Birinci hissə
Страница 25 из 47 · 51%
Elə isə bu tərki-dünya qoca hansı çovğun əqidənin sahibi idi ki, insanlardan qaçıb bu kimsəsiz dağlara gəlmişdi, bu qaranlıq mağarada özünə qəbir qazmışdı və hər gecə öz qəbrinə girib yatırdı və indi də “bu dünyanı şeytan yaratmışdır” – deyərkən ağızdan qara bir küfr çıxardı?
– Görürəm ki, gözlərin doğruçudur, – dedi qoca, – insan nə cildinə girsə girsin, gözləri xaindirsə, dəyişdirə bilməz. Gözlərini dəyişdirə bilər, baxışlarını dəyişdirə bilməz. Bunu gizlədə bilməz və haqlısan ki, ev sahibi mənəm... Amma ev sahibi xəcildir ki “əvvəlcə təam sonra kəlam” düsturuna əməl edə bilmir... Çünki iki gündür ki, alnımın tərini qatıb ruzumu qazanmışam və o çırpı şələsini atmışam orda bucaqda qalıb, taqətim çatmayıb yerdən qaldıram... Amma səbr eləyin sabaha kimi... Çünki o vaxt ki, qoca quş yuvasından qəm dalınca uça bilmir, iki rahib dağ başından düşüb bura gəlir və görəndə ki, qoca xəstəhaldır, şələni özləri dallarına alıb aparırlar...
– İki rahib?
– Yuxarıda dağ başında nəsrani rahiblərinin də yeri var, hasar içində kiçik bir qələdir – ağappaq, və rumi dilində ona manastryon deyirlər... İslam dənizindəki xaçpərəst cəzirələrindən biridir ki, gecə də açıqdır qapıları, gündüz də. Çünki o manastryon xaçpərəst rahiblərin ibadətgahıdırsa, müsəlmanların da xəlvətgahı vardır və o rahiblər ki, gecələr öz hücrələrində dua və ibadətə başlayırlar, gündüzlər buraya gələn mömin müsəlman müsafirləri üçün eyş-işrət içki məclisləri qururlar və əlbəttə o kəslər üçün ki, ciblərində qızıl dinarları və yaxud gümüş dirhəmləri çoxdur.
Bu yaxşı xəbər oldu. Yaxında dağ başında monastır var idisə ora qalxacaqdı, rahiblərdən çörək, pendir, yoğurt alacaqdı. Uşağı və özünü aclıqdan qurtaracaqdı. Cibində səkkiz dirhəmi vardı. Qoca yenə başın qaldırdı, çox əzab çəkmiş, indi ac yatmış və səhər oyananda bir tikə çörək verə bilməyəcəyi uşağa baxdı, köksünü ötürdü və dedi:
– Bil ki, səkkiz ildir kimsəsiz bir xarkeşəm və doqquz ildir bu dağlarda tikançılıqdı peşəm, gedirəm yaxadan-yamacdan kol-kos qırıram, düşürəm dərə dibinə, çaybasardan çör-çöp yığıram, çünki birgünlük yeyəcəyimi qazanmaq üçün hər axşam o ağ kilsəyə bir şələ çırpı aparmalıyam... Ömr bəndə rahiblərdən bir çimdik duz və bir ovuc arpa unu alıramsa, sonra rəbbimə yüz dəfə təşəkkür edirəm ki, bu gün də öz ruzumu özüm qazanmışam...
Və o qeyri-ixtiyari olaraq zəhərli bir təbəssümlə qımışdı.
– Demək olmaz ki, çox səxavətlidir o rahiblər.
– Yox, – dedi qoca, – çəkdiyim zəhmətin haqqı o miqdardır, ondan artığına əl uzatsam nəfsimin əsiri olaram. Və o rahiblər də heç vaxt mənə sədəqə verməyə cəsarət eləməyiblər...
Və qoca birdən susub hekayəsini qıraraq diksindi. Bayaq da belə olmuşdu. Qoca hər dəfə susanda elə bil mağaranın aşağısındakı bu nəmli qaranlıq bir az irəli gəlirdi və o qaranlığa bürkələnmiş iyrənc bir varlıq da bir az yaxınlaşırdı və marığa dayanırdı – və bu qocadakı həyat naminə yalnız söz almışdı və hər dəfə sözün qayları onu dirildirdi, həyata qaytarırdı. Buna görə o istəmirdi ki, qoca sussun, istəmirdi ki, qoca bu gecə ölsün və qaranlığa bürkələnmiş o iyrənc varlıq yaxın gəlsin və nəhayət, istəmirdi ki, bu gecə hər iniltisi həyat ilə dolu olan, hər nəfəsi ilə əl atıb daha bərkdən həyata sarılan bu uşaq ilə – hər nəfəsində həyatdan üzülən, hər dəfə susanda dərhal damarlarında qanı donan bir qoca arasında tək qalsın...
Buna görə idi ki, bir az çəkinərək, bir az sıxılaraq dedi:
– İzin versəydi ata... səndən bir-iki söz soruşardım.
– Soruş, – dedi qoca gözləri qapalı halda, – amma bil ki, sualların quru səhrası cavab çeşməsindən içdiyi sudan heç vaxt doya bilməmişdir.
Düşündü ki, qoy belə olsun, hər halda lənətə qalmış o sualların o quru səhrası üçün cavabın cılız meşəsindən bir qurtum su da qənimətdi və dedi:
– Görürəm ki, tərk-dünyasan, qaçmısan işıqlı dünyadan və gəlmisən bu qaranlıq mağarada məskən salmısan...
– Yox, – dedi qoca yenə gözləri qapalı halda, – əksinə qaranlıq gördüyün bu mağarada işıq tapmışam. Çünki işıqlı dediyin o dünyanın qaranlığında gözlərim kor olmuşdu və təzəcə doğulmuş pişik balası kimi burnumun hara dirəndiyini görə bilmirdim..
– Qoy sən deyən olsun, amma nə üçün insan gərək öz qəbrini özü qazsın və o qəbirdə öz əlilə özünü dəfn eləsin? Və nə üçün o sonuncu peyğəmbər ki, “ölməmişdən əvvəl ölün” demişdi, amma sonra özü bu dünyadan gedərkən ağlamışdı, gözlərində yaş durmamışdı?
Bu dəfə qoca diksindi, gözlərini açdı, başını qaldırdı və gözləri yenə qızdırmalı bir parıltı ilə alışıb yandı:
– Ürəyimə dammışdı ki, – dedi, – səni və uşağı rəbbim göndərib bu gecə bura... Və indi sən ki, birinci ocaqdan sonra ikinci ocağa çırpı atırsan...
– İkinci ocağa?
– Birinci ocaq odur, çırpı atmısan yanır. İkinci ocaq beynimizdədir və çırpısız o suallardır ki, cavabı yoxdur...
– Elə isə susdum, ata...
– Gecdir, – dedi qoca, – və bilmək istərəm, fəqirsənmi? Və bil ki, fəqir o kəsdir ki, gündəlik yeyəcəyindən qeyri heç bir şeyi yoxdur.
– O vaxt ki, bir günlük yeyəcək üçün dağlarda çobanlığa başlamışdım, doqquz yaşım hələ tamam olmamışdı, ata.
– Binəsibsənmi? Və bil ki, binəsib o kəsdir ki, çox vaxt nəinki bir günlük yeyəcəyi, hətta əyninə geyməyə köynəyi də olmur.
– Binəsiblərin həmişə əynində köynəkləri var, ata... Məgər ağır ehtiyac həmişə atəşdən köynək deyilmi?
– Məzlumsanmı? Və bil ki, məzlum o kəsdir ki, çox matəm və müsibət görüb və bütün ümidləri ürəyində ölüb. Yamanlığın azğınlığına, yaxşılığın acizliyinə şahid olub və taleyinə boyun əyib, qismətin qəbul eləməyibdir...
İndi o həyəcanlandı. Kirpikləri ilə kölgələnmiş gözləri daha sərt bir ifadə aldı, qeyri-ixtiyarı olaraq döndü sağ tərəfində yatmış uşağa baxdı və səsində nə isə bir mis cingildədi:
– Yox, ata, insan gərək başını uca tutub ölməyi də bacarsın, amma yamanlığa baş əyməsin və ancaq itaəti qəbul eləməsin.
– Sakın, – dedi qoca və az qala boğuldu, – sakın ki, toxtamaz ürəyin şübhələr odunda yanıb külə dönməsin. Və dua eləyərəm rəbbim səni hifz eləsin. Amma mənim rəbbim məndən daha aciz, məndən daha kimsəsizdir. Çünki göydə o məzlumdur, yerdə mən...
İndi o ikinci dəfə gözlərini döyə-döyə qaldı. Birinci dəfə idi ki, məzlum və aciz bir tanrının varlığından xəbər tuturdu. Hər tərəfdə xristianlıqdan, yəhudilikdən, islamdan, nəsranilikdən və atəşpərəstlikdən qopmuş yüzlərlə məzhəb və təriqət əhlini dindirsəydin görəcəkdin ki, onun iman gətirdiyi tanrı daha uca və daha qüdrətlidir.
Əzəldən, yəni kainatın yarandığı gündən bəri dünyanın inkişaf əsasları, insanın taleyi – yalnız o qüdrətli tanrıların əlində ikən, indi bu qocaya görə başqa bir tanrı da varmış – zəif və məzlum bir tanrı – və o istər-istəməz səsləndi:
– Aciz və məzlum bir tanrı? Məgər bu ağıla sığan bir şeydirmi?
Qoca kəskin bir hərəkətlə başını qaldırdı:
– Qüdrətli və heybətli bir tanrı necə? – dedi. – Məgər bu ağla sığarmı ki, onun iradəsi olmadan dünyada bir kəsin başından bir tük belə düşə bilmədiyi halda, dünya yaranandan bəri keçən bu min il ərzində bir an, bir ləhzə də olsun zalimlərin qılıncından məzlumların qanı qurumamışdır və o qüdrətli və heybətli tanrı nə üçünsə buna göz yummuşdur və dünyanın ki, ömrü yeddi min il müəyyən edilmişdir, deməli hələ min il də qabağa kimi qüvvətlinin qılıncı qan içəcək və zəifin fəryadın göy eşitmiyəcək?..
Diqqət kəsildi, hara gedirdi bu qoca, əgər göyləri boşaldıb viranə qoyurdusa, bəs o aciz və məzlum tanrının işi nə olacaqdı?
– Qorxun və sevin, – dedi qoca və başını qaldırdı, – elə yerin, kainatın başlanğıcından sonuna kimi və sonundan başlanğıcına kimi yüz dəfə seyr etdim və hər dəfə ancaq bunu eşitdim ki, qorxun və sevin! Lakin bu mümkündürmü? Qorxu ilə iflic olmuş bir ürəkdə sevgi üçün boş bucaq olarmı? Məgər hər gün qarşısında titrədiyin bir qüdrətə bir şey etmək olarmı? Və yaxud o ifrat qüdrət özü ayağı altındakı cücülərə rəhm edə bilərmi? Axı bütün ifrat qüvvələri öz qüdrətləri kor edir. Məgər qılınc kor deyilmi? Sərvət kor və şöhrət kor deyilmi? Və mənim mürşidim ki, miskin bir qoca idi və Allah onun nəzərində o qədər heybətli idi ki, fağır qoca hər dəfə namaz qılmaq üçün ayağa qalxanda “Allah” deyərdi, amma “Əkbər” deməyə macal tapmamış qəşş edərdi və ölənə qədər bu hal davam elədi...
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-babek-birinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Стихи других поэтов
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.