Страница 5 из 7 · 57%

Gülmirə davam etdi:

– Yoldaşlar, sizin yadınıza salıram ki, düz iki il bundan qabaq, elə bax bu gün, bu divarlar arasırda bizim qələm yoldaşımız, hamımızın istedadlı bir alim kimi tanıdığı və sevdiyi Orxan vəfat eləyib. Mən bizim yoldaşlardakı bu biganəliyə, laqeydliyə heyrət etməyə bilmirəm, yoldaşlar. Orxan kimi qabiliyyətli, az ömründə «mənəm, mənəm» — deyən bəzi alimlərimizdən çox əsər yazmış istedadlı bir alim dünən ölüb bu gün yaddan çıxırsa, onda vay bizim kimi kiçik adamların halına. — O, bir anlığa susub Salmanın gözünün içinə baxa-baxa dedi: — Bu qədirbilməzlikdi, yoldaşlar. Xahiş edirəm, heç olmasa yoldaşlıq borcumuzu yerinə yetirərək, bir dəqiqəlik sükutla aramızdan vaxtsız getmiş Orxanın xatirəsini yad etmək üçün ayağa qalxın.

Otaqda pıçha-pıç gəzdi və hamı bir nəfər kimi ayağa qalxıb başını aşağı saldı. Gülmirə həyəcanlı nəzərlərlə Salmana baxıb tez də gözlərini yayındırdı — o, ağappaq ağarmışdı, deyəsən Gülmirənin bununla qurtarmayacağını hiss eləyib işarə ilə nə isə demək istədi, ancaq Gülmirənin baxışlarını tuta bilmədi. Aslanzadə başını qaldırıb ayaq üstə dayanmış, nə edəcəyini, nə deyəcəyini bilməyən Salmana nəsə söylədi, Salman aşağı əyilib qabaqda oturanların eşidə biləcəyi bir səslə: «Səhv eləmişəm, tamam yadımdan çıxıb, düz deyir» pıçıldadı.

– Xahiş edirəm, oturun — deyə Gülmirə iclasın sədri imiş kimi icazə verdi, hamı oturdu. Yenə araya sükut çökdü, baxışlar təzədən Gülmirəyə zilləndi.

Bu zaman Gülalı İltifatın qulağına nə isə pıçıldayıb ayağa durdu və icazəsiz-filansız üzünü direktora tutaraq söylədi:

– Professor, Gülmirə burda bir balaca səhv eləyir. Orxan ölüb — Allah rəhmət eləsin, necə deyərlər. Ta bu o demək deyil ki, biz ömrümüz boyu onun yasını saxlamalıyıq. Əgər Gülmirə onu çox istəyirsə, onun xatirəsinə istədiyi qədər yas saxlasın. Daha bu qədər adamı «Vankə-vıstankə» kimi oturdub-durğuzmasın.

İltifat yerindən dilləndi:

– Gülalı düz deyir, professor.

Aslanzadə onların ikisinə də mənalı-mənalı baxıb incik bir tərzdə dedi:

– Yox, Gülalı düz demir. Gülmirə haqlıdı. Siz Orxanın dostları, yoldaşları olubsunuz: hamıdan qabaq onun qədir-qiymətini siz bilməlisiniz. Yaşatmalısınız onu. Unutmaq lazım deyil ki, heç kəs dünyanı əbədi tutub durmayacaq. Mən biləndə ki mənim həmkarlarım, dostlarım qədirbiləndi, onda yaşamaq bir az da gözəl olur, onda heç ölmək də qorxulu olmur, bala.

Sakit Aranlı İltifatın domba közlərinə nəzər salıb ürəyindən keçirtdi: «Gülalı təbiətən qaba, köntöy, zəriflikdən uzaq bir adamdı: o, belə düşünə bilər. Amma sən... sən adını şair qoymusan axı. Əgər sən beləsənsə, onda sən həqiqi şair deyilsən, ola da bilməzsən.»

Aslanzadənin sözlərinin qabağında Gülalı da, İltifat da heç nə deməyə cəsarət eləmədi.

—Qurtardın, Gülmirə xanım? — deyə Salman kinayəli tərzdə ondan soruşanda Aslanzadə yerində qurcalandı və:

– Qoy sözünü desin, Salman! — dedi, — buyur, qızım. Mən görürəm ürəyin doludur, danış, burada özgə adam yoxdur, öz kollektivimizdir.

– Sözümün canı budur ki, yoldaş Aslanzadə, — deyə tir-tir titrəyən Gülmirə əyləşənlərə nəzər salıb davam elədi. — Sözümün canı budur ki, bu müqəddəs elm ocaqında ancaq, ancaq təmiz adamlar, vicdanı pak, ürəyi büllur kimi saf adamlar işləməlidir, oğrular, intriqaninlar, vicdansızlar, pambıqla baş kəsənlər yox. Siz bu institutun direktorusunuz, üzünüzə demək olmasın, yaxşı alimsiniz, ancaq institutda baş verən bəzi işlərdən xəbəriniz yoxdur, bəzən bilmirsiniz dərdimiz nədir, azarımız nədir, kimi harda, necə «öldürürlər», kim kimin haqqını harda, necə tapdalayır − bunlardan sizin xəbəriniz yoxdur, yoldaş Aslanzadə, acığınız gəlməsin, xahiş edirəm, məni düzgün başa düşün, siz gərək kimin necə, nəynən nəfəs aldığını beş barmağınız kimi biləsiniz.

Akademik Aslanzadə mənalı-mənalı qımışdı, başını tərpətməklə onun sözlərini təsdiq elədi: zalda hamı bir-birinə dəydi, otağı ildırım sürətilə boğuq pıçıltı-uğultu gəzib dolaşdı. İndiyə qədər iclaslarda elmi mübahisələr olmuşdu, ucadan danışanlar, hövsələdən çıxanlar, biri digərinə ağır söz deyənlər də olmuşdu, ancaq bütün bunlar bu iclasın yanında necə deyərlər, toya getməli idi. İnstituta təzə qəbul olunanda sıxıla-sıxıla danışan bu qadının səsində bir hökm vardı, bir ittiham vardı və əsməyindən, ağəsmər üzünün pörtüb qızarmağından gün kimi aydın idi ki, o, nə isə çox mühüm bir mətləbi açıb ortalığa qoymaq niyyətindədi. Yoxsa indiyə qədər heç kəs cəsarət edib nə Aslanzadənin, nə də Salman Qurbanzadənin üzünə güldən ağır bir söz deyə bilməmişdi.

Akademik Aslanzadə hövsələli kişi idi, onun bütün məziyyətlərindən əlavə bir gözəlliyi də təmkinli, səbirli olması idi. O, əlindəki qələmin ucunu mizin üstündəki qrafinə tıqqıldadıb camaatı sakit olmağa çağırdı: otaqdakılar tezcə sakitləşdi, nəzərləri Gülmirənin qəşəng, ancaq səyriyən dodaqlarına dikildi. O danışmağa başlamamış Aslanzadə ayağa qalxdı və Gülmirəni mətləb üstünə gətirmək üçün dedi:

– Davam elə, qızım, Açıq danış, bəlkə doğrudan da elə şeylər var ki, sən haqlı olaraq dediyin kimi, kabinetə girmişəm, mənim heç xəbərim yoxdur? Açıq de, mən lazımi ölçü götürə bilərəm: heç nədən, heç kəsdən qorxmadan, çəkinmədən danış.

Açığını deyim ki, sənin cəsarətindən xoşum gəldi.

Aslanzadə ayağa durandan sonra lal-dinməz yerində oturub sarısını udmuş Salman astadan direktora pıçıldadı:

– Bənd olma o qədər, deyəsən, qız xəstələnib.

Salman bu sözləri nə qədər astadan desə də, otaqda qulaq batırıcı bir sakitlik olduğundan, onun dediklərini hamı, o cümlədən Gülmirə də aydınca eşitdi, qəzəb dolu bir səslə cavab verdi:

– Xeyr, professor, mən xəstə-zad deyiləm, tamamilə arxayın ola bilərsiniz.

—…

– Yaxşı, söz güləşdirməyin. Buyur, sözünü de. Kimdi bizdə oğru, intriqant, vicdansız, pambıqla baş kəsən? — deyə Aslanzadə, bu uzanan, hələ də mətləbi-mənası aydınlaşmayan əsəbi söhbətdən darıxsa da, mümkün qədər təmkinini saxlamağa çalışaraq, mülayim ədayla soruşdu.

Gülmirə Salmana baxmamağa çalışaraq:

– Mən... mənim indi dediklərim sizə qəribə gələcək, çünki haqqında danışacağım adam mənə dırnaqarası çox böyük yaxşılıqlar eləyib — ola bilər məni qədirbilməz hesab eləsin — ancaq mən məcburam bu həqiqətlərn sizin hamınıza çatdırım — mən vicdan əzabı ilə yaşamağı bacarmıram... — dedi.

– Gülmirə, qızım, özünü ələ al, sənə nə olub axı? — İndi artıq Salmana hər şey aydın idi: qovluq onda idi və daha üstünə dağ seli kimi axıb gələn bu fəlakəti, biabırçılığı saxlamaq mümkün deyildi; buna baxmayaraq Salmanın baxışında da bir yalvarış duyulurdu: — Nadirə, sən niyə oturub baxırsan, dur, onun qoluna gir, apar mənim otağıma, sudan-zaddan ver, -qoy bir az sakitləşsin. Sonra nə sözü-söhbəti var, ya mənə, ya da yoldaş Aslanzadənin özünə deyər. O qaçmır, biz qaçmırıq — necə deyərlər, ağa durur, Ağacan durur.

Nadirə yerindən tərpənmədi. Aslanzadə isə Salmana söylədi:

– Sakit, Salman...

Salman yerində yenə balacalaşdı. Gülmirə dedi:

– Bax, görürsünüz, yoldaşlar, Salman müəllim qarğa məndə qoz var deyir. Düz fikirləşirsiniz, Salman müəllim, mən sizin haqqınızda danışıram.

– Axı mən sənə nə pislik eləmişəm, Gülmirə?

—Şəxsən mənə heç bir pisliyiniz dəyməyib, mən bunu bayaq söylədim. Ancaq siz ümumən pis adamsınız, professor. Mən cəsarətlə deyirəm, siz pambıqla baş kəsənsiniz, siz qatilsiniz, siz oğrusunuz, professor.

Salman yerindən dik atıldı, gözləri böyüyüb eynəyinin şüşələri boyda oldu az qala:

– Nə? Nə deyirsən? Bir də təkrar elə o dediklərini?

– Məncə, çox yaxşı eşitdiniz, professor, təkrar eləməyə hacət yoxdur.

– Yoldaş Aslanzadə, bu ağzından süd iyi gələn uşaq məni təhqir edir, siz də durub baxırsınız! Belə biabırçılıq olmaz axı! — deyə Salman cibindən qatı açılmamış yaylıq çıxardıb geniş alnında muncuqlanan təri sildi. Nə edəcəyini bilməyən adam kimi, stuldan necə dik atılıb qalxmışdısa, eləcə də qəfil oturdu — stul yazıq-yazıq cırıldadı. Ancaq Salman quyruğu tapdanmış ilan kimi fısıldaya-fısıldaya, gözlüklü başını sağa-sola dolandırdı və:

– Yox, belə olmaz! — deyib yenə ayağa durmaq istədikdə akademik Aslanzadə özü dikəldi və əlini Salmanın çiyninə qoyaraq:

– Səbirli ol, Salman! — dedi. — Səbirli ol. Qoy görək axı nə deyir? — Sonra Salmanı lap əsəbiləşdirə biləcək bir mülayimliklə Gülmirəyə üz tutdu — Qızım, sən nə isə çox əsəbi danışırsan, bayaqdan nə isə demək istəyirsən, ancaq hələ də mıs-mıs deyirsən, Mustafa demirsən. Mən məsləhət görürəm ki, sən danışanda bir az sözlərinə fikir ver, qızım. Sən hələ cavansan, ola bilər kimsə haqqını tapdalayıb, ürəyini incidib — amma bu, sənə əsas vermir ki, təhqiramiz sözlərlə öz haqqını tələb edəsən. Bura elmi idarədir, bazar deyil və burda oturanlar da alimdi, göyərti satan yox.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, səkkizinci fəsil

Havanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:

3 мин
İkinci hissə, doqquzuncu fəsil

Yaranmış vəziyyət elə idi ki, işi təxirə salmaq olmazdı. Həzrətgül Əfsanəni öz evinə aparmaq istəyirdi, fikri də məlum idi: Nazənin kişinin məqsədini Səbihəyə demişdi. Yusifin ölümündən bir ildən çox keçirdi. İndi işə başlamaq olardı.Bir yay axşamı ana oğlunu başa saldı:

5 мин
Üçüncü hissə, birinci fəsil

Əfsanənin yoxa çıxması xəbəri ildırım sürətilə nəinki bütün Ədnan kəndinə, hətta ətrafdakı kəndlərə və yaxında olan köçəri obalarına da yayıldı. İlk günlər heç kəs, hətta Elməddin özü də «Əfsanə yoxa çıxıb» — deyə düşünmürdü, düşünmək istəmirdi. Uşaqlıböyüklü hamının beynində bir fikir gəzib dolaşırdı: «Əfsanə çaya düşüb boğulub!» Yaxud «özünü suya atıb həlak eləyib!» — Belə fikirləşməyə hamının haqqı vardı; çünki Əfsanənin səhəngi götürüb çaya getdiyini neçə adam görmüşdü; bundan əlavə ən tutarlı dəlil bu idi ki, onun səhəngi çayın qırağında qalmışdı.Ədnan camaatı bu atasız-anasız qızın taleyinə acıyırdı: «Qızın qaraçuxası yatıb, balam. Bədbəxtinki heç gətirmir. Yusifə ərə getdi – üstündən üç-dörd ay keçməmiş dul qaldı. İkinci toyu da qara gəldi. İkinci toyundan həftə yarım keçməmiş özü balıqlara yem oldu».

6 мин
Üçüncü hissə, ikinci fəsil

Neçə müddət idi ki, obaları, kəndləri, irili-xırdalı şəhərləri cavan — sifəti gün altında yanıb-qaralmış, saqqallı bir oğlan gəzib dolaşırdı. Heç kəsdən heç nə soruşmurdu; söhbətlərə, danışıqlara qulaq asır, gözləri ilə itkin düşmüş adamını axtarırdı. Onun hər kənddə, obada, şəhərdə müraciət elədiyi bir şəxs, bir məqam vardı: qəryədar kənddə, polis idarəsi şəhərdə. Əhvalatı müxtəsərcə başa salırdı: qardaşının itkin düşmüş arvadını («öz arvadımı» — deməyə utanırdı) axtarır. Boyu bu, sifəti bu, yaşı bu. Bəlkə sizin kəndə gəlib çıxıb; bəlkə sizin şəhərdə polis bu barədə bir şey bilir.Qəryədarlar sadəcə olaraq cavab verirdilər ki, bizim kəndə, obaya belə adam gəlib çıxmayıb; gətirən də olmayıb. Şəhərlərdə isə Elməddindən gəlinin şəklini istəyirdilər. Şəkli isə yox idi. Elməddinin bildiyinə görə, Əfsanənin anadan olandan bu günə qədər heç bir dənə də şəkli olmamışdı. Əgər biçarə tələf olubsa, heç vaxt olmayacaq da!! Beləcə, kənddən-kəndə, şəhərdən-şəhərə adlayan Elməddin Əfsanədən heç bir iz-soraq tapa bilməyib məyuslaşırdı. Onu bir daha görə biləcəyinə ürəyində qəti inam qalmırdı. Vaxt ötüşdükcə bütün varlığını yandırıb-yaxan intiqam almaq hissi getdikcə korşalır, Elməddin kəndləri, şəhərləri gəzən bir dərvişə çevrilirdi. Ancaq buna baxmayaraq gözü həmişə soraqda idi. Yanından qadın keçəndə diqqətlə baxmamış sovuşub getmirdi. Qadınların çoxu isə çadra altında olurdu. Bilmirdi ki, çadra örtmüş bu qadın cavandı, yaxud yaşlıdı. Təkcə boyu-buxunu, bir də paltarının rənginə görə axtarırdı.

9 мин

Стихи других поэтов