Birinci hissə, birinci fəsil
Страница 3 из 3 · 67%
– Səninlə bahəm, bala.
– Səninlə birgə, ana.
İki yaş Elməddindən böyük olan, cüssədə, qamətdə pəhləvana bənzəyən, enlikürəkli, biləkli, bazburutlu Yusif Səbihə arvadla yanaşı duranda inanmazdın ki, o, bu arıq, çəlimsiz, ancaq dirigözlü Səbihənin oğludur.
– Ertədən çıxmışam, amma servis şoğərib yolda xarab olduğuna görə xeyli yubandıq.
Yusifin gəlişi Səbihənin dinini-imanını özünə gətirmişdi. Cəld bir hərəkətlə aftafaya su töküb eyvana qoydu:
– Elmi, — o, kiçik oğlunu belə çağırırdı,—su tök, qoy qardaşın yuyunsun, yolun tozunu-torpağını üstündən töksün. Yusif əl-üzünü qurulayıb içəri girə-girə:
– Kənddə nə var, nə yox? Öləndən-itəndən, ərə gedəndən, evlənəndən? — deyə xəbər aldı.
– Kənd gördüyün kənddi, heç bir dəyişiklik, yenilik yoxdu, köhnə hamam, köhnə tas. — deyə Elməddin izahat verdi — nə ölən var, nə itən, nə də ərə gedən!
Nə üçünsə, — Elməddin bunun səbəbini anlaya bilmədi, — Yusif taleyindən razı adamlar kimi gülümsündü və şəhərdən gətirdiyi heybəsini açıb ortalığa qoydu. Cücəgözü parçanı çıxarıb anasına verdi:
– Sənin üçün tumanlıq almışam. — Sonra qara bir ayaqqabı çıxartdı və qardaşının qarşısına qoydu: — bu da sənin payın, sağlıqla geyəsiniz!
– Sağ ol, qardaş!
– Payın çox olsun, bala. Allah canına sağlıq, cibinə bərəkət versin.
Elməddin ayaqqabını geyib otaqda var-gəl eləməyə başladı.
– Sıxmır ki? — Yusif soruşdu.
– Yox, elə bil ayağıma tikiblər!
Səbihə heybəni, çamadanı qabağına çəkdi:
– Bəs özünə nə alıbsan, ay oğul?
– Özümə? Özümə də bəzi şeyləri almışam.
Səbihə çamadanı açdı. Müxtəlif rəngli parçalar, corab, baş yaylığı, qadın ayaqqabısı... Bunları görəndə ana yanları qırışmış gözlərini geniş açıb xoşbəxtcəsinə gülümsündü.
– Fikrini başa düşdüm. Ağlına qurban olum, ay oğul. Ürəyimdən xəbər verdin. Daha vaxtındı.
Açıq-saçıq danışılmayan bu söhbəti Elməddin də başa düşdü. Demək, Yusif evlənmək istəyir. Demək, onun da arzusuna çatmağına az qalıb. Elməddinin sevincinin üstünə sevinc gəldi. O indi palçıq divarlı alaqaranlıq otağa sığışmırdı.
– Toyunda bir oynayacağam ki, gəl görəsən, qardaş. Gərək bir mağar qurum ki, Ədnan camaatı indiyəcən görməmiş olsun. Nəsilbənəsil unuda bilməsin, — deyə Elməddin gümrahlıqla sıxılıbutanan qardaşının çiyninə əl vurdu.
– Sonra da səni evləndirəcəyəm, Elmi! — ana çoxdan bəri ürəyində gəzdirib dolandırdığı arzularına yavaş-yavaş çatdığını hiss eləyib sevindi, — bəs yaxşı heç demədin, kimi alırsan? Yəqin şəhərdən tapıbsan?
– Yox, elə öz kəndimizdəndir.
– Öz kəndimizdən?! — Elməddin səksəkə ilə xəbər aldı.
– Kimdi, bala?
Yusif ani olaraq cavabı ləngitdi, gah anasının, gah qardaşının üzünə baxdı. Səbihə dedi:
– Kənd imamı Seyid Həsənin qızıdır?
– Yox.
Elməddin xəbər aldı:
– Şirəlinin nəvəsidi?
– Yox, tapmadınız.
– Bəs kimdi?
Yusif başını aşağı salıb utana-utana yavaşcadan:
– Dükandar Həzrətgülün bacısı qızı! Əfsanə! — dedi. Əfsanə sözünü eşidəndə Elməddinin gözləri böyüdü, ağzını açıb nəsə demək istədi, ancaq səsi gəlmədi. Ürəyindən qopdu, boğazında haradasa ilişib qaldı.
Səbihənin çiçəyi çırtlamışdı:
– Ağlına qurban olum, oğul. Yaxşı yerə yıxılmısan. Qız qız deyil, qızıl parçasıdır. Gözəlliyinə söz ola bilməz, ağlı-kamalı, oturuşu-duruşu da ki, ağır. Bir yıxıq evin dirəyidi, oğul. İşdi-gücdü. Həzrətgülün evinin bütün dərdi-səri o yetimin boynundadı.
Elməddin söhbətin dalını eşitmirdi, qulaqları guruldayır, gözlərinin qarşısından cəmisi üç-dörd saat bundan qabaq görüşüb-danışdığı Əfsanə getmirdi. Elə bil, sinəsində nəsə qırılıb içinə düşmüşdü. Sanki didilib-parçalanmış ürəyindən qızıl qan axıb içini isidirdi. Ona elə gəlirdi ki, imdicə qızıl qan fəvvarə vurub bayıra çıxacaq, onu, ortalıqdakı bayram süfrəsini al rəngə boyayacaqdı. Anası da, qardaşı da heyrətlə soruşacaqdı: «Sənə nə oldu, Elməddin?»
O, var səsi ilə qışqırıb: «Yox, Əfsanəni mən sevirəm. O mənimdi, qardaş, ona göz dikmə. Buna o özü də razıdı. Bu fikirdən gəl daşın, qardaş» — demək istəyirdi, ancaq zərbə elə ağır və gözlənilməz idi ki, özündə nə taqət, nə də cəsarət hiss eləyirdi, boğazı qurumuş, dili təpimişdi. Ayrı adam olsaydı, Elməddin onun qabağına kişi kimi çıxar, öz məhəbbətini müdafiə elərdi. Ya bu yolda ölərdi, ya da arzusuna çatardı. Təəssüf, min təəssüf ki, Əfsanəni almaq eşqinə düşən yad deyildi. öz sevimli qardaşı idi.
Yaxşı ki bu ağır və heç vaxt unudulmayacaq dəqiqələrdə heç kəs onun üzünə baxmırdı, halındakı dəyişikliyi görmürdü, nə qədər qəribə olsa da, bu, onu belə ağır, qəmli vaxtda sevindirdi.
Danışa-danışa zəfəranlı plovu qablara çəkən Səbihə gözünü süfrədə gəzdirdi:
– Bəs şamları niyə yandırmırsan, Elmi? — dedi.
Elməddin adının çəkildiyini eşidib fikirli halda anasına baxdı, ancaq nə dediyini ayırd edə bilmədi.
Yusif kibritini çıxarıb şamları bir-bir yandıraraq sininin qırağına düzdü.
– Bu sənin, ana, bu da sənin, qardaş. Bax, bu da mənim. Elməddin cibindəki şamı xatırladı, alt-üst olmuş arzularını yad eləyib ürəyində Əfsanə ilə vidalaşdı.
Şamı — Əfsanənin adına aldığı şamı, ehmal bir hərəkətlə qoynundan çıxarıb süfrə qırağındakı kibriti götürərək yandırdı və Yusifin şamının yanında siniyə yapışdırdı və pıçıltıya bənzər bir səslə:
– Bu da Əfsanənin şamı! — dedi və çox böyük çətinliklə əlavə etdi. — Gəlinimizin!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-itkin-gelin-birinci-hisse-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nadirə atasının tamam-kamal yığışıb gəldiyini eşidəndə həm sevinmişdi, həm də kədərlənmişdi. Ona görə sevinmişdi ki, neçə ildən bəri görmədiyi atasını görəcəkdi, doyunca görəcəkdi: «Yaxşı da eləyib yığışıb gəlib. Orda tək-tənhadı, kimi var? Burda qızları, nəvələri...» Ona görə kədərlənmişdi ki, Salmanın o gecə dediyi sözlər yadına düşmüşdü. Nadirə bilirdi ki, atası onlara gəldikcə Salman daha da dilxor olacaq, onu öz şəninə yaraşdırmayıb deyinəcək, hətta bəlkə utanıb-qızarmadan qoca kişiyə öz qızı evində görünməyi qadağan edəcək. Bununla da neçə vaxtdan bəri ailədə hökm sürən soyuqluğu, anlaşılmazlığı bir az da dərinləşdirəcəkdi.Nadirə bu xoşagəlməz vəziyyətin bütün ağırlığını irəlicədən görür, dərk edir, ancaq səsini çıxara bilmirdi. Sədəfə heç nə demək lazım deyildi. Atasını isə bu məsələdən agah eləmək lap ağılsızlıq olardı. Axı o, Nadirənin taleyindən, xoşbəxtliyindən çox arxayındı. İndi onun ürəyinə xal salmaq kişini məyus edə bilərdi: «Qoy o heç nə bilməsin, rahat, arxayın yaşasın...»
İkinci hissə, səkkizinci fəsilOrxan ezamiyyətdən beş gün də tez qayıtdı; qala bilmədi, çünki bu, əlavə vaxt itirmək deməkdi, həm də bilə-bilə boş yerə vaxt itrmək deməkdi. O, çaş-baş qalmışdı. Bu necə sirr idi? Professor sevinə-sevinə deməmişdimi ki, Mirzə Cəlil haqqında təzə arxiv sənədləri tapılıb? Deməmişdimi? Hətta yerini də demişdi: Dövlət arxivində. Orxan isə təkcə Dövlət arxivini deyil, bütün Tiflis arxivlərini bir-bir gəzmiş, ələk-vələk eləmiş, ancaq təzə heç nəyə rast gəlməmişdi. Rast gəldiyi sənədlərin hamısı keçənilki səfər zamanı gördüyü kağızlar, arxiv materialları idi ki, əslində onlardan gen-bol istifadə eləmişdi. İyirmi beş gün vaxtı getdi. Bu onu elə yandırırdı ki!..İstirahət günü idi. Orxan qatardan düşüb evə gələndən sonra yuyunmuş, xeyli dincəlmiş, Gülmirəyə zəng eləmişdi:
İkinci hissə, doqquzuncu fəsilİlhamın ilk şerlər kitabçası barədə professorun yazdığı məqalə qəzetdə dərc ediləndən sonra xeyli səs-küy qaldırmışdı. O günlər redaksiyalarda, dərnəklərdə hamı ondan danışır, söz-söhbət bəzən saatlarla uzanırdı. İlhamın kimin oğlu olduğunu bilənlər, onun əsərləri və şəxsən özü ilə tanış olanlar, təəccüblə çiyinlərini çəkir, sonra «əşi, məsələ məlum!» deyib məqalənin mədhiyyə olduğunu söyləyir, «o boyda professorun» nəyin xatirinə belə elədiyindən baş aça bilmirdilər.Kənar adamlar, əsil məsələdən xəbəri olmayanlar isə əksinə, bunu professorun həddən artıq qayğıkeşliyi ilə izah edirdilər: «Elə alimlərimiz var ki, ağzına su alıb durur. Sağ olsun, heç olmasa bu danışır».
İkinci hissə, onuncu fəsilSalman bu ikicə gündə, demək olar ki, qocalmışdı. O boyda kişi büzüşüb-bükülüb yumağa dönmüş, şən, gülərüz çöhrəsi solub ağarmışdı. Deyib-danışmır, həmişə fikirli-düşüncəli gəzib dolanır, başını qaldırıb adamların gözünün içinə dik baxmağa utanırdı. Nadirənin məqaləsi Salmanın ürəyində sağalmaz bir yara açmışdı. Əgər o, arvadının yazdığını çap olunmamışdan əvvəl, əlyazması şəklində stolun üstündən götürüb oxumasaydı, bəlkə də ürəyi bu qəfil zərbəyə dözməyib partlardı. Onda Salman məqaləni cırıb yandırmaq istəmişdi, ancaq sonra fikrini dəyişib «Lənət sənə kor şeytan!» — demişdi. Həm də özü ondan qabağa düşüb məqaləsini çap etdirdiyinə görə Nadirənin təzədən bu məqaləni dərc etdirəcəyinə, o cavanın da, üstəlik Salmanın özünün də yazdığını heç-puç edəcəyinə o qədər də inanmamışdı.Lakin Nadirə, görünür, heç vaxt öz elmi prinsipiallığından əl çəkmök fikrində olmayacaqdı.
Стихи других поэтов
Çərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
Uca dağlarKönlümün sevdiyi ey uca dağlar,Ölməyib səfanı bir də sürəydim.
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,