Elməddinin vəzifəsini icra etmək üçün Sübhanı seçməkdə yanılmadığını Zərrintac xanım elə ilk günlərdən başa düşüb çox sevinmişdi. Sübhan onun gözlədiyindən və təsəvvür elədiyindən qat-qat, zirək, çevik, qılıqlı və işbilən imiş. O, öz öhdəsinə düşən işləri çox tez qavramış, vəziyyətə tez uyğunlaşmışdı. Onun Elməddindən üstün cəhətlərindən biri bu idi ki, şəhərdə böyümüşdü, şəhərin, şəhər camaatının, tacir-tüccarın necə yaşadığını, nə ilə nəfəs aldığını gözəl bilirdi. Nəssaci malları satan tacirlərin yerini-yurdunu, mal dövriyyəsini, müştərilərin çoxluğunu, azlığını Sübhan azca bir əmək sərf etməklə tamam-kamal öyrənmişdi. Halbuki Elməddin bu mətləbləri bilmək üçün xeyli vaxt itirmişdi, xeyli də əsəb. Sübhan isə şəhəri beş barmağı kimi tanıdığından ona bələdçi lazım olmamışdı. Üstəlik ayrıca sürücü saxlamaq xərcindən də Zərrintacı azad eləmişdi. Sən demə, o, lap yeniyetmə vaxtı neçə il klinar işləmiş, maşının dilini beş barmağı kimi öyrənmiş, sürməkdə də ustalaşmışdı.

Vaxtilə Əhədullanın sürdüyü və Elməddini gəzdirdiyi maşını o, bircə günün içində yuyub təmizləmiş, sazlamış, qarajdan çıxartmışdı. Yaşadığı evini qonşusunun təzə evlənmiş oğluna kirayə verərək Elməddinin nə zamansa yaşadığı o təkotaqlı, münasib şəraiti olan mənzilə köçmüşdü. Üst-başını dəyişmiş, geyim-kecimnnə fikir verməyə başlamış, tamam centlmen bir oğlan olmuşdu. Bunun üçün o, Zərrintac xanımdan pul istəməmişdi—özünün illərlə evlənmək məqsədilə yığıb topladığı pullardan xərcləmiş, əyin-başını düzəltmiş və tanınmaz dərəcədə dəyişmişdi. Danışdıqları gündən üç gün sonra Dəftərə gələndə Zərrintac xanım az qala onu tanımamışdı. Diqqətlə baxandan sonra onu tanıyıb razı halda gülümsünmüşdü. Bir həftə keçməmiş bütün şəhərdə, Nəcməddinin müəssisələrində hamı— tanıyan da, tanımayan da ancaq Sübhandan danışırdı. Elə bil möcüzə baş vermişdi. Dünənki kasıb, səhərdən-axşamacan əlində kiçik alət çantası toxucu dəzgahları arasında gəzən Sübhan indi par-par parıldayan amerikan maşınında gəzir, bir-bir müəssisələrə baş çəkir, işlərin gedişi ilə əsl sahibkar kimi maraqlanır, lazım olanda kimisə tənbeh edir, kimisə böyüdürdü, hər yerdə ondan danışırdılar:

– Yetimin bəxti gətirib, aşığı alçı durub.

– Ey kidi dünya, dünən bu maşında Elməddin gəzirdi, indi Sübhan gəzir.

– Yəqin ağamızın qızını da alıb.

– Bəs nə? Yoxsa onun qara qaşına, qara gözünə aşiq olub Zərrintac xanım ki, bu boyda ixtiyarı verib yetimin birinə?!

– Yox, o Sübhanı yaxın buraxmaz!

– Yaxın buraxmaq bilmirəm sən nəyə deyirsən? Kor-kor, gör-gör də.

– Özgə atına minən tez düşər, bala!

– Düşənəcən yenə qənimətdi, kişi! Onsuz da dünya bietibar dünyadı. Heç kəs bilmir səhər başına nə gələcək. Ona görə əlinə harda, nədə fürsət düşdü, istifadə eləməsən, axmaq adamsan.

– Düz deyirsən bala. Dünən Sübhan əlimizin altında işləyirdi, bu gün ağamızdı.

Bu söhbətlər Sübhanı yaxından-uzaqdan tanıyan kişilər arasında gedirdi. Qadınlar isə, xüsusilə bu yaxın vaxtlaracan onunla bir yerdə işləyən qadınlar tamam ayrı cür danışırdılar:

– Mən elə əvvəldən hiss eləmişdim ki, Sübhanla onun arasında nə isə var!

– Son vaxtlar xanım bura gələndə elə hey gözaltı Sübhana baxıb yanıqlı-yanıqlı köks ötürürdü.

– Elə şey olmaz, ay qız.

– Həzrət Abbas haqqı, bax bu gözlərimlə görmüşəm. Elə oğlan da onu görəndə hayıl-mayıl olurdu.

– Mən heç fikir verməmişəm.

– Eh, sən nəyə fikir verirsən, ay bədbəxt, ona da fikir verəsən. Sübhan cavandı, qəşəngdi, xanım da şorgözdü yaman. Kişilərə baxanda az qalır baxışları ilə yesin yazıqları. Bəs Elməddin yazıq niyə qoydu qaçdı onu? Elə ona görə. Çox kişipərəst arvaddı bizim ağamızın qızı! Bir kişi onun öhdəsindən gələ bilməz. Mən ölü, siz qalı, baxarsız, kec-tez Sübhanın dalından da dəyəcək. Görərsiz!

Bəli, bunlar da arvad söz-söhbəti idi. Əslində isə, nə Zərrintac xanım, nə də Sübhan belə şeylər barədə düşünürdü. Zərrintac xanım çox şad idi ki, nəhayət, özünü yorub əldən salan, əslində qadına yaraşmayan bu zəhlətökən işi başından eləmişdi, həm də Sübhan kimi ağıllı bir adamın öhdəsinə buraxmışdı. İndi tamamilə arxayın yaşamaq olardı, dərdsiz-qayğısız yaşamaq olardı. Bir azdan xaricə də, məsələn, Parijə, Londona da rahatca gedə bilərdi. Bu da qəribə idi ki, Sübhan nə qədər cavan da, qəşəng də olsa, xüsusilə fəhlə libasından çıxandan sonra nə qədər cazibədar olsa da, bir kişi kimi Zərrintac xanımın diqqətini cəlb eləmirdi. O xanımın nəzərində sadəcə Sübhan idi, sadəcə iş icraçısı qulluqçu idi, vəssalam.

Sübhan da Zərrintac xanıma başqa gözlə baxmağı ağlına belə gətirmirdi. Xanım onun ağası idi, çörək verəni idi, yatanda yuxusuna belə gətirməyən bir səadət bəxş eləmişdi ona. Qəlbi xanıma qarşı minnətdarlıq hissilə dolu idi—ancaq minnətdarlıq hissilə. O, bəzən bu səadətinə inana bilmirdi, bu ona yuxu kimi gəlirdi. Ancaq açarı cibindən çıxarıb Dəftərin qapısını açanda, maşına minib harasa gedəndə, sayıb qurtarmağa vaxtı belə çatmayan pulları aparıb banka verəndə bunun həqiqət olduğuna inanırdı və şükranlıq duyğusu ilə Zərrintac xanımın ömrünə dua eləyirdi, atası ağayi Nəcməddinin ruhuna rəhmət oxuyurdu. Və bu yaxşılığın altından ancaq sədaqətlə xidmət etməklə çıxmaq mümkün olduğunu başa düşürdü. Zərrintac xanıma düzlük və sədaqətlə xidmət etmək: vəssalam. Bu, Sübhan başa düşürdü ki, eyni zamanda özü üçün də gün ağlamaq, gələcəyini təmin etmək idi!.. Sübhan bunları ürəyində götür-qoy eləyən günlərin birində, küçədə təsadüfən rast gəldiyi dostlarından biri — Mərdan onu yeni işi, yeni vəzifəsi münasibətilə təbrik etdikdən sonra ərkyana göz vurub:

– Deyəsən, xanımın sənin haqqında fikri başqadı, dost. Mən belə güman eləyirəm ki, o sənə ərə getmək xəyalındadır deyəsən, — dedikdə Sübhan narazılıqla başını bulayıb:

– Yox, yox! — demişdi. — O elə fikirdə olsa da, mən qətiyyən buna razı olmaram.

– Niyə? Onda axmaq olarsan, qardaş! Mən bunu qəsdən yadına salıram sənin. Sən indidən öz işlərini bu istiqamətdə qurmalısan, qəlbinə girməlisən, xoşuna gəlməlisən. Onu alsan milyonlar sənin olar. Belə bir imkandan ancaq ağılsız adamlar istifadə eləməzlər, ancaq axmaq adamlar. Sən ki ağıllı oğlansan. Sən...

– Yox, Mərdan. İstəmirəm elə milyonları. Çünki o mənim, daha doğrusu, mən onun tayı deyiləm. Deyirlər, taylı tayını tapmasa, günü ah-vayla keçər. Atalar deyib: ayağını yorğanına görə uzat! Elməddinin axırını görmədin? O, məndən pis oğlan idi? Yox. Qoydu qaçdı, baş götürüb getdi.

– Nə deyirəm, özün bilən məsləhətdi ; Ancaq sonra peşman olacaqsan, onda deyərəm sənə.

İki dost arasında baş vermiş bu söhbətdən üç gün keçmiş isə, günortaya yaxın Zərrintac xanım Sübhana zəng eləyib iş-gücü ilə, vəziyyətlə ətraflı tanış olandan sonra oğlanın təəccübünə səbəb ola biləcək və əslində isə ürəyincə olan bir tapşırıq da vermişdi:

—Mən özüm səni çağırmayınca, bizə gəlmə. Eşidirsən?

– Bəli, xanım.

– Nə dolaşıq, çətin işin olsa—məncə bu da çox az-az olar— zəng elə, soruş, amma özün gəlmə.

– Baş üstə, xanım. Siz deyəndən sonra mənim nə ixtiyarım var, xanım.

Sübhan hələ də bu sözlərin mənasını həzm eləməmiş, eşitdiklərinin həqiqət olub-olmadığını dərk etməmiş, o başda Zərrintac xanımın əlindəki dəstəkdə gülüşəbənzər bir səs eşitdi, ancaq ayırd eləyə bilmədi ki, bu gülüşdü ya yox? Əgər gülüş idisə, burda gülməli nə vardı və xanım niyə açıq gülmürdü?

Çaşbaş qalmış Sübhan hardan biləydi ki, onun «Siz deyəndən sonra mənim nə ixtiyarım var?» deməsinə gülürdü xanım. Hardan biləydi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, on altıncı fəsil

Nəzərin əhvali-ruhiyyəsi o qədər də yaxşı deyildi. İki gün idi Bakıdan qayıtmışdı, neçə vaxt görmədiyi Bikəsini, ev-eşiyini görüb, xeyli toxtamış, rahatlanmışdısa da, bu, uzun çəkməmişdi. Tapdıq ayaqüstü bir stəkan çay içib: «Uşaqlar, Güldanə nigaran qalarlar!» ⎯ deyərək, gedəndən sonra, ər-arvad üzbəüz oturub gecə yarıdan keçənəcən söhbət eləmişdilər; Bikə kənddəki əhvalatlardan, Nəzər isə gördüklərindən söz açmışdı.Gələndən eyni açılmırdı. Bir yandan İmran kişinin ölümü heç cür yadından çıxmırdısa, Süleymanın düşdüyü ağır vəziyyət gözünün qabağından getmirdisə, o biri yandan Qəribin hərəkəti onu rahat buraxmırdı. Qərib onun tapşırığına, anasının xahişinə məhəl qoymayaraq, evdə duruş gətirməmişdi, arvadı dörd divar arasında tək qoyub getmişdi. «Səni yeməyəcəklər ha. Nədən qorxursan? Həmişə biz sənin ətəyinin dibini kəsdirib oturmayacağıq ha! Adamın ürəyi sıxılır burda! Kəsafət basır adamı burda!» «Nə olub, ay oğul, doğulduğun, böyüdüyün ev-eşik döyülmü? Nə olub indi gözünə xox görünür?»

23 мин
Birinci hissə, on yeddinci fəsil

Şam eləmişdilər, indi də çay içirdilər. Hava sərin idi, yüngül meh əsirdi, tut ağacının yaşıl yarpaqları gecə mahnısı oxuyurdu. Başının üstdəki yaşıl budaqdan yarısı saralmış bir yarpaq saplağından üzülərək ləngərli uçuşla düz Nəzərin qabağına düşdü. Nəzər əlini uzadıb yarpağı götürdü, baxdı:⎯ Şeh var ha… ⎯ Xırda, zərif, civə zərrələrinə oxşayan şeh damcılarını Bikə xanıma göstərdi. ⎯ Payız gəlir yavaş-yavaş!..

6 мин
İkinci hissə, birinci fəsil

Hava qaralmışdı, dörd bir yanına ağ daşdan hasar çəkilmiş, sırayla, səliqə ilə şam ağacları, çinarlar, akasiyalar, gül kolları əkilmiş yamyaşıl parkın o qədər də enli olmayan yeganə xiyabanının sağ-solunda basdırılmış beton dirəklərin kəlləsindəki çıraqlar işıq saçırdı. Yüngül meh əsirdi, sentyabr günəşinin ağacların kölgəliyində sığınıb qalmış istisini-hərarətini qovub bağdan çıxarır, harasa uzaqlara aparırdı. İns-cins yox idi parkda. Sağ əlini irəli uzadaraq sanki ardı-arası kəsilmədən «El bilir ki, sən mənimsən» söyləyən və elə bil bundan əsla yorulub usanmayan, üz-gözündən, qırımından, duruşundan gələcək nəsillərə, qərinələrə o sadə, məhəbbətdən yoğrulmuş sözləri deyəcəyindən yorulmayacağı oxunan şairin əzəmətli heykəlinin yaxınlığındakı oturacaqda əyləşmiş Nəzər müəllimdən başqa kimsə gözə dəymirdi. Nəzərin çox yaxşı tanıdığı və illər uzunu bu parka dədəsinin bağı kimi baxan, yay-qış, səhərin gözü açılandan şər qarışana qədər, bəzən də çatdıra bilməyəndə lap axşamlar, lampa işığı altında, əlində gah bel, gah qayçı buralarda hərlənən Şirəli kişi də, onun ürəyinin atlanmış bu vaxtında tərs kimi yox idi. O, şairin heykəlinə baxa-baxa nədənsə bir az əvvəl Əmiraslanovla elədiyi söhbəti yox, bu parkı saldıqları vaxtı xatırlayırdı. Bu, uzun illər bundan qabaq olmuşdu, rayona Ənvər adlı (heyf familini unutmuşdu) bir katib gəlmişdi və o Ənvər bu parkı salmaq təşəbbüsünü qaldırmışdı. Rayonun cavanlarını, müəllimlərini, hətta kənd yeniyetmələrini və ziyalılarını bir payız günü yığıb bura tökmüşdü, işlətmişdi. İnsafən özü də əlini belinə vurub ağa kimi kənarda dayanaraq göstəriş verməmişdi, bel götürüb camaatla deyə-gülə, zarafat eləyə-eləyə işləmişdi, ağac əkmişdi, yer şumlamışdı və ən azı bir aya görüləcək işi bir günün içində başa vurdurmuşdu. Nəzər müəllim də onda məktəbin komsomolçularından bir dəstəsi ilə burda çalışmışdı. Onda müharibə təzə qurtarmışdı. Ənvər müəllimin təklifi ilə o parka «Qələbə» adı vermişdilər. Ancaq bu ad rəsmi kağız-kuğuz üstə, qəzet səhifələrində belə qalmışdı; hamı nədənsə onu «Ənvər bağı» adlandırırdı. Ənvər çoxdan çıxıb getmişdi, bəlkə hardasa uzaq bir yerdə, ya Bakıda işləyirdi, bəlkə də, kim bilir, dünyadan köçmüşdü. Çox güman ki, belə idi, çünki elə o zaman Ənvərin əllidən yuxarıydı yaşı. O, indi burda, bəlkə dünyada da yox idi, amma «Ənvər bağı» yaşayırdı. Nəzərin yaxşı yadındaydı, o vaxt əkdikləri çinarların, şam ağaclarının çoxu indi qol-budaq atıb göylərə baş çəkirdi, ancaq bir çoxu da qocalmışdı, qurumuşdu, parkın qocaman bağbanı Şirəli kişinin iti mişarı, tiyəsi par-par parıldayan baltası onları kəsib yerə yıxmışdı. Qəribədi, ağaclar da adamlar kimi yaşayır, qocalır, ölürlər, fərq yalnız bundadı ki, onlar ölən kimi yaddan çıxır, ancaq insan unudulmur. Yaşayır, yaşayır və ölməzliyə qovuşur. Bax, o Ənvər kimi, bax, bu şair kimi. Nəzər müştüyünə siqaret keçirə-keçirə fikirləşirdi ki, gör o vaxtdan ⎯ Ənvər gedəndən sonra bu uzun müddətdə rayona neçə katib gəlib, saymaq istədi, hesabı itirdi; hə, ən azı on katib gəlib-gedib. Hərəsi, həmişə qalan bir iş görsəydi, nə yaxşı olardı?! Onda yəqin bu rayon cənnətə dönərdi, torpağımızın ən gözəl guşələrindən birinə çevrilərdi! Əlbəttə, çevrilərdi və baş ucalığı olardı, onların da, o adamların da adını yaşadardı!.. İlahi bu adi hikməti görəsən adamların bir çoxu niyə başa düşmür. Niyə başa düşmür, ilahi?! Hansına gedib anladasan, hansının qulağına pıçıldayasan, hansına hikmət dərsi keçəsən bu zavallıların?Sualı cavabsız idi, əlbəttə. Fikirli-fikirli siqaretini yandırdı, sümürdü. Bədəninin hərarəti soyumuşdu; özündə qəribə, haçandı hiss eləmədiyi bir yüngüllük duyub sinə dolusu rahat nəfəs aldı. Bu, havadandımı, mehdəndimi? Əvvəlcə ayırd eləyə bilmədi. Birdən hər şeyi başa düşdü ⎯ bu, bir saat, saat yarım qabaqkı söhbətin ⎯ katiblə söhbətin yaratdığı xoş ovqat imiş, sən demə. Və buna təəccüb elədi ki, necə olub o, bu boyda məsələni unudub, Ənvər, Şirəli kişi, ağaclar, şair haqqında düşünüb? Bəlkə bu ona görə belə olmuşdu ki, gözləmirdi, yatsaydı, heç yuxusuna da girməzdi ki, Şakir Şakirzadənin rəhmsizcəsinə, ürəyini, çəkəcəyi əzabları bir insan kimi duymadan, çox asanlıqla adının üstündən qələm çəkdiyi, «min ilin ölüsünə qatdığı» bir vaxtda onu, Nəzər müəllimi yad edəcəklər, təzədən həyata (bəli, məhz həyata) qaytaracaqlar? Bu yuxuydumu, xəyalıydımı, ya həqiqət idi?.. Key kimi olmuşdu. İnanmaq istəməmişdi. Ancaq indi bədəni soyuyub ürəyi rahatlanandan, beyni neçə vaxtdan bəri getdikcə qalınlaşıb tutqunlaşan dumanlar içindən sıyrılıb çıxandan sonra bunun yuxu, xəyal yox, həqiqət olduğuna əmin olmuşdu. Və bu həqiqəti dərk edən andan yenə qəlbi həyəcanla çırpınmağa başladı. Sinəsi genişləndi elə bil, parkın təmiz havası sehrli bir yüngüllüklə ciyərlərinə doldu. Sanki o, indi çəkisizlik şəraitində, bu böyük, yaşıl və sakit parkın içində havada üzürdü. Heç bir sıxıntısı yox idi qəlbində, saçları da sanki ağarmamışdı, qıçını da çəkdiyi bilinmirdi, dizinin altında illərlə yatıb qalmış qəlpə qırığı da yox idi elə bil, əriyib qana, iliyə qarışmışdı. Yox, bu boyda zarafat olmazdı, bu söhbət olan o binada belə zarafatlar ola bilməz, ola bilməz! Çünki ağlı kəsəndən, gözünü açandan bəri o binada deyilən sözlərin həqiqət olduğuna, həqiqət olacağına qəlbən, sidqi-dildən inanmağa adət eləmişdi. Ordan çıxan, qanun libası geyən və idarələrə, kəndlərə, ayrı-ayrı evlərə, adamların beyninə, ürəyinə yol alan o qəbil sözlərin bəzən düz çıxmadığını belə görəndə də, hiss eləyəndə də Nəzər o binaya inamını itirməmişdi, günahı o binada yox, o sözü deyəndə görmüşdü, heyifsilənmişdi. Fikri bu məqama, bu nöqtəyə çatanda qeyri-ixtiyari dönüb yaşıl xiyabanın o başında, parkın çox vaxt açıq olan dəmir darvazasının üstündə ⎯ neçə addım aralıda, ikimərtəbəli binanın ikinci mərtəbəsində yanan o gur işıqlara baxdı və özünün bir az qabaq o kabinetdə, o çilçıraq altında oturduğu dəqəqələri saniyələrinəcən xəyalında canlandırdı, düşündü ki, yəqin yoldaş Əmiraslanov indi də Nəzər kimi qəlbi sındırılmış, əqidəsinə, məsləkinə rəhmsizcəsinə zərbə vurulmuş kimisə qarşısında əyləşdirib, yarızarafat, yarıciddi könlünü alır, kiminsə, hansı nadanınsa buraxdığı səhvi düzəldir, ürəyinə işıq səpir, məsləkinə dayaq olur… Görəsən kim idi o adam, hansı qəlbiqırıq idi? Bir anlığa Nəzərin ürəyində ayağa qalxıb, gedib o adamın ⎯ xəyalında uydurduğu o adamın gözlərinə baxmaq arzusu oyandı, qayibanə hissin təsirilə durmaq istəyəndə birdən yadına düşdü ki, Əmiraslanov harasa tələsirdi, kimsə onu gözləyirdi, yəqin indi getmiş olar! Əgər gedibsə, gərək işığı söndürəydi Əmiraslanov. Boş-boşuna niyə yansın axı o işıq? Bu sual qəlbindən qopdu Nəzərin, ancaq elə o an da o sualın qayibanə gələn cavabını eşitdi: «Yox, qoy yansın o işıq. Harda sönsə də, orda sönməməlidi. Yolunu azan, ümidini itirən, oğurluğa, əyriliyə, cinayətə əl atmağa məcbur olmamış, o işığa gələ bilər, o işıqdan nicat, kömək istəyə bilər. Yox, harda qənaət eləyirsiz eləyin, burda o qənaəti eləməyin, siz allah. Qoyun işıq yansın!..»

16 мин
İkinci hissə, ikinci fəsil

Nəzər beşmərtəbəli binanın birinci mərtəbəsinin üçüncü girəcəyinin sağ qapısı qənşərində ayaq saxladı. Sarı taxtadan düzəldilmiş qapının üstünə yarım səhifəlik kağız yapışdırılmışdı və üzərinə «Qərib Nəzərli» sözləri yazılmışdı. Kişi bığaltı gülümsündü və şəhadət barmağının ucu ilə düyməni basdı. İçəridən addım səsi eşidildi və cəftə şaqqıldadı. Ucaboylu, qara bığlı Qərib astanada atasını görəndə döyükdü, ağzındakı tikəni alatələsik uddu:⎯ Sənsən? ⎯ dedi.

8 мин

Стихи других поэтов