Страница 6 из 8 · 63%

BİRİNCİ iş başından gedən kimi, təzə BİRİNCİ köhnə BİRİNCİnin adamlarını, hətta sürücüsünə qədər dəyişir… Və belə-belə. Adını qoyursuz kadr siyasəti, kadr dəyişməsi, nə bilim nə. Axı belə olmaz, qardaş. Axı siz hamınız bir torpağın, bir millətin oğlusuz ⎯ əl-ələ verin, işləyin, bu millətə bir gün ağlayın, yazıqdı bu millət. Bax, sən özün ⎯ hələ deməyibsən, ancaq mən bilirəm, səbəbini axtarırsan ki, niyə səni o ucalıqdan dığırladılar üzü aşağı elə deyilmi? Çox adamdan şübhələnirsən, gümanın min yerə gedir. Ancaq yox, sən səhv eləyirsən, heç kəs sənin, özünün dediyin kimi, kəndirini kəsməyib, pıçını burmayıb ⎯ əslində, sən həmin o «haralısan» prinsipinin qurbanı olmusan, Aslan. Təzə BİRİNCİ səni köhnə BİRİNCİnin adamı hesab edib atdı bayıra ⎯ sənə inanmaq olmazdı ⎯ bəhanə isə var idi ⎯ sən xalqa yalan danışmışdın, vəssalam. Başqa səbəb axtarma. Özün de, yerlə göy arası qədər fərqi yoxdumu bunların? Var, var, Aslan. Bəli, Haykazın səni ora çıxarmaqda vasitəçi olmağı və sənin ayağının altına nərdivan kimi əvvəl öz namusunu, sonra isə sənin namusunu qoymağı elə belə, boş-boşuna deyildi, Aslan. Heç olmasa bu millət, bunu indi başa düşsün. Baxaydın dünənə qədər idarələrə, aparatlara, şəhərə, lap elə yüksək dövlət idarələrinə görərdin ki, hamısında ən həssas, ən yağlı vəzifələrdə oturan onlardı. Özü də bir-bir yox, neçə-neçəsi birdən oturublar. Səninkilər, sənin kimilər isə, onların əlinin altında oyuncaq idi. O millətin ağlı yoxdu, vallah, yoxdu.

Mən onların arasında çox yaşamışam, yaxşı tanıyıram. ⎯ Onlar on il, iyirmi il, otuz il bir işi qurub-qoşurlar, gizlində hazırlaşırlar, dəridən-qabıqdan çıxırlar, məqsədə yaxınlaşanda, başda ağıl olmadığına və tamah dişləri həddən artıq iti qılınc kimi iti olduğuna görə, birdən hövsələsizlik eləyirlər, tələsirlər, atılırlar meydana, damarlarındakı o artıq, o murdar, adam kimi yaşamağa mane olan o qanı çərtdirib çıxarmayınca, başı-gözü əzilməyincə, qulağı kəsilməyincə rahatlıq tapa bilmir və nəticədə uduzurlar. Bu dəfə də uduzurdular. Bu dəfə də tez başladılar. Ağılları olsaydı, beş, on il gözləsəydilər, qoşunsuz, topsuz, tüfəngsiz, heç birinin burnu qanamadan, çal-çağır eləyə-eləyə, acığın gəlməsin, sənin kimi oğullarımızın evinə öz axçilərini gəlin köçürə-köçürə nəinki Qarabağı, lap bütöv Bakını tutacaqdılar, inanmırsan? Niyə, görmürdün, Bakının ən yaxşı yerləri onlardaydı, ən yaxşı vəzifələr onlardaydı? Sənin işlədiyin idarədə az idilər? KQB-də az idilər? Prokuraturada, Daxili İşlər Nazirliyində az idilər? Mərkəzi Komitədə neçə axçi işləyirdi? Makinaçı, itiyazan, paltarasan, aşpaz, nə bilim nə… Kim eləmişdi bunları? Haykazlar. Kim var idi? Qasan Qasanıçlar.

Mən hərdən öz millətimə baxıb dəli kimi ağlamaq istəyirəm. Uşaq olmuşam mən, bəlkə sənin yadına gələr, ya da eşitmiş olarsan; mən də eşitmişəm. O vaxt, Mircəfəri mühakimə eləyəndə Markaryanı, Qriqoryanı ⎯ yüksək vəzifələr tutub bu torpağın yaxşı oğullarını aparıb məhv eləyən bu cəlladları da mühakimə edirmişlər. Deyirlər, müstəntiqlər, Qriqoryanın anasına yazdığı məktubu tapıblarmış ⎯ işin içinə qoyublarmış. Rudenko bir cümləsini oxuyub məhkəmədə: «Ana, rahat ola bilərsən, atamın qanını almışam, yüzlərlə azərbaycanlı güllələmişəm»… Axı bu çox da uzaq keçmişdə olmamışdı, tarixin axarının qabağında bu, elə bil dünənin söhbətidi. Axı mən heyrət eləyirəm ⎯ başı daşdan-daşa dəyən bu millət, neçə dəfə sadəlövhlüyünün, təmizürəkliliyinin qurbanı olan, mehribanlığı, insansevərliyi üzündən əli ağzında yanan bu millət nə tez bu cür söhbətləri unudur və dönüb cildini dəyişən düşmənə inanır? Axı belə heysiyyətsizlik olmaz, belə huşsuzluqyaddaşsızlıq olmaz, başına dönüm?

Aslan yenə hiss eləyirdi ki, Leylanın dərdinin közü qopub, yadına üzü o yandan bəri yığılıb qalmış dərdləri düşüb: «Axı bütün bunların mətləbə nə dəxli var?» ⎯ demək istəyirdi, ancaq özünü saxlayırdı, çünki bunların hamısını o özü yaxşı bilirdi: eşitdiyini eşitmişdi, gördüyünü görmüşdü, oxuduğunu da oxumuşdu. Ancaq bütün əsəbiliyinə, gərginliyinə baxmayaraq, xəcil olduğuna baxmayaraq, qarşısında oturmuş bu balaca, çəlimsiz qadının daxilindəki qüvvəyə, qəzəbə və ən ümdəsi isə onun özünə yad olan, ancaq həqiqət olduğunu qəbul etdiyi bu düşüncələri qəribə bir qibtə hissi ilə dinləyir, nə qulaq asmağa hövsələ işlədirdi, nə sözünü kəsməyə cəsarət eləyirdi. Dumanlı şəkildə olsa da, qəlbində etiraf edirdi ki, o, bu qızın qabağında, bütün əzəmətinə, sərvətinə, ad-sanına baxmayaraq çox cılızdı, zəifdi, bəlkə də bir heçdi. Qadın olasan, belə qeyrətli olasan, qadın olasan, belə dərin düşünəsən, qadın olasan belə yana biləsən.

Ancaq indi Aslan elə ağır bir zərbə almışdı ki, yaralı pələng kimi içəridən inildəyirdi, qanı qəlbinə axırdı, ağlamaq, qışqırmaq, dəli bir fəryad qoparıb hönkürmək, lap özünü öldürmək istəyirdi, lakin buna da aciz idi ⎯ eşitdikləri, öyrəndikləri sarsıdıcı, məhvedici olsa da, sonra eşidə biləcəklərinə olan marağı daha qüvvətli idi və olub keçənlərə qiymət verib təhlil etmək, bir kişi qərarına gəlməkdən çox, onu: «görəsən daha nələr eləyib Leyla? ⎯ sualı düşündürürdü; çünki bütün hər şeyi yerli-yataqlı bilməmiş, inandırıcı, rədd edə bilməyəcəyi dəlil-sübut tapmamış, cırt-qozluq eləyib elə gecə gözü, lap bax elə indicə, şəhərə gedib uzun illər inanaraq yaşadığı arvadını məhşər ayağına çəkmək ağılsızlıq olardı ⎯ yox, daha Aslan heç bir ağılsız hərəkət etməməlidi, heç kəsə inanmamalıdı, heç kəsə bel bağlamamalıdı, çünki bu dünya əclaflar dünyasıymış, satqınlar dünyasıymış. Yox, Aslanın buna haqqı yoxdu, yoxdu. «Leyla ⎯ Siranuş ölməlidi. Onu mən özüm öldürəcəyəm. Onun qanı halaldı, lap halaldan da halaldı. Ancaq qoy… hələ bir-iki gün yaşasın, qoy hər şeyi öyrənim, sonra… Görəsən sonra… bu alçaq qızı mənim namusumu daha kimin yanında hərraca qoyub?»

Leyla xanım sinəsini stoldan ayırıb qışqıraraq:

⎯ Bu səni çox maraqlandırır? ⎯ deyə soruşdu. Aslan yenə çaşdı:

⎯ Nə? Nə məni çox maraqlandırır? Sonra tez səhvini anlayıb iri alnına bir şapalaq çəkdi. ⎯ Yadımdan çıxır tez-tez. Hə, çox maraqlandırır, Leyla xanım. Madam ki, bundan başlamışıq… axıracan de, qurban olum,. Qoy mən onu yaxşı-yaxşı tanıyım…

Susub siqaret yandıraraq, nəsə yadına düşmüş kimi tələsik xəbər aldı:

⎯ Axı sən niyə bu alçaqdan başladın, Leyla? Yəqin bu da boş-boşuna olmaz, elə deyil?

⎯ Düzdü, Aslan.

⎯ Nəyə görə?

⎯ Ona görə ki, o, indi daha tək səni satmır, indi o, sənqarışıq, mənqarışıq, bütün millətimizi satır, Aslan.

⎯ Nə danışırsan?

⎯ Sənin Siranuşun indi işləyir.

⎯ Necə yəni işləyir? Heç yerdə işləmir. Çoxdan işləmir.

⎯ Elə yox. Bakıdan ermənilər sağ-salamat (beş-on nəfər ölənləri çıxsaq) çıxarılandan sonra, sənin Siranuşun çox fəallaşıb, Aslan. İndiyə qədər o, sənin Naxçıvandan, Lənkərandan çapıb-talayıb gətirdiyin və qədrini belə bilmədiyin pulların bir qismini üzvü olduğu «Qrunq» təşkilatının hesabına gizli surətdə göndərirdi. O, təşkilatın ən hörmətli (əlbəttə ermənilərin yanında), ən fəal üzvü sayılır. Bilirsən niyə? Ona görə ki, beş nəfər ən çox pul göndərənin biri, bəlkə də birincisi odu, sənin Siranuşundu.

⎯ Elə şey olmaz, Leyla.

⎯ Odur, Aslan! Sən yenə mənim sözlərimə inanmırsan?

⎯ İnanıram ey… Ancaq…

⎯ Yox inanmırsan, Aslan. Əgər belədisə, evə gedəndə, onun otağında, kitab şkafının üçüncü gözündə, kitabların arxasında saxlanan sarı qovluğa baxarsan. O qovluğun içində çoxlu qəbzlər görəcəksən ki, sənin arvadının aybaay, ilbəil o təşkilata göndərdiyi pulların qəbzləridir.

⎯ Poçtnan göndərib?

⎯ Yox. Onlar sənin kimi, mənim kimi, bizimkilər kimi, elə də avam deyillər, Aslan. O təşkilatın xüsusi nümayəndələri var, onlar təkcə bizim məmləkəti yox, bəlkə bütün dünyanı şəhərbəşəhər, kəndbəkənd, evbəev gəzib pul yığırlar. İllərdi yığırlar, indi də yığırlar. Həmin adamların verdiyi qəbzlərdi, saxlayır ⎯ bir gün gələr, gərəyi olar ümidi ilə.

⎯ Vay səni. Deməli, buna görə…

⎯ Tək buna görə yox. Sənin evdə videomaqnitafonun var, elə deyilmi?

⎯ Hə, var.

⎯ Hər gün Bakı televiziyasından verilən verilişləri (əlbəttə, sən evdə olmayanda) rahatca yazır, gəlib aparırlar.

⎯ Hm… məgər videosu olan tək mənəm?

⎯ Yəni demək istəyirsən, Bakıda sənin kimi «qeyrətli» kişilərin saxladıqları erməni arvadlarının hamısının videosu var, hə?

⎯ Hə də.

⎯ Hər ehtimala qarşı yazır və ona, öz mərkəzində daha çox inanırlar ⎯ çünki o, öz sədaqətini çoxdan, hələ Mərkəzi Komitədən ən gizli, ən məhrəm sənədlərin (əlbəttə, onlara lazım olanlarının) surəti sənin Siranuşunun vasitəsilə ermənilərə çatdırılırdı, Aslan. O, öz millətinə sədaqətlə qulluq eləyib həmişə. Sənin çörəyini yeyib, paltarını geyib, amma erməniyə ⎯ öz millətinə xidmət eləyib. Çünki ermənilik və Ermənistan ⎯ onlar üçün hər şeydən üstün olub. Həmişə satqın olublar, xəyanətkar olublar, namussuz olublar, qul olublar ⎯ yalnız ermənilikləri xatirinə, yalnız Ermənistan xatirinə. Sən bu həqiqəti başa düşürsən?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, on beşinci fəsil

Nadirə institutun qapısı ağzında dayanmış «Volqa»nın yanından ötüb keçmək istədi, ancaq bərk yorulduğundan və əsəbləşdiyindən maşının qapısını açdı, dal oturacaqda əyləşib, Salmanı gözləməyə başladı. İş vaxtı qurtarırdı, adamlar danışa-danışa iki-bir, üç-bir nəhəng binadan çıxır, bazara, dükana, evə gedirdilər.Nadirə başını oturacağın söykənəcəyinə dayayıb fikrə getmişdi. Bir azca bundan irəli qurtarmış iclas onun gözləri qabağından çəkilmirdi. Orxanın əsərinin müzakirəsi Nadirəni bir daha Salman haqqında düşünməyə vadar eləyirdi. Orxan, insafən, yaxşı əsər yazmışdı. Onun haqqında Salmanın verdiyi qərar birtərəfli və yanlış idi. Orxana əsəri üzərində əl gəzdirmək üçün ay yox, onca gün vaxt lazım idi. Amma Salman «Böyük səxavətlə» ona üç aydan da çox vaxt verirdi. Orxan tələsir, kitabı Mirzə Cəlilin yubileyinə çatdıra bilməyəcəyindən qorxurdu. Bu yandan da Salman belə eləyirdi. «Yoxsa Salman Orxan barədə ayrı niyyətdədir? Yoxsa onun üzünə gülə-gülə zəhmətini yerə vurmaq istəyir? O, Orxan haqqında evdə də həmişə yaxşı söz-söhbət eləyirdi». Nadirə ondan Orxan barədə pis heç nə eşitməmişdi. Təkcə Orxanın məqaləsi çıxan günü əsib-coşmuşdu, vəssalam! Bəlkə Nadirədən ehtiyat eləyir, bəlkə ondan çəkinirdi?

5 мин
İkinci hissə, on altıncı fəsil

Havalar yamanca soyumuşdu. Başdan papaq aparan küləklər əsir, arabir selləmə yağış yağır, hərdən də zəif, adamın canını güclə isindirən qış günəşi sarımtıl üzünü göstərib, tez də buludlar arasında gizlənirdi.Müzakirədən sonra əsərini bir də diqqətlə nəzərdən keçirib professora təqdim eləmiş Orxan bu qış havası kimi tutulub-açılır, ağır, yorucu zəhmətdən sonra duyduğu yüngüllük, xoş əhvali-ruhiyyə getdikcə narahatlıqla əvəz olunurdu. Bu iki ayda, demək olar ki, Orxan canına, ürəyinə zülm eləmişdi. Vaxt, zaman heç bir şeylə hesablaşmadan keçib gedir, üçüncü ay da tamam olurdu, ancaq professor hələ də Orxanın işini oxuya «bilməmişdi».

3 мин
İkinci hissə, on yeddinci fəsil

Kitabı çantasına qoyan Ceyhun asılqanın qabağında dayanıb atasının kabinetinə, anasının iş otağının qapısına baxdı. Səs-səmir yoxdu: ikisi də bayaqdan işləyirdi. Ceyhunun əli atasının mil-mil pencəyinin cibinə uzandı. Soyuq, ilan gözü kimi xırda həlqəli zəncir əlinə toxunanda o sevindiyindən nə edəcəyini bilmədi. Maşının açarını tapmışdı. Çıxartdı, yavaşca şalvar cibinə qoydu. Ürəyi şiddətlə döyünürdü. Əgər atası bir dəqiqə otaqdan çıxsa, ya anası gəlsə, o heç yerə gedə bilməzdi və niyyəti alt-üst olardı. Arakəsmənin qapısını ehmalca örtdü.Ağ dəstəkli telefona yanaşıb səs salmamağa çalışaraq əzbər bildiyi nömrəni yığdı və demək olar ki, pıçıltı ilə danışmağa başladı:

3 мин
İkinci hissə, on səkkizinci fəsil

Elə bu zaman professor otağından çıxdı. Böyük evdə heç kəs yox idi. Ümumiyyətlə, son vaxtlar onların evi çox sakit və demək olar ki, cansıxıcı olmuşdu. Küsülü kimi gəzib dolanırdılar. Adətən, ən əziz və doğma bir adamı dəfn edəndən sonra evdə belə qərib səssizlik hökm sürür. Yaxşı ki, kitablar varmış, yaxşı ki, yazı-pozu varmış!..Professor da, Nadirə də elə hey işləyir, yazıb-pozurdular və sanki bununla evdəki boşluğu doldurmaq, ürəklərindəki qüssəni qovmaq, yüngülləşdirmək istəyirdilər. Ancaq onları bu da bezdirirdi, bu da usandırırdı.

6 мин

Стихи других поэтов