15. Hər şey keçib gedir...
Страница 6 из 11 · 45%
Bir azdan Əminənin cənazəsi torpağa tapşırılacaqdı və bir müddətdən sonra o cavan, o yaraşıqlı, o gülərüz qadın tamam torpağa qarışacaqdı. Yerin üz qatındakı torpağın tək elə bircə kvadratmetrində mindən artıq həşərat, cücü yaşayır və bu həşəratın, cücülərin bir qismi bitkini yeyir, bir qismi bitkilərin kökünü yeyir, bir qismi çürüntüləri yeyir, bir qismi də bir-birini yeyir və Əminə də həmin torpağa qarışacaqdı, yer üzündəki bütün insanlar həmin torpağa qarışacaqdı. Məlik Əhmədli küləkdən üşüyə-üşüyə bütün bunları fikirləşib bir siqaret yandırmaq istədi, amma xəstəxanadan sonra siqareti tərgitmişdi və cibində siqaret yox idi.
Yer üzündəki həşəratların isə ən gözəli, əlbəttə, kəpənəklər idi və kəpənəklərin də içərisindəki ən gözəl kəpənək Zəhra kəpənək idi; elə bil ki, o gözəl Zəhra kəpənəyin yüngüllüyü, Məlik Əhmədlinin də ürəyinə nəsə kiçik bir yüngüllük gətirdi.
Yenə də arxa tərəfdən keçib gedən elektrik qatarının səsi gəldi və o səs qısa bir müddət Abdullanın çaldığı tarın səsini üstələdi, həyətə toplaşan camaat başını qaldırıb evin arxa tərəfinə baxdı, elektrik qatarından narazı halda başını buladı, sonra səs ötüb getdi və camaat yenə də cənazəyə baxdı.
O vaxt ki, Məlik Əhmədligil İbrahimlə yazıq Əminənin toyunun 10 illik yubileyinə gəlmişdilər, onda da həmin məclisdə tarzən Abdulla tar çalırdı, deyib-gülürdülər, yeyib-içirdilər və deyib-gülən, yeyib-içən adamlardan biri də o yazıq Əminənin özü idi.
Abdulla o yanıqlı «Segah»ı çalıb qurtardı, arvadların, qohum-əqrəbanın hönkürtusü, vay-şivəni daha da artdı, İbrahim də siqareti tullayıb əlləri ilə üzünü qapadı, çiyinləri titrəyə-titrəyə ağladı, sonra yaxın adamlar Əminənin cənazəsini çiyinlərinə qaldırıb irəli düşdü, həyətə toplaşmış camaat da cənazənin ardınca getdi.
İzdiham küçəyə çıxdı və üç-dörd yüz metr irəlidə dayanmış maşınlara tərəf getdi. Burada tabutu – o yazıq Əminənin cənazəsini maşına qoyacaqdılar, dost-tanış da maşınlara minəcəkdi, qəbiristanlığa gedib Əminəni torpağa təhvil verəcəkdi.
İnstitutda təsərrüfat işlərinə baxan Uzun Cəfərqulu adamları aralaya-aralaya Məlik Əhmədliyə yaxınlaşdı və heç vaxt açılmayan boğuq səsi ilə:
– Maşınlasan? – soruşdu.
Məlik Əhmədli «yox» mənasında başını buladı və Uzun Cəfərqulu da bir söz deməyib açıq-aşkar narazılıqla ora-bura baxa-baxa, adamları aralaya-aralaya başqa maşınlı bir kəs axtarmağa başladı.
Küçədə elektrik qatarlarının səsi nəinki eşidilirdi, ötüb keçəndə hətta yeri bir az titrədirdi də və Məlik Əhmədli ötüb keçən o elektrik qatarının hərəkətini bu dəfə, necə deyərlər, bütün sinirləri ilə hiss etdi.
– Gördün də yazıq İbrahimin başına nə iş gəldi? – Beləcə, təəssüflə Məlik Əhmədliyə müraciət edən, institutun şöbə müdiri, professor Fazilzadə idi. – Maşını gətirmisən?
– Yox...
Professor Fazilzadə də qalın şüşəli çeşməyinin arxasından izdihama baxa-baxa uzaqlaşdı.
Kəpənəklər qatardan qorxmurdu; relsin üstünə qonurdu, qatar lap bir metrliyə gəlib çatanda yüngülcə yerindən qalxıb relslərin arasındakı taxtaya qonurdu, vaqonlar sürətlə kəpənəyin başının üstündən keçib gedirdi, kəpənək yenə də yüngülcə qalxıb bayaqkı yerinə qonurdu və Məlik Əhmədli cənazənin ardınca gedə-gedə bir anlıq təsəvvüründə göz işlədikcə uzanıb gedən dəmir yolu relsinin üstünə qonmuş o ağappaq kəpənəyi gördü.
Altı-yeddi il bundan əvvəl, günlərin bir günündə laboratoriyada oturub yenicə izinə düşdüyü kəpənəyi (gələcəyin gözəl Zəhra kəpənəyini!) öyrəndiyi vaxt birdən-birə bütün ömrü özünə boş və mənasız göründü, ona elə gəldi ki, dünyada kəpənəklə məşğul olmaqdan əbləh bir iş yoxdur. İri kağızlara tikilib laboratoriyanın divarlarından asılmış quru kəpənəklərə, ayrı-ayrı şəkillərdə, sxemlərdə yüz dəfə, min dəfə böyüdülmüş kəpənək gözlərinə, qanadlarının, ayaqlarının, boynunun, başının hissəciklərinə baxdı və o zaman Məlik Əhmədli özü özünə dünyanın ən miskin, ən bədbəxt bir adamı kimi göründü, amma bir neçə gündən sonra həmin hisslər tamam keçib getdi, sonra gözəl Zəhra kəpənəyi kəşf etdi.
– Maşının var, ə? – Bunu da baş elmi işçi Musa Bağırlı soruşdu. Musanın özünün də maşını var idi, amma hər dəfə belə yerlərə gəlmək lazım olanda maşını xarab olurdu. – Ə, mənimkinin karbüratoru buraxdı...
Məlik Əhmədli başını buladı və Musa Bağırlı da tələsik uzaqlaşdı.
Camaat maşınların yanında dayandı. Cənazəni içinə xalça-gəbə döşənmiş açıq yük maşınına qoydular, molla da, yaxın kişi qohumlar, o cümlədən, İbrahim də həmin üstü açıq yük maşınına qalxıb cənazənin ətrafında ayaq üstə dayandılar.
Adamların bir qismi yüngül maşınlara mindi, yüngül maşın tapmayanlar xüsusi sifarişlə gəlmiş avtobusa mindi və bu dəfə də cənazə aparan maşın irəli düşdü, qalan maşınlar da onun ardınca qəbirirstanlığa tərəf tərpəndi.
Məlik Əhmədli avtobus pəncərəsindən küçənin aşağı başında İbrahimgilin evinə sarı baxdı, o evin arxasından keçən elektrik qatarlarının səsi daha eşidilmirdi, amma bircə an, cəmi bircə an Məlik Əhmədliyə elə gəldi ki, camaatla birlikdə avtobusda oturub qəbiristanlığa getmir, həmin elektrik qatarına minib əlçatmaz, ünyetməz bir uzaqlığa yola düşür və bu yol onu tənha palma ağacına çatdıracaq və hər şey, hətta o gözəl kəpənəklər də əbədi bir keçmişdə qalacaq.
Külək qəbristanlıqda lap fironluq edirdi. Və az qalırdı ki, yuyulmuş paltarları sərmək üçün işlədilən iri taxta sancaqları qoparıb yaşıl ipək örtüyü tabutun üstündən aparsın; iki-üç kişi örtüyü tabutun üstündə güclə saxlayırdı. Küləyin əlinlən hərə bir tərəfdə daldalanıb dayanmışdı.
Musa Bağırlı da yüngül maşın tapa bilməmişdi, avtobusa minib qəbristanlığa gəlmişdi və indi bir əli ilə Məlik Əhmədlinin qolundan tutdu, o biri əli ilə də başındakı şlyapanın kənarından yapışdı ki, külək aparmasın və:
– Ə, vicdan haqqı, – dedi, – bu külək də o yazıq ölənin baxtındandı e!.. Ə, bu həyat nə mənasızdı!.. – Sonra Məlik Əhmədlinin qolunu buraxıb iki əlilə də başındakı şlyapanı lap gözlərinin üstünəcən aşağı basdı. – Ə, yaxşı bir karbürator ustası tanımırsan?
Məlik Əhmədli qəbiristanlıqda daha artıq üşüyə-üşüyə başını buladı, yəni ki, tanımıram.
Əminəni torpağa tapşırdılar.
Camaat yenə də eyni minvalla maşınlara doluşdu və hamı geri qayıdıb İbrahimgilin evinin qabağına yığışdı. Hava tamam qaralmışdı və külək də elə şiddətlənmişdi ki, küçədə dayanmaq mümkün deyildi. Adamlar bir-bir İbrahimə yaxınlaşıb başsağlığı verirdi, İbrahim də hamını həyətdəki mağarda qurulmuş məclisə dəvət edirdi, amma əksəriyyət üzrxahlıq edib gedirdi və həyətə ən yaxın adamlar girirdi. Məlik Əhmədli də evə qayıtmaq istəyirdi, üşüyürdü, ürəyində nəsə bir narahatlıq var idi, amma İbrahim qoymadı:
– Məni tək buraxmayın, – dedi və Məlik Əhmədli də həyətə girib mağarda oturdu.
Kim bilir, həmin gecə Məlik Əhmədli İbrahimgildə ləngiməsəydi, camaatla bir yerdə çıxıb getsəydi, bəlkə heç o ağlasığmaz hadisə də baş verməyəcəkdi, o heyrətamiz görüş olmayacaqdı?..
Külək elə qıy vururdu ki, mağarın dəmir qurğusunu tir-tir titrədirdi, brezent çadırın boş yerlərini şappıldadırdı, amma o dəm İbrahimin qıpqırmızı qızarmış gözlərində o qədər dərd, kədər var idi ki, küləyin beləcə qıy vurmağı da, bu vıyıltı içində elektrik qatarlarının güclə eşidilən səsi də daha Məlik Əhmədlini narahat etmirdi, hətta üşüməyi də, elə bil ki, azalmışdı, amma bayaq yaşıl ipək örtüyü dörd tərəfdən də tabutun üstündə tutub saxlamış o taxta sancaqlar heç cürə yadından çıxmırdı; o taxta sancaqlar da yəqin ki, yaşıl ipək örtüklə, xalı-gəbə ilə birlikdə evə qayıtmışdı, bir-iki gün keçəcəkdi, yenə paltarlar yuyulacaqdı və yuyulmuş paltarlar həmin sancaqlarla zivədən asılacaqdı...
Burada təəccüblü, yaxud xüsusi mənası olan nə vardı ki, Məlik Əhmədliyə təsir edirdi?
Mağarda Məlik Əhmədligilin qarşısındakı mizin üstünə ağ süfrə salınmışdı və elə bu süfrənin özünü də (əgər qonşudan, yaxud prokatdan götürməyiblərsə) ola bilsin ki, sabah yuyub həmin taxta sancaqlarla zivədən asacaqdılar və burada qeyri-təbii nə var ki?
Mağarda söhbət elə gətirib çıxardı ki, İbrahim qızarmış gözlərini, yəqin ki, ağrıdığı üçün hərdən kip-kip qırpa-qırpa dovşanlardan danışmağa başladı və İbrahim, həmişə olduğu kimi, bu dəfə də dovşanlardan elə maraqlı şeylər danışırdı ki, adam bu uzunqulaq, cəld heyvanların ağlına məəttəl qalırdı. İbrahim iyirmi beş ildən artıqdı ki, dovşanlarla məşğul idi və bütün bu müddət ərzində yorulmadan yeni dovşan cinsi yetişdirmək üzərində çalışırdı.
Məlik Əhmədli getmək istəyirdi, çünki yenə də üşüməyə başlamışdı, evlərinə də buradan xeyli yol idi, gecə saat on birə, on ikinin yarısına ancaq gedib çıxacaqdı, amma mağarda oturanlar İbrahimə elə diqqətlə qulaq asırdılar ki, elə bil, vaxtı da, bu küləyi də yaddan çıxarmışdılar. İbrahim də elə ürəkdən danışırdı ki, elə bil, qısa bir müddətə olsa da, dərdini yadından çıxarmışdı və Məlik Əhmədli də İbrahimin sözünü kəsib onu yenidən öz dərdli dünyasına qaytarmaq istəmirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-olum-hokmu-15-her-sey-kecib-gedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vağzala sulu qar yağırdı, hava da yaman soyuq idi və elə bil ki, bu cür havada heç kim gəlib, heç kim də getməyəcəkmiş kimi, ins-cins deyilən şey gözə dəymirdi, təkcə peraşkisatan arvaddan və onun köşkünün yanında dayanıb, peraşki təpişdirən on bir-on iki yaşlarında iki oğlan uşağından başqa.Vağzalda yeganə isti yer də yəqin ki, peraşkisatan arvadın balaca köşkü idi. İçi peraşki dolu qabdan buxar qalxırdı və belə səfeh havada peraşkilər üçün həmin buxardan yaxşı reklam yox idi, amma qalın kürkün üstündən ağ xələt geymiş peraşkisatan arvad müştərisizlikdən mürgü döyürdü.
III fəsilProkuror Dadaşlı çırthaçırtla yanan sobanın gözünü maşa ilə yerbəyer edib, ağır cüssəsini düzəltdi və əllərinin ikisini də şalvarının ciblərinə soxub dodaqaltı zümzümə edə-edə öz yazı mizinə yaxınlaşdı, çayı yarımçıq qalmış armudu stəkanı götürüb bir-iki qurtum içdi, yenə mizin üstünə qoydu.Armudu stəkan prokuror Dadaşlının yüz otuz kiloluq bədəni müqabilində elə kiçik görünürdü ki, elə bil o, bu soyuq havada yaxşıca dəmlənmiş xoruzpipiyi çay içmirdi, oyuncaq oynadırdı və burası da adama qəribə gəlirdi ki, bu çay bu boyda adama nə edəcək?
IV fəsilGündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:– Axşamın xeyir, a Fəttah dayı, – dedi.
V fəsilRayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.
Стихи других поэтов
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
ÇalmaQoy bir azacıq rahət ola canım, a Şeypur!Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Onun vəfatı tarixiSöylədi tarixiniOna tapan bir ozan