Страница 24 из 47 · 49%

Birdən qoca diksinən kimi oldu və bayaqdan bəri əlində üç yanar çubuq ilə başı üstündə ucalan və qırpımsız baxışları ona zillənmiş bu varlığı nəhayət, tanıdı, dərindən köksünü ötürdü və nida elədi.

– Nəhayət ki, gəldin, ya əzrail? Və gəldin ki, hər gecə bu qəbirdə sənin mətəlin idim... Və indi ki, düz həyatım məmat ilə tamə yetişdi, qoy rəbbimə sığındığım bu gecə yüz dəfə mübarək olsun.

Və qoca gözlərini döyə-döyə qaldı və çox gözlədi, amma qəbirdən daha səs gəlmədi. Nəhayət, davam gətirmədi, əlindəki yanar çubuqları bir-bir qəbirin qırağına sancdı. Sonra çox ehtiyatla ayaqlarını yerə diriyərək üsulluca qəbrin içinə endi, bir əlini qocanın alnına qoydu. Gözləyirdi ki, əli artıq alnı soyuq tər basmış bir cəsədə toxunacaq, amma gözlədiyinin əksinə qocanın alnı od tutub yanırdı və indi hənirti onun üçün aydın oldu; Qoca qızdırmanın şiddətindən sayıqlayırmış. Çəngələdi qocanı yatağından qaldırdı, bir dəri bir sümük idi, evi başına uçmuş bir quş müqəvvası kimi yüp-yüngüldü. Qaldırdı qocanı qəbrin qırağına qoydu, sonra özü də qəbirdən çıxdı və qocanı yenə də qucağına aldı. Gətirdi ocaq yanındakı çürük həsirin üstünə uzatdı və qocanın yamaq üstündən yamaq vurulmuş bədrəng əbasının yaxasın açdı.

Qocanın huşu özünə gəldi... hələ də gözləri qapalı idi, lakin qupquru dodaqları zarıdı.

– Ya əzrail, uçarımın adı hörmətinə... əvvəlcə bir qurtum su... və sonra yubanma, otur sinəm üstə, canımı al ki, uçardım, ancaq vücudun əsarətindən qurtarsam... Bucaqdakı cürdəkdən su töküb ağacdan yonulmuş piyaləni doldurdu. Sonra qocanın başını yerdən qaldırdı.

Və qoca ürək yanğısıyla qurtum-qurtum nəşəli bir inilti ilə piyaləni son qətrəsinə kimi boşaltdı. Və dərhal elə sustaldı ki, təkrar başı yerə dəyən kimi dərin bir bayğınlıq içinə yuvarlanıb hərəkətsiz qaldı.

2

Uşaq onun gödəkçəsi altında ayaqlarını qatlamışdı, dizlərini qarnına sıxmışdı və indi yuxusunda nəfəs alırdı. İnildəyirdi. Nəfəs vermirdi, sızıldayırdı və hərdənbir nə isə deyir, sayaqlayırdı. Qırmac zərbələri altında bir dəfə də olsun cınqırını çıxarmamış uşağı indi namərd yuxusu “rüsvay” edirdi. O isə diqqət kəsilərək uşağın nə dediyinə qulaq asırdı. Bayaq da uşaq yuxusunda kimi isə çağırmışdı. Amma o yaxşı eşitməmişdi. İndisə uşağın “Cunay” deyə kimi isə çağırdığını aydın eşitdi. Cunay, kim imiş görəsən bu Cunay? Bəlkə anası idi? yox, uşaq yuxusunda anasını adıyla səsləyib çağıra bilməzdi və indi yenə ürəyində bu qurd balasına qarşı bir şəfqət dalğası baş qaldırırdı. Dərhal qaşların çatdı və öz-özünə təpindi ki, yavaş, zənən xeylağı deyilsən!

Sonra yenə ocağın oduna dikilmiş gözləri yol çəkdi, kim idi yaxud kim imiş bu uşağın atası? Nə üçün “dədə” sözünü eşidən uşaq o cür uçunmuşdu? Bəlkə öldürülmüş bir ananın oğlu idi? Və yaxud atası elə – Vəcna ibn Rəvvad idi ki, uşaq öz atasını öldürməyə gəlmişdi? Məgər azmı idi doğduqları uşaqları ilə bərabər kübarların qəsrlərindən və kaşanələrindən qovulan, daha doğrusu sahibləri tərəfindən satılan kənizlər və cariyələr? Və belə uşağın ürəyində qisas odu yanırdı.

O vaxt bu mağaraya girmişdilər. Vaxtı bilmək üçün başını qaldırıb dağ üstə göylərin ulduzlarına baxa bilməmişdi, amma indi hiss eləyirdi ki, çöldə qalmış o böyük dünyada artıq gecə çoxdan yarıdan keçmişdir. Bura, bu qaramat mağaraya tıxanmış zaman isə elə bil donmuşdu və dayanmışdı və əlbəttə ki, bu gün təlaş dolu yorğunluğu gecə onu yatmağa qoymayacaqdı və o sağında ölü kimi düşüb qalmış, amma hər nəfəs ilə həyata qayıdan bir uşaqla, solunda yuxusu ilə oyanıqlığı arasındakı sərhəd olmayan, hər nəfəs ilə həyatdan uzaqlaşan bir qoca arasında səhəri diri gözlə açacaqdı.

Məhz bu mağara uşağı xilas eləmişdisə, eyni zamanda can verən bir qocanı da indi onun ixtiyarına vermişdi. Elə isə ilişib bu mağarada qalsaydılar nə yeyəcəkdilər, nə içəcəkdilər? Əgər bu tərkidünya qocanın hər gün bir öynəlik cirəsi bir xurma və yaxud bir tikə arpa çörəyi idisə...

Halbuki, qoca bu halda olmasaydı uşağı burda, onun yanında qoyub gedə bilərdi, yaxındakı o böyük şəhərdə bir iş tapıb qulpundan yapışırdı, sonra gələrdi, uşağı qocadan alıb aparardı. Amma indi nə cür can verən bir qocanı burda tək başına qoya bilərdi və ac bir uşağın qolundan tutub necə yola düşəcəkdi?

Birdən hiss elədi ki, sol tərəfdən bir cüt göz ona zillənib. Səksənən kimi oldu. Başını qaldırdı. Qoca qalxıb həsir üstündə oturmuşdu və gözlərini döyə-döyə oturduğu yerdən ona elə baxırdı ki, elə bil saçaqlı papağı altından saçları boynuna tökülmüş, ocağın şöləsindən üzünün rəngi his rənginə boyanmış iti və ilişkən baxışları rəhmsiz olan bu qarşısındakı məxluq məhz onun gözlədiyi varlıq idi. Amma nədənsə öz işini görmək əvəzinə, qocanın ocağı başında oturub qızınmağa vaxt tapmışdı. O isə çox sevindi ki, nəhayət, qoca özünə gəlmişdi və birinci olaraq özü sözə başlayaraq:

– Xoş gördük ata, – deyə gülümsədi. – Elə bil qızdırman səngiyib, gözlərin bir az durulub. Çox şükür. Ürəkdən dilərdim ki, vücudun şəfa tapıb, ürəyin şad olsun.

Qocanın elə bil matı-qutu qurudu və ixtiyarsız olaraq dedi:

– Sübhan Allah, bu nə röyadır göstərirsən mənə? Məgər əzrail öz peşəsindən əl çəkibdi? Və yainki təbibliyi özünə şüar edibdir?

Başını buladı, qocanın indi də oyanmış halda sayıqlamasını yorğun bir xidmət hissilə qarşıladı.

– Allahı sevirsən ata, – dedi, – gəl bu əzrail söhbətinə son qoyaq və əgər bilmək istəyirsən biz özümüz, yəni o uşaq da, mən də ən azı beş-altı yol boz əzrayılın əlindən can qurtarmışıq.

Gözləmədiyi belə bir cavabdan bu dəfə elə bil qocanın nitqi batdı, başladı alnını ovuşdurmağa və bir müddət kirimişcə dayandı. Sonra çox fağırcasına, qorxa-qorxa dedi:

– Gecələr növbənöv xəyalət müsafirim olur... və qulağım bir-birindən əcayib ləfzlər eşidir... İndi aya sən beş-altı yol, əzrail dedin və yainki qulaqlarım məni aldatdı, səhv eşitdim?

– Səhv eşitməyibsən, ata, – dedi, – odur orda bax, odur o boz əzraillərdən ikisi, odur orda, mağara ağzında nəzikib bura baxırlar.

Qoca sağ əlini alnına söbər elədi. Zənn ilə uzun-uzadı mağara ağzına tərəf baxdı. Bayaq üstlərinə atılan yol dağarcığını gəmirmiş o ağzı qaralardan ikisi gəlmişdi və indi orda mağara ağzında bir-biri yanında nəzikib oturmuşdu. Və gözləri yenə də gah yaşıl bir alovla yanırdı, gah sönürdü.

Qocaya isə orda uzaqda gördükləri, burda yaxında gördüyündən və eşitdiyindən daha artıq gerçək görünürdü və dodaqlarına qonan solğun bir təbəssümlə dedi:

– O küçüklərdimi, əzrail?

– Əcəb küçükdür, – dedi Babək, – amma tamam. Və çox şükür ki, bu əzrail söhbəti qurtardı. İndi qulaq as ata. Mən də, o uşaq da hər ikimiz qəribik bu dağlarda... Və əgər Allah qonağı kimi sənin bu mağarana pənah gətirmişiksə...

– Toxta, – dedi qoca, – əgər bu bir yuxudursa, aman ver qoy oyanım, özümə gəlim. Bu əgər röya deyilsə, haçan uçdum o quyu dibindən və gəldim buracan?

Üzr istəyirmiş kimi yavaşdan dedi:

– Yanırdın qızdırma içində və uçurdun. Mən çıxartdım səni ordan, o yerdən və gətirdim bura qoydum...

3

Qoca titrək əllərilə o uşağın başını xızırlamış torpaq üstündən qaldırdı və bir çəngə quru otu Barsisin başı altında yastıq elədi, sonra bu dağ mağarasında doqquz ilin soyuğu hopmuş buz barmaqlarını uşağın saçlarına toxundurdu və dedi:

– Bir dünya ki, orda bir əlcə tiflə bunca zülm olur, şeytan yaradıb o dünyanı, mənim rəbbimin bu işdən xəbəri yoxdur.

Babək gözlərini döydü. Şeytan yaradıb bu dünyanı? Və tanrının bu işdən xəbəri yoxdur? O tanrının ki, bütün rəvayətlərə görə əvvəl bu dünyanı yaratmışdı və sonra bu dünyanın harasındasa, bir ovuc qırmızı torpaq götürüb birinci insanı – bütün insanların atası Adəmi yaratmışdı və o vaxt ki, torpaq insanın anası olmuşdu, fəryad eləmişdi, insan adlanan övladının gələcək aqibətini düşünüb çox ağlamışdı və indi bütün bu axan, çağlayan çaylar, bulaqlar və irmaqlar o vaxt çox ağlamış ana torpağın göz yaşları idi ki, nəhayət, qiyamət günü zaman dayananda, dağlar uçurulanda, dənizlər buxar olanda, gün məğribdən çıxanda quruyacaqdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 мин
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 мин
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 мин
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 мин

Стихи других поэтов