Страница 2 из 2 · 50%

Özünü yel kimi içəri təpdi. Doğum evinin dəhlizi işıqlıdı, təmizdi. Divarların dibi boyunca, pəncərələrin ağzına gül dibçəkləri düzülmüşdü. Ağ xalatlı həkimlər, tibb bacıları ora-bura çovuyur, otaqlara girib-çıxırdılar.

Baş həkim — ortayaşlı, çopur arvad Nəcməddini körən kimi irəli yeridi:

– Salam, ağayi Nəcməddin!

Ağayi Nəcməddin dərhal onu tapıdı və ayaq saxlayıb;

– Salam, — dedi, — necədi vəziyyət?

Baş həkim gülüb qızıl dişlərini göstərdi:

– Sizi təbrik edirəm, ağa! Gözəl-göyçək, sağlam bir oğul doğub xanımınız sizin üçün.

– Çox sağ olun, doktor. — Bunu deyib o, pencəyinin cibindəki bağlıdan bir dənə göy minlik çıxartdı və baş həkimin ovcuna basdı: — Bu sizin muştuluğunuz, xanım.

– Təşəkkür edirəm, ağa! — O, pulu xələtinin cibinə dürtdü. — Payınız çox olsun.

– Mən görə bilərəmmi?

– Əlbəttə, ağa. Buyurun.

Dünya təkadamlıq otaqda idi. Nəcməddin içəri səssiz addımlarla girdi. Dünya ağ çarpayıda arxası üstə uzanmışdı. Qəşəng gözləri yumulu idi, uzun kirpikləri yanağının üstünə yatmışdı. Sifəti sinəsinə çəkilmiş ağ mələfə kimi ağarmışdı, əvvəllər nar yarpağı kimi gözəl və qırmızı dodaqlarının qanı qaçmışdı.

Nəcməddin bir neçə saniyə lal-dinməz dayanıb Dünyanın yatışına, ağır-ağır nəfəs almasına tamaşa elədi. Sonra ehmalca əyilib onun yumulu gözlərindən öpdü. Bu zaman Dünya kirpiklərini qaldırıb başı üstə dayanan Nəcməddini gördü və dirçəldi.

– Xoş gördük, əzizim! — dedi Nəcməddin. Dünya kirpiklərini endirməklə cavab verdi.

– Necəsən, qurban olum? Qurumuş dodaqları aralandı:

– Yaxşıyam... Məni təbrik elə... Sənə oğul doğmuşam.

– Təbrik edirəm, mənim əzizim. Çox sağ ol, mənim əvəzsizim. — Nəcməddin gözləri yaşarmış halda əlavə etdi: — Dediyini elədin, oğul doğdun! Afərin! — Sonra əyilib onun qansız dodaqlarından yenə öpdü, yanını çarpayının qırağına qoydu və minnətdarlıq dolu baxışlarla arvadına baxıb razılıq hissilə gülümsündü:

– Uşaq necədi, gülüm?

– Yaxşıdı. — Ani sükutdan sonra söylədi: — Sənə oxşayır, azca da mənə...

– Hə?

Dünya gözlərini yummaqla onun sözlərini təsdiqlədi.

– Qoy gətirsinlər, baxım.

– Bir az əvvəl əmizdirmişəm, yəqin indi yatır...

– Heç nə olmaz, qoy gətirsinlər... Görmək istəyirəm oğlumu.

– …

Nəcməddin dəhlizə çıxdı, iki dəqiqə sonra qayıtdı:

– Dedim, indi gətirəcəklər. — Araya sükut çökdü. Xeyli sonra Dünya:

– Sevinirsən, Nəcmi? — deyə xəbər aldı.

– Sevinirsən də sözdü? Uçmağa qanadım yoxdu, inan. Elə bilirəm bütün dünyanı mənə bağışlayıblar. Sağ ol, əzizim. Bu sevinci mənə sən bəxş eləmisən, mehribanım.

Dünyanın solğun üzünə bir təbəssüm qondu və elə bil, sifətinə azca qan gəldi, allandı.

Dayə içəri girdikdə Nəcməddin ayağa qalxdı. Cavan, burnu, ağzı tənziflə örtüldüyündən ancaq iri gözləri parıldayan qadın çağanı qucağında dik tutmuşdu. Uşağın gözləri yumulu idi. Qırmızı sifəti vardı. Ağzı, burnu qəşəng idi. Nəcməddin diqqətlə baxdı, baxdı və sonra üzünü Dünyaya çevirib:

– Bu köpəkoğlu yatıb ki. Qorxuram bu zalım dünyaya yuxulu gəlib yuxulu gedə, hə? — dedi. Elə bu zaman uşaq gözlərini açdı və qabağında dayanan adama baxdı — kirpik çalmadan baxdı. Nəcməddin irəli yeridi, şəhadət barmağını onun balaca çənəsinə toxundurub muşqurdu:

– Xoş gəlmisən bizim bu dünyaya, oğul! — dedi və cibindən bir dənə qırmızı beşyüzlük çıxarıb dayənin ağ xələtinin döş cibinə basdı:

– Bu sənin şirinliyindi.

Dayə təşəkkür elədi və zarafatla söylədi:

– Görüş vaxtınız qurtardı. Biz getdik! — Belə deyib çevrilib getdi, uşağı da apardı.

Onlar tək qaldılar. Baxışdılar, gülümsündülər:

– Adını Nəcməddin qoyacağam, Dünya.

– Öz adını?

– Hə! Qoy mənim adımı daşısın. Diri adı verilən uşaq deyirlər, xoşbəxt olur.

– Doğrudan? Mən heç eşitməmişdim.

– Bəli. Qoy mənim adımı yaşatsın.

– Nə deyirəm ki. Atası sənsən, necə istəyirsən, mən razıyam.

– Demək, bu məsələni belə həll elədik. Yaxşı, səni neçə gün saxlayacaqlar burda?

– Bir həftə.

– Hm. Bir həftədən sonra demək, evimizdəsən.

– Hə.

– Hər gün gələcəyəm yanına. İndi gedib gül alıb gətirəcəyəm. Xəbəri eşidəndə elə tələsdim ki, hər şey yadımdan çıxdı.

– Eybi yoxdur, təki canın sağ olsun...

– Mənim canım, ömrüm, ürəyim sənə bağlıdı, gülüm. Mən sənin nəfəsinlə yaşayıram, nə qədər sən varsan, mən də varam. Neçə gündü evdə yoxsan, ev suyu sovulmuş dəyirmana bənzəyir...

Dünya onun bu xoş sözlərinə cavab verməmiş xəbər aldı:

– Əbdül neyləyir? Bildi oğlun olmağını?

– Hə! Birinci ona dedim. Sevindiyindən qol qaldırıb oynadı. Bir minlik bağışladım ona. Çox sevindi, Dünya. Elə bil, öz oğlu olmuşdu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, beşinci fəsil

Yusifin ili çıxmışdı. Ehsanını da vermişdilər. Səbihə arvadla olan söhbətdən sonra Əfsanənin ürəyində, beynində bir qarışıqlıq, narahatlıq yaranmışdı. Ruhi, mənəvi sıxıntıların əzib-solğunlaşdırdığı, taleyinin həmişəlik qara dumanlara büründüyünü zənn edib düşkünləşən, həyatda hər şeyə qarşı marağını itirən gəlinin tutqun fikirlərinə qayınanasının o vaxtkı sözləri sanki nur səpələmişdi. Demək, hələ hər şey qurtarmamışdı. Bu fikir onun özünün kimsəsizliyi, gərəksizliyi haqqındakı düşüncələrinə son qoymuş və gəlində bir canlanma, dirçəliş əmələ gətirmişdi. Birdən-birə alovlanıb şahə qalxmış, sonra birdən-birə rəhmsizcəsinə üstünə su çilənib söndürülmüş duyğuları, o anlaşılmaz, şirin, əzablı duyğuları yenidən baş qaldırmışdı.Əfsanə indi vaxt-bivaxt Elməddin barədə düşünməyə başlamışdı. Aşkarda qayınanasının yanında o, Elməddinlə danışıb kəlmə kəsə bilmirdi, amma ürəyində həmişə onunla həsbi-halda idi. Elməddini görən kimi, lap qız vaxtlarında olduğu təki uçunur, özünü itirir, qızardığını hiss eləyirdi. Qeyri-iradi olaraq, ürəyi sevinc qarışıq bir qüssə ilə dolurdu. Elməddindən mehriban, xoş söz eşitmək istəsə də, o, daş kimi susurdu. Susmağı o yana qalsın, kirpik qaldırıb, ona baxmaq da istəmirdi. Dəftərxanaya gedir, evə qayıdır, Əfsanəyə isə məhəl qoymurdu. Elə bil o burada yox idi. Bu, Əfsanəni yamanca sıxırdı. Bəlkə o, qardaşının dul qalmış qadınına evlənməyəcəkdi. Beləcə qeyri-müəyyənlik içində günləri, həftələri, ayları yola salır, gələcək taleyini dumanlıqlar içində görə-görə yaşayırdı.

3 мин
İkinci hissə, altıncı fəsil

Günlərin birində, səhər yeməyini yeyib hərə öz işinin dalınca gedəndən sonra Nazənin doqqazda göründü. Qəm-qüssə əlində ürəyi sıxılıb havası çatışmayan, dərdləşmək, məsləhətləşmək üçün yanında canıyananı olmayan Əfsanə Nazənini görəndə anası gəlmiş körpə uşaq kimi sevindi. Kövrəlmiş Əfsanə Nazəninin qabağına qaçdı, qolunu boynuna salıb o üzündən-bu üzündən hərarətlə öpdü; səkidəki həsirin üstünə döşəkcə, mütəkkə atdı, əziz qonağı kimi əyləşdirdi. Əslində ona Nazənin anadan, bacıdan əskik deyildi. Nazənin bu yaşda cavanlar üçün az görünən mehribanlığı, istiqanlığı ilə Əfsanənin ürəyində yetimliyin yaratdığı boşluğu müəyyən dərəcədə doldurmuş, sınıq könlündə işıqlı bir inam doğurmuş və beləliklə onu həyata bağlamışdı.– Allah səni hayandan yetirdi, bacı? Yamanca darıxmışdım. Ürəyim hövl eləyib partlamaq istəyirdi.

3 мин
İkinci hissə, yeddinci fəsil

Elməddin pəncərənin qabağında dayanıb çölə baxırdı. Hər yan ağappaq ağarırdı. Ağaclar, damlar, hasarlar qar altında qalmışdı... Heç təsəvvür eləmək olmurdu ki, bir gecə ərzində yerə bu hündürlükdə qar düşsün. Amma düşmüşdü. Ədnan camaatı çoxdan belə yağıntı görməmişdi.Kənddə ölü bir sükut hökm sürürdü. Elə bil, qış canlı olan hər şeyi dondurub susdurmuşdu. Mal-qara tövlədə idi, adamlar evlərdən çıxmamışdı. Uca çinarların başında oturmuş qarğaların, pəncərə qabağına qonub cikkildəşən sərçələrin səsi Elməddinin ürəyində kövrək bir hiss doğurur, onsuz da soyuq olan evdə onu daha da üşüdürdü Səbihə, Əfsanə əlacsız adamlar kimi əllərini qoynuna qoyub bayır bacağa baxırdı... hərəsi öz aləmində odunun, taxılın və mal-qara üçün ot-ələfin çatıb-çatmayacağını götür-qoy edirdi. Bu məsələlər indi hamıdan çox Elməddini düşündürürdü.

4 мин
İkinci hissə, səkkizinci fəsil

Havanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:

3 мин

Стихи других поэтов