Birinci hissə
Страница 21 из 47 · 43%
Elə bu vaxt Vəcnanın çadırından qopan qorxunc bir bağırtıdan diksinib özünə gəldi.
...Barsis çovğunda məhv olmamışdı və məhz bu çovğun onu məcbur eləmişdi ki, nə cür olursa olsun o işi ki, görməlidir, elə bu gecə yerinə yetirsin! Düşünmüşdü ki, bu çovğun ən yaxşı fürsətdi ki, heç kəs tərəfindən görünmədən karvan düşərgəsindəki o qara çadıra yan alsın və sonra yenə bu çovğun ona imkan verəcəkdi ki, qaçsın, çıxsın aradan və canını qurtarsın. Sonra çovğun sovuşmuşdu, amma Barsis öz hisslərinin çovğunu içində artıq heç bir şeyin fərqinə varmamışdı. “Bu gecə, bu gecə” demişdi özü-özünə, çünki bütün qüvvələri artıq tükənirdi, ayaqları hər gün bir az daha artıq sözünə baxmırdı və əgər sabah yıxılıb yol qırağında can versəydi, kim onun əvəzinə o qara qarğadan intiqam alacaqdı?
Vəcna isə çadırında şam işığında namaz qılırdı və o zaman ki, birinci rikuda¹ diz çöküb başını əydi və səcdə gərəyincə alnını səccadə üstündəki möhürə basdı – arxadan kürəyinə saplanan bir bıçaq zərbəsindən qorxunc bir böyürtü ilə dik atıldı və o dəqiqə yanından ötən kiçik bir qaraltının özünü çadır girəcəyindən çölə atdığını, görərkən gözlərinə inanmadı, bir an səsi batdı, nitqi tutuldu. Kim idi bu kiçik qaraltı? Yoxsa haman cin idi, yaxud şəyatin idi, neçə gündü karvanda bu barədə söhbət gedirdi? Lakin nə cin, nə şeytan bu vaxta kimi heç bir Allah bəndəsinin kürəyinə bıçaq saplamamışdı. Vəcna hələ fikrini cəm eləməmiş və kürəyini alışdırıb yandıran yaradan artıq xurafatçıl bir vahimədən özünə gəlməmişdi ki, qara qullar cəld tərpənib kiçik qaraltını çadır ağzında qamarlamışdılar – o vaxt ki, içəridən ağalarının qorxunc bağırtısın eşitmişdilər sıçrayıb ocaq başından ayağa qalxmışdılar və çadırdan özünü çölə atan Barsis özü birbaşa qulların qolları arasına düşmüşdü.
Barsis sürünə-sürünə arxa tərəfdən qara çadıra yaxınlaşmış, bıçağıyla çadırın ətəyini kəsmiş, səssiz içəri girmiş və çöp kimi nazik qollarının bütün qüvvəsi ilə ikiəlli bıçağı Vəcnanın kürəyinə saplamış, sonra gəldiyi kimi geri qayıtmaq əvəzinə çadırın girəcəyindən özünü çölə atanda, bu uğursuz səhvinə qurban getmişdi.
Düşərgədə çaxnaşma qopdu. Vəcnanın kürəyinə sancılıb qalmış bıçağı dartıb çıxartdılar. Qoca sarvan əbasının ətəyindən cırdığı əsgini bir az ütdü, bir az yandırdı, sonra gətirdi bir ovuc dolusu külü Vəcnanın yarası üstünə basdı və belindəki enli toxuma qurşağını açıb yaranı bərkbərk sarıdı.
¹ Riku – namazda əyilmə
Bütün bunlardan sonra Barsisi sürütməyə salıb Vəcnanın hüzuruna gətirdilər və qara qullar hərəsinin əlində bir şam uşağın sağında və solunda dizləri üstə oturdular, arxada isə Barsisin başı üstündə karvanbaşı ibn Mingə dayandı. İndi sağ biləyindən qamçı əvəzinə ucu yerə dəyən bir şallaq asılmışdı. Qoca sarvan isə çəkilib bir kənarda dayanmışdı və indi hər iki əli göbəyinin üstündə Barsisə baxıb gözlərini döyür, nə edəcəyini və nə deyəcəyini bilmirdi.
Vəcna qoltuğu altındakı mütəkkələrə təkyələnərək qırmızı güllü Arran xalçası üstündə oturmuşdu və indi görəndə ki, günlərdən bəri karvanı təqib eliyən o kiçik qaraltı nə cindir, nə şəyatindir, baş açıq, ayaq yalın kiçik bir oğlandır, daha artıq bir heyrət içində uzun-uzadı Barsisə baxıb durdu. Sonra birinci olaraq özü uşağı dindirməyə başladı, amma Barsis nəinki heç bir suala cavab vermədi, hətta başını qaldırıb bir dəfə də olsun Vəcnanın üzünə baxmadı. İkiqat bükülüb oturmuşdu, başı sinəsinə əyilmiş, çuxura düşmüş gözlərini yerə dikmişdi, bir də hər dəfə sol cəhəngindən sızan qan çənəsinə çatanda çənəsini bədrəng boz köynəyinin yaxasına sürtüb qan izini silirdi.
Barsisdən heç bir cavab almayan Vəcna başını qaldırdı. Qoca sarvana üz tutub dedi:
– Sən dindir bunu qoca! Soruş bu ilan balasından kim onu məcbur eləyib ki, günlərlə sürünsün bizim arxamızca, günlərlə yolların toz-torpağını yesin, amma inadından əl çəkməsin və axırda gəlib namaz üstündə ilan kimi məni çalsın?
Bu dəfə qoca sarvan uşağı sorğu-suala tutdu, amma Barsis yenə dinmədi və demədi ki, kimdir, nəçidir, demədi, ata-anası varmı, demədi hansı kənddən, obadan, yaxud şəhərdəndir, demədi kim öyrətmişdi ki, Vəcna ibn Rəvvada qəsd eləsin!
Nəhayət, qoca sarvan döndü Vəcnaya dedi:
– Bəlkə laldır və yainki kardır bu uşaq, ya Vəcna?
Vəcna partladı:
– Laldır, kardır, cindir, şəyatindir, nədirsə, verdim sənin ixtiyarına, ya ibn Mingə, əlli qırmac vur bu qurd balasına dili açılsın və sonra dübarə əlli qırmac – canı çıxsın...
İbn Mingə sürüdü Barsisi çadır qarşısına çıxardı və qaçmış yollarını kəsmək üçün sağında və solunda qara qulları gözətçi qoydu.
Bu vaxt karvan oğlanlarının hamısı bir ocaq başında bir-bir toplaşmışdı və heç uşağın hərəkətini sona kimi izah edə bilmədiyi üçün indi ağızlarına su alıb susmuşdular və məsələ aydınlaşmamış, uşağın sirri açılmamış heç biri ayağa qalxıb öz qatarından açılmış yük tayası yanında bir az yatmağa, yaxud bir az çimirini almağa getmək istəmirdi.
Orada yaxın bir ocağın şöləsilə işıqlanmış çadır ağzında isə ibn Mingə işə başlamışdı. Barsis qırmac zərbələri altında qıvrılırdı, dizi üstə hərlənib diz qapaqlarıyla torpağı və qarı eşirdi, ayağa sıçramaq istəyirdi, dərhal yıxılırdı, amma cınqırını belə çıxarmır, yalvarıb-yaxarmır və bir kəsi imdadına çağırmırdı.
Babək yenə orada qaranlıqda, ocaqlardan kənarda yük tayına söykənib dayanmışdı, dönüb çadıra tərəf baxmağı özünə yasaq eləmişdi və hər dəfə yalnız qırmanc zərbəsinin vıyıltısın eşidirdi, uşaqdan isə səs çıxmırdı. Amma bilirdi ki, Vəcnanın əmrilə ibn Mingə uşağı döyür və güman edirdi ki, beş-on zərbədən sonra cəza tamamlanacaq.
Öz-özünə düşünürdü ki, budur nəhayət, o uşaq gəldi, üzə çıxdı, karvanı əldən salan bu uzun və məşəqqətli yola ac-susuz təkbaşına davam gətirdi və sonunda Əzd qəbiləsinin əşrəfinə, karvan sahibinə taqətdən düşmüş əllərilə bıçaq zərbəsi vurdu – amma yenə heç bir şey aydın olmadı. İndi də bu cür amansızlıqla döyülərkən bir dəfə içini çəkmir, yalvarıb-yaxarmır, fəryad edib bir kəsi, bir kimsəni imdadına çağırmır. Birdən bu fikir onu sarsıtdı. Bu qədərmi yalqız idi o uşaq? Bu qədərmi insanlara etibarını itirmişdi ki, nə Allahdan, nə bəndədən heç kimdən və heç bir kimsədən imdad gözləmirdi?
Bu vaxt ona elə gəldi ki, nəhayət, uşaq davam gətirmədi, ağladı, döndü çadıra tərəf baxdı, amma gördüyü bu oldu ki, qoca sarvan əbasının qolu ilə gözlərini silib başıalovlu özünü çadırın içinə saldı, Vəcnanın hüzuruna getdi. Başa düşdü – uşaq ağlamamışdı, qoca ağlamışdı uşaq kimi...
...Və o vaxt ki, qoca sarvan hıçqırıb başıalovlu özünü içəri saldı – döşəndi Vəcnanın ayaqlarına, yalvardı:
– Rəhm elə, ey Vəcna, – dedi, – nə eləyibsə uşaqdır və uşağa ölüm düşmür.
Vəcna yarımboğaz yaşıl məstinin pipikli ucu ilə qocanı ayaqları altından rədd elədi, amma qoca əl çəkmədi, yenə Vəcnanın ayaqlarına döşəndi...
...Və bu vaxt Babək orada – çadır ağzında ibn Mingənin hırıldayaraq dediklərini eşitdi:
– Öl deyirdi, – ibn Mingə hırıldayaraq, – öl, ilan balası, ölməsən canın əlimdən qurtulmayacaq!
Hava çatmadı Babəkə, boğuldu, başını yenə aşağı saldı və sonsuz bir xəcalət hissilə özü-özündən üz çevirdi. Ona görə üz çevirdi ki, həyasız bir yamanlıq və həmişə cəzasız qalan bir qəddarlıq yenə azğınlıq edirdi, o isə dəmir kimi möhkəm əlilə öz yaxasından yapışıb imkan vermirdi ki, ürəyində şahə qalxan bir qəzəb dartsın, cilovunu qırsın! Birdən ona elə gəldi ki, nə isə oldu və qırmanc vıyıltısı kəsildi. Başını qaldırdı, baxdı. Uşaq hərəkətsiz bir halda çadır ağzında yerə sərilmişdi. Ölmüşdümü? Əgər ölmüşdü, demək ibn Mingə uşağın cəsədini tapdayırdı?
Və ürəyində şahə qalxmış qəzəb dartdı, cilovunu qırdı.
...Qüvvətli bir əlin endirdiyi zərbədən ibn Mingənin qara çalması başından uçub çox uzaqdakı bir kol topası üstünə qondu və gözlərində sonsuz bir heyrət ifadəsi olan ağır bir gövdə ləngər vuraraq arxası üstə çadırdan üç-dörd addımlıq məsafədə yerə sərildi.
Hadisə elə bir sürətlə cərəyan etmişdi ki, karvan oğlanları içlərini çəkməyə belə macal tapmamışdılar.
İndi o, yerə sərilmiş ibn Mingəni tapdamağa başlamışdı ki, Vəcnanın çadırından özünü çölə atan qoca sarvan qorxunc bir fəryad ilə arxadan Babəkin ayaqlarına sarıldı:
– Amanın günüdür, oğul, nə edirsən, kimə əl qaldırırsan?
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-babek-birinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Стихи других поэтов
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.