Страница 9 из 16 · 50%

⎯ Başa düşdüm.

⎯ Bəli, onlar ağızlarında qızıl kimi söz danışırdılar, mən də qaz kimi boğazımı uzadırdım. Professor Əlyar Səfərli ⎯ bizim məşhur ədəbiyyatşünasımız axırıncı il məni görəndə dedi: «Ay qız, mən sənə «Beş» qiymət yazmaqdan yoruldum, sən bura gəlib-getməkdən yorulmadın?»

⎯… Təəssüf.

⎯ Nə təəssüf? Guya siz ⎯ bax, o yuxarıda oturanlar ⎯ Leyla xanım əlini başından yuxarı qaldırdı. ⎯ bunu, bu zülmü, bu haqsızlığı, rüşvətin hər şeyi yuyub apardığını görmürdüz? Xəbəriniz yox idi? Sizin hansınızın ⎯ mən, əlbəttə, səni demirəm, bilirəm sənin övladın yoxdu və sən bunu özünə böyük dərd eləmisən, amma nahaq. Çünki sənin oğlun var. Hə, qurcuxma, həyəcanlanma.

⎯ Sən nə danışırsan, Leyla? ⎯ deyə Aslan, «xanım» sözünü də unudub demək olar ki, qışqırıb yerindən sıçradı: ⎯ Ay sənə qurban olum, sən nə danışırsan? Sən məni dəli eləyəcəksən, sən mənim ürəyimi partladacaqsan, vallah.

Leyla rəngi ağarmış, az qala bütün vücudu titrəyən, qalın, ətli dodaqları səyriyib daha söz tapmayan Aslana altdan yuxarı baxdı, çox soyuqqanlılıqla, adi bir şeydən danışırmış kimi, sakit bir ahənglə:

⎯ Özünü ələ al, Aslan. ⎯ söylədi. ⎯ Bu məsələ üçün, yəni sənin oğlunun olduğunu eşidib bunca sevinmə. Sadəcə bil ki, oğlun var, vəssalam. Sadəcə, bil ki, sən sonsuz deyilsən, vəssalam.

⎯ Axı bu mənim üçün…

⎯ O oğlunun olub-olmamasının sənə elə bir isti-soyuğu yoxdur, Aslan. Hələlik bu qədər bilməyin kifayətdi ki, sənin oğlun var. Yaşayarsan, inşallah, görərsən öz oğlunu və yalnız görəndən sonra bilərsən ki, sənin üçün onun olmağı ilə olmamağı arasında elə bir fərq yoxdur. Hə, indi keç otur.

Aslan əl atıb cibindən dəsmal çıxartdı, alnının, üzünün tərini sildi, siqaret qutusunu stolun üstündən götürəndə gözü konyak şüşəsinə sataşdı, siqareti yerə qoyub qədəhini doldurdu və birnəfəsə başına çəkib papiros yandırdı və gəlib yerində əyləşdi.

⎯ Doğrudan adam lap dəli ola bilər, Leyla xanım. Həyat necə də qəribə və necə də mürəkkəbdir. Dünyanın ən ağıllı, ən şüurlu varlığı olan insan…

⎯ Heyvan ⎯ deyə Leyla onun sözünə düzəliş verdi. ⎯ Ən ağıllı və ən şüurlu heyvan olan insan de, Aslan.

⎯ Bununla yaranmışların ən şərəflisi hesab olunan insanı təhqir etmirikmi, Leyla xanım?

⎯ Əsla. Hələ insanın kamil olmağına çox var.

⎯ Bəs onda niyə belə deyirlər?

⎯ Kim deyir onu? İnsan özü deyir bunu özü haqqında. O insan ki, tərifdən sarı sinov gedir, özü haqqında, öz ucalığı və əlçatmazlığı barədə mühakimələr yürüdür, kəlamlar deyir və özünün başının ulduzlarda olduğu halda, ayaqlarının çirkablar içində olduğunu görmür, görmək istəmir, yaxud özünü görməməzliyə vurur. Uzağa niyə gedirsən? Elə sadəcə özünə bax, öz ürəyinə, vicdanına bir kənar adam gözüylə tamaşa elə, onda görərsən ki, insan nədir? Hələ bunu da nəzərə al ki, sən oxumuşsan, sən ziyalı hesab olunursan, nə bilim nə. Ya oxu o kitabları, o filmlərə tamaşa elə, gör insan insanın başına nə oyunlar açır, necə bir-birinin başını kəsir, qanını içir. Bunu insan adlanan o şüurlu məxluq eləyir, Aslan. Bunları heyvan eləmir, yox, heyvan eləmir.

⎯ Sən insanlardan deyəsən tamam əlini üzmüsən, Leyla xanım.

⎯ Yox, sən məni düzgün başa düş. Mən insanlardan tamam əl üzməmişəm. Ancaq incimişəm insanlardan. Deyəcəksən, dünyada yaxşı insanlar da az deyil.

⎯ Bəli.

⎯ Ancaq insan adını daşıyan hər kəs gərək yaxşı olsun, Aslan. Əgər sən insansansa, sənin pis olmağa haqqın yoxdu.

⎯ Bu, mümkün olan şeydirmi? Onda həyat mənasız olmazdımı?

⎯ Yox, onda həyat daha gözəl olardı, inandırıram səni. Qat-qat gözəl olardı.

⎯ Nə bilim, vallah, ⎯ Aslan bu qəliz, özünün də o qədər başı çıxmayan bu fəlsəfi söhbətdən qaçıb yaxa qurtarmağın yeganə çarəsini Leylaya bayaqkı söhbətini xatırlatmaqda gördü və sözü dəyişmək üçün dedi: ⎯ Sən nə isə deyirdin bayaq… Leyla gözlərini qıyıb xatırlamağa çalışdı və yadına salıb:

⎯ Hə, mənim oxumağımdan danışırdıq. ⎯ söylədi. ⎯ Sözümün canı o idi ki, siz, orada, yuxarıda oturanlar, utanmadan, qızarmadan bizə «yoldaş» deyirdiz, «bərabərik» deyirdiz, ancaq, bir insafnan fikirləş, siz bizim yoldaşımız idiniz, bizimlə bərabər idiniz? Yox. Sizin mağazanız ayrı, ərzağınız ayrı, hətta qəbristanlığınız da ayrıydı. Onların hansı birinin uşağı, mənim kimi altı il ali məktəb qapısına gəlib, ancaq əli ətəyindən uzun qayıdıb geri? Hansının? Orta məktəbi yaman-yaxşı qurtaran kimi ya özünün, ya valideyninin istədiyi, arzuladığı instituta, fakültəyə girməyib, çöldə qalıb, onu aparıb zavodda, fabrikdə, mətbəədə staj yığsın deyə işə düzəldiblər? Hə? Heç birini. Bu boyda Bakını ələk-vələk eləyəsiz, özü də otuz il müddətinə orta məktəbi bitirmiş uşaqları axtarıb tapasız, siyahısını tutasız, bircə nəfər də vəzifəli «papa», «mama» uşağı tapa bilməzsiz ki, qurtaran ili ali məktəbə qəbul olunmamış olsun. Tapa bilməzsiz, tapsanız, başımı verərəm.

Leyla xanımın yenə dərdi güc gəldiyindən qızışıb danışırdı. Aslan ancaq üzünə baxırdı, səsini eşidirdi, əslində isə, nə dediyini başa düşmürdü. Çünki bir az əvvəl söylədiyi: «sənin oğlun var» ⎯ sözləri onu ildırım vurmuş kimi silkələyib sarsıtmışdı, fikirlərini yuvasına ilan girmiş quş balaları kimi pərən-pərən salmışdı, xəyal gözəgörünməz qanadlarının üstünə alıb yenə ötən günlərinə ⎯ kefli, damaqlı, qızlı, gəlinli çağlarına aparmışdı, uzaq, hardasa əlçatmaz, daha görünməz, yaşanmaz bir dünyanın illərin uçurub dağıtdığı, viran qoyduğu divarları arasında sərgərdan-sərgərdan dolaşmağa vadar eləmişdi onu. «Oğul. Qız da yox, oğul! Hardadı o? Kimdi? Adı nədi? Bu şəhərdədimi ya başqa şəhərdədi? Aman allah, bu dünyada nələr olurmuş?»

Aslanın daha onun sözlərinə qulaq asmadığını, fikrinin uzaqlarda cövlan elədiyini duyan Leyla xanım, ayağa qalxdı və üzünü yana çevirib çox zərif bir şəkildə gərnəşdi, bayaqdan lap asta ayaqda öz-özünə nəsə danışan televizorun qənşərində dayandı, azca baxıb hələ də yerindən tərpənməyə taqəti olmayan Aslana sarı döndü:

⎯ Bayaqdan heç siqaret çəkmirsən, xeyir ola? ⎯ Bu sualı o özü qəsdən verdi, çünki bilirdi ki, siqareti qurtarıb, bir az qabaq yandırıb çəkdiyi axırıncısıydı. Bunu elə belə deyirdi, əylənmək üçün. Həm də bilirdi ki, o, siqaretsizlikdən əziyyət çəkəcək. İstəyirdi kömək eləsin və ən ümdəsi də bu idi ki, yenə onu təəccübləndirsin.

Aslan ayağa durdu,əllərini pijamasının iri yan ciblərinə vurub:

⎯ Siqaretim qurtarıb. Sənə demişdim ki, ⎯ söylədikdə Leyla qətiyyətlə:

⎯ Var, ⎯ dedi. ⎯ Siqaretin var, Aslan.

⎯ Vallah yoxdu.

⎯ Var, bəy. İndi mən sənə siqaret versəm, sən mənə nə verərsən?

Aslanın ətli gözləri parıldadı:

⎯ Nə istəsən verərəm, Leyla xanım. And olsun. Hə, yəqin sumkanda varmış. Düz tapmışam?

⎯Yox. Sumkamda yoxdu. Mən, yadında saxla, heç vaxt yalan danışmıram və xahiş edirəm, sən də heç vaxt yalan danışma.

⎯ Bilirsən, Leyla xanım, ⎯ deyə Aslan yaman yerdə axşamladığını başa düşüb bəri başdan özü üçün siçan yolu qoymaq istədi. ⎯ İndi elə zəmanədi ki, yalansız bir gün də ötüşmək olmur. Sən istəməsən də məcbur olub axırı yalan danışmalı olursan. İndi vallah, ata uşağını aldadır, arvad ərini aldadır, ər arvadını… Nə bilim, yəni hamı bir-birini aldada-aldada yaşayır. Əvvəl-əvvəl adam bir az vicdan əzabı çəkir, sonra öyrəşir və bu yalanlara həyatın adi bir parçası kimi baxıb adət eləyir.

⎯ Elə bütün bədbəxtliklərin çoxu da bax bu yalanlardan başlayır. Bir yalan deyirsən, onun doğruluğunu sübuta yetirmək üçün daha bir neçə yalan uydurmalı olursan və bir də görürsən ki, yalanlar girdabında batıb qərq olmusan. Ancaq sən… Heç olmasa mənə yalan danışmamalısan. Bilirsən ki, faydası yoxdu.

⎯ Vallah, yalan demirəm. Bircə gilə də qalmayıb. İnanmırsan, yoxla.

⎯ Yox, mən sənə inanıram, Aslan. Bilirəm siqaretin qurtarıb. Mən bu yalan məsələsini elə-belə dedim. Ancaq… sənin siqaretin var.

⎯ Hardadı axı?

⎯ Bax, elə burda, bu evdə… De görüm nə verərsən sənə siqaret tapım?

⎯ Dedim ki, nə istəsən.

⎯ Özün de. ⎯ Aslan bir az duruxdu, elə bil sinifdə müəllim çətin bir sual vermişdi, cavabını tələb eləyirdi, o isə çaşıb qalmışdı. Başını qaşıdı və birdən dedi:

⎯ On min manat verərəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, on dördüncü fəsil

Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:

17 мин
Birinci hissə, on beşinci fəsil

Zərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.

6 мин
Birinci hissə, on altıncı fəsil

Əbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.

7 мин
Birinci hissə, on yeddinci fəsil

Ağayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»

9 мин

Стихи других поэтов