II hissə
Страница 2 из 7 · 14%
burnunun ucunu göynədirdi.
Təbii ki, Məsməxanım bütün bu səbəblərdən xəbərsiz idi və o, heç özü də
bilmədi necə oldu ki, hortuldada-hortuldada, tərləyə-tərləyə nəlbəkidən çay içən bu kök oğlan gözlərində birdən-birə dəyişdi. Həmin gün Məsməxanım üçün kəşflər
günü oldu. Məsməxanım qəribə-qəribə şeylər kəşf etdi. Məsməxanım kəşf etdi ki, bir belə müddət ərzində əslində bu evdə yad bir adam kimi yaşayıb, bu tənha otaqlar əslində həmişə onun üçün yad olub, soyuq olub. Düzdür, Məsməxanım anasını çox istəyirdi, amma həmin gün birdən-birə payızın qoxusu gəldi burnuna, xəzanın nisgili keçdi ürəyindən və fikirləşdi ki, bu evdə keçirtdiyi həyat payız səhəri kimi
bombozdu. Bunu lap şair kimi fikirləşdi və burasını da birdən-birə kəşf etdi ki, şair olmaq üçün mütləq şer yazmaq vacib deyil, əslində elə adamların hamısı haradasa, haçansa şair olur. Ən başlıcası isə, Məsməxanım bunu kəşf etdi ki, adamın gərək bir dünyası olsun, adam gərək elə yaşasın ki, bir dünya bəs eləsin ona. Məsməxanım bunu kəşf etdi və lap mat-məəttəl qaldı, ikinci dünyasındakı yetim qızın qara-borana düşməsinə, şahzadəyə oxşayan oğlanın bu qızı xilas etməsinə gülməyi tutdu.
Yetim qız da, şahzadə oğlan da çıxıb getdi işinin dalınca, gecələr Məsməxanım yuxuya getməzdən əvvəl avtobus uzun yoldan qayıtdı, Mirzoppa yorğun-yorğun evə gəldi, benzinə, mazuta bulaşmış əllərini yuyub Məsməxanımın onun üçün bişirdiyi küftə-bozbaşdan yedi; Məsməxanımın yuxusuna benzin qoxusu gəldi; onun sehrli nağıl aləmi göyün yeddinci qatından asfaltın üstünə endi və bu asfaltla Zuğulbadan Bakıya bir avtobus gedib-gəlməyə başladı...
Onda hələ məlum deyildi ki, Mirzoppa içəndi, lap, araq şüşəsinin içinə girəndi. Onda hələ məlum deyildi ki, evlənəndən cəmi ikicə ay sonra, Mirzoppa düt deyənəcən içib gecənin yarısı evdə dava salacaq, qıpqırmızı gözlərini bərəldib dəhşətli sözlər deyəcək:
– Camaat gedib zamministr qızı alır, mən də gedib bic alıb gətirmişəm!..
Onda hələ çox şey məlum deyildi və burası da məlum deyildi ki, az keçəcək, çox keçəcək, dərə, təpə düz keçəcək və yenə yavaş-yavaş Məsməxanımın sehrli nağıl aləmi yaranacaq...
...Məsməxanımın çiynindəki qançır, elə bil, Məmmədağanın ovcunun içini yandırırdı və bu, onun ürəyini göynədirdi; o, başa düşürdü ki, ən yaxın adamı öləndə, ən müsibətli dərdə düşəndə ürək belə göynəyər; başa düşürdü ki, çox illər keçəcək, amma yenə də hərdən ovcundakı bu alovu hiss edəcək.
Məsməxanım hiss etdi ki, bu saat ağlayacaq; əgər o, bu saat ağlasaydı, bunu ömründə özünə bağışlamazdı; Məmmədağanın gözlərinin içinə baxıb dedi:
– Vuranda həmişə bədənimə vurur ki, görünməsin.
Məmmədağa heç nə demədi.
Məsməxanım dedi:
– Əli də ağırdı yaman...
Məmmədağa heç nə demədi.
Məsməxanım dedi:
– Elə bil kərpicdi...
Və qız bu sözləri dedikcə, elə bil ki, bədəninə dəyən bu zərbələrin hayıfını indi Məmmədağadan alırdı; Məsməxanım hiss etdi ki, əlini hələ də onun çiynində saxlamış bu göygöz oğlanın ürəyi bu saat yanıb-yaxılır; birdən-birə Məsməxanıma elə gəldi ki, bu oğlanın ona yazığı gəlir; qızın gözləri parıldadı:
– Mən də ondan geri qalmıram,– dedi və üç gün bundan qabaq Mirzoppanın ağrıdan öküz kimi böyürdüyünü yadına salıb gülümsədi.
Məmmədağa qızın gülümsəyən qara gözlərinə baxdı və Məsməxanımın qalın dodaqlarındakı təbəssüm onun ürəyinin lap cızdağını çıxartdı. O, əlini yaranın
üstündən çəkib, qızın boynunda, üzündə gəzdirdi, qara saçlarını sığalladı və
Məsməxanım bütün varlığıyla hiss etdi ki, bu saat bu əlin sahibi onunla nə istəsə edə bilər; nə istəsə edər və o, mane olmaz, səsini çıxartmaz, çünki Məsməxanım yenə də öz sehrli nağıl aləmindəydi.
Məmmədağagilin məhəlləsində yazılmamış bir qanun vardı: tanış-bilişin
arvadına tamah salmaq olmazdı; əgər biriylə oturub bir tikə çörək yemisənsə, onun arvadı sənin bacındı. Məmmədağa heç vaxt bu qanunu pozmazdı; məsələ təkcə burasında deyildi ki, bu qanunu pozmaq olmazdı, məsələ burasında idi ki, bu
yazılmamış qanun Məmmədağagilin damarında axırdı, qanına qatışmışdı.
Zuğulbanın dəniz sahilindəki həmin qəribə yay gecəsi Məmmədağanın tamam yadından çıxmışdı ki, dünyada Mirzoppa adında bir adam var və bu köməksiz Məsməxanım, dənizlə danışan bu qız həmin Mirzoppanın arvadıdı. O əlini qızın qara saçlarından çəkib dinməz dayanmışdı və heç cür ağlına sığışdıra bilmirdi ki, Məsməxanım nəinki Mirzoppanın, ümumiyyətlə, kiminsə arvadıdı. O fikirləşirdi ki, indicə ağlamaqdan özünü güclə saxlayan bu qızın çiynindəki qançır dünyanın ən əbləh işidi, indiyəcən dünyada rast gəldiyi ən böyük insafsızlıqdı və Mirzoppanın kişilikdə heç bir adı yoxdu.
– Harda işləyir Mirzoppa?
– Qabaq Bakıya avtobus sürürdü, sonra içməyinə görə çıxartdılar. İndi biletsatandı. Elə həmin avtobusda...
– Dudu sağdı?
– Dudu? Sən tanıyırsın onu? – Məsməxanım əyilib səndəllərini geydi. – Çoxdan ölüb... Mən heç görməmişəm onu. Deyirlər çox gözəl oğlanıymış, çox ağıllıymış, tərbiyəliymiş... – Məsməxanım bir müddət susub sonra dedi: – Deyirlər o öləndən sonra Mirzoppa içməyə başlayıb...
Məsməxanım «deyirlər» deyirdi, amma bu barədə Mirzoppadan başqa heç kim ona heç nə deməmişdi. Məsməxanım Mirzoppanın sözlərinə inanmırdı, amma onun Dudu haqqında danışdıqlarına inanmışdı; inanmışdı Dudunun gözəlliyinə, ağlına, kamalına. Mirzoppa içmiş vaxtlarında tez-tez Dudunu yadına salırdı və yana-yana elə ürəkdən danışırdı ki, cavan ölmüş bu oğlanın çox böyük qabiliyyətinə Məsməxanım şübhə etmirdi. Mirzoppa həmişəki kimi spirt iyi verə-verə çarpayıda oturub corablarını çıxarırdı, ayaq barmaqlarını qaşıya-qaşıya deyirdi:
– Dudu sağ olsaydı, indi mən bu günə qalardım? İndi məni şoferlikdən çıxarıb arvad kimi avtobusda biletsatan qoyardılar ki, nə var, nə var, dərd əlindən içki içir? Gül balaydı, gül!.. Bircə dənə idi, Allah onu bizə çox gördü!..
Hər dəfə də Mirzoppa Dudunu yadına salandan sonra kövrəlib ağlayırdı. Mirzoppanın bu ağlamaqları içki ağlamaqlarından deyildi, Məsməxanım bunu o saat hiss edirdi; Dudu yadına düşəndə Mirzoppanın gözlərinə, doğrudan da, bir dərd kölgəsi çökürdü və belə anlarda Məsməxanıma məlum olurdu ki, Mirzoppa da adamdı, Mirzoppanın da sinəsində ürək var; Məsməxanım fikirləşirdi ki, ağıllı, gözəl oğlanların beləcə cavan ölüb getməyi, Dudunun aqibəti dünyanın ən böyük müsibətidi; Məsməxanımın özünün də gözləri dolurdu. Mirzoppa deyirdi ki, vaxtilə Bakıdan qızların əlindən köçüb Zuğulbaya gəliblər. Qızlar Duduya görə onlara dinclik vermirmiş, ona məktublar yazırmışlar, onun dalınca düşürmüşlər və günlərin bir günündə məhəllələrində on yeddi yaşlı bir dünya gözəli Dudunun dərdindən divanə olub özünü öldürübmüş; onlar Zuğulbaya köçəndən sonra başqa bir dünya gözəli – on səkkiz yaşında qız üzünü kislota ilə yandırıbmış ki, Dududan başqa bir oğlana qismət olmasın.
Mirzoppa deyirdi:
– Alim idi, alim! Gündə üç dənə qalın kitab oxumasaydı yatmazdı! İnstitut dava eləyirdi onun üstündə ki, hansında oxusun. Qalsaydı əgər indi zamminstriydi Dudu! Onda bilərdilər ki, Mirzoppa kimdi!
Məsməxanım bütün bunlara inanmışdı və burasına da inanmışdı ki, əgər Dudu sağ olsaydı, bəlkə Mirzoppa da belə Mirzoppa olmazdı.
– Tanıyırdın, hə, Dudunu? – Məsməxanım bir də soruşdu. – Onun üstündə bir qız özünü öldürüb, sizin məhəllədən idi?
Əlbəttə, Məmmədağa yaxşı bilirdi ki, Dudu kimilər çox yaşamır, amma onun öldüyünü eşidəndə birdən-birə Dudunun sifəti gözlərinin qabağına gəldi, heç nə ifadə etməyən baxışlarını gördü və ürəyindən bir ağrı keçdi; Məmmədağa burasını da başa düşdü ki, Mirzoppa Dudunu sidq-ürəkdən istəyirmiş və indi, ola bilsin ki, Mirzoppa özü də Məsməxanıma dediklərinə inanmırdı.
– Yazıq Dudu... – Bunu Məmmədağa dedi.
– Əh, hamımız ölüb gedəcəyik də... – Bunu da qəribə bir biganəliklə Məsməxanım dedi.
Məmmədağa təəccüblə qıza baxdı:
– Bəs sənin ulduzun deyirdi ki, Məsməxanım heç vaxt ölməyəcək?..
– Ulduzun əlində olsaydı, ölməzdim heç vaxt.– Məsməxanım bunu dedi və başını qaldırıb öz ulduzuna baxdı. – Heç kimi də qoymazdım ki, ölsün...
Məmmədağa:
– Bilirəm, – dedi. – Qoymazdın.
– Hardan bilirsən?
– Bilirəm də.
– Axı, sən nədən belə bilirsən? Bəlkə heç belə döyül...
– Bilirəm ki, sən belə qızsan.
– Alnımda yazılıb?
– Hə.
– Sən ölməkdən qorxursan? Mən qorxuram yaman!..
– Belə şeylər barədə fikirləşməsən yüz il yaşayarsan.
– Nə olsun? Sonra yenə öləcəyəm də... – Məsməxanım güldü. – Yadıma bir dənə əntiqə əhvalat düşdü, danışım sənə?
– Danış.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-bir-gorusun-tarixcesi-ii-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Novruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.
Bu dünyada qatarlar gedərDünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.
TalvarAkademik Məmməd Arif Dadaşzadəninxatirəsinə
Bülbülün nağılıDan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü.Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını sezirdi.
Стихи других поэтов
“Biz indi hardayıq Məmməd İsmayıl” şeirinin müəllifinə.*Yazdın, sorağını aləm eşitdi,
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
پر گذشتم به تماشاگه انسان و ملَکسیر کردم همه خوبان جهان را یک یک
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,