Birinci hissə, ikinci fəsil
Страница 8 из 16 · 44%
⎯ Niyə axı, Leyla xanım? Mən deməsəm də, sən ürəyimi oxuyub görürsən ki, o mənim həyatım olub, elə indi də bütün varlığım ona bağlıdı. Sən isə…
⎯ Onların hamısını bilirəm, Aslan. Amma istəyirəm sən daha çox əzab çəkəsən, çox, lap çox…
⎯ Axı niyə? Mən sənə nə pislik eləmişəm ki, sən mənim əzab çəkməyimi istəyirsən? Neyləmişəm sənə?
⎯ Mənə heç nə… Heç nə, Aslan. Amma sən heç bir günahı olmayan, əslində heç tanımadığın və sənə zərrəcə belə yamanlığı keçməmiş çox təmiz, ləyaqətli, gözəl bir insana ⎯ o sevdiyin qadının ərinə elə dəhşətli əzablar vermisən, onu dirigözlü cəhənnəm odunda yandırmısan ki, yazıq uzun illər necə yaşadığını da bilməyib, ölüb-dirilib. Lakin sənin bundan heç xəbərin də olmayıb ⎯ sən öz kefində, damağında olmusan, o bədbəxt isə… Bax, sən məhz buna görə üstündən neçə illər keçəndən sonra özün də belə bir bəlaya düçar oldun ki, ⎯ daha doğrusu, allah səni belə bir müsibətə düçar elədi ki, başa düşəsən yanmaq nə deməkdi, dirigözlü ölüb, dirilmək nə deməkdi.
⎯ Demək, Tanrı mənə cəza verir…
⎯ Bəli, nə doğrayarsan aşına, o da çıxar qaşığına, Aslan. Leyla susdu, çaydan bir qurtum içib sınayıcı, yoxlayıcı nəzərlərlə Aslana fikir verdi: o, bilmədən, düşünmədən elədiklərinə peşiman bir uşaq kimi büzüşüb oturmuşdu, titrəyən barmağı ilə müşəmbənin güllü naxışına sığal çəkirdi və bu mənasız hərəkəti niyə elədiyini özü də bilmirdi.
Doğrudan da Tanrıgüllə bağlı o müəmmanı, düyünü heç cür aça bilmirdi; bu, onu ağlagəlməz dərəcədə sarsıtmış, sevdiyini, həyatı, nəfəsi sandığı adamı itirmək üzrə olduğunu dərk edəndə aylarla yorğan-döşəyə düşmüş, saqqal buraxmış, guşənişin olub evdən bayıra çıxmamış, arvadının ⎯ Leyla xanımın dəfən-dəfən gətirdiyi ən yaxşı həkimlərin dava-dərmanı belə əlindən tuta bilməmiş və demək olar ki, bu pərişanlıq və dərmansız ağrılar onu ruhən, mənən qocaltmış, yaşına görə tay-tuşlarının həsəd apara biləcəyi qədər qapqara qalmış saçlarına dən salmış, dünyadan küsdürmüşdü.
Onun yeganə dərdi Tanrıgül idi, ancaq bədbəxtliyindən o da bilərəkdənmi, bilməyərəkdənmi, qəsdənmi, ⎯ aydın deyildi ona ⎯ bu müddət ərzində Aslanı çox az itirib-axtarmış, bir dəfə xəstə şeflərinə baş çəkməyə gələn əməkdaşlarla bir yerdə yanına gəlmiş, yad bir adam kimi oturub başqaları kimi təsəlli verməklə kifayətlənmiş, Leyla xanım kurortda olarkən tez-tez gəldiyi, saatlarla qalıb əyləndikləri, yeyib-içdikləri bu otağa biganə nəzərlərlə tamaşa eləmiş və axırda hamı kimi «yüngül yastıq» arzulayıb çıxıb getmişdi. Tanrıgül çox məharətlə, ustalıqla özünü burada elə aparmışdı ki, guya bu evdə birinci dəfəydi olurdu, guya bu divan, o stol, o yataq otağı ona heç tanış deyilmiş. İşdə, uzun illər boyu əgər Tanrıgül Aslandan qabaq çıxıb getməli olduğu zaman xudahafizləşmək üçün, heç kəs şübhələnməsin deyə, diliylə: «Sağ olun» deyəndə, uzun kiprikli gözlərini qırpmaqla da, səssiz-səmirsiz: «Sağ ol, əzizim». ⎯ söyləmişdisə, indi, o xəstə yatdığı və buna daha çox ehtiyacı olduğu vaxt bunu da ondan əsirgəmişdi. Bu isə Aslanı lap dəli eləmiş, yerinə ilan-qurbağa doldurmuş, yata bilməmiş, özünə ucuz ölüm arzulamışdı. Qısqanclıq, şübhələr zəhər kimi təkcə qanına işləməmiş, ruhuna da daxil olub bütün varlığını gəmirməyə başlamış, yaşamağı ona haram eləmişdi. Sonra iki dəfə də zəng eləmişdi Tanrıgül. Onda Leyla evdə olmadığına görə Aslan onun niyə belə elədiyini soruşub öyrənmək istəmişdi, «Axı sənə nə olub, niyə belə eləyirsən?» ⎯ deyə xəbər almışdısa da, Tanrıgül soyuq və quru bir səslə: «Heç nə». ⎯ deyə cavab vermiş, eyni soyuq bir ahənglə də tez sağalmağını arzulayıb dəstəyi asmışdı.
İndi Leyla, Tanrıgüllə olan münasibətini də bildiyinə işarə eləyib sonra da onun barəsində hələ danışmayacağını söyləyəndə Aslan eyri-iradi olaraq: «Yox, burada nə isə mühüm bir sirr var. Yoxsa bu hər şeyi bilən Leyla da belə deməzdi». ⎯ deyə düşünüb, istər-istəməz onun hökmünə boyun əyərək çarəsiz adamlar kimi köks ötürdü, o Tanrıgüllü aləmdən qopub ayrılmaq üçün, necə haldan-hala düşdüyünü görüb mənalı baxışlarla onu süzən Leylanın nəzərləri altında əzilə-əzilə yenə lətifə məsələsinin üstünə qayıtdı:
⎯ O nə lətifə idi elə, Leyla xanım?
⎯ Heç… Danışmayacağam o lətifəni daha.
⎯ Niyə? Yoxsa… yoxsa xətrinə dəydim, Leyla xanım? Əgər namünasib bir sözlə xətrinə dəydimsə, sən allah, bağışla məni.
⎯ Yox, yox. Heç nəynən xətrimə dəymədin, Aslan. Sadəcə olaraq, sözü vaxtında və məqamında deyəsən gərək. Keçdinmi, keçirtdinmi, onun gözəlliyi, şirinliyi itir. Həm də mən artıq bayaqkı adam deyiləm.
Aslan gözlərini döydü:
⎯ Necə yəni bayaqkı adam deyiləm?
⎯ Yəni əhvali-ruhiyyəm bayaqkı deyil. Bayaq dərdlərim yadıma düşmüşdü, ürəyim göyüm-göyüm göynəyirdi, ona görə bütün dünyanı qatmışdım biri-birinə. O sözlər çoxdan yığılıb qalmışdı ürəyimdə. Sən keçdin əlimə, qəlbimin ağrı-acısını sənin üstünə töküb bir az toxtadım. Mən o sözləri, bizim bugünkü bədbəxtliyimizdə az-çox günahı olan bir kimsəyə deməliydim ⎯ sən keçdin girimə. Sən də o sözləri haçansa kimdənsə eşitməliydin ⎯ kimsə bu sözləri sənə deməliydi. Yoxsa elə bilərdin ⎯ necə ki, sənin o biri böyük-böyük yoldaşların belə başa düşür ki, hamı avamdı, heç kəsin sizin əməllərinizdən xəbəri yoxdu, dünya avamlar dünyasıdı, korlar-karlar dünyasıdı. Dərdlərimi ⎯ tək öz dərdimi yox, bu millətin dərdlərini sənə dedim, azcana sakitləşdim. Dərd adamı çürütdüyü kimi, milləti də çürüdür, Aslan.
⎯ Elədi. Bunu kim də bilməsə, mən bədbəxt yaxşı bilirəm, Leyla xanım, Yaxşı, bəs indi kiçik qardaşın sənin yanında deyil?
⎯ Yox. Getdi.
⎯ Hara?
⎯ Qarabağa. Nə qədər elədim, saxlaya bilmədim. Könüllü getdi. Uşaq dözmürdü, gecə-gündüz ağlayırdı. Gördüm dəli olacaq, dedim get, qardaş.
⎯ Qeyrətli oğlanmış sənin qardaşın. ⎯ Aslan «qeyrət» sözünü dilinə gətirdiyinə dərhal peşiman oldu, çünki o bilirdi ki, bu sözü eşidən kimi, Leyla xanım yenə nə isə tikanlı-tikanlı sözlər deyəcək: ona görə heç imkan verməyib əlavə elədi: ⎯ Sağ-salamat qayıdıb gəlsin.
Leyla xanım Aslanın tökdüyü çayı içməyə başlayanda araya dərin bir sükut çökdü və Aslan bir müddət nə edəcəyini, nə deyəcəyini bilməyən uşaq kimi o yan-bu yana döyükdü. Ağlına gələn fikirdən sevindi: onunla tanış, həmsöhbət, yol yoldaşı olan vaxtdan bəri hey soruşmaq istədiyi, ancaq araya bu və ya başqa bir söz düşdüyündən, Leylanın gözlənilməz «zərbələrindən» çaş-baş qaldığından unutduğu sözün nəhayət, məqamının yetişdiyini görüb xəbər aldı:
⎯ Sənin sənətin nədi, Leyla xanım? Əgər sirr deyilsə…
⎯ Heç nə… ⎯ Leyla qaşlarını çatıb diqqətlə Aslana baxdı.
⎯ Necə yəni heç nə?
⎯ Sadəcə, onuncunu qurtarmışam.
⎯ Nəə?
⎯ Bəli.
⎯ Bəs niyə oxumamısan? Özün istəməmisən, ya…?
⎯ Özüm istəmişəm, bilirsən necə istəmişəm? Bunu bir mən bilirəm, bir də o göydəki Allah. Amma qoymadılar.
⎯ Kim qoymadı? Atan-anan?
⎯ Yox, onlar istəyirdilər. Arzuları məni oxumuş görmək idi. Ancaq qismət olmadı.
⎯ Niyə?
⎯ Düz altı il Bakıya gəlib getdim. Ancaq qəbul eləmədilər. «Balın çatmır» ⎯ dedilər. Yəqin deyəcəksən, savadsızın, malbaşın biri olmusan, ona görə girə bilməmisən. Yox. Elə deyildi. Mən əlaçıydım orta məktəbdə. Özü də yalançısından yox. Sadəcə mənim pulum yox idi, atam dalımca gələ bilmirdi. Mənim hazırladığım uşaqlar, üçə güclə cavab verə bilənlər gözümün qabağında daxil olurdular, mən qalırdım kənarda. Onlar qəbul kağızını alıb sevinə-sevinə evə dönəndə, mən ağlaya-ağlaya qayıdırdım.
⎯ Axı niyə belə olurdu?
⎯ Guya bilmirsən? Onların pulu vardı, mənimsə yox idi. Molla Nəsrəddinin bir lətifəsi yadıma düşdü. Deyirlər, bir gün Molla qonşusu ilə nəyinsə üstündə dava eləyir. Qonşu varlı-hallı imiş. İkisi də Qazinin yanına şikayətə getməli olur. Varlı qonşu gedəndə dilinin altına bir qızıl onluq qoyur. Molla da həyətindəki aman-zaman qazı vurur əbasının altına. Varlı şikayətini eləyəndə dilini elə hərləyir ki, Qazi ağzındakı qızıl onluğu görür. Molla da danışanda qoltuğunun altındakı qazı sıxır, biçarə qaz canının ağrısından boğazını irəli uzadıb qaqqıldayır. Qazi hər ikisini dinləyib işi varlının xeyrinə kəsir, bu zaman Molla haqsızlığa dözməyib qara-qışqırıq salır. Qazi əlini qaldırıb deyir: «Ay rəhmətliyin oğlu, görmürsən kişi ağzında qızıl kimi söz danışır? Sən də qaz kimi boğazını nə uzadıb qırıldayırsan?»
Aslan bu lətifəni haçansa, kimdənsə eşitmişdi və onun üçün bunda heç bir yeni şey yox idi: amma buna baxmayaraq, Leylanın xətrinə dəyməsin deyə yalandan qımışdı:
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-mocuze-birinci-hisse-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:
Birinci hissə, on beşinci fəsilZərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.
Birinci hissə, on altıncı fəsilƏbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.
Birinci hissə, on yeddinci fəsilAğayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»
Стихи других поэтов
Sabir! Ey sən sevimli şairimiz,Müqtədir, duzlu sözlü Sabirimiz!
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,