Страница 2 из 5 · 20%

Fikirləri burda qalırdı. Torpaq yolla bir maşın gəlirdi, faraları gecənin qaranlığını iki işıq xəncəri kimi kəsirdi. Nəzər beynini yoran düşüncələrdən xilas olub sevincək əlini yerə dirəyərək qalxdı. «Həriflər gəlir!» ⎯ dedi bərkdən və yolun qırağına çıxdı. Bu ara uzun qulaqlarını şəkləmiş, hoppana-hoppana qaçan boz bir dovşan gözü işığa düşdüyündən kənara çıxa bilməyib düz onun üstünə doğru qaçmağa başlayanda Nəzər öskürdü və dovşan özünü sola atıb qamışlığa soxuldu.

Maşın Nəzərin tuşuna çatanda yavaşıdı, gəlib yanında dayandı. Motor asta ayaqda işləyirdi, ancaq sürücü işığı çatan kimi söndürdü. Kabinədən kepkalı bir baş çıxdı. Nəzər, qaranlıq olsa da maşının ağzınacan yeşiklərlə dolu olduğunu ⎯ bunun ya pomidor, ya xiyar olacağını fəhmlə başa düşüb qımışdı. Oğlan ədəblə salam verdi: ⎯ Axşamın xeyir, day-day…

⎯ Aqibətin xeyir, oğul.

⎯ Biz bu balaca yolu azmışıq deyəsən. Bu Zərrəbin yoluna necə çıxmaq olar, day-day?

⎯ Hə. Çox asan. Elə mən də o tərəfə gedirəm.

⎯ Həri? Onda min, day-day… ⎯ Kepkalı oğlan kabinənin qapısını açıb özü sürücüyə tərəf sığındı. ⎯ Egləş, day-day.

Nəzər qatlanmayan qıçı üstə dayanıb sağ ayağını pilləkənə qoyaraq qalxdı, kabinədə oturub qapını çırpdı.

⎯ Sür, alə, getdik, ⎯ deyə kepkalı oğlan sürücünü dümsüklədi. Nəzər o dəqiqə başa düşdü ki, kepkalı oğlan şəhər uşağıdı, özü də malın sahibidi. Sürücü dinib-danışmırdı.

⎯ Day-day, hansı yolnan sürək? ⎯ Sağnan, solnan?

⎯ Sağnan, bala. Mən sizi ⎯ bunu deyəndə Nəzər kişi udqundu və qaranlıqda bic-bic qımışıb davam etdi ⎯ mən sizi elə kəsə yolnan aparacam ki, heç ruhunuz da inciməyəcək. Lap kəsə yolnan! Görürəm, şəhərdən gəlibsiz. Bəs nə əcəb o asfalt yoldan çıxıbsız? ⎯ Kəndə getmişdik…

⎯ Hə… Deyəsən xiyar-pomidordu yükünüz ⎯ Nəzər zənnini yoxlamaq istədi.

⎯ Həri. ⎯ Səksənən kimi oldu oğlan. ⎯ Nədən bildüz, day-day?

⎯ Təzə-tər xiyarın ətri uzaqdan adamın burnuna gəlir. Nəzər yaxşı bilirdi ki, xiyarın, pomidorun iyi yoxdu. Elə-belə demişdi bunu. ⎯ Həri? Bah atonnan. Gör nə xiyardu ha. Deyirsən uzaqdan gəl-gəl deyir, həri?

Nəzər gülməyini güclə saxlayıb ömründə ilk dəfə:

⎯ Həri, ⎯ dedi və sonra ciddiləşib ⎯ inşallah, səfəriz Rusiyyət tərəfədi, hə? ⎯ deyə xəbər aldı.

Kepkalı oğlan maşın işığında Nəzərə baxmışdı, bayaqdan da yanında çəpəki göz qoymuşdu ⎯ adi adam idi, orqan işçisinə-filana oxşamırdı. Ona görə, ürəyi buz kimiydi.

⎯ Həri, ⎯ deyə kepkalı oğlan gecə onlara böyük məmnuniyyətlə yol göstərən bu şikəst kişidən heç şübhələnməyərək düzünü boynuna aldı. ⎯ Həri. İndi Rusiyyət camaatı pomidordan-xiyardan sarı sinov gedir. Nöşün ki, orda hələ yetişməyib. Bilirsən də, oralar soyuq olan yerlərdi. Gec yetişir…

⎯ Hə. Eşitmişəm. ⎯ Nəzər müştüyünü çıxartdı, bir dənə «Avrora» sancdı ucuna. Bu zaman kepkalı oğlan da köynəyinin döş cibindəki qutudan bir gilə siqaret götürüb damağına qoydu və qaz alışqanı ilə əvvəlcə NəzəriN. Sonra özünün siqaretini yandırdı.

⎯ Çox sağ ol, oğlan. Sənin adın nə oldu.

⎯ Adım? Adım… İbaddı, day-day. Soruşmaq ayıb olmasın, bəs sənin adun nədü?

⎯ Nəzərdi mənim adım.

⎯ Çox yaxçı, Nəzər day-day…

Nəzər siqaretinə qullab vurub:

⎯ Amma, İbad, mən sənin yerinə olsaydım, maşınımın ağzını döndərərdim düz Bakıya, ⎯ dedi.

İbad bir şey anlamayıb:

⎯ Bakıya? ⎯ deyə təəccüblə xəbər aldı.

⎯ Hə, Bakıya.

⎯ Bakıda nə var, Nəzər day-day?

⎯ Niyə, Bakıda bazar yoxdu?

⎯ Var.

⎯ Məgər Bakıdakı adamlar xiyar-pomidor yemək ⎯ nübar eləmək istəmir?

⎯ Nöşün, istiyir. Hə, səni başa düşdüm, day-day… Amma iş alayı cürədi, day-day.

⎯ Yəni nə cürnədi? Acığına gəlməsin, a, İbad, söhbətdi də, eləyirik. Yola körpü salmaq üçün.

⎯ Həri, həri. Elə mən də söhbət aşığıyam. Yoxsa bunun kimi ⎯ sürücünü göstərdi ⎯ ağzına su alıb, oturub. Ətağa cəddi, Bakıdan o kəndə, kənddən də bura gələnəcən əgər bundan «hə»dən, «yox»dan başqa bir söz eşitmişəmsə, atam Sonquluya lənət. Hələ mən onun dərdin çəkirəm ki, bu uzaqlıqda yolu mən bunnan necə gedəcəm.

Bayaqdan bəri birinci dəfə sürücünün gur səsi eşidildi:

⎯ Mən yolnan danışıram.

⎯ Kimnən danışırsan? ⎯ İbad təəccüblə xəbər aldısa da, sürücü sözlərini təkrar eləməyə ərindi. Ondan bir cavab ala bilməyəcəyinə inanıb Nəzərə sarı döndü:

⎯ Kimnən danışıram deyir?

⎯ Deyir yolnan danışıram.

İbad ona çəpəki nəzər saldı, ancaq yenə üzünü Nəzərə çöndərdi: ⎯ Əntiqə adamdı ey, sən öləsən. ⎯ Yenə sürücüyə baxdı: ⎯ Alə, adam da dilsiz-ağızsız yolnan danışar? ⎯ Sürücü sükanı sağa-sola hərləyirdi, dillənmədi. İbad kinayə ilə:

⎯ Həri, həri, sən yolnan danış, mən də day-daynan. Heç bilmədim nədən söhbət eləyirdik? ⎯ dedi.

Nəzər yadına saldı:

⎯ Deyirdin ki, məsələ alayı cürnədi. ⎯ Nəzər eynən onun sözlərini təkrar elədi.

⎯ Həri, həri, alayı cürnədi məsələ, day-day. İş bundadı ki, indi Bakıda xiyar-pomidorun nübar vaxtı olsa da, ucuzdu, day-day.

⎯ Neçəyədi yəni?

⎯ Məsəlçün, xiyar beş manat, pomidor altı-yeddi manat.

⎯ Bu ucuzdu? Evini allah tiksin: xiyar beş manata pomidor altı-yeddi manata ucuzdu?

⎯ Həri, həri. O da iki-üç günlükdü, sonra beli sınır, olur lap şor qiymətinə.

⎯ Bəs o apardığın yerdə neçəyədi, İbad?

İbad, şirin, dadlı bir şey tapmış uşaq kimi əlini əlinə sürtdü: ⎯ Ux, orda çox bahadı, day-day. Bu xiyar-pomidor ki, var ha, indi aparıram, sağ-salamat aparıb çıxarda bilsəm, kiloyu on manatdan fır-fır fırıldayacaq, heç ayağı da yerə dəyməyəcək. Həri. Nöşün ki, nübardı, nöşün ki, soçnıdı, vitaminnidi, azerbaycanskidi, day-day. Elə ki, bir dəfə car çəkib deyirəm ki, oqurtsi, pomidor iz solneçnoqo Azerbaycana ⎯ növbənin bir ucu burda olur, o biri ucu gedir çıxır Söyünbala açıqlığına.

⎯ Hara? ⎯ Nəzər kişi qımışdı. ⎯ Söyünbala açıqlığına?

⎯ Eh, çaşdım, day-day. Söyünbala açıqlığı məhəlləmizdi.

⎯ Hə, yoxsa elə bildim ki, orda da Söyünbala açıqlığı var. Tanıyıram, cavan vaxtı o məhəllədə kvartirant qalmışam.

⎯ Həri? ⎯ İbad sevindi. ⎯ Day deynən məhlə uşağımızsan ki…

Nəzərin bu ədəbsiz və çənədən boş oğlandan ilk anlardan nə isə xoşu gəlməmişdi. Bu sözləri eşidəndə lap çiyrindi. Ancaq hövsələsini basıb bir şey demədi, tələbəlik illərini xatırlayıb gülümsündü:

⎯ Bir abadlıq işi-zadı görüblər orda? Ya elə otuz-qırx il qabaqkı kimidi?

⎯ Həri. Ancaq fikir var. Sökəcəklər, yeni, uca-uca binalar tikəcəklər. Planın da çəkib asığlar küçənin qurtaracağından. Planı qəşəngdi, çox qəşəngdi, day-day.

Nəzər bu söhbətin yersiz olduğunu elə başlayan kimi başa düşmüşdü. Əsas məsələni unutmaq olmazdı. Odur ki, sözü hərləyib yenə pomidorun-xiyarın üstünə gətirdi.

⎯ Belə… pomidor, xiyar… Soçni, vitaminni… iz solneçnoqo Azerbaydjana… ⎯ Nəzər güldü ⎯ Ay səni, İbad.

⎯ Həri, həri. Özü də oranın adamları çox qulturnıdı. Oçurda dava-dalaş saldı nədi. Yox, yox. Quzu kimi, cınqırlarını da çıxartmadan, bir-birinin dalınca düzülürlər. Həri. Yoxsa bizimkilər kimi. Hələ oçura durmağı da bilmillər bizimkilər.

⎯ Yaxşı, xiyarı, pomidoru neçədən almısan?

⎯ Hoptum üç manatdan. Həri. Düz beş tondu. On beş min nağd-dəlləzi vərmişəm.

⎯ Bəs, ⎯ Nəzər başı ilə sürücüyə işarə elədi ⎯ bu yollarnan danışan oğlana nə qədər vermisən?

⎯ Buna? Buna min beş yüz. Həri. Düz min beş yüz. Yolda da yeyib-içməyi mənim şotumadı.

Nəzər fikrində hesabladı: on beş min, üstə gəl min beş yüz, yolda da yeməkləri-içməkləri, başqa xərcləri də ən azı min manat. Hamısı on yeddi min yarım. Elə yuvarlaq götürsək, on səkkiz min. Vay dədə, vay. Gör nə qədər puldu bu. Və Nəzər ürək ağrısı ilə bunu da düşündü ki, onun heç vaxt bu qədər pulu olmayıb və çətin ki, bundan sonra da olsun. «Yox, olmayacaq. Vallah, olmayacaq, billah, olmayacaq».

⎯ Yəqin yolda rast gəldiyin milisə, QAİ-yə də bir filan qədər xərcin çıxacaq, heylədimi?

⎯ Həri. Day onu deməzlər. İki min də onlarçün ayırmışam. İt aparan hesab olsun. Amma allah eləsin o mərdimazar uşağına rast gəlməyək heç.

«Mərdimazar uşağı» ⎯ bu sözlər Nəzərin qulağını cırmaqladı və ürəyində bu ədəbsizi söydü: «faşist oğlu faşist». Yəqin heç orta təhsili də yoxdu ⎯ iyirmi mini var amma…»

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, birinci fəsil

Gözlənilmədən, dalbadal gələn ağır və sarsıdıcı xəbərlər — Şəfinin öz qapısının ağzında vurulması, bir ay əvvəl evlənib yeni ailə həyatı qurmuş Elməddinin həbs olunması xəbərləri onsuz da gizli təşkilatın bütün ağırlıqlarını çiynində daşıyan, gecəni gündüzə qatıb işləyən, qarşıdakı parlament iclasında edəcəyi çıxışın mətnini yazıb-pozan, vaxtlı-vaxtında yeyib-içməyini belə yadından çıxaran Bəbirin ovqatını yamanca təlx eləmişdi. Xəbərin ikisi də ciddi düşünmək, siyasi vəziyyəti qiymətləndirmək və müəyyən nəticələrə gəlmək üçün kifayət qədər əsas verirdi.Bəbir Şəfini çox sevirdi, onun istedadını yüksək qiymətləndirirdi, sözünün, özünün şöhrətinin hezbə necə də gərəkli olduğunu çox yaxşı bilirdi. Şəfinii — bu qüdrətli sənətkarın, şəxsiyyəti bütöv, əqidəsi sarsılmaz olan bu insanın onların cəbhəsində olması böyük qüvvə idi. Onun el içində, camaat arasındakı nüfuzunu təkcə Bəbir və məslək yoldaşları deyil, onun irəlicədən də düzgün təyin etdiyi kimi, düşmənləri də görürmüşlər. Şairin həbsxanadan azad olunması üçün keçən dəfə Kabilin küçələrini tutmuş o güclü, izdihamlı nümayişlərdən sonra, əlahəzrətin ağıllı tərpənib başqa, daha təhlükəli xətt-hərəkət seçməsini Bəbir elə həmin gün — Şəfi «Ərkişahi»dəki qəbuldan çıxıb yanına gələndə hiss eləmişdi və bu qabulun nə demək olduğunu bütün incəliklərinə qədər başa düşmüşdü. Hadisələrin sonrakı gedişi Bəbirin yanılmadığını göstərirdi. Şairi vurmuşdular. Bu xəbəri eşidən kimi Ziyaülhəqqin polis idarəsinə gedərək hadisəni şəhər polis rəisinin nəzərinə çatdırmasına baxmayaraq, qatil hələ də tapılmamışdı. Belə qənaətə gəlmək olardı ki, tapılmayacaqdı da.

7 мин
Üçüncü hissə, ikinci fəsil

Dünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.

7 мин
Üçüncü hissə, üçüncü fəsil

Elməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.

11 мин
Üçüncü hissə, dördüncü fəsil

Hökm oxunan günü, axşam Elməddini, Əhədulla bir dəst yorğan-döşək gətirəndən sonra şəhər həbsxanasından Poli-çərxi həbsxanasına gətirmişdilər. Bu həbsxana ona tanış idi, iki-üç il əvvəl də burada yatmışdı. Onu təkadamlıq kamerada saxlayırdılar. Kiçik, hündür divarlı, əl çatmayan yerdə bir dənə dairəvi pəncərəsi olan bir otaq idi — qapısı dəmir idi. İçərinin döşəməsi sement idi. Ancaq taxt qoyulmuşdu divarın dibinə. Yanında taxtadan düzəldilmiş, əl vuranda cır-cır cırıldayan stol vardı. Divarlar kömürlə, mıxla yazıq-yazıq idi. Burada vaxtilə yatanlar adlarını, həbs olunma və çıxma tarixlərini yazmışdılar. Eləsi var idi ki, bu otağa düşmə tarixini yazmışdı, çıxma tarixini yox. Elməddin əyri-üyrü xətlərə göz gəzdirə-gəzdirə düşünürdü ki, yəqin buraxıldığını eşidib sevincək olublar belələri, ya da... Ya da gözlənilmədən çıxarılıblar, bir daha bura qayıtmayıblar! Hərəsi bir insan taleyi idi, təklik, əzab-əziyyət tarixi idi bu yazıların.Poli-çərxi həbsxanasında, demək olar ki, bu illər ərzində Heç bir dəyişiklik olmamışdı. Amirsahib və Şəfini rəhmsizcəsinə döyüb dırnaqlarını çıxaran Dostməmməd hələ burada idi. Onlar Elməddini görən kimi tanımışdılar. Müşayiətçi zabitin təqdim etdiyi sənədləri oxuyan həbsxana amiri yanındakı zabitə müraciətlə:

14 мин

Стихи других поэтов