyindi. Günlərin bir günündə Qubad sınıq-salxaq çarpayısını çəkib qaranlıq otağına qoydu. Sonra qar yağdı və elə bil onunla birgə həyətə ağır bir sükut çökdü.
Bazarın qabağındakı küçə də tədricən boşaldı. Səlim dayının balaca budkası bir gün oradan yerli-dibli yoxa çıxdı. Bir gün Səftər də yox oldu. Sonra qəssab Əli də öz ət taxtasını aparıb bazarın örtülü yerinə qoydu. Papiros satanlar, qatıq satanlar isti çayxanalarda özlərinə məskən saldılar. Tədricən bazarın qabağı bütünlüklə qar üstündə sürüşən uşaqların ixtiyarına keçdi.
Böyük ağ binanın başında qar altında qalmış radio bütün qışı öz-özünə soyuq səslə danışdı. Uşaq evinin həyətini dörd yandan hasara almış ağ divarların üstündə bütün qışı qar qaldı. Mən bütün qışı Ayişəni görmədim, sanki o da haradasa qarın altında qalmışdı.
Yun əlcəkli, qara paltolu, qırmızı şarflı Xəzər Ayişəni unutdu. Hər gün dərsdən çıxandan sonra o, par-par parıldayan qara çəkmələrində saatlarla bazarın qabağında qarın üstündə sürüşdü və həmişə ona baxanda mən düşünürdüm ki, Ayişəni unutmaq da Xəzər üçün qarın üstündə sürüşmək, yaxud bütün dərslərdən “beş” almaq kimi asan bir şeydir...
Mən Ayişəni unutmadım. Onun, indi gecələr öz üç səfil yoldaşı ilə haradasa hamam tulanbarının üstündə, çörək bişirilən yerin hisli divarlarının dibində qısılıb yatan, səhərlər bazarın qabağında üşüyə-üşüyə mənim yolumu gözləyən qara köpəyin gözləri kimi qorxmuş gözləri bütün qışı göy qapının üstündə qaldı. Hələ yaz başlanmamış, uşaq evinin divarları üstündəki qar təzəcə əriyəndə, nə qədər təəccüblü olsa da, bir gün mən özüm Ayişəni Xəzərin yadına saldım. O gün biz, yenə də mənim pulumla, dükandan pryanik alıb, göy qapının yanına getdik və bundan sonra gecəli-gündüzlü mən o qapını Xəzərin yadına salmağımın əzabını çəkdim.
O yaz bizim həyətə qəribə bir sükut çökmüşdü. Yenə nə olmuşdusa, Qubad Mərcan xaladan küsmüşdü. Və qəribə burasındadır ki, indi o, heç kəsi danışdırmaq istəmirdi. Elə bil heç kəsi danışdırmamaq üçün Qubad evə gec gəlirdi, gələn kimi öz qaranlıq otağına girib yatırdı və səhərlər hamıdan sonra yuxudan durub işə gedirdi. Həmişə gülüb-danışan Mərcan xala da son vaxtlar tamam qaradinməz olmuşdu. Neçə gün idi ki, Mərcan xala evə qayıdan kimi çarpayıya uzanırdı, bir də sabah işə gedəndə yerindən dururdu. Mən onunla bibimin arasında nəsə sirli bir şey olduğunu hiss eləyirdim, ancaq onlar o sirri məndən gizlədirdilər. İndi Mərcan xala ilə bibim gecələr, demək olar ki, heç danışmırdılar. Son vaxtlar cəmisi bir dəfə mən onların sirli söhbətini eşitmişdim: onda da bibim bizim Səyyad müəllimdən danışmışdı. Çünki bir dəfə Səyyad müəllim məktəbin qabağından düz Lenin bağınacan bibimlə gəlmişdi. Məktəbin qabağından Lenin bağınacan Səyyad müəllim məni tərifləmişdi və orada bibimdən ayrılanda demişdi ki, əgər razı olsan, Sadıq sənin də, mənim də balam olar.
Bibim buna razı idimi, razı deyildimi – demək çətindir. Çünki bibim həm Səyyad müəllimdən danışanda sevinirdi, həm də ona rast gəlməmək üçün indi zavoda dolayı yolla, hamamın yanından keçib gedirdi. İşdən gələn kimi bibim, qış başlanandan bəri, Surət bacıdan bir-birinin dalınca aldığı kitablara qurşanırdı. Mərcan xala çarpayının üstündə uzanıb qalırdı: ya yatırdı, ya da gözlərini tavana zilləyib fikirləşirdi.
Bir gün Mərcan xala, yatdığı yerdə, birdən çarpayının üstündən sıçrayıb qışqırdı:
– Gedirəm, Mədinə! Nə olacaq, qoy olsun! Axı onun nəyidir? Gül kimi oğlandır: boyu, buxunu! Nə olsun ki, qəssabdır? Mən durub minisdirə ərə getməyəcəyəm ki?
Mərcan xala bunu deyib, əynindəki donun üstündən tələsə-tələsə bir don da geydi, sonra aynanın qabağında dayanıb, kəlağayısını başına bağladı, Mərcan xala küçəyə qaçdı və mən qorxa-qorxa onun arxasınca baxıb fikirləşdim: “Kaş, o adam qəssab Əli olmayaydı”.
O günün sabahısı bibim mənə xəlvətcə dedi ki, bu gün evə gec gələrsən, günorta çağı Mərcan xalaya elçi gələcək. Görəsən, bibim bunu niyə qorxa-qorxa dedi, axı o mənim qəssab Əliyə nifrət eləməyimi bilmirdi. Axı, mən nə qara köpəkdən, nə mənə onun nağılını danışan Səlim dayıdan, nə də hər dəfə qara köpəyi görəndə oğurlanmış xalçası yadına düşən o qəssabdan bibimə bir kəlmə söz demişdim. Bəs niyə bibim Mərcan xalanın ərə getməyini məndən gizlədirdi?..
O səhər dərsə gedə-gedə mən bunu öz aləmimdə çox götür-qoy elədim. Nəhayət, belə qərara gəldim ki, məsələ qəssab Əlidə deyil, məsələ ancaq Qubaddadır. Axı bibim bilirdi ki, mən Mərcan xalanın Qubada ərə getməyini istəyirəm. Deməli, bibim bunu məndən gizlədirdi ki, mən uşaqlıq eləyib araya girməyim, bu haqda Qubada söz deməyim və Mərcan xala öz bildiyi kimi eləsin.
Belə isə o sirrin üstünü açmaq hələ tez deyildimi? Axı, mən bu gün tənəffüslərin birində hərbi komissarlığa qaçıb, günorta çağı Mərcan xalaya elçi gələcəyini Qubada xəbər verə bilərdim. Yox belə şey ola bilməzdi. Bibim yaxşı bilirdi ki, mən bunu eləmərəm.
Özgə vaxtlar dərsdən çıxırdım, göy qapının yanındakı əhvalat da qurtarırdı, ancaq mənim uzun müddət evə qayıtmağım gəlmirdi. Mən bazarın ətrafında avaralanırdım, ya da gedib zavodun qabağında, dəmiryol vağzalından keçən qatarlara baxırdım. Ancaq bu dəfə Xəzərdən ayrılan kimi ev mənim yadıma düşdü, bibimin səhər dediyi sözlər yadıma düşdü və o sözləri Qubada deməyi öz aləmimdə xalis satqınlıq hesab eləsəm də, heç özüm də bilmirəm nədən ötrü onu axtarmağa başladım. Mən bazarın hər qarışını yoxladım, bütün çayxanalara baş çəkdim, hətta gedib hərbi komissarlığın həyətinə də baxdım; sonra günortadan xeyli keçmiş, qayıdıb evə gələndə gördüm ki, Qubad küçədə bizim qapının qabağında Vayenkomun dəli atının üstündə oturub. Dəli at qabaq ayaqlarını yuxarı qaldırıb kişnəyirdi, dar küçədə iki ayağının üstündə fırlanırdı. Qubad atı qapıya sürürdü, ancaq at qabaq ayaqlarındakı par-par parıldayan nallarla alçaq qapını taqqıldadırdı və yenə dal ayaqlarının üstündə geri çəkilirdi. Görəsən, Qubad neyləmək istəyirdi? Axı, o qapıdan at keçməzdi.
Qapının o başına da, bu başına da adamlar toplaşmışdılar. Atın qorxusundan küçəyə çıxmağa cəsarəti çatmayan qız, gəlin, arvad, uşaq damlardan, divarlardan, ağacların başından Qubada baxırdı. Arvadlar çığırışırdılar:
– Araq içib! Araq içib!
– Xeyr, araq içsəydi, çoxdan aşıb düşmüşdü, gör necə dayanıb.
– Görmürsən gözləri nə gündədir? Vallah içibdir, ağlı başında deyil.
– Bir saatdır qapının qabağını kəsdirib. Belə getsə, Mərcanın elçiləri bu gecə orda qalacaq...
Nisbətən yaxında dayanmış cavan oğlanlar Qubadı qızışdırırdılar:
– Malades, Qubad, bərk dur, gözünə dönüm!
– Zalım oğlu lap Budyonnıdı ki!
– Ədə, Budyonnı nədir, Çapayev de!
– Koroğludur! Qırata bax! Hop, Qırat! Hop, qadan alım sənin!
– Ədə, qaçın, qəssab Əli gəlir!
– Qəssab Əli gəlir!
– Qəssab Əli gəlir!
Qəssab Əli irəli cumub atın cilovundan yapışdı. Tullanıb, atın üstündəcə, Qubada bir şillə vurdu. Şillənin dəyməyi ilə Qubadın üzüqoylu daşların üstünə gəlməyi bir oldu. Dəli at kişnəyə-kişnəyə yol enişə qaçdı. Sonra qəssab Əli üzü üstə qalmış Qubadı təpikləməyə başladı. Mən çığırdım, səsim gəldikcə çığırdım. Mən yerdən iri bir daş götürüb qəssab Əlinin üstünə getdim. Bu vaxt bibim qapını açdı, daş əlimdən yerə düşdü.
Qəssab Əli qapının qabağına yığışmış adamları hədələyib qova-qova yol yuxarı getdi. Küçədə bir Qubad qaldı, bir mən qaldım, bir bibim qaldı. Bibim Qubadın başını qaldırıb, qoluna söykədi: Qubadın bütün sifəti qan içində idi.
Sonra onu gördüm ki, iki nəfər cavan oğlan gəlib Qubadı yerdən götürdü. Sonra onu gördüm ki, Mərcan xalanın həmişə stol üstündə olan böyük, ağ samovarı eyvanda qaynayır. Sonra Mərcan xalanın otağından üç nəfər çadralı qadın çıxıb getdi. Mərcan xala boylanıb qorxa-qorxa həyətə baxdı və qapını bağlayıb içəridə gizlənirdi.
Oğlanlar Qubadı çarpayısının üstünə uzadıb getdilər. Bibim tənzif parçasını çeşmədən gətirdiyi soyuq suda bir neçə dəfə isladıb Qubadın üzündən qanı sildi. Axşam işıqlar yananacan Qubad gözlərini açmadı. Axşam işıqlar yananacan o həyətdə heç kəs dinib-danışmadı. Bibim, gözünün yaşını gizlətmək üçün, bir neçə dəfə bayıra çıxıb içəri gəldi. Qubadı bu gündə görəndə Surət bacının da gözləri yaşardı. Bircə mən ağlamadım, nə qədər qəribə olsa da, ağlamadım. Ancaq axşam Qubad gözlərini açıb gülümsəyəndə mən özümü saxlaya bilmədim. Ağladım, hönkür-hönkür ağladım və Surət bacı ilə bibim uzun müddət məni ovuda bilmədilər...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ekrem-eylisli-tenha-narin-nagili
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.
Üçüncü fəsil. Əli Ziya– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sairBir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.
Beşinci fəsil. Adsız fəsilZuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.
Стихи других поэтов
Ey balam! Sən neçün yatmayırsan?Hər zaman ah edib ağlayırsan?
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Sındır qanadımı, qırıq simlərdəSındır qanadımı, qırıq simlərdəBir də eşq havası çalmaq olarsa.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı