Birinci hissə
Страница 22 из 47 · 45%
Arxaya, qocaya tərəf döndü, dartındı, ayaqlarını qocanın qolları arasından çıxartmaq istədi, amma bacarmadı, yerindən tərpənə bilmədi və ayaqlarını cidarlamış qocanın qollarındakı qüvvətə heyrət elədi. Sonra qoca başını qaldırıb aşağıdan yuxarıya ona baxanda, daha artıq bir heyrət içində qaldı. Qoca elə dəhşətlə ona baxırdı ki, elə bil başı üstündə əzrail dayanmışdı.
Dəfələrlə bunu görmüşdü, dəfələrlə buna şahid olmuşdu ki, qorxunun göstərdiyi xilas yolu xain bir bələdçinin göstərdiyi yoldur, cilovlanmayan qorxu guya səni təhlükədən qaçırdırdı, guya sənə xilas yolu göstərirdi, amma çəkirdi, aparırdı, öz bataqlığına salırdı. Orada isə son peşmançılıq fayda verməyəcəkdi və öz ölümü özünü iyrəndirəcəkdi...
Qoca isə dərhal bərkdən onun ayaqlarına sarılaraq, amansız bir təhlükəni onun başından sovuşdurmaq üçün ağzında dili titrəyərək yalvarırdı ona və yol göstərirdi:
– Bu nə işdir elədin oğul? Niyə qoymadın yalvarım? Niyə qoymadın ağlayım? Yalvarardım, ağlayardım o vaxta qədər ki, axırda o zalım da rəhmə gələrdi. Məgər başqa bir çarəmiz varmı? İtaət elə oğul, get Vəcnadan aman istə, de ki, bir xəta idi çıxdı əlindən, amma bundan sonra Sirat-əl-müstəqim olacaq sənin də yolun, o yol ki, cəmi müsəlmanların xilas yoludur...
Birdən qocanın əlləri boşaldı, yanına düşdü və Babək çox yaxında kiminsə ağır-ağır nəfəs aldığını eşitdi, döndü baxdı.
Vəcna qara əbasında, qara çalmasında qara bir heykəl kimi çadırın girəcəyində dayanmışdı. Yaxın ocaqdan vuran titrək şölə ilə üzü gah bir az işıqlanır, gah bir az qaralırdı.
Bir müddət nə Vəcna dinib danışdı, nə Babək bir söz dedi. Hər ikisi sükut içində gərgin bir intizarla nəyi isə gözləyirdi...
Vəcnaya görə onun bir çobanı, bir muzdlu, yaxud bir karvan qatarçısı ki, bir kölədən artıq deyildi, əgər kiçik bir xəta işləmişdisə, hətta onun dəvəsinə bir çomaq vurmuşdusa və yaxud itinə, pişiyinə bir daş atmışdısa, sonra dərhal ağasının hüzuruna gəlməli, baş əyməli, peşman olduğunu iqrar etməli və aman istəməli idi. Bu həmişə belə olmuşdu. Amma indi qarşısında dayanmış bir cürətkar Vəcnanın əmrini yerinə yetirən karvanbaşıya əl qaldırmışdı, ayağı çarıqlı bir yoluq Əzd qəbiləsinin varlı çarvadarlarından birinə əl qaldırmışdı. Ən nəhayət, bu kafir bir müsəlmana əl qaldırmışdı. Amma buna baxmayaraq bu əyri dinli əhlənət yerindən tərpənmirdi, aman istəmirdi və hətta qaçmaq, canını qurtarmaq fikrində deyildi. Deməli ölümünü qəbul edəcəkdi, amma ən yüngül bir cəzanı qəbul etməyəcəkdi, xeyr əgər ölümünü qəbul edəcəkdisə, aydındır ki, canını asancasına təslim etməyəcəkdi. Birdə ki, indi kim onun əmrini yerinə yetirəcəkdi, kim bu cürətkarın kürəyini qamçı ilə odlayacaqdı ki, karvanda bu işi icra eləyən indi özü qəşş edib yerə tir-tap uzanmışdı.
Qalırdı özü! Qalırdı bu saat qınında inildəyən qılıncı!
Vəcna dedi:
– Qulaq as kafir, sən o inadkarsan ki, vaxtilə böyük qardaşım səni islama dəvət elədi, yola gəlmədin, və o vaxt adını Həsən qoymaq istəyirdi, qəbul eləmədin. Odur ki, hələ də nə dinin var, nə imanın. Həzər əcəm adından ki, yadımda deyil. Özün sal yadıma, nədir və yaxud nə idi adın.
Babəkin bəbəklərində nə isə soyuq bir işıltı yanıb söndü ki, Vəcna bunu görmədi, amma hiss elədi və sualına cavab almadı.
Vəcna bütün karvan oğlanlarının nəsbəsini, mənyyəti, haralı olduğunu və bir-bir adlarını çox yaxşı bilirdi. Amma heç kəsi adıyla çağırmağa tənəzzül eləmirdi, istər müsəlman olsun, istər qeyri-müsəlman bütün bu yolluqlara müraciət edərkən doqquz yaşından tutmuş doxsan yaşına kimi hamıya “ya valid” yəni “ey oğlan” deyə xitab edərdi. İndi qarşısındakının bu ağır sükutundan bir an duruxdu, sonra səsini qaldıraraq əmr elədi:
– Səninləyəm, kafir, cavab ver, yadımda deyil adın!
Babək yenə dinmədi və bu dəfə daha ağır bir sükutla Vəcnanın məramını rədd elədi. İndi Vəcnanın qalın dodaqları daha artıq kip qapandı və qılıncı qınında, zəncirinin bir an tez açılması üçün sahibinin əlayağına dolaşan və mane olan qanıq bir köpək kimi için-için zingildədi...
Aralığa çökən bu məşum sükuta birinci qoca sarvan davam gətirmədi: bir tərəfdən Babək üçün duyduğu qorxudan, digər tərəfdən Vəcnanın qarşısında duyduğu dəhşətdən ixtiyarsız olaraq inildədi:
– Vay olsun sənə ey Babək, nə üçün cavab vermirsən, sən cavab ver ki, ağamız da bizə rəhm eləsin.
Babək yenə dinmədi, indi o getdikcə közərən bu sükut içində qarşıdan düzünə, dikləməsinə vurulacaq hər bir zərbəyə və sonra nə olacaqdısa hamısına hazır idi. Gödəkcəsinin astarına tikilmiş meşin qın içindəki qəməsi yola çıxarkən təzəcə ovxarlanmışdı. Lakin eyni zamanda nə isə ürəyinə sızan bir hiss ona deyirdi ki, hardasa yaxında başqa bir təhlükə hər an sıçramağa hazır bir yırtıcı kimi yerə sinib nəfəsini belə udmuşdur. İndi quyruğunun ucundakı xəfif titrəyiş bir an sonra baş verəcək ölümcül sıçrayışın son əlamətidir. Görmüşdü, dəfələrlə şahid olmuşdu ki, ölüm çox vaxt arxadan namərdcəsinə zərbə vurub qəfildən ovlayır öz qurbanını!
Elə bu vaxt Turac oğlunun Sarat rustakından təzəcə gəlib Təbrizdə ibn Rəvvadların karvanında qatarçılığa başlamış oğlanın qəzəbli nidasın eşitdi:
– Əlini dinc qoy namərd, bəsdir quduzluq elədin!
Babək döndü geriyə baxdı. Əlində xəncər arxadan üstünə gələn karvanbaşıyla öz arasında ikicə addımlıq məsafədən artıq qalmamışdı və təngənəfəs yügürüb çadır yanına gələn karvan oğlanlarından üç nəfərin əlləri qurşaqlarına keçirilmiş qəmələrin üstündə idi.
Karvanbaşı alt dodağını dişləyib dayandı. Vəcna isə dərhal vəziyyəti qavradı və hesabladı. Təbrizdən çox uzaqda idi. Və Həmədana hələ çatmamışdı. Burada, kimsəsiz dağlar qoynunda bu, karvanda partlamağa hazır bir qiyamın başlanğıcı idisə, Vəcna təmkin və tədbirlə iş görməli idi. Buna görəydi ki, Vəcna həqarət dolu bir baxışla karvanbaşını başdan ayağa kimi süzdü və dedi:
– Ya ibn Mingə, əlbəttə ki, möminlərə əl qaldıran kafirlərin qanı halaldır, amma kimin hüzurunda yer öpməyə getdiyim sənə əyandır və mən bu karvanda qan tökülməsinə izin vermirəm.
Sonra Vəcna bir daha karvan oğlanlarından o üç nəfərə nəzər saldı və hiss elədi ki, bu yoluqlara nə cəza verəcəksə təxirə salmalıdır, ta bu tanrı qarğımış yol qurtarana qədər bu yolun sonunda o yenə Əzd qəbiləsinin raisi kimi əmr verən və əmri yerinə yetirilən Vəcna ibn Rəvvad olacaqdı. Amma hələ də qarşısında dayanıb duran və karvanda qiyam şərarəsini alışdıran bu əhl-lənət haqqında dərhal bir qarara gəlməli idi və karvan sahibi kimi Vəcna hökmünü ucadan əyan elədi:
– Qılıncım qınında inildəyir ey kafir, amma lənət o kor şeytana ki, əvvəlcə sənə bunca cürət verir, sonra mənim səbrimi-səbatımı imtahana çəkir. Get karvandan! Və nə qədər ki, əyri dinini müstəqim edib bir olan Allaha iman gətirməmisən Azərbaycanda, nə mənim, nə Əzd qəbiləsinin torpaqlarında sənə yer yoxdur.
Sonra Vəcna döndü, öz çadırına getdi...
Barsis isə bu vaxt durub oturmuşdu, ayağa qalxmaq istəyirdi, amma qalxa bilmirdi. Babək yaxın gəldi, tutdu uşağın qolundan, qaldırdı...
Hara gedəcəyini, başına nə gələcəyini bilmirdi.
Bildiyi o idi ki, indi o özü qovqun idi, üstəlik xilas etdiyini bir yük kimi çiyninə alıb aparmalı idi.
Və o Barsisin qolundan tutub öz gələcəyinə doğru addımladı...
Bu tərkidünya bir qocanın
Dağ mağarasında gecə nəğməsidir
Və kiçik barsisin əlilə
O qocanın dəfn edilməsidir
1
Geriyə qayıdış yolu bağlanmışdı və indi o yalnız irəliyə, hələ görmədiyi, amma gəlib çox yaxınına çıxdığı o böyük şəhərə doğru getməli və ibn Rəvvadın karvanından əvvəl o şəhər darvazasından içəri keçməli idi, çünki Vəcna şəhər darvazasındakı keşikçilərə onu nişan verə bilərdi və əgər yaxalansaydı, şəhər hakimi ibn Mingənin şikayəti əsasında müsəlmana əl qaldırmış bir kafirə çox ağır cəza təyin edəcəkdi və indi qolundan tutub gecə qaranlığında addımladığı bir uşaq bu dəfə də o qürbət şəhərində başsız və kimsəsiz qalacaqdı...
...Taqətdən düşmüş uşaq isə ikinci dəfə idi ki, büdrəmişdi, dizləri bükülmüşdü. Yerdə oturmuşdu və indi o yenə ayaq üstə dayanıb gözləyirdi ki, uşaq bir an dincəlsin, nəfəsini dərsin.
Yol dağarcığı boş idi. Ehtiyat azuqəsi yükdə qalmışdı. Amma yenə də əlini salıb dağarcığın dibini silib-süpürdü, yığışdırdığı quru yoğurt və pendir oxantılarını uşağın ovcuna tökdü.
– Ye, – dedi, – bir az ürəyində qüvvət olsun.
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-babek-birinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Стихи других поэтов
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.