Страница 9 из 11 · 73%

... O gözəl kəpənək günəşin istisindən ləzzət ala-ala, çəməndəki sarı, bənövşəyi, narıncı, qəhvəyi, göyümtül güllərin, çiçəklərin, yamyaşıl otların rəngindən sevinə-sevinə uçub gələrək qırmızı bir lalənin zərif ləçəyinə qondu, qanadlarını yığdı, çəmənin səsinə qulaq asdı.

O gözəl kəpənək təkcə bülbülün, təkcə cırcıramanın yox, bütün xırda böcəklərin də, cücülərin də səsini, nəğməsini eşidirdi və elə bil ki, o çəmən nəğməsini təkcə quşlar, böcəklər, cücülər yox, güllər, çiçəklər də, otlar da oxuyurdu, elə bil, o yaz çağı çəmənin rənglərini eləcə güldürən günəş şüaları da həmin nəğməni oxuyurdu.

İki ovçu gəlib o gözəl kəpənəyin yanında, çəməndə oturdu ki, bir az nəfəslərini dərsinlər və əlbəttə, o ovçuların kənardakı lalə ləçəyinə qonub qanadlarını yığmış o gözəl kəpənəkdən xəbəri olmadı.

Ovçulardan biri o birinə dedi:

– Belə rəvayət eləyirlər ki, dörd yüz il ömür sürmüş Musa peyğəmbər əleyhissəlam Turi-Sina dağının yaxınlığında bir daxmada yaşayırmış. Bir gün camaat Musaya tənə edir: «– Niyə özünə bir ev tikmirsən?» Musa əleyhissəlam belə cavab verir: «– Mənim nə ömrüm var ki, hələ özümə bir ev də tikim!..»

İkinci ovçu ürəkdən gələn bir təəssüflə: – Elədir... – dedi. – Atalar yaxşı deyib, ömür bir iynədir, sapı çox qısa...

Ovçular ömrün qısalığı üçün ah çəkdi, sonra ayağa qalxdı və yollarına davam etdi.

Lalə ləçəyinə qonmuş o gözəl kəpənək ovçuların ardınca baxdı-baxdı və:

– Naşükür insanlar... – dedi.

O gözəl kəpənəyin cəmi üç günlük ömrü var idi, bu dünyada cəmi üç gün yaşayacaqdı və o üç günlük ömrün iki günü artıq həmin kəpənək üçün əbədi bir keçmişdə, əlçatmaz, ünyetməz bir uzaqlıqda qalmışdı...

...Külək yataq otağındakı pəncərənin şüşəsini titrədirdi, Tahirə də narahat idi, gah bu böyrü üstə, gah o böyrü üstə çönürdü və Məlik Əhmədli qaranlıqda ağ bənizi güclə sezilən Tahirəyə baxa-baxa fikirləşdi ki, minillik ömür müqabilində, bir göz qırpımlıq vaxtdan sonra Tahirə dünyada olmayacaq, sonra Adil, Kamil, Aytən, Zəhra dünyadan köçəcək, sonra onların uşaqları, sonra o uşaqların uşaqları, sonra başqaları, başqaları, başqaları... Məlik Əhmədliyə elə gəldi ki, qaranlıq bir tunelə girib qaçır, qaçır, tuneldən çıxmaq istəyir, qaranlıq onu qovur, amma bu uzun tunel qurtarmır ki, qurtarmır və Məlik Əhmədlinin ürəyi darıxdı, nəfəsi tıncıxdı, uşaqları bir-bir, adbaad gözlərinin qabağına gətirəndə və fikirləşəndə ki, çox qısa bir müddətdən sonra – əlli ildən, altmış ildən, lap yüz ildən sonra Adil də, Kamil də, Aytən də, Zəhra da dünyada olmayacaq, amma o özü elə hey yaşayacaq, baba olacaq, ulu baba olacaq, sonra dünyadakı bir çox yad adamların, tanımadığı-bilmədiyi kəslərin canlı soy kökü olacaq, ürəyi bayaq tramvaydakından daha artıq bir sürətlə döyünməyə başladı və Məlik Əhmədli yerindən qalxıb soyuq çarpayısında oturdu.

Əminənin cənazəsinin üstündəki yaşıl ipək örtüyə sancılmış taxta sancaqlar Məlik Əhmədlinin gözlərinin qabağına gəldi və Məlik Əhmədli gözlərini yumub alnını ovuşdurdu, çünki ona elə gəldi ki, o özü də həmin taxta sancaqlar kimi bir şeydir, insanlar gəlib-gedəcək, çünki insanlar Əminə kimi gəldi-gedərdi, amma o həmin taxta sancaqlar kimi qalacaq, qalacaq...

Yazıq İbrahim də bir gün bu dünyadan köçəcək, dovşanlarla kimsə – bir başqa alim məşğul olacaq, sonra o alim də köçəcək, Uzun Cəfərqulu da gedəcək, professor Fazilzadə də, hətta bu Musa Bağırlı da bu dünyadan gedəcək, Məlik Əhmədli isə qalacaq və haçansa yəqin bu adamları yadından da çıxaracaq, çünki bu qədər insanı axıra qədər yadda saxlamaq yəqin ki, mümkün deyil və yəqin ki, uşaqları da yaddan çıxaracaq, Kamili Aytənlə dəyişik salacaq, yaxud Zəhranı Adillə çaşdıracaq, çünki Adil də, Kamil də, Aytən də, Zəhra da uzaq, çox uzaq bir keçmişdə qalacaq... Suçlu bir hiss Məlik Əhmədlinin bütün içini ələ almışdı, elə bil, dəhşətli bir xəyanət işləmişdi.

Tahirə yenə yerində vurnuxdu, o tərəf-bu tərəfə çöndü və Məlik Əhmədli qaranlıq içində diqqətlə arvadına baxdı: Tahirə nəyin nigarançılığını çəkir, Tahirə niyə narahatdır, o ki, adi insandır, bir çatışmazlığı yoxdur, Tahirə hansı qayğıdan belə narahatdır?

Birdən-birə adi adamların bütün qayğıları, bütün narahatlığı Məlik Əhmədli üçün kiçik, əhəmiyyətsiz göründü, naşükürlüyün ifadəsi kimi göründü...

Bayaq tramvaydan düşəndən sonra beşinci mikrorayona tərəf getdiyi o bomboş küçələr yadına düşdü və Məlik Əhmədliyə elə gəldi ki, o bomboş küçələr, əslində, həmin minillik ömrün yoludur, eləcə bomboş, kimsəsiz, tənha...

Məlik Əhmədlinin ürəyi az qalırdı sinəsindən qopub çıxsın və o, daha yataq otağında dayana bilmədi, ehmallıca otaqdan çıxıb mətbəxə gəldi, mətbəx dolabının yuxarı gözündən yenə bir siqaret çıxarıb bayaqdan kürsünün üstündə atılıb qalmış plaşı elə gecə pijamasının üstündən əyninə geydi və həyət eyvanına çıxdı, siqareti plaşın ətəkləri arasında yandırıb eynilə İbrahim kimi, həyəcandan titrəyən barmaqları arasına aldı və sümürdü.

Məlik Əhmədli o qədər həyəcanlanmışdı ki, onun bircə anın içində cavanlaşmış, sağlamlaşmış bədəni belə həmin həyəcana dözə bilmirdi.

Beşinci mikrorayon binalarının bütün pəncərələri qaranlıq idi və bu dəm o qaranlıq pəncərə şüşələrinin arxasında yatmış adamların heç birinin xəbəri yox idi ki, Məlik Əhmədlinin bir-bir o qaranlıq pəncərələri gəzən gözləri həsrətlə doludur.

Yenə o uzaq səhradakı tənha palma Məlik Əhmədlinin yadına düşdü və ona elə gəldi ki, o özü də yavaş-yavaş həmin uzaq və tənha palma ağacına çevrilir.

Bütün mikrorayonu bürümüş həmin gecə qaranlığı Məlik Əhmədlinin ürəyini daha artıq sıxdı, az qaldı onu lap uşaqlıq dövrlərindəki kimi, ağlamaq tutsun.

Həmin gecəni səhərə kimi yata bilmədi və əlbəttə, bu yuxusuz gecədən heç kimin xəbəri olmadı, amma, hər halda, Tahirə deyəsən, nəsə hiss etmişdi, səhər tezdən zəndlə ərinin sifətinə baxdı və:

– Sənə nə olub? – soruşdu.

Məlik Əhmədli:

– Heç nə, – dedi və çayla pendir-çörək yeyə-yeyə mətbəxin eyvana açılan qapısının şüşəsindən bayıra baxdı: külək gecəkinə nisbətən xeyli azalmışdı; sonra Zəhra ilə birlikdə həyətə düşdü, qarajdan gətirib qapının ağzında saxladığı «Jiquli»yə mindi, Zəhranı bağçaya apardı, sonra da instituta getdi, maşını institutun həyətində, Musa Bağırlının maşınının yanında saxladı (Musanın maşınının karbüratoru, görünür, gecəykən öz-özünə düzəlmişdi...).

Gecə külək Məlik Əhmədlinin işlədiyi laboratoriyanın pəncərəsinin gözlüyünü vurub açmışdı və ağ kağızlara (düzdü – o ağ kağızlar illərdən bəri saralmışdı) tikib laboratoriyanın divarlarından asılmış quru kəpənəkləri yerə tökmüşdü – quru kəpənəklərin bir qismi əzilmiş, bir qisminin qanadı sınmış, ayağı qopmuşdu.

Məlik Əhmədli, demək olar ki, bütün günü həmin qurudulmuş kəpənəklərin bərpası ilə məşğul oldu, sınmış qanadları, qopmuş qıçları mikroskop altında elə dəqiqliklə yapışdırıb bitişdirdi ki, küləyin bu bəd işindən, pis əməlindən xəbəri olmayan adam həmin quru kəpənəklərə baxanda heç nə hiss etməzdi.

Və bütün bu müddət ərzində, qəribə idi, elə bil ki, dünən İbrahimgilin həyətində, yazıq Əminənin cənazəsi üstündə tarzən Abdullanın çaldığı o «Segah» uzaqlardan süzülüb gəlib laboratoriyada eşidilirdi. Məlik Əhmədli, əlbəttə, bilirdi ki, o «Segah» institutun həndəvərində çalınmır və güclə süzülüb gələn o tar səsi dünənki günün zəif əks-sədasıdı, Məlik Əhmədlinin özünün içindən axıb gəlir, elə bil, basma kağız mürəkkəbi, yox, mürəkkəbi yox, tərtəmiz şəffaf suyu özünə çəkən kimi, o «Segah» da Məlik Əhmədlinin bütün bədəninə, fikrinə-xəyalına hopmuşdu.

İş vaxtı axıra çatanda Məlik Əhmədli də quru kəpənəkləri tamam bərpa edib qurtarmış, laboratoriyanın divarlarından asmışdı. Bu elə zərif bərpaçılıq işi idi ki, Məlik Əhmədli onu laboratoriyanın texniki işçilərinə etibar edə bilməzdi, buna görə də hər şeyi əvvəldən axıra kimi özü etdi.

İnstitutdan çıxıb «Jiquli»yə mindi. Musa Bağırlı artıq çıxıb getmişdi, maşını yox idi, əvvəlcə gedib Zəhranı bağçadan götürdü, evə apardı, oturub uşaqlarla birlikdə nahar elədi və Tahirə yenə də zəndlə ərinə baxıb:

– Sənə nə olub? – soruşdu.

– Heç nə.

Məlik Əhmədli evdən çıxanda özünü sakit hiss edirdi (hətta özü də beləcə sakitliyinə təəccüb edirdi), amma bu sakitliklə bərabər, onun ürəyində elə bir hiss vardı ki, elə bil, uzaq bir səfərə çıxır və o səfər dünyanın tanınmaz-bilinməz yerlərinədir.

Axşam saat doqquza işləmişdi və dünənki sərnişinlə görüş yerini müəyyən etməsələr də, Məlik Əhmədli özünə belə izah edə bilmədiyi bir sövq-təbiiliklə hiss edirdi ki, görüş yeri dəmir yolunun qarşısındakı tinin ucunda, dünənki tramvay dayanacağındadır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

II fəsil

Vağzala sulu qar yağırdı, hava da yaman soyuq idi və elə bil ki, bu cür havada heç kim gəlib, heç kim də getməyəcəkmiş kimi, ins-cins deyilən şey gözə dəymirdi, təkcə peraşkisatan arvaddan və onun köşkünün yanında dayanıb, peraşki təpişdirən on bir-on iki yaşlarında iki oğlan uşağından başqa.Vağzalda yeganə isti yer də yəqin ki, peraşkisatan arvadın balaca köşkü idi. İçi peraşki dolu qabdan buxar qalxırdı və belə səfeh havada peraşkilər üçün həmin buxardan yaxşı reklam yox idi, amma qalın kürkün üstündən ağ xələt geymiş peraşkisatan arvad müştərisizlikdən mürgü döyürdü.

4 мин
III fəsil

Prokuror Dadaşlı çırthaçırtla yanan sobanın gözünü maşa ilə yerbəyer edib, ağır cüssəsini düzəltdi və əllərinin ikisini də şalvarının ciblərinə soxub dodaqaltı zümzümə edə-edə öz yazı mizinə yaxınlaşdı, çayı yarımçıq qalmış armudu stəkanı götürüb bir-iki qurtum içdi, yenə mizin üstünə qoydu.Armudu stəkan prokuror Dadaşlının yüz otuz kiloluq bədəni müqabilində elə kiçik görünürdü ki, elə bil o, bu soyuq havada yaxşıca dəmlənmiş xoruzpipiyi çay içmirdi, oyuncaq oynadırdı və burası da adama qəribə gəlirdi ki, bu çay bu boyda adama nə edəcək?

9 мин
IV fəsil

Gündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:– Axşamın xeyir, a Fəttah dayı, – dedi.

15 мин
V fəsil

Rayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.

7 мин

Стихи других поэтов