Страница 3 из 5 · 40%

Ani sükutdan sonra Nəzər:

⎯ Ancaq, vallah, mən sənin yerinə olsaydım, bu əziyyəti çəkməzdim, bu uzaq yolu getməzdim, ⎯ dedi.

⎯ Nöşün, day-day? Sən mələsənin ancaq bir tərəfini fikirləşirsən, day-day. O biri tərəfi alayı cürnədi, day-day.

⎯ O hansı tərəfidi, bala?

⎯ O tərəfidi ki, olar da ⎯ yəni rusiyyətdəkilər də bizim qərdeşlərimizdi, day-day. Heç insaf deyil ki, biz indi təzə-tər xiyar, pomidor yeyək, olar qalsın baxa-baxa. Necə olsa yaxçı deyil. Belənçik yaxçı düşmür, day-day.

⎯ Sən onun fikrini nahaq çəkirsən, İbad, ⎯ deyə Nəzər ürəyində onun «diplomlu julik» olduğunu yəqin etdi. ⎯ Onların fikrini sən nahaq çəkirsən. Dövlət özü onların payını göndərir. Bax, elə biri bizim rayonumuz. Bu il yüz iyirmi min ton pomidor, xiyar, kələm göndərəcəyik. Bu, hələ təkcə bizim rayonun planıdı. O biri rayonlar da var. Üst-üstə hesab eləyəndə onlar heç də bizimkilərdən az tərəvəz almır hər mövsümdə.

⎯ Eh, ay day-day. Sən deyəsən belə şeyləri başa düşmürsən. Acığıva gəlməsin, ha, ərk eləyirəm. Nöşün ki, bir var məgəzin pomidoru, bir də var, bazar pomidoru.

İbad hələ çox danışacaqdı; Nəzər qabağa baxıb gördü ki, yol azalıb. Rayonun işıqları görünürdü. Körpünü keçib əsas yola çıxmalıydılar indicə. Ancaq Nəzər qoymadı körpüyə çatsınlar.

⎯ Sağa burul, bacı oğlu. Nədən ki, körpünün üstündə sizi saxlayarlar, ilişərsiz. Bax, bu torpaq yolnan sür. Düzdü, bir balaca içəri girəcəyik, amma eybi yoxdu. Seyrəklikdi oralar.

Sürücü Nəzər deyən yolla sürdü. Bəndin üstündən aşandan azca sonra Nəzər:

⎯ Hə, mən çatdım. Bu daş binanın böyründə əylə, bala, ⎯ dedi. Və çönüb İbada baxaraq əlavə elədi: ⎯ Aclığınız, susuzluğunuz varsa, düşün, bir hovur dincəlin.

⎯ Yox, day-day, sağ ol. Yolçu yolda gərək, ⎯ dedi İbad və ona təşəkkür elədi ⎯ sağ ol ki, yolu göstərdiz.

⎯ Dəyməz, ⎯ deyərək Nəzər qapını açdı və yerə enəndə elə bil göydən ucaboy, tösmərək bir milis işçisi zənbilnən düşdü düz Nəzərin böyrünə. Və gülə-gülə:

⎯ Nəzər dayı, sənsən? ⎯ dedi. ⎯ Deyəsən qonaqların var, hə?

⎯ Hə, Balamirzə, bunları qəbul elə, səhər yola salarlar. Bizim bazara bir maşın pomidor-xiyar gətiriblər.

⎯ Baş üstə, Nəzər dayı, ⎯ və kabinəyə baxdı, özünü təqdim elədi: ⎯ milis kapitanı Balamirzə Əliyev.

Sürücünün matı-qutu qurumuşdu. Yenə əvvəlki kimi ağzına su alıb susurdu, yanında susub qalmış İbada baxırdı. İbad isə özünü elə itirmişdi ki, heç bilmirdi gördüyü yuxudu, yoxsa həqiqətdi? Kapitanın baz-burutuna diqqət yetirir, çıxış yolu axtarır, lakin ağlına heç nə gətirə bilmirdi. Nəzər yerdə, kabinənin böyründə dayanıb siqaretini sümürürdü. İbad, nəhayət, başını çölə uzadıb Nəzərə:

⎯ Adə, ay mərdimazar, sən bizi hara gətirmisən? ⎯ dedi və nə isə dodaqaltı söydü.

⎯ Hara lazımdı, ora gətirib, vətəndaş, ⎯ deyə Balamirzə dilləndi. ⎯ Bura milis idarəsidi.

⎯ Həri? Milis idarəsi? ⎯ Bunu deyən İbad idi və bu sözü təkrar edib maşının hələ də söndürülməmiş işıqlarının altında, irəlidə, dəmir darvazalı binanın qabağındakı qara lövhəyə zərli hərflərlə yazılmış «Milis idarəsi» sözlərini oxuyandan sonra inandı ki, ilişib və yaman yerdə axşamlayıb.

Fısıldaya-fısıldaya bu sözləri deyə bildi:

⎯ Namərd. Alə, belə də namərdlik olar?

⎯ Uzun danışma, sənədlərini görüm. ⎯ Balamirzə üzünü sürücüyə tutub: ⎯ Sən də sür maşını milis idarəsinin həyətinə. Hə, tərpən, vaxtı itirmə, ⎯ söylədi.

Kapitan Əliyev onları növbətçi kabinetinə gətirərək sənədlərini alıb nə isə yazmağa başlayanda İbad dilini işə saldı:

⎯ Yoldaş nəçənnik, yazma, sən mənim canım, yazma. Alə, musürman döyülük?

Balamirzə ciddiləşdi:

⎯ Danışığına fikir ver, Həsənov. Bura sənin üçün bazar deyil, milis idarəsidi. «Alə» nədi?

⎯ Həri, həri, baxışdayın, çaşdım. Çox xahiş eləyirəm, oformit eləməyin.

⎯ Olmaz.

⎯ Əşi, nöş olmur ey, hörməti hörmət, minnəti də minnət. Xəcalətüvüzdən çıxaram, vallah, yoldaş kapitan.

Balamirzə güldü, yaşının əllidən keçməsinə baxmayaraq birinə də zədə düşməmiş ağ, mirvari kimi dişləri qalın dodaqları arasından göründü:

⎯ Heç bilirsən sizi kim tutub? Bilirsən o kişi kimdi?

⎯ Yoox. Kimdi ki?

⎯ O Nəzarət Nəzərdi, Həsənov. Bizim Xalq Nəzarəti komitəsinin sədridi.

⎯ Bu? Bu ha?

⎯ Hə.

⎯ Alə, baxışdayın, yoldaş kapitan, mən elə bilmişəm helə-belə adamdı. Vay sənin. Gör ha. Gör kimə rast gəlmişik, sən mənim canım. ⎯ Sonra İbad divar dibində lal-dinməz oturub nə isə fikirləşən sürücüyə sarı döndü: ⎯ Alə, eşidirsən? Alə, bu narodnı kontrol imiş ey. Başa düşürsən, bu narodnı kontroldu? Ya sənin heç vecüvə deyil? Alə, sənin də pravon-zadın gedir də. Bir kəlmə ağzuvu aç də. Yoxsa yenə yollarnan danışırsan? Həri?

Sürücü laqeyd-laqeyd qımışdı, heç nə söyləmədi.

Balamirzə qələmini işlədə-işlədə dedi:

⎯ Odur ki, nahaq dil-ağız eləmə, Həsənov. Nəzər müəllimin kəsdiyi başın sorğu-sualı yoxdu. Süleyman müəllim də aktivdə bərk asıb-kəsib ki, bu rayondan bir pomidor-xiyar…

Birdən İbadın üzü işıqlandı. Cəhəngləri gəlib qulağının dibində dayandı və ağzının qızıl dişlərinin şöləsi nazik dodaqlarında əks elədi. Və yumruğunu iri, çapıq alnına zərblə ilişdirdi:

⎯ Alə, Süleyman müəllim? Süleyman müəllim dediz, yoldaş kapitan? Katibi deyirsiz də, həri? Həmidovu da, həri?

⎯ Hə, yoldaş Həmidovu deyirəm. Necə bəyəm, tanıyırsan yoldaş Həmidovu?

⎯ Vay sənin. ⎯ O, üzünü yenə sürücüyə çevirdi. ⎯ Alə, bu necə olub mənim yadımdan çıxıb bayaqdan? Alə, həri. Alə, o Süleymandı. Bizim qohumumuz… Vay sənin.

Balamirzənin qələmi kağızın üstdə ilişib qaldı.

⎯ Qohumundu?

⎯ Alə… baxışdıyın, qohum nədi, lap can-ciyərdi. Maxan tapşırmışdı ey mənə. Kirt yadımdan çıxıb. Alə, o, Bakıya hər gələndə əvvəl bizə dəyir, sonra iclasa-zada gedir. Lapbir öylü kimiyik…

⎯ Elə şey olmaz?

⎯ Həri, həri. Telefonu var sizdə?

⎯ Kimin?

⎯ Katibin də.

⎯ Hə. Ancaq mən verə bilmərəm.

⎯ Nöşün?

⎯ İcazə yoxdu.

⎯ Elə şey olmaz. Mən xahiş eləyirəm, onun telefonunu verin mənə, qalanıynan sizin işiviz olmasın.

Balamirzə belə şeylərin çox şahidi olmuşdu. Çətinliyə düşən, ilişən bir neçə adam katibin dostu, qohumu, tanışı olduğunu söyləmiş, ancaq yoxlayanda məlum olmuşdu ki, yalan deyirlər, katibin belə qohumu, tanışı yoxdu. Ancaq İbadın sevinməyindən, canfəşanlıqla katibin telefonunu istəməyindən nə isə inanmaq istədi ki, o, yalan danışmır. Bu, onu ürəkləndirdi və telefon nömrəsini söylədi. İbad sevinə-sevinə, tam bir arxayınlıq içində yaxın gəlib dəstəyi götürdü və nömrəni yığdı.

⎯ Süleyman müəllim? Sizsiz? Salamməleyküm. Mənəm. Tanımadız? İbadam da. Fatma xanımın qardaşı. Həri, həri. Sağ olun. Yaxçıdu. Salam-duası var. Yox, sağ olun. Süleyman müəllim. İndi gələ bilməyəcəyəm. Bura qonaq gəlmişdik. Həri, həri. Sizə gələn dəfə gələrəm. İndi? Milis idarəsindən. Həri, həri. Dostumuz beş-on yeşik pomidor-xiyar qoyub. Onu da sizin uşaqlar tutub gətiriblər bura. Həri? Nəçənnik? Yoldaş kapitan burdadı. Həri, Əliyev yoldaş… Baş üstə, bu daağa verirəm trubkanı ona… Baş üstə, deyərəm mamama.

İbad dəstəyi kapitana uzatdı və özü siqaret alışdırdı, sürücüyə göz vurdu. Balamirzə dəstəyi əlinə alan kimi ayağa qalxdı və katiblə danışmağa başladı:

⎯ Bəli, yoldaş Həmidov. Kapitan Əliyevdi. Bəli. Nəzər müəllim gətirib. Bəli, bəli. Baş üstə, yoldaş Həmidov, baş üstə. Yox, yəqin bilməyib, yoxsa… gətirməzdi. ⎯ Balamirzə güldü: ⎯ Onu da düz buyurursuz, yoldaş Həmidov. Nəzər dədəsi də olsa gətirərdi. Bəli. O da elə adamdı da… Bu saat taparam Nəzərin özünü. Bəli, sizin sözünüzü çatdıraram ona, mütləq çatdıraram. Aparıb ötürər, yoluzaq eliyər. Arxayın olun. Sağ olun, yoldaş Həmidov.

Kapitan dəstəyi asdı və İbada baxıb güldü:

⎯ Bəs bunu qabaqcadan deyə bilməzdin?

⎯ Deyirəm, kirt yadımdan çıxmışdı. Hə, nə dedi?

Balamirzə İbada cavab vermədi, yazdığı kağızı cırdı, ovcunda sıxcalayıb böyründəki zibil qutusuna tulladı və:

⎯ Al, bu sənin pasportun. Bu da sənin pravan… ⎯ deyib ayağa qalxdı; İbad pasportunu cibinə qoyub sürücünün sənədlərini də özünə verdi və mənalı-mənalı qımışdı.

Dəhlizə çıxdılar. Balamirzə o tərəf-bu tərəfə nəzər saldı. Nəzər müəllimi görməyib ucadan çağırdı:

⎯ Nəzər müəllim, ay Nəzər müəllim.

Qapısı açıq otaqdan Nəzərin səsi eşidildi; burulub içəri boylandı. Nəzər telefonla danışırdı:

⎯ Hə, Sədnikin qızı, beş ton. Hə, nə az, nə də çox. Yağlı tikə-di. Uşaqsan, Nəzərin gözündən hara yayına bilər. Yaxşı, məndən nigaran olma. Yaxşı, gecən xeyrə qalsın. Maşını? Maşını buraxmışam. Teyyub Bakıya gedib. Niyaran olma.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, birinci fəsil

Gözlənilmədən, dalbadal gələn ağır və sarsıdıcı xəbərlər — Şəfinin öz qapısının ağzında vurulması, bir ay əvvəl evlənib yeni ailə həyatı qurmuş Elməddinin həbs olunması xəbərləri onsuz da gizli təşkilatın bütün ağırlıqlarını çiynində daşıyan, gecəni gündüzə qatıb işləyən, qarşıdakı parlament iclasında edəcəyi çıxışın mətnini yazıb-pozan, vaxtlı-vaxtında yeyib-içməyini belə yadından çıxaran Bəbirin ovqatını yamanca təlx eləmişdi. Xəbərin ikisi də ciddi düşünmək, siyasi vəziyyəti qiymətləndirmək və müəyyən nəticələrə gəlmək üçün kifayət qədər əsas verirdi.Bəbir Şəfini çox sevirdi, onun istedadını yüksək qiymətləndirirdi, sözünün, özünün şöhrətinin hezbə necə də gərəkli olduğunu çox yaxşı bilirdi. Şəfinii — bu qüdrətli sənətkarın, şəxsiyyəti bütöv, əqidəsi sarsılmaz olan bu insanın onların cəbhəsində olması böyük qüvvə idi. Onun el içində, camaat arasındakı nüfuzunu təkcə Bəbir və məslək yoldaşları deyil, onun irəlicədən də düzgün təyin etdiyi kimi, düşmənləri də görürmüşlər. Şairin həbsxanadan azad olunması üçün keçən dəfə Kabilin küçələrini tutmuş o güclü, izdihamlı nümayişlərdən sonra, əlahəzrətin ağıllı tərpənib başqa, daha təhlükəli xətt-hərəkət seçməsini Bəbir elə həmin gün — Şəfi «Ərkişahi»dəki qəbuldan çıxıb yanına gələndə hiss eləmişdi və bu qabulun nə demək olduğunu bütün incəliklərinə qədər başa düşmüşdü. Hadisələrin sonrakı gedişi Bəbirin yanılmadığını göstərirdi. Şairi vurmuşdular. Bu xəbəri eşidən kimi Ziyaülhəqqin polis idarəsinə gedərək hadisəni şəhər polis rəisinin nəzərinə çatdırmasına baxmayaraq, qatil hələ də tapılmamışdı. Belə qənaətə gəlmək olardı ki, tapılmayacaqdı da.

7 мин
Üçüncü hissə, ikinci fəsil

Dünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.

7 мин
Üçüncü hissə, üçüncü fəsil

Elməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.

11 мин
Üçüncü hissə, dördüncü fəsil

Hökm oxunan günü, axşam Elməddini, Əhədulla bir dəst yorğan-döşək gətirəndən sonra şəhər həbsxanasından Poli-çərxi həbsxanasına gətirmişdilər. Bu həbsxana ona tanış idi, iki-üç il əvvəl də burada yatmışdı. Onu təkadamlıq kamerada saxlayırdılar. Kiçik, hündür divarlı, əl çatmayan yerdə bir dənə dairəvi pəncərəsi olan bir otaq idi — qapısı dəmir idi. İçərinin döşəməsi sement idi. Ancaq taxt qoyulmuşdu divarın dibinə. Yanında taxtadan düzəldilmiş, əl vuranda cır-cır cırıldayan stol vardı. Divarlar kömürlə, mıxla yazıq-yazıq idi. Burada vaxtilə yatanlar adlarını, həbs olunma və çıxma tarixlərini yazmışdılar. Eləsi var idi ki, bu otağa düşmə tarixini yazmışdı, çıxma tarixini yox. Elməddin əyri-üyrü xətlərə göz gəzdirə-gəzdirə düşünürdü ki, yəqin buraxıldığını eşidib sevincək olublar belələri, ya da... Ya da gözlənilmədən çıxarılıblar, bir daha bura qayıtmayıblar! Hərəsi bir insan taleyi idi, təklik, əzab-əziyyət tarixi idi bu yazıların.Poli-çərxi həbsxanasında, demək olar ki, bu illər ərzində Heç bir dəyişiklik olmamışdı. Amirsahib və Şəfini rəhmsizcəsinə döyüb dırnaqlarını çıxaran Dostməmməd hələ burada idi. Onlar Elməddini görən kimi tanımışdılar. Müşayiətçi zabitin təqdim etdiyi sənədləri oxuyan həbsxana amiri yanındakı zabitə müraciətlə:

14 мин

Стихи других поэтов