Страница 2 из 4 · 25%

Və bu vaxt çox yaxında bir hənirti eşidən kimi olmuşdu, elə bil kimsə içini çəkmişdi, çağırmaq istəmişdi, amma öz əlilə öz ağzını qapamışdı.

Səksəndi, elə bil sehrli bir yuxudan oyandı, başını çevirdi, səs gələn tərəfə baxdı və gözlərinə inanmadı.

Xəyal idi bu, yoxsa o ahugözlü doğrudan da gəlmişdi, qarşısında dayanmışdı? Xurmayı saçları dağılmışdı, çiyninə tökülmüşdü, cuna yaylığı başından siyrilmişdi, boynuna dolanmışdı, taqəti kəsilmişdi, ardıc ağacına söykənmişdi və geniş açılmış gözlərilə heyrətlə ona baxa-baxa qalmışdı.

Çimnaz isə ağır-ağır nəfəs alırdı, köksü qalxıb enirdi və elə baxırdı ki, elə bil indi o da gözlərinin gördüyünə inana bilmirdi.

Və kim inana bilərdi ki, o keçən yaz və bu payız hər axşam meşədən ucalan səsi ilə bütün kəndi heyran eləyən, ürəkləri gah qüssələndirən, gah sevindirən, kimliyi bilinməyən, gözə görünməyən o əsrarəngiz meşə nəğməçisi kənddə hamının odunçu oğlu kimi tanıdığı arıq vücudlu, solğun bənizli, yanar gözlü bu cavan imiş?

Qız kənddə son dəfə onu nə vaxt gördüyünü yadına salmaq istədi, amma sala bilmədi, yadında qalan yalnız bu idi ki, kənddə ona rast gəldiyi vaxtlar olmuşdu, amma hər dəfə o başını aşağı salmışdı və bir kölgə kimi Çimnazın yanından ötüb keçmişdi və Çimnaz da dönüb onun arxasınca baxmamışdı.

Buna görə idi ki, indi Çimnaz yerindən tərpənmədən mat-mat rəngi qaçmış, gözləri alacalanmış odunçu oğlunun üzünə baxır və nə qədər ümidsizcəsinə sevildiyini görür və ürəyinə nə isə bir şəfqət hissi axıb dolur, eyni zamanda təlaş və qorxu içində, eyni zamanda təlaş və qorxu içində nə edəcəyini, nə edəcəyini bilmirdi. Və nəhayət Çimnaz nə isə demək istədi və dedi:

– Nə üçün həmişə hamıdan gizlin təkbaşına bu meşədə oturub oxuyursan? Kənddə hələ heç kəs bilmir ki, hər axşam meşədən gələn sənin səsindir.

– Bütün günüm, – dedi odunçu oğlu çox yavaşdan burda, bu meşədə keçirdi, həftələrlə, aylarla səni görə bilmirdim... İndi də gözlərimə inanmıram ki, bu sənsən... Birdən yaxında boğuq hənirtilər eşidildi, qırılan ağac budağı şaqqıldadı, tapdanan quru çör-çöplərin xışırtısı, çatırtısı bir-birinə qarışdı.

Çimnaz səksəndi, nə üçün yüyürüb bura gəldiyi elə bil indi yadına düşdü və ovçu qovmuş ahu kimi özünü odunçu oğlunun üstünə atdı:

– Tez ol, qaçaq, – dedi, – Əlyar xanın adamlarıdır, tutacaqlar səni, aparacaqlar səni, elə buna görə qaça-qaça gəlmişdim ki, sənə xəbər verim, amma gör huşum başımdan necə çıxdı.

Və Çimnaz, odunçu oğlunu arxasınca meşənin qalınlığına çəkməyə macal tapmamış, Əlyar xanın adamları başlarının üstünü alıb, qıyya vurdular və hər ikisini qamarladılar.


Payız günəşi getmişdi, meşə arxasında yox olmuşdu, batdığı yerdə göy əyrisi al-qırmızı boyanmışdı və bütün yollar axşam kölgələrində qaralmışdı.

Əlyar xan atlılarının önündə kənddən bir ağac yuxarıdakı böyük imarətli malikanəsinə qayıdırdı və qolları arxasına bağlanmış odunçu oğlu xan atlılarının qabağında addımlayırdı. Çimnaz isə huşsuz halda xanın öz atının yəhəri üstünə aşırılmışdı.


Gecə xanın böyük imarətində cah-cəlallı bir məclis qurulmuşdu, qonaqlar yemişdilər-içmişdilər, ağırlaşmışdılar. Adət üzrə yemək-içmək sükut içində davam edəndən sonra çay süfrəsi açılanda söhbət başlanırdı və söhbəti birinci olaraq ev sahibi başlamalı idi. Və xan iki barmağının ucuyla bığlarına tumar çəkib birinci olaraq sözə başladı:

– Ağalar, – dedi, – özünüz bilirsiniz ki, mənim hərgiz ovdan əliboş qayıtdığım olmamışdır, amma bugünkü ovum məni xüsusilə bərmurad elədi... Zira aşağı kənd yanındakı meşədə hər axşam ucalan bir səs vardı ki, böyük-kiçik cümlə eşidənləri valeh eləmişdi, fəqət bu vaxta kimi meşəyə gedənlərdən heç biri izinə düşə bilməmişdi. Amma indi bu gecə siz hamınız onun kim olduğunu görəcəksiniz və səsini eşidib feyziyab olacaqsınız, çünki bugünkü ovumuzda biz o meşə bülbülünü ələ keçirmişik və bundan sonra o bülbül mənim məclislərimdə cəhcəh vuracaq...

Sonra xan əlini əlinə vurdu və içəri gələn iki nəfər xidmətçisinə odunçu oğlunu məclisə gətirmələrini əmr elədi.

Məclisdə tərpəniş və hənirti başlandı, xanın kübar qonaqlarından bəziləri meşədən gələn o səs haqqında nə isə eşitmişdilər, digərlərinin məclislərində çox məşhur xanəndələr oxumuşdu və indi meşədən tutulub gətirilən birisinin səsilə xanın öz qonaqlarını heyrətə salacağını çoxları şübhəli və istehzalı baxışlarla qarşıladılar.

Və nədənsə xanın xidmətçiləri xeyli yubanaraq odunçu oğlunu məclisə gətirdilər.

Odunçu oğlu bir an qapı ağzında dayandı, gözləri qarşı divardakı bədənnüma aynaya sataşdı. Ordan o bədənnüma aynadan əyni məxmər arxalıqlı, başı buxara papaqlı, beli gümüş kəmərli birisi ona baxıb gözlərini döyürdü...

Və odunçu oğlu ordakı, aynadakı oxşartıdan üz çevirdi, başını aşağı saldı.

Xanın qaşları azacıq çatıldı, əmr eləmişdi odunçu oğlunu geyindirib-keçindirmişdilər və indi bu geyindirilib keçindirilmiş oğlan içəri girəndə əvvəlcə ona baş əyməli, sonra məclisə salam verməli idi.

Xan dinmədi, başıyla işarə elədi məclisin aşağısında yer göstərdi və xidmətçilər odunçu oğlunu gətirdilər. Məclisin aşağı başındakı döşəkcə üstündə oturtdular.

Məclisin gözü odunçu oğlunda idi və qonaqlardan biri əyildi, yanındakına dedi:

– Deyəsən kordur, bədbəxt, nökərlər qolundan tutub gəzdirirlər.

İkinci qonaq bığları altında qımışdı və xan üzünü odunçu oğluna tutub dedi:

– Odunçu oğlu, bəxtinə gün doğdu sənin! Bundan sonra daha meşədə odun doğramayacaqsan, çünki mənim məclislərimin xanəndəsi olacaqsan və hərçənd bu gün meşədə bizim uşaqlara əl qaldırmısan, amma keçənə güzəşt deyərlər, günahından keçirəm...

Sonra xan tarçıya işarə elədi və uzun birçəkli, saçları yağlı tarçı “Rast” dəstgahına başladı.

Əlyar xan qəlyanının gümüş müştüyünü ağzına aldı və dirsəyini qotazlı mütəkkələrə təkyə elədi.

Tarçı çalırdı, pərdə-pərdə qalxırdı və o məqamda xanəndələr “aman aman...” zümzüməsinə başlayaraq özlərini içəridən səfərbər edərdilər, tarçı yanakı baxışla odunçu oğluna nəzər saldı və meşə nəğməçisinin dodaqlarında xəfif bir tərpəniş belə görmədi.

Tarçı başlamışdı, dayana bilməzdi və indi başlanğıcdan çox uzaqlaşmışdı, amma odunçu oğlundan səs çıxmırdı.

Nəhayət tarçı heyrət ifadə edən gözlərini xana tərəf çevirdi və dəstgahı yenidən başladı.

Xan yavaşdan öskürdü və dedi:

– Odunçu oğlu, müntəzirik!

Odunçu oğlu başını qaldırmadı və sağından, solundan gələn fısıltıları elə bil eşitmədi.

– Başlasana, – deyirdilər ona sağından və solundan, – eşitmirsən, xan səninlədir...

Odunçu oğlu başını qaldırdı, baxışları bir an xanın üzünə dikilib qaldı, xan nə isə demək istədi, amma macal tapmadı, çünki odunçu oğlu döndü və çəpəki bir nəzərlə yenə bədənnüma aynadakı oxşarına baxdı.

Bu vaxt tarçının mizrabı pərdələr üzərində hərəkətsiz qaldı və hövsələdən çıxan xanın səsi bu dəfə daha artıq bir təhdid ilə dolu idi:

– Gədə, ağzına su almısan, nədi, görmürsən ki, bütün məclis sənə müntəzirdir?

Odunçu oğlu baxışlarını aynadan qopartdı və dedi:

– Əmr eləyin ordakı oxusun, – burdakı odunçu oğlunun səsini bu məclis eşitmiyəcək!

Xan döyükdü və tarçıdan soruşdu:

– Nə dedi o?

Tarçı dedi:

– Xan sağ olsun, sayıqlayır bu, aynada özünə baxıb, deyir ki, əmr eləyin qoy ordakı oxusun, çünki deyir, burdakı odunçu oğlunun səsini bu məclis eşitmiyəcək!

Qonaqlardan kimsə özünü saxlaya bilmədi bərkdən güldü və xanın başına elə bil bir dolça su töküldü, şərabın xumarı duman oldu gözlərindən dağıldı və məclisindəki istehzalı gülümsəyişləri görüb od aldı qamışa girdi:

– Yox, oxuyacaqsan odunçu oğlu, – dedi. İndi tarın çaldığı hava döşünə düşmədi, qırmancın çaldığı nəva döşünə düşər, əlləzinəni əzbərdən oxuyarsan! Və elə bu gecə bu məclis gərək sənin səsini eşitsin!

Və xan sözünü qurtarmamış əlini əlinə elə vurdu ki, bir neçə nökər bir-biri dalınca özlərini içəri saldılar və qamarladılar odunçu oğlunu qonaq otağının eyvanına apardılar.

Sonra ordan çılpaq bədənə vurulan qırmanc zərbələrinin vıyıltısı eşidilərkən indi də bütün məclis sükut içində odunçu oğlunun nə vaxt inləyəcəyini, yalvaracağını, aman istəyəcəyini gözləməyə başladı.

Lakin qırmanclar getdikcə daha artıq bir şiddətlə havanı yarır, daha müdhiş bir hava çalır, amma odunçu oğlundan yenə səs çıxmırdı.

İndi qonaqlardan bir çoxu nə isə bir xəcalət hissilə başlarını aşağı salmışdılar və Əlyar xan məclisi belə süst vəziyyətdə görərkən nökərlərini səslədi və nökərlərdən biri qan-tər içində yüyürüb içəri gəldi.

– Nə oldu, – dedi xan, – yumşaldımı, aman istəyirmi?

Nökər başını buladı:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə

Azərbaycan dağları. Bilalabad kəndi.Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırdı.

2 ч 40 мин
Bakı gecələri

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

1 ч 10 мин
Ayrıldılar

Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

39 мин
Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 мин

Стихи других поэтов