Birinci hissə, on üçüncü fəsil
Страница 3 из 3 · 67%
– Sən təkcə bu institutun yox, bütün akademiyanın gözüsən, Şərifə! — deyə Nurəddin qalxıb gəzindi. — Mən istəyirəm sən mənim gözümün qabağında olasan... Hərdən iltifat edib bizə də bir stəkan çay versən, bəsindi. Ya... mən sənin əlindən çay alıb içməyə layiq deyiləm? Hə? Niyə dinmirsən? Yoxsa... Xoşuna gəlmir sözlərim?
Şərifə başını aşağı salıb barmağını brilyant qaşlı üzüyün üstündə gəzdirir, heç nə deyə bilmirdi. Qulaqlarında Nurəddinin sözləri lent yazısı kimi təkrar olunurdu: «Sən təkcə bu institutun yox, bütün akademiyanın gözüsən, Şərifə. Mən istəyirəm sən mənim gözümün qabağında olasan!» Həm gülməli gəlirdi bu sözlər ona, həm də şirin. Qəribə idi ki, şirinliyi daha çox idi və ona hardasa gizli, sözlə ifadə etmək mümkün olmayan bir ləzzət, bir nəşə bəxş eləyirdi. Anlaşılmaz bir istəklə o, yenə bu qəbil sözlər eşitmək arzusunu da duyurdu içərisində. Ancaq əksinə oldu, Nurəddin keçib yerində əyləşdi və qayğıkeş bir tərzdə:
– Yaxşı, dur get, sabahdan burda işə başlarsan! — söylədi. Şərifə durdu, baxışlarını qaldırmağa cəsarət eləmədən otaqdan pörtmüş halda çıxdı. Nurəddin onun mütənasib bədəninə, biçimli ayaqlarına arxadan baxa-baxa köks ötürdü, qapı örtüləndən sonra isə: «Əgər sabah bura gəlsə, demək, o, mənimdi. Gəlməsə... heç!» — deyə düşündü...
Və o gecə ilan vuran yatdı, Nurəddin yox. Saat üçəcən yazı masası arxasında oturdu, işləmək istədi, bacarmadı. Gecə köynəyi geymiş Samirə üç dəfə ona çay gətirdi, arada bir dəfə zarafat da elədi:
– Bizi tamam yaddan çıxartmısan ha, kişi! — dedi. Lakin Nurəddinin qayğılı, yorğun baxışlarını görüb dediyinə də peşman oldu: o baxışlara sanki yazılmışdı: «Mən nə hayda, sən nə hayda?». Sonra Samirə gedib yatdı. Daha iş otağına baş çəkmədi. Şərifənin gilənar kimi qırmızı yanaqları, dodaqları Nurəddinin gözünün qabağından çəkilib getmirdi. Fikri evin divarını yarır, mürgü vuran şəhərdə indiyəcən kandarına ayaq basmadığı bir evi, Kamilin evini tapır, içəri girir, Şərifəni axtarırdı. Ərinin yanındamı yatmışdı, ya o da kişisini, uşağını yuxuya verib Nurəddin haqqında düşünürdü? Nə biləydi... Səhəri necə açdığını sonralar xatırlayanda dəhşətə gəlirdi. Tezdən, çay-çörək yeməmiş idarədə hazır idi. Doqquz oldu, Şərifə gəlmədi, on oldu, yox idi. On birə qalmış Şərifə Nurəddinin şöbəsinin qapısını ehtiyatla aralayıb başını içəri uzadanda iclas aparan direktorun sözü ağzında qaldı. Nigarançılıqdan, yuxusuzluqdan üzülmüş Nurəddin elə bil cana gəldi, dirçəldi və tələsik — sanki bir an gecikərsə, həmişəlik qeyb olacaqdı Şərifə — söylədi:
– Gəl, gəl, qız.
Şərifə içəri keçdi. Salam verdi. Əynində ağ kostyum var idi.
Yaxasına parıldayan kəpənək taxmışdı, Dəmir kəpənək qanad açıb uçurdu sanki. Elə bil Şərifə özü də kəpənək idi, uça-uça bura gəlmişdi — Nurəddinin yanına.
– Burda otur, qız!! — Sonra üzünü şöbə əməkdaşlarına tutdu: — Bu Şərifə xanım bizim şöbənin işçisidi, bu gündən etibarən sevin və hörmət eləyin. Fəxr eləyə bilərsiz ki, institutun ən gözəl xanımı sizin şöbənin əməkdaşıdı! — dedi və güldü. Guya zarafat eləyirdi...
Sonralar katibəsi Şərqiyyənin çay dəmləmək qayğısı azalmışdı. Bu işi Şərifə görürdü. İlk vaxtlar çəkinə-çəkinə. Vaxt keçdikcə isinişdi, öyrəşdi. Nurəddin kabinetə gələn təki, Şərifə elektrik çaynikini şəbəkəyə qoşur, hind və seylon çayının qarışığından çay dəmləyir və armudu stəkanda Nurəddinin qabağına gətirib qoyurdu. Ürəyi istəməsə də, onun çayını həvəslə, tərifləyə-tərifləyə içirdi.
– Bizim arvad qətiyyən çay dəmləyə bilmir. Ya qaynadır, ya da dəm almamış götürür. Ağzım sənin çayından dada gəlib, sağ ol, ceyran bala, — deyirdi. Şərifə isə məmnun halda gülürdü və nazla başını silkələyib çiyninə tökdüyü dalğalı saçlarını əsdirə-əsdirə:
– Heç elə şey olar? Arvad da çay dəmləyə bilməz? Daha onda o nə arvad oldu? — söyləyirdi. — Yəqin sizə elə görünür.
– Yox, quzu bala, arvad sarıdan mənim baxtım gətirməyib.
Günlər, həftələr sovuşduqca onların arasındakı rəsmiyyət, yaş fərqi aradan götürülürdü, söhbətləri uzanır, şirinləşirdi. Bir dəfə, lap bu yaxınlarda Şərifə «istirahət otağı»ndan çox gec və qıpqırmızı qızarmış halda çıxanda şöbədəki qadınlar onun çaşqın hərəkətlərinə fikir verib mənalı-mənalı baxışdılar. Şərifə heç kəsə heç nə demədən balaca, qara əl çantasını götürüb evə getdi və bir də üç gündən sonra qayıtdı. Qızlara müxtəsərcə «xəstələnmişdim!” söylədi.
O vaxtdan institutda pıçhapıç başlandı: «Şərifə Nurəddinin ən yaxın adamıdı»... Əlbəttə, heç kim onun üzünə bir söz söyləmirdi, deməyə cürət etmirdi, əksinə, elələri də vardı ki, — xüsusilə, qadınlar arasında — onunla dost olmağa can atır, hörmətini, ehtiramını qazanmağa çalışırdı. Şərifə isə bundan fərəhlənirdi. Cavan idi, təcrübəsiz idi — hələ nə itirdiyini başa düşmürdü.
Nurəddin isə elə bil cavanlaşmışdı. Evdə-eşikdə qərar tuta bilmirdi, ixtiyarı olsaydı, gecəni də iş vaxtı elan eləyərdi — təki Şərifə yanında olsun. İdarə cavan, gözəl Şərifənin sayəsində evdən, ailədən əziz olmuşdu Nurəddin üçün... Təkcə arif adamlar bilirdi ki, Nurəddin idarəyə işə, vəzifəyə görə yox, Şərifəyə görə belə can-dildən bağlanıb. Bilirdilər və susurdular.
...Nurəddin çaydan qurtum-qurtum içir, gözlərini divanda oturmuş Şərifədən çəkmədən danışırdı. Qapı yavaşca açıldı. Mürşüd başını içəri uzadaraq atası ilə Şərifəni otaqda görüb geri çəkilmək istəyəndə Nurəddin səsləndi:
– Gəl, gəl, oğul.
Mürşüd içəri keçib salam verdi və:
– Yox, mən kitabxanaya gedirəm. Dəftərimi götürüb çıxıram — dedi. Küncdəki stolun üstündən göy cildli dəftəri götürdü və atasının, Şərifənin üzünə baxmadan çıxdı.
Nurəddin Şərifəyə sınayıcı bir nəzər salaraq:
– Hə, mənim oğlum necə oğuldu? Xoşuna gəlir? — deyə soruşduqda Şərifə arifanə bir tərzdə qımışdı:
– Yaxşı oğlandı Mürşüd. Amma heç sənə oxşamır — o, «istirahət otağı»ndan qıpqırmızı pörtüb çıxdığı vaxtdan akademikə artıq «sən» deyə müraciət eləyirdi — O sakitdi, başıaşağıdı. Elə bil heç bu zamanə uşağı deyil. Sən isə... — deyib duruxdu.
– Mən isə... necəyəm? — deyə Nurəddin onun fikrini öyrənmək istədi.
—Sən isə... heç kəsə bənzəmirsən. Gah ağıllı-başlı adamsan, gah da...
– Hə, gah da nə? Qorxma, de, bilirsən, mən səni çox istəyirəm, de!
– Gah da dəlisən, Nuru. Başaçılası adam deyilsən, vallah.
– Bu sözləri dedi və qəribə bir qorxu hissilə Nurəddinə nəzər saldı. Hirslənəcəyini, özündən çıxacağını gözləyirdi. Ancaq Nurəddin çox sakit və mülayim bir səslə, gülümsünə-gülümsünə:
– Ay şeytan, hələ indiyəcən mənim üzümə «dəli» deyən olmayıb — dedi.
– Üzünə deyən olmasa da, arxanca deyən çoxdur, Nuru. Bu mənim ürəyimi ağrıdır.
– Ürəyini ağrıdır? Ay mənim ceyranım, demək sən məni çox istəyirsən, hə? Yox, düzünü de, çox istəyirsən? Şərifə başını aşağı saldı:
– Nə bilim... heç özüm də bilmirəm... Hərdən sənə nifrət eləyirəm, Nuru. Mən gül kimi təmiz idim. Ərimdən başqa mənə kimsənin əli dəyməmişdi. Tamah salanlar çox olmuşdu. Elə biri mənim... keçmiş şöbə müdirim, o keçəl Rüfət. Sonra Kərim... Sonra Mehman... Bunlar mənə ac qurd quzuya baxan kimi baxırdılar, məni bir-birinə haqları olmadan qısqanırdılar, biri o birini güdürdü. Amma, mən heç birinə məhəl qoymurdum. Sən təklif eləyəndə ki, bu şöbəyə keçim, ən çox ona görə razılıq verdim ki, onların əlindən qaçıb canımı qurtarım. Dedim, sən direktorsan, akademiksən, onların hamısından... qocasan, eh, çaşdım, yaşlısan, sənin ürəyinə, xəyalına elə şeylər gəlməz... Ancaq sən... onların hamısından dəhşətli imişsən... Mən.... o gündən ərimin üzünə şax baxa bilmirəm. Mən artist kimi rola girməyə məcbur olmuşam — onu aldadıram. O, yazıq da mənə inanır — ağlına heç nə gətirmir. Çünki sənin adın-sanın, yaşın onun gözlərini qapayıb — mən sənin yanına gələndən sonra o, bir az da rahat olub. Qohum-əqrabanın yanında mənim işimdən söz düşəndə fəxrlə deyir ki, akademik Nurəddin Osmanzadənin yanındadı. Yazıq daha demir ki, akademik Osmanzadə... qocalığında yorğa yerimək həvəsinə düşən adamlardandı.
– Sən bu qoca sözünü çox tez-tez işlədirsən ha! Mənim xətrimə dəyə bilərsən ha, ceyran. Bu sözü bir də dilinə gətirmə. Yaxşı?
Şərifə ah çəkib çox astaca:
– Yax...şı! — dedi və sonra ona sarı çevrilib kinayəsi açıq sezilən bir tərzdə:
– Yaxşı. Sən oğlun Mürşüddən də cavansan. Belə desəm xoşuna gələr? — söylədi. — Hə, — dedi Nurəddin və şit-şit güldü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-on-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Balaca, ağ rəngli, uzaqdan tısbağaya oxşayan «Folksvagen» maşını beton döşənmiş yolda şütüyürdü. Hərəkət azdı, tək-tük maşınlar gəlib keçirdi.İçəridə iki nəfər oturmuşdu. Zərrintac sükan arxasında, Elməddin isə onun yanında. Tələsmirdilər; qız arxayın-arxayın, danışa-danışa maşını idarə edir, Elməddin isə onun sərbəst hərəkətlərinə, cəldliyinə tamaşa eləyirdi.
İkinci hissə, birinci fəsilBəbir neçə vaxtdı narahatdı. Qayğılı, düşüncəli gəzib-dolanır, işləyə bilmir, gecələr gözünə yuxu getmirdi. Atasının nagahan gəlişi, aralarında olan söhbət, nəhayət, o zabitəli və hökmlü adamın aciz, kücsüz bir uşaq kimi gözüyaşlı çıxıb getməsi Bəbirin indiyəcən aramla, sakit axıb gedən həyatını alt-üst eləmiş, onu dərdə salmışdı. Nə edirdisə, hara gedirdisə, Əziz xanın o nəmli gözləri xəyalından silinmirdi. Ürəyində elə hey onunla danışırdı:«Nə üçün belə etdin, qibləgahım? Nə üçün mənim oğulluq məhəbbətilə dolu qəlbimi öz əllərinlə daşlara çırpıb parçaladın, qibləgahım? Axı mən səni qibləm, tanrım sanırdım, qibləgahım? Yolumuz ayrılmışdı — bu, taleyin işi idimi, həyatın bizə verdiyi dərs idimi — bilmirəm; onu bilirəm ki, biz — bir ocağın adamları, qan birləşdirsə də, məsləkcə, əqidəcə uzaqlaşmışdıq, soyumuşduq... Burda, belə haçalaşma məqamında ikimizdən birimiz güzəştə getməyi bacarmadıq, qibləgahım. Sən məğrur idin, sən qan üstündə qurulmuş bu taxt-tac səltənətinə sadiq idin. Səni qınamıram, qibləgahım, gözünü dünyaya açıb belə görmüşdün, belə tərbiyə olunmuşdun. Sən əlahəzrəti hər şeyə qadir sanırdın, yer üzündə Allahın kölgəsi sanırdın və buna sidqi dildən inanırdın, bu inam isə sənin əqidənə, məsləkinə çevrilmişdi, qibləgahım. Döşündə parıldayan, qızıl suyuna çəkilmiş o dəmir-dümürün işartısı, nuru sənin gözlərini qamaşdırmışdı və sən hər yeri, hər şeyi işıq içində, nur içində görürdün. Sən o işığın, o nurun arxasında, üstünə pərdə çəkilmiş aclığı, səfaləti, çirkabı görmürdün, qibləgahım. Görə də bilməzdin. Onu görmək üçün bir az aşağı enmək, ipək yorğan-döşəkdən çıxmaq, gözqamaşdıran o dəmir-dümürdən yaxa qurtarmaq lazım idi, qibləgahım! Bunu isə sən bacarmadın, hələ də bacarmırsan.
İkinci hissə, ikinci fəsilRəhgüzər «Pərçəm»in redaksiyasında, balaca, sadə bəzənmiş otaqda oturub növbəti nömrə üçün materialları nəzərdən keçirirdi. Ustadın əhvali-ruhiyyəsi gözəl idi. İşləri hələ ki qaydasınca gedirdi. Qəzetin tirajı getdikcə artırdı, çünki müştərisi çoxalırdı. Deməli, onu başa düşənlər, anlayanlar artır, oxuyanların dairəsi günbəgün genişlənirdi. Bu isə balaca məsələ deyildi. Təkcə Rəhgüzər yox, Bəbir də, Elməddin də, başqa mübarizə yoldaşları da buna sevinməyə bilməzdi,Keçən nömrədə Rəhgüzər Elməddinin «Təqvim» hekayəsini oxucularına təqdim etmişdi. Hər yazısı dərc ediləndə olduğu kimi, bu dəfə də Elməddin uşaq kimi sevinmiş; yerə-göyə sığmamışdı. Rəhgüzər fikirləşmişdi ki, əsərin çap olunması yaradıcı adam üçün həmişə toy-bayramdı, bu sevinc müəyyən dərəcədə övladı dünyaya gəlmiş ata-ana sevincinə, fərəhinə oxşayır. Neçənci uşaq olur olsun, sevinc eyni sevincdi. Neçənci əsər olur olsun, fərəh həmin fərəhdi. Rəhgüzərə bu hisslər tanışdı, Elməddini yaxşı başa düşürdü. O özü də otuz ildən çoxdu ki, həmin duyğuların oduna isinə-isinə yaşamışdı, yazıb-yaratmışdı. Və hər dəfə hiss eləmişdi ki, dünyada bundan müqəddəs, şirin sevinc yoxdur və ola da bilməz.
İkinci hissə, üçüncü fəsilAğayi Nəcməddinin kefi kök, nəşəsi sazdı. Aynabənddə qoyulmuş yumşaq divanda oturub qıçını-qıçının üstünə aşıraraq təsbeh çevirir, fit çalırdı. Günorta yatıb durmuşdu. Əsəbləri sakit, əhvali-ruhiyyəsi yaxşı idi.Dünya evləri yığışdırıb, silib-süpürüb çəkələklərini sürüyə-sürüyə Nəcməddinin yanına gəldi, onun böyründə əyləşib başını divanın söykənəcəyinə dayayaraq: