15. Hər şey keçib gedir...
Страница 5 из 11 · 36%
Tahirə qəflətən işığı yandırıb ərinin gecənin yarısı yerində uzanıb beləcə öz-özünə gülümsəməyini görsəydi, yəqin məəttəl qalardı və fikirləşərdi ki, görəsən, bu nə işdi belə və yəqin ki, bayaqkı sualını bir də təkrar edərdi: « – Sənə nə olub?»
O yenə də gülümsədi; ömründə duymadığı bir rahatlıq içində idi və bu dəm hər şey ona ləzzət verirdi: həmişəki çarpayısının indiyəcən fikir vermədiyi genbolluğu da, həmişə üstünə saldığı yun adyalın bugecəki yumşaqlığı və istisi də, o gecə sakitliyi içində Tahirənin hərdən dərindən nəfəs alması da, hətta gecənin yarısı hərdənbir küçədən keçən maşınların kip örtülmüş ikiqat pəncərənin arxasından nisbətən zəif eşidilən səsi də ləzzət verirdi; ən başlıcası isə, həmin sakit, yuxulu payız gecəsi heç vaxt fərqinə varmadığı, varanda da onu qıcıqlandıran, hətta əsəbiləşdirən hər şey indi gözəl və əvəzedilməz idi.
Onun adı Məlik, atasının adı Yusif, famili isə Əhmədli idi və Məlik Yusif oğlu Əhmədlinin qırx yaşı var idi, elmlər namizədi idi, Zoologiya İnstitutunda baş elmi işçi işləyirdi, evli idi, dörd uşağı – iki oğlan (Adil və Kamil), ikisi qız (Aytən və Zəhra – lap kiçik qızına anasının adını qoymuşdu), beşinci mikrorayonda üçotaqlı mənzili, «Jiquli» maşını və evinin cəmi üç kilometrliyində qarajı var idi.
Həmin ağlasığmaz, heç kimin heç vaxt inanmayacağı hadisə isə srağagündən dünənə keçən gecə başladı.
Bu hadisəni kimə danışmaq olar? Buna kim inanar?
Srağagün adi günlərdən (kimin ağlına nə gələrdi!) biri idi: səhər tezdən yerindən qalxıb mətbəxdəki qaz plitəsini yandırdı, çaydanı su ilə doldurub plitənin üstünə qoydu, yuyundu, üzünü qırxdı, geyinib evdən çıxdı, üç kilometri tez-tez addımlaya-addımlaya qaraja getdi.
Bərk külək əsirdi, amma Məlik Əhmədli avtobusa minmədi (evlərindən qaraja avtobusla cəmi bir dayanacaq yol idi), çünki başı kəpənəklərə o qədər qarışmışdı ki, özü yadından çıxmışdı, nə idman edirdi, nə piyada gəzirdi, nə də yeməyinə-içməyinə fikir verirdi və günlərin bir qəmgin günündə - ötən yazın son günləri idi – az qaldı infarkt olsun, təzyiqi qalxdı, ömründə ilk dəfə xəstəxanaya düşdü və iyirmi gün xəstəxanada yatdı. Bundan sonra Tahirə də qorxdu, özü də qorxdu və sağlamlığına fikir verməyə başladı; indi səhər tezdən bu üç kilometr yolu tez-tez piyada getmək, əslində, onun üçün səhər idmanı idi.
Son zamanlar özünü nisbətən yaxşı hiss edirdi, amma qollarının, qılçalarının oynaqları ağrıyırdı, hərdən ürəyi döyünürdü, nəfəsi çatmırdı, gah böyründə, gah ürəyində sancılar olurdu, bir sözlə, kəpənəklərə həsr edilmiş oturaq həyat Məlik Əhmədlini vaxtsız qocaltmağa başlamışdı.
Nə isə, «Jiquli»ni qarajdan çıxarıb əvvəlcə həmişəki kimi, çörək dükanına sürdü, təzə çörək alıb evə qayıtdı. Tahirə də, uşaqlar da durmuşdu. Tahirə çayı dəmləmişdi, ərinin buterbrodunu da yaddan çıxmasın deyə, əvvəlcədən hazırlayıb yazı mizinin üstünə qoymuşdu. Məlik Əhmədli buterbrodu (pendir-çörək idi)
portfelinə qoydu, kağız-kuğuzlarına da baxdı ki, yaddan çıxan bir şey olmasın, sonra mətbəxdə divardan asılmış radionu yandırıb son xəbərlərə qulaq asa-asa uşaqlarla birlikdə səhər naharı elədi.
Son xəbərlərin axırında diktor maraqlı bir məlumat verdi:
– Bütün dünyada ən tənha ağac Böyük Səhranın Terer vahəsində bitən palmadır, həmin palmaya ən yaxın ağac onun 1000 kilometrliyindədir.
Tahirə çayın axırıncı qurtumunu içə-içə:
– Yazıq palma... – dedi.
Adil və Aytən Tahirənin dərs dediyi məktəbdə oxuyurdular və Tahirə onlarla avtobusa minib məktəbə getdi, Məlik Əhmədli də həmişəki kimi, Zəhranı maşına mindirib bağçaya apardı (Kamil ikinci növbədə oxuyurdu və məktəbə özü gedəcəkdi), sonra işə sürdü.
İşdə məlum oldu ki, İbrahimin arvadı yazıq Əminə axırı ki, əzab-əziyyətdən qurtarıb, gecə vəfat edib və bu gün onu dəfn edəcəklər. Əlbəttə, bu xəbər hamının qanını qaraltdı, çünki İbrahim (o da baş elmi işçi idi) institutda işləyən yeganə adam idi ki, həmişə hər yerə arvadı ilə birlikdə gələrdi (təntənəli iclaslara, müdafiə banketlərinə, bayram nümayişlərinə, yas yerlərinə) və buna görə də institutda işləyənlərin çoxu Əminəni tanıyırdı. Həmin yazıq Əminənin, bu yaraşıqlı, mehriban adamın heç qırx yaşı tamam olmamışdı, yazıq beş-altı ay idi ki, xərçəng xəstəliyinə tutulmuşdu.
Nə isə, Əminənin ölümü hamıya ağır təsir etdi, amma institutun işi də həmişəki qayda ilə davam etdi və Məlik Əhmədli Əminənin dəfninə çatmaq üçün günün ikinci yarısı işdən tez çıxdı, Zəhranı da vaxtından əvvəl bağçadan götürüb evə apardı, sonra maşını qaraja sürdü; yas yerlərinə (eləcə də müdafiə banketlərinə, institut işçilərinin uşaqlarının toy məclisinə və s.) maşınla getmirdi, çünki tanış-biliş minirdi maşına, mərasim (məclis, iclas, nümayiş...) qurtarandan sonra bu adamları gərək bir-bir aparıb evlərinə qoyaydın – birinin evi şəhərin o başında, o birinin evi bu başında; maşını qaraja salıb bağladı və avtobusa minib İbrahimgilə getdi.
Külək lap bərkimiş, hava da xeyli soyumuşdu və Məlik Əhmədli haçansa bir dəfə – deyəsən, İbrahimlə yazıq Əminənin toylarının 10 illik yubileyi idi – gəldiyi evi axtarıb tapanacan əməlli-başlı üşüdü.
İbrahimgilin evi Bakının kənarlarındakı köhnə məhəllələrdən birində, ikimərtəbəli bir binada idi, həyətdə çadır qurmuşdular və Məlik Əhmədli çadıra girib tanımadığı adamların arasında oturdu. Külək az qalırdı nəhəng brezent çadırı qoparıb aparsın və dörd-beş oğlan brezenti məftil ilə dəmir dayaqlara bərkidirdi və Məlik Əhmədli də qabağına gətirib qoyduqları isti çaya limon salıb içə-içə həmin oğlanlara baxırdı. Məlik Əhmədliyə elə gəldi ki, bu oğlanlar, əslində, brezenti bərkitmirlər, məftillə Əminə adında cavan bir qadının ömrünün sonunu düyünləyirlər.
O yazıq Əminə dünyada nə gördü? Kim bilir, bəlkə nəsə də görüb, Məlik Əhmədli o yazığı yaxından tanımırdı, yəqin ki, sevinci də olub, yaxşı günü də olub, bəlkə məhəbbəti də olub, bəlkə elə öz ərini sevirmiş, amma hər halda, bunlar hamısı artıq sona yetdi və Məlik Əhmədli fikirləşdi ki, əslində, insan ömrü ilə iki günlük kəpənək ömrü arasında heç bir fərq yoxdur; Əminəni, o ətli-qanlı, gülərüz cavan qadını gözlərinin qabağına gətirdi və doğrusu, çox dərindən həyəcanlandı, ürəyi bərkdən döyünməyə başladı, o cavan, o gözəl qadının birdən-birə beləcə yox olmağı, heçə dönməyi Məlik Əhmədlini sarsıtdı.
Külək get-gedə daha da bərkiyirdi və Abşeronda bu cür küləklər şiddətlənəndə bəzən taxtapuşları götürüb aparırdı, yekə-yekə ağacları gövdəsindən sındırırdı, kökündən dartıb çıxarırdı, amma o yüngül kəpənəklərə, o zərif, o kövrək kəpənəklərə heç nə edə bilmirdi; kəpənəklər özlərinə elə yer seçirdi, elə gizlənirdi ki, salamat qalırdı və Məlik Əhmədli bunu fikirləşib gülümsədi; qəribə idi, həmişə çətinə düşəndə, qanı qaralanda, işi düz gətirməyəndə kəpənəklər, elə bil, bundan xəbər tuturdu, köməyə gəlirdi.
Məlik Əhmədli universiteti bitirdikdən sonra, düz on səkkiz il idi ki, ömrünü lepidopteroqluğa həsr etmişdi, yəni bu o deyən söz idi ki, Məlik Əhmədli düz on səkkiz il idi kəpənəkləri öyrənməklə məşğul idi və bu müddət ərzində Zəhra kimi bir kəpənəyi dünya entomologiya elminə bəxş etmişdi. Məsələ burasında idi ki, Məlik Əhmədli Yer kürəsində indiyədək məlum olmayan bir kəpənək növü kəşf etmişdi və həmin gözəl kəpənəyə rəhmətlik anasının və kiçik qızının adını qoymuşdu; Zəhra.
Zəhra kəpənək bu boyda yer üzündə təkcə İsmayıllı dağlarında yaşayırdı, çünki Zəhra kəpənəyin qurdunun yediyi Məxməri çiçəklər təkcə o dağlarda bitirdi.
İbrahimgilin evinin arxa tərəfindən elektrik qatarları keçirdi və indi də arabir o qatarların səsi gəlirdi; o dəm o keçib gedən qatarların səsi, elə bil ki, bir uzaqlıqdan, ünyetməzlikdən xəbər verirdi və həmin uzaqlığın, ünyetməzliyin müqabilində insan ömrü, əlbəttə, kəpənək ömrü kimi bir şey idi.
Səhər radiodan eşitdiyi o tənha palma birdən-birə Məlik Əhmədlinin yadına düşdü və həmin palma tənhalığının miqyası ilə, elə bil ki, İbrahimgilin evinin arxa tərəfindən keçən elektrik qatarlarının səsi arasında nəsə bir yaxınlıq, bir münasibət var idi.
Yazıq Əminənin cənazəsini həyətə çıxardılar və İbrahimin qapıbir qonşusu tarzən Abdulla tarı sinəsinə sıxıb gözlərini yumdu və yanıqlı bir «Segah» çalmağa başladı, arvadların hönkürtüsü, qohumların, yaxınların vay-şivəni bir-birinə qarışdı, yazıq İbrahim də arvadının cənazəsindən bir az kənarda dayanıb qıpqırmızı qızarmış gözlərini yerə dikmişdi və titrəyən barmaqları arasındakı siqareti sumürə-sümürə tüstünü ciyərinə çəkirdi.
Cənazənin üstünə yaşıl ipək örtük salmışdılar və külək götürüb aparmasın deyə, paltar sərilən iri taxta sancaqlarla o örtüyü dörd tərəfdən də tabutun qıraqlarına bərkitmişdilər və Məlik Əhmədli də tabutun kənarlarındakı o iri taxta sancaqlara baxa-baxa həyətin bir kənarında dayanmışdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-olum-hokmu-15-her-sey-kecib-gedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vağzala sulu qar yağırdı, hava da yaman soyuq idi və elə bil ki, bu cür havada heç kim gəlib, heç kim də getməyəcəkmiş kimi, ins-cins deyilən şey gözə dəymirdi, təkcə peraşkisatan arvaddan və onun köşkünün yanında dayanıb, peraşki təpişdirən on bir-on iki yaşlarında iki oğlan uşağından başqa.Vağzalda yeganə isti yer də yəqin ki, peraşkisatan arvadın balaca köşkü idi. İçi peraşki dolu qabdan buxar qalxırdı və belə səfeh havada peraşkilər üçün həmin buxardan yaxşı reklam yox idi, amma qalın kürkün üstündən ağ xələt geymiş peraşkisatan arvad müştərisizlikdən mürgü döyürdü.
III fəsilProkuror Dadaşlı çırthaçırtla yanan sobanın gözünü maşa ilə yerbəyer edib, ağır cüssəsini düzəltdi və əllərinin ikisini də şalvarının ciblərinə soxub dodaqaltı zümzümə edə-edə öz yazı mizinə yaxınlaşdı, çayı yarımçıq qalmış armudu stəkanı götürüb bir-iki qurtum içdi, yenə mizin üstünə qoydu.Armudu stəkan prokuror Dadaşlının yüz otuz kiloluq bədəni müqabilində elə kiçik görünürdü ki, elə bil o, bu soyuq havada yaxşıca dəmlənmiş xoruzpipiyi çay içmirdi, oyuncaq oynadırdı və burası da adama qəribə gəlirdi ki, bu çay bu boyda adama nə edəcək?
IV fəsilGündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:– Axşamın xeyir, a Fəttah dayı, – dedi.
V fəsilRayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.
Стихи других поэтов
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
ÇalmaQoy bir azacıq rahət ola canım, a Şeypur!Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Onun vəfatı tarixiSöylədi tarixiniOna tapan bir ozan