Страница 7 из 11 · 55%

Bu zaman külək birdən-birə elə qıy vurdu ki, brezent çadırı bir göz qırpımında məftillərdən qoparıb göyə qaldırdı və aparıb İbrahimgilin ikimərtəbəli binalarına çırpdı, sonra o boyda brezent çadırı təzədən göyə qaldırdı və çadır elə bil ki, tarixə qədərki dövrlərin, dinozavrlar zamanının nəhəng kəpənəyi kimi, ikimərtəbəli binanın üstündən uçub qaranlıqda yox oldu.

Külək mağarda uzun mizin üstündəki çay stəkanlarını, qənd-qabını, külqabını yerə çırpdı, kürsüləri aşırdı, kiminin papağını apardı, kiminin şərfini boğazından çıxardı, ağ süfrəni uçurub mağarın dəmir qurğularına ilişdirdi, işıq söndü və ağız deyəni qulaq eşitmədi, daha İbrahimlə sağollaşmaq, təskinlik vermək vaxtı deyildi, qonşular özlərini güclə öz qapılarına yetirdilər, kimi həyətdən çıxıb yuxarı tərəfə, kimi aşağı tərəfə dağılışdı və Məlik Əhmədli də bu yerlərə yaxşı bələd olmadığı üçün, özü də bilmədən binanın arxa tərəfinə sarı getdi, o yerə ki, oradan elektrik qatarları keçirdi.

Srağagünün bütün təfərrüatı bundan ibarət idi, amma həmin ağlasığmaz görüş, həmin heyrətamiz hadisənin başlanğıcı hələ irəlidə idi.

İbrahimgilin binasının arxa tərəfindəki küçə tamam bom-boş idi və həmin küçənin aşağı hissəsində dəmir yolu gedirdi, elektrik qatarları buradan keçirdi.

Məlik Əhmədli kepkasını gözünün üstünə çəkib boynunu bədəninə qısmışdı və çətinliklə nəfəs ala-ala üzü küləyə gedirdi.

Küçədən nə bir maşın keçirdi ki, saxlayasan, nə də bir adam gedirdi ki, heç olmasa, soruşasan ki, avtobus dayanacağı hansı tərəfdədi.

Məlik Əhmədli beləcə çətinliklə qarşıdakı tinə çatdı və birdən ona elə gəldi ki, dəmiryoluna gəlib çıxıb, amma sonra başa düşdü ki, tinin qabağındakı küçədən tramvay yolu keçir və elə bu vaxt, elə bil, sifarişlə (bəlkə elə doğrudan, sifarişlə idi?) tramvay gəlib düz tinin ucunda dayandı, qapısı açıldı və Məlik Əhmədli də tramvaya mindi.

Tramvayın hara getdiyini bilmirdi, amma, hər halda, şəhərə tərəf gedirdi və Məlik Əhmədli irəlidəki böyük küçələrdən birində düşüb beşinci mikrorayona gedən avtobusa, yaxud trolleybusa, uzaqbaşı taksiyə minə bilərdi.

Tramvayın içi bomboş idi, yalnız bircə sərnişin vaqonun yuxarı tərəfində pəncərənin yanında oturub şüşənin arxasından ora-bura baxırdı, sürücü qapısının pəncərəsindən isə tramvay sürücüsünün başının ardı görünürdü. Son on beş-iyirmi ildə tramvaya minmədiyi üçün və ümumiyyətlə, Bakının əsas hissələrində daha tramvay olmadığı üçün, Məlik Əhmədlinin, təbii ki, bilet vəsiqəsi yox idi və tramvayın içində də bilet almağın qaydasını və qiymətini bilmirdi.

Məlik Əhmədli o yeganə sərnişindən üç-dörd skamya aşağıda oturdu və fikirləşdi ki, uzaqbaşı bilet pulunu sürücüyə verəcək; yerində rahatlanıb dərindən nəfəs aldı, əlini plaşının yaxasından içəri salıb üstündən sinəsinin sol tərəfini ovxaladı – nəsə ürəyi sancırdı və bu sancı Məlik Əhmədlinin bütün bədənini qəribə bir qorxuya, vahiməyə bürüyürdü.

Bayaq küləyin birdən-birə qaldırıb divara çırpdığı, sonra da damların üstündən uçurduğu o brezent çadır Məlik Əhmədlinin yadına düşdü; yox, heç vaxt, hətta tarixə qədərki dövrdə də o cür kəpənək olmamışdı və heç vaxt da olmayacaqdı, çünki o cür ağır, o cür nəhəng, o cür kobud və eybəcər kəpənək ola bilməzdi.

Tramvayın həmin yeganə sərnişini gözlərini pəncərə şüşəsindən çəkib diqqətlə Məlik Əhmədliyə baxdı və Məlik Əhmədli bu adamın gözlərində çox dərin bir narahatlıq, nigarançılıq, qayğı oxudu və ümumiyyətlə, bu alçaqboylu, naziksümüklü adamın qəribə, hətta, nədənsə, qeyri-təbii bir görkəmi var idi; sifətinin quruluşu üçbucağa bənzəyirdi, çənəsi çox nazik, alnı isə geniş idi, saqqalının tükləri çox sıx olduğuna görə, tərtəmiz qırxılsa da, bütün sifətini, hətta boğazını da gömgöy göyərtmişdi; paltarı da qəribə idi, elə bil, bu sərnişin haçansa – qırxıncı-əllinci illərdə – yuxuya getmişdi və indi, yəni 1986-cı ildə yuxudan ayılıb həmin köhnə dəbli makintoju, şərfi, qalstuku təzədən əyninə geymiş, boğazına bağlamışdı, tramvay vaqonunun zəif işığında da par-par parıldayan qara rezin qaloşu da ayaqqabısının üstündən ayağına keçirmişdi.

Həmin adamın səsində açıq-aşkar bir məzlumluq, ürkəklik var idi, lakin ən qəribəsi onun dediyi sözlər idi. Məlik Əhmədliyə baxdı, baxdı və birdən xalis bir qorxu ilə:

– Məndə işiniz olmasın!.. – dedi – Məndə işiniz olmasın!..

Məlik Əhmədli təəccüblə:

– Mənimləsiz? – soruşdu və tramvayda o tərəf-bu tərəfə baxdı ki, bəlkə, doğrudan da, kimsə başqa bir adam da var, amma, əlbəttə, tramvay əvvəlki kimi bomboş idi və Məlik Əhmədli: – Mənim sizinlə nə işim? – dedi.

O qəribə sərnişin:

– Yox! Yox!.. – dedi. – Hə. Ola bilər!.. Kimdir?.. Niyə?

Məlik Əhmədli belə başa düşdü ki, sərnişin bu dəfə də özü özü ilə danışır və fikirləşdi ki, görünür, bu adam nəsə ruhi xəstədir, amma bu zaman həmin sərnişinin birdən-birə onunla üzbəüz oturduğunu gördü. Sərnişin elə bil ki, durub onun yanına gəlmədi, yəni, bu, durmaq və gəlmək deyildi, eləcə birdən-birə öz yerində yox oldu və Məlik Əhmədli ilə üzbəüz oturdu.

Bu adam kim idi, gözbağlayıcı idi, sirk artisti idi, nə idi? Necə oldu bir göz qırpımında Məlik Əhmədliylə üzbəüz oturdu?

– Yox!.. Mən yanılmışam! Hə... Oldu! Siz insansız!

Bütün bu qəribəliklərə baxmayaraq, sərnişinin sözləri Məlik Əhmədliyə gülməli göründü və gülümsəyib:

– Bəs siz kimsiniz? – soruşdü.

Sərnişin elə bil ki, bu sualı eşitmədi və – İnsansız!.. İnsansız!.. – dedi. – Siz insansız!..

Sözləri elə tez-tez deyirdi ki, elə bil, harasa tələsirdi və eyni zamanda, kimdənsə çəkinirdi, sonra birdən-birə zəndlə Məlik Əhmədliyə baxdı və:

– Nə kəpənək? – soruşdu. – Xeyr!.. Xeyr!.. Mən kəpənək deyiləm!..

Məlik Əhmədli bu sözlərə lap mat qaldı, çünki bu dəm, ümumiyyətlə, kəpənəklər barədə fikirləşmirdi və bir də ki, axı, bu adam – ömründə görmədiyi, tanımadığı bu adam Məlik Əhmədli ilə kəpənəklərin yaxınlığını hardan bilirdi?

Bu qəribə sərnişin:

– Getməliyəm mən? – soruşdu – Necə bilirsiniz?.. Getməliyəm? Hə?..

Sərnişin elə tələsik danışırdı ki, Məlik Əhmədlinin fikirləşməyə, hətta təəccüblənməyə, heyrət etməyə, yaxud narazılığını bildirməyə vaxtı qalmırdı və bu dəfə də çiyinlərini çəkib:

– Bilmirəm... – dedi – Nə bilim? – Və hiss etdi ki, ürəyi şiddətlə vurmağa başlayır.

Sərnişin eyni tələsikliklə:

– Yaxşı! Yaxşı! – dedi. – Hə!.. Ola bilər!.. Onda deyin! Tez deyin!.. Vaxtım yoxdur!..

Məlik Əhmədli bütün bu əhvalatdan əməlli-başlı xoflana-xoflana və ürəyi də şiddətlə döyünə-döyünə:

– Nə deyim? – soruşdu və mindikləri tramvay vaqonunda sürücünün qapısına tərəf baxdı: qapının şüşəsində sürücünün başının ardı görünürdü və ətrafda hər şey öz həmişəki adiliyində idi.

Sərnişin:

– Deyin!.. Deyin!.. Mən tələsirəm!.. – dedi və onun bir az xırıltılı səsində bir tərəfdən hökm, bir tərəfdən də açıq-aşkar yalvarış hiss olunurdu. – Deyin!.. Bir... Hə? Yox!.. Yox! İki... İki arzunuzu deyin! Tez eləyin! Tələsirəm!.. Mən onları yerinə yetirməliyəm!.. Tez eləyin!..

Bəlkə Məlik Əhmədlinin özünün psixikası xarab olmuşdu və bütün bu oyun, bu qəribə görüş, bu qəribə sözlər, bu tələsiklik onun özünün xəstə təfəkkürünün məhsulu idi? Yox, axı, bu, real bir aləm idi, axı, bu tramvay da real idi, şüşədən başının ardı görünən o sürücü də real adamdır və Məlik Əhmədli hər şeyi dəqiq görür, heç bir duman yoxdur, naməlumluq yoxdur.

Get-gedə sərnişin daha artıq tələsirdi və sözləri də daha artıq bir sürətlə deyirdi.

– Deyin!.. Deyin!.. İki arzunuzu deyin!.. Tez deyin!.. Tez! Mən tələsirəm, axı!.. Deyin!..

Məlik Əhmədli qarşısında oturmuş bu narahat sərnişinin ürkək-ürkək, hətta bir səksəkə içində baxan iri qara gözlərinə, enli alnına, nazik çənəsinə baxa-baxa başa düşdü ki, mütləq nəsə deməlidi və bu görüş adi görüş deyildi, bu sərnişin kim idi, bəlkə başqa bir planetdən uçub gəlmişdi, bəlkə cin idi, şeytan idi – Məlik Əhmədli bunu bilmirdi, amma burasını tam aydınlığı ilə hiss edirdi, duyurdu ki, onun payına dünyanın ən qəribə bir qisməti düşüb.

– Tez eləyin... Tələsirəm!.. Tez!.. Axı, mən sizin istəyinizi, iki istəyinizi, iki, iki istəyinizi yerinə yetirməliyəm!.. Tez deyin!. İstəyinizi! İstəyinizi deyin!..

Sərnişinin danışığının sürəti Məlik Əhmədliyə də sirayət etmişdi və bu sürətin müqabilində, doğrudan da, fikirləşməyə qətiyyən vaxt qalmırdı və bu zaman elə bil ki, gözəl Zəhra kəpənək, bayırın o küləyini yardı, hərdənbir zəng çalıb relslərin üstü ilə taqqataraq gedən bu tramvayın içinə girdi, lap gəlib Məlik Əhmədlinin həyəcandan titrəyən əlinin üstünə qondu. Məlik Əhmədli Zəhra kəpənəyin yüngüllüyünü hiss etdi, zərifliyini, incəliyini duydu və bu hiss, bu duyğu, elə bil ki, özü ilə bir sakitlik gətirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

II fəsil

Vağzala sulu qar yağırdı, hava da yaman soyuq idi və elə bil ki, bu cür havada heç kim gəlib, heç kim də getməyəcəkmiş kimi, ins-cins deyilən şey gözə dəymirdi, təkcə peraşkisatan arvaddan və onun köşkünün yanında dayanıb, peraşki təpişdirən on bir-on iki yaşlarında iki oğlan uşağından başqa.Vağzalda yeganə isti yer də yəqin ki, peraşkisatan arvadın balaca köşkü idi. İçi peraşki dolu qabdan buxar qalxırdı və belə səfeh havada peraşkilər üçün həmin buxardan yaxşı reklam yox idi, amma qalın kürkün üstündən ağ xələt geymiş peraşkisatan arvad müştərisizlikdən mürgü döyürdü.

4 мин
III fəsil

Prokuror Dadaşlı çırthaçırtla yanan sobanın gözünü maşa ilə yerbəyer edib, ağır cüssəsini düzəltdi və əllərinin ikisini də şalvarının ciblərinə soxub dodaqaltı zümzümə edə-edə öz yazı mizinə yaxınlaşdı, çayı yarımçıq qalmış armudu stəkanı götürüb bir-iki qurtum içdi, yenə mizin üstünə qoydu.Armudu stəkan prokuror Dadaşlının yüz otuz kiloluq bədəni müqabilində elə kiçik görünürdü ki, elə bil o, bu soyuq havada yaxşıca dəmlənmiş xoruzpipiyi çay içmirdi, oyuncaq oynadırdı və burası da adama qəribə gəlirdi ki, bu çay bu boyda adama nə edəcək?

9 мин
IV fəsil

Gündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:– Axşamın xeyir, a Fəttah dayı, – dedi.

15 мин
V fəsil

Rayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.

7 мин

Стихи других поэтов