Salamatdı
Pasibanı oldum dost irahının,Soruşdum, öyrəndim, yar salamatdı.Belə məlum olur, şahlar şahınınBizə mərhəməti var, salamatdı.
Çox obadan, ağır eldən keçibdi,Pələng, əjdahalı koldan keçibdi,Coşqun dərya, daşqın seldən keçibdi,Öldürməyib boran-qar, salamatdı.
Çox əziyyət verib yağmur, bərfü bad,Xətrinə dəyməyib nə düşman, nə yad,Gözün aydın olsun, könlün olsun şad,Çəkməginən intizar, salamatdı.
Təb dəyişib, haldan-hala dönübdü,Cilvələnib, bir marala dönübdü,Ləblərinin şəhdi bala dönübdü,Qoynundakı bir cüt nar salamatdı.
Ələsgərəm, baxtı qara çək məni,Qul adına sat, bazara çək məni,Gülləynən öldürmə, dara çək məni,Dil deyir: güllədən dar salamatdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-salamatdi
Клавиши ← → для перехода, R — случайное стихотворение