Страница 8 из 11 · 64%

– Tez eləyin!.. Tələsirəm axı!.. Tez eləyin!.. Deyin istəyinizi!.. Deyin!

Məlik Əhmədli ağzını açırdı desin ki, bir dənə də kəpənək kəşf etmək istəyirəm, amma bu zaman birdən-birə ürəyi bərk sancdı, sövq-təbii əlini ürəyinin üstünə qoydu və heç özü də gözləmədiyi halda:

– Çox yaşamaq istəyirəm... – dedi.

Sərnişin, elə bil, elektron maşın idi, tələsik:

– Neçə il? – soruşdu. – Dəqiq deyin! Dəqiq! Dəqiq! Deyin! Neçə il?

Məlik Əhmədli:

– Yüz... – dedi – Yox, min il... Min il yaşamaq istəyirəm...

Sərnişin:

– Bəs ikincisi? Bəs ikincisi? – soruşdu. – Tez eləyin!.. İkincisini də deyin!.. Mənim vaxtım qurtarır!.. İkinci istəyinizi deyin!.. Deyin!..

Məlik Əhmədli:

– Daha ikincisi yoxdur, – dedi və doğrudan da, onun başına heç bir fikir girmirdi.

– Olsun!.. İkincisi də olsun!.. İkinci istək də olmalıdır!.. Tez eləyin! Mən işimi-gücümü atıb ancaq sizinlə məşğul ola bilmərəm ki!.. Tez eləyin!.. Yox!.. Vaxt yoxdur!.. Mən getməliyəm!.. İkincini sabah deyərsiz! Axşam saat doqquzda!

Gözləyəcəyəm sizi!.. Birinci istəyiniz yerinə yetdi! Hə? Oldu! Yerinə yetdi!..

Sərnişin sürətlə bu sözləri deyib eyni sürətlə də ayağa durdu, yüngülcə – lap o Zəhra kəpənək kimi! – Məlik Əhmədliyə toxundu, sonra çətir kimi yuxarı qalxdı, əvvəlcə sol əli ilə tramvayın əltutanından yapışdı və Məlik Əhmədli açıq-aşkar bir dəqiqliklə gördü ki, sərnişinin ayaqları yerdən üzülüb, sonra Məlik Əhmədli gözlərini sərnişinin asılı ayaqlarından çəkib sifətinə baxmaq istəyəndə sərnişin artıq tramvayda yox idi.

Məlik Əhmədlini soyuq tər basmışdı, onun hissləri bu görüşü qəbul edirdi, ağlı, zəkası isə bunu heç cürə qəbul edə bilmirdi ki, bütün bunlar qarabasma deyil, həqiqətdir: bax, taqqataraq gedən bu tramvay kimi, bayırda əsən o külək kimi, tramvayın içində yanan bu zəif elektrik işığı kimi, səhərdən bəri yerində əyləşib tramvay sürən o sürücü kimi. Yox, axı, bu, normal ağla sığışan iş deyildi, axı, heç bir normal təfəkkür bu tramvay görüşünü qəbul edə bilməzdi və Məlik Əhmədli fikirləşdi ki, axı, dəlilər də özləri bilmirlər ki, dəlidirlər, axı, onlar da hər şeyi real hesab edirlər...

Məlik Əhmədli əli ilə alnının soyuq tərini sildi, sonra, elə bil, yuxudan oyanmaq üçün, özünü ayıltmaq üçün, alnını ovuşdurdu və bu zaman birdən-birə onun ürəyinin döyüntüsü kəsildi. Qolunun, qılçının, oynaqlarının ağrısı yox oldu, Məlik Əhmədliyə elə gəldi ki, elə bil, bədəninin qanı dəyişir və həmin təzə qanın istisini duydu, bu isti bütün bədəninə bir hərarət gətirdi, Məlik Əhmədli yerindən qalxıb hərəkət etmək, qaçmaq, tullanmaq istədi; neçə illər idi ki, beləcə rahat və sinədolusu nəfəs almamışdı, neçə illər idi ki, bütün bədənini beləcə qıvraq, beləcə yüngül hiss etməmişdi, ona elə gəldi ki, bədənində bir kəpənək yüngüllüyü var, hətta elə bil ki, özü öz cismində o gözəl Zəhra kəpənəyin yüngüllüyünü duydu.

O gecəyarısı, o boş tramvayın içində Məlik Əhmədli qəflətən başa düşdü ki, bütün bədəni birdən-birə cavanlaşıb, çünki bu günə qədər əbədi bir keçmişdə qalmış o uzaq illərdə – on yeddi-on səkkiz yaşlarında özünü necə hiss edirdisə, indi də özünü eləcə hiss edir. Bu duyğu da indicə baş vermiş görüş kimi, heyrətamiz, ağlasığmaz idi.

Həmin gecə Bakının nisbətən geniş küçələrindən birində tramvaydan düşəndən sonra heç bir trolleybusa, avtobusa, taksiyə minmədi və Abşeronda qopmuş bu şiddətli külək də Məlik Əhmədlinin həvəsini azaltmadı, əksinə, bu külək, elə bil ki, daha artıq bir şövq gətirdi və Məlik Əhmədli beşinci mikrorayona aparıb çıxaran uzaq bir yolu pay-piyada getməyə başladı, tramvay biletinin pulunu təkcə elə peysəri görünən o sürücüyə verməyi də yadından çıxardı.

O sürücü iş vaxtını qurtarıb öz evinə gedəcəkdi, həmişəki kimi yeyəcəkdi, yatacaqdı, bir sözlə, həmişəki kimi, nə işi vardısa, görəcəkdi, amma heç vaxt bilməyəcəkdi ki, haçansa onun sürdüyü tramvayda dünyanın ən möcüzəli bir görüşü baş verib.

Şiddətli külək əsən o payız gecəsi Bakının beşinci mikrorayona qalxan küçələri bomboş idi və həmin bomboş küçələrdən keçərək evinə gedən Məlik Əhmədli dünyanın beləcə heyrətamiz, ağlasığmaz işinə indi tamam inanmışdı, min il yaşayacağını nəinki təfəkküründə dərk etmişdi, bunu cismən hiss edir, duyurdu və qırx yaşlı elmlər namizədi, öz sənətini ürəkdən sevən lepidopteroloq, dünya entomologiya elminə Zəhra kimi bir kəpənək bəxş etmiş Məlik Əhmədli burasını da çox gözəl başa düşürdü ki, bu min il əhvalatına heç kim heç vaxt inanmayacaq, bu bir sirr olub həmişə ürəyində qalacaq və yaxşı ki, indi küçələr beləcə bomboşdur, çünki Məlik Əhmədliyə elə gəlirdi ki, indi küçədə kimsə olsaydı, onu beləcə pay-piyada gedən görüb həmin sirdən xəbər tutardı. Bu sirr, elə bil ki, o dəm gizli bir xəzinə idi və həmin xəzinə, yalnız Məlik Əhmədliyə məxsus idi.

Məlik Əhmədli bir yeniyetmə çevikliyi ilə pilləkənləri birnəfəsə qalxıb evə girəndə uşaqlar çoxdan yatmışdı, Tahirə də əynində gecə köynəyi, yuxulu-yuxulu qapını açıb:

– Nə gec qayıtdın? – dedi. – O yazığı dəfn elədiz? – soruşdu və verdiyi suala cavab gözləməyib yataq otağına getdi, yerinə girdi və o saat da yatdı.

Məlik Əhmədli mətbəxə keçdi, mətbəx dolabının yuxarı gözündən hərdənbir evinə gələn qonaqlar üçün saxladığı siqaretdən birini götürdü, plaşını çıxarıb mətbəx kürsüsünün üstünə atdı, qaz plitəsinin yanındakı kibriti götürüb həyət eyvanına çıxdı, külək söndürməsin deyə, siqareti pencəyinin ətəkləri arasında yandırdı və dərin bir qullab vurub tüstünü ciyərlərinə çəkdi.

Əlbəttə, Tahirə indi ərinin beləcə yüngül pencəkdə eyvana çıxdığını, üstəlik də siqareti beləcə sümürüb tüstünü ciyərlərinə çəkdiyini görsəydi, az qalardı ürəyi getsin, özünü saxlaya bilməyib ağlaya-ağlaya çığır-bağır salardı: «– Uşaqlarımı yetim qoymaq istəyirsən mənim?!»

Tahirə nə biləydi, hardan ağlına gələydi...

Yeni tikilmiş mikrorayon binalarının pəncərələrinin, demək olar ki, hamısı sönmüşdü, camaat səhər tezdən durub işə gedəcəkdi və Məlik Əhmədli bu yatmış binalara baxa-baxa yer üzərindəki bütün insanların gündəlik həyatında, güzəranında indiyədək heç vaxt hiss etmədiyi bir tələsiklik duydu. Bəlkə də insanların çoxunun bu tələsiklikdən xəbəri yox idi, amma bu dəhşətli tələsiklik var idi və əslində, bax, elə bu dəmin özündə həmin tələsiklik bu yatmış binaların üstünü alıb pusquda dayanmışdı, elə bil ki, yırtıcı bir heyvan öz şikarını gözləyirdi, səhərin gözü açılan kimi hücum edəcəkdi, insanları yataqdan çıxarıb öz ritminə salacaqdı. İnsan ömrü o qədər qısa idi ki, anadan olduğu dəqiqədən etibarən, tələsirdi və əslində, hər şeyi – paxıllığı da, namərdliyi də, xəsisliyi də, nankorluğu da, vəfasızlığı da – hər şeyi o tələsiklik əmələ gətirirdi, fikirləşmək və gözləmək üçün insanların vaxtı çatışmırdı.

Külək qıy çəkib vıyıldayırdı və bu külək vıyıltısı o dəm dünyanın əbədiliyindən və bu əbədiliyin özünün müqabilində belə, min ilin genişliyindən, müdrikliyindən, təmkinindən xəbər verirdi.

Məlik Əhmədli eyvandan içəri qayıtdı: belə bir gecədə yatmaq istəmirdi, amma bunu da istəmirdi ki, Tahirə oyanıb gəlib «–Niyə yatmırsan? – soruşsun. – Nə olub?» Tahirəyə nə cavab verəcəkdi? Belə bir gecədə yalan danışmaq istəmirdi, bəs həqiqəti necə deyəydi? Mətbəxin işığını söndürüb yataq otağına keçdi, səssizcə soyunub yerinə girdi; yeri soyuq idi, amma bu soyuqluğun özü də bir sağlamlıq ovqatı gətirirdi və həmin ovqat içində gözəl Zəhra kəpənək yenə də Məlik Əhmədlinin yadına düşdü, gülümsədi, bu min ildə hələ nə qədər gözəl kəpənəklər kəşf olunacaqdı...

Əlbəttə, nə Uzun Cəfərqulunun, nə professor Fazilzadənin, nə Musa Bağırlının, nə də Yazıq İbrahimin bundan xəbəri var idi və onlardan heç kim və ümumiyyətlə, Yer üzündə heç kim bilmirdi ki, əslində, sabahdan canlı bir tarixlə, canlı bir gələcəklə ünsiyyətdə olacaqlar. Düzdü, bunu heç kim bilməyəcək, amma gələcəkdə – yüz ildən, iki yüz ildən, beş yüz ildən sonra – onu göstərib deyəcəklər ki, bax, bu cavan adam, bu böyük alim dünyanın ən böyük möcüzəsidir, onun beş yüz yaşı var! Yeddi yüz, səkkiz yüz yaşı var! Və elə bil, birdən-birə Məlik Əhmədlini o uzaq gələcəyin xofu basdı. O zaman heç kim olmayacaqdı, yəni yalnız gələcəyin insanları olacaqdı, amma nə Tahirə olacaqdı, nə uşaqlar olacaqdı...

Çarpayının soyuğu Məlik Əhmədlinin içinə sirayət etdi və bayaq qəbiristanlıqdakı kimi üşüdü, sonra yenə də Zəhra kəpənək onun gözlərinin qabağına gəldi: bu min ildə Zəhra kəpənəyin neçə milyon, ya bəlkə neçə milyard nəsli dünyaya gəlib gedəcəkdi, ya da bəlkə o gözəl Zəhra kəpənəyin nəsli tamam kəsiləcəkdi və həmin gecəyarısı beşinci mikrorayondakı evinin yataq otağında, öz çarpayısında uzanmış Məlik Əhmədli qəflətən, tamamilə, birdən-birə təsəvvüründə yaranmış bir mənzərəni, o mənzərə içində kiçicik bir hadisəni, elə bil ki, Zəhra kəpənəyin gözləri ilə gördü, Zəhra kəpənəyin duyğuları ilə hiss etdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

II fəsil

Vağzala sulu qar yağırdı, hava da yaman soyuq idi və elə bil ki, bu cür havada heç kim gəlib, heç kim də getməyəcəkmiş kimi, ins-cins deyilən şey gözə dəymirdi, təkcə peraşkisatan arvaddan və onun köşkünün yanında dayanıb, peraşki təpişdirən on bir-on iki yaşlarında iki oğlan uşağından başqa.Vağzalda yeganə isti yer də yəqin ki, peraşkisatan arvadın balaca köşkü idi. İçi peraşki dolu qabdan buxar qalxırdı və belə səfeh havada peraşkilər üçün həmin buxardan yaxşı reklam yox idi, amma qalın kürkün üstündən ağ xələt geymiş peraşkisatan arvad müştərisizlikdən mürgü döyürdü.

4 мин
III fəsil

Prokuror Dadaşlı çırthaçırtla yanan sobanın gözünü maşa ilə yerbəyer edib, ağır cüssəsini düzəltdi və əllərinin ikisini də şalvarının ciblərinə soxub dodaqaltı zümzümə edə-edə öz yazı mizinə yaxınlaşdı, çayı yarımçıq qalmış armudu stəkanı götürüb bir-iki qurtum içdi, yenə mizin üstünə qoydu.Armudu stəkan prokuror Dadaşlının yüz otuz kiloluq bədəni müqabilində elə kiçik görünürdü ki, elə bil o, bu soyuq havada yaxşıca dəmlənmiş xoruzpipiyi çay içmirdi, oyuncaq oynadırdı və burası da adama qəribə gəlirdi ki, bu çay bu boyda adama nə edəcək?

9 мин
IV fəsil

Gündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:– Axşamın xeyir, a Fəttah dayı, – dedi.

15 мин
V fəsil

Rayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.

7 мин

Стихи других поэтов