Страница 4 из 4 · 75%

Əlyar xan isə bu vaxt bütün nökərlərini atlara süvar edib dörd bir tərəfə çapdırmışdı, mahalın bütün kübarlarını və əşrəflərini axşam məclisinə dəvət eləmişdi.

Xan o vaxt qurduğu məclisdə xəcil olduğunu hələ də həzm edə bilməmişdi, amma indi, bu gecə o dost və əğyar qarşısında öz təntənəsini nümayiş etdirəcəkdi, həm də bu gecə onun məclisində o zaman heç kəsin tanımadığı odunçu oğlu yox, indi adı dillərdə əzbər olmuş, şöhrəti düzü-dünyanı tutmuş bir el nəğməkarı oxuyacaqdı.

Odunçu oğlu isə məxsus onun üçün ayrılmış otaqda çox oturub qalmışdı və nə vaxt Çimnazın onu çağıracağını çox gözləmişdi, qaranlıq düşmüşdü, gəlmişdilər onun otağında çıraq yandırmışdılar və üçayaqlı alçaq kətil üstündə qabağına bir sini çərəz qoymuşdular.

Sonra qısa fasilələrlə bayırdan at kişnərtilərinin səsi gəlmişdi, dörd bir tərəfdən çapıb gələn qonaqlar yenə malikanənin böyük və aynalı otağında bir-birinin yanına düzülmüş, hərə öz yerini tutmuş və məclis arəstə olmuşdu.

Bu vaxt gəlmişdilər onu aparmışdılar, qarşısında bir-bir çox qapılar açmışdılar, bir-birindən zəngin döşənmiş bir sıra otaqlardan keçirmişdilər və nəhayət o bircə dəfə üzünü görmək həsrətini illərlə ürəyində gəzdirdiyi ilə üz-üzə dayanmışdı.

Və indi onun üz-üzə dayandığı Çimnaz burda bir çox qızlar və qadınlar içində atlas bir döşəkçə üstündə oturmuşdu və elə bil sağında-solunda keşikçi qoyub onunla bu görüşünü mühafizə altına almışdı.

O isə donub qalmışdı qapı ağzında, gözlərinə inanmamışdı.

Çimnaz idimi bu qadın?

Orda o atlas döşəkçə üstündə tavus kimi bəzənmiş bir xanım oturmuşdu, zərli-zibalı əlbəsəsi üstündə daş-qaşlar bərq vururdu, boynundan salxım-salxım qızıl gordənbəndlər, zəncirlər və sap-sap mirvari boyunbağılar asılmışdı.

İncəbelli, qıvraq tərpənişli, ahugözlü bir qızı dolğun əndamlı, ağır baxışlı, qımıldanıb tərpənməyən bir qadın əvəz eləmişdi, çənəsi altındakı buxağı buğumlarla bir-biri üstünə qatlanmışdı, vaxtilə çiyninə tökülən xurmayı saçları indi almaslı, incili araqçın altına yığılmışdı və baxışlarındakı biganəlik gözlərindəki yanarlığı yox eləmişdi.

O isə nitqi batmış kimi bu qadın qarşısında dayanmışdı.

Çimnaz da susmuşdu, nəfəsini udmuşdu, amma üzündə elə bir ifadə vardı ki, elə bil bu saat ya güləcəkdi, yaxud ağlayacaqdı.

Və Çimnaz xanım gülümsəmişdi – ağzını örtmüş yaşmağı aşağı salmışdı və demişdi:

– Biz hər yerdən sənin sorağını alırdıq və gözləyirdik ki, şeytanın qıçın sındırıb bir bizim tərəflərə də gələrsən. Xan keçmiş əhvalatı çoxdan unutmuşdur. Bu axşam o məxsus sənin üçün məclis qurmuşdur. Bütün mahaldan çox hörmətli şəxslər bizə qonaq gəlmişdir. Amma o şəxslər içində bizim üçün ən əziz qonaq sənsən. Xan da, mən də sənə ziqiymət xələtlər hazırlamışıq. Mən özüm bu otaqda oturub bütün gecəni sənə qulaq asacam.

O Çimnaz ki, bircə dəfə onun üzünü görmək həsrəti onu qovmuşdu bura gətirmişdi, burda yox idi, burda başqa bir qadın vardı və bu başqa qadın xan hərəmi idi.

Və o dönüb getmək istəmişdi.

Amma bu vaxt yan qapı açılmışdı, xan gülümsəyərək içəri girmişdi, gəlmişdi onun qoluna girmişdi, çəkmişdi onu özüylə bərabər qonaq otağına aparmışdı və yuxarı başda öz yanında ona yer göstərmişdi.

Məclisdə hələ şərbət paylanırdı, onun piyaləsini xan özü doldurmuşdu, sonra dönmüşdü tarçıya işarə eləmişdi və haman tarçı yenə “Rast” dəstgahına başlamışdı.

Yenə hamı susmuşdu, yenə bütün məclisin gözü ona dikilmişdi və xan boğazını arıtlamışdı və demişdi:

– Odunçu oğlu, süfrəyə plov gələnəcən, bu şərbət kimi şirin səsinlə bir balaca desəydin, məclisə ruh verərdin və bizi ziyadəsiylə xoşnud eləyərdin!

Başını qaldırmışdı məclisi süzmüşdü və yenə sükut və intizar içində ona baxan bu məclisdən o tərəfdə – çox uzaqdan, izdihamlı bir şəhər meydanından yığın-yığın insanların da ona baxdıqlarını və gözlədiklərini görmüşdü...

Sonra məclisdən bir hənirti qopduğunu və indi tək xanın yox, bütün məclisin ona nə isə dediyini və hər tərəfdən qabağına atılan ovuc-ovuc qızılların cingiltisini eşitmişdi və nəhayət xan özü belindən qızıl kəmərini açmışdı, onun qabağına atmışdı və demişdi:

– Oxu, – bir ağız oxu, töyləmdəki qara kəhər də sənindir!

Və bu vaxt ordan – o şəhər meydanından ona baxıb duran və nəyi isə gözləyən o gözlərdə elə bil səbirsizlik görmüşdü ki, qeyri-ixtiyari ayağa sıçramışdı və qapıya doğru yönəlmişdi.

...Qan xanın beyninə vurmuşdu, hiddətindən qırılan səsi ilişmişdi boğazında qalmışdı və nökər-naib qaçıb gələrək içəri dolmuşdu.

Lakin xan nökərlərindən ikisinin əlində qamçı görərkən, bir an duruxmuşdu – ikinci dəfə idi ki, o nə zorla, nə qızılla bu adamın inadını qıra bilməmişdi... Amma indi ikinci dəfə onu xəcil edən bu adam o vaxtkı adsız-sansız odunçu oğlu deyildi, xalqın sevimlisi idi və yüzlərlə havadarı vardı.

Və xan qan sağılmış gözlərilə odunçu oğlunun arxasınca baxmışdı, xanın nökərləri isə qapı ağzında odunçu oğlunun qabağını kəsib xanın əmrini gözləmişdilər.

Nəhayət xan nökərlərinə demişdi:

– Gədələr, nə durub baxırsınız, görəndə ki, bir şəxs dəli-divanədir, onun əllərinə və ayaqlarına bənd vururlar, aparın bunu da zəncirləyin və nə qədər ki, ağlı başına gəlməyib qoy qolları zəncirli, ayaqları kündəli qalsın!

Odunçu oğlunu gətirmişdilər, yenə o qara damda həbs eləmişdilər və bu dəfə ayaqlarını və qollarını zəncirləmişdilər ki, əli hər yerdən üzülsün, qaça bilməsin!

Və üç gün üç gecə o qaranlıq məhbəsdə ac və susuz qalmışdı.

Dördüncü gün gecə yarısı Əlyar xan malikanəsində qopan səsküyə oyanmışdı, nökər-naib, hamı bir-birinə dəymişdi, – malikanə imarətlərindən biri od tutub alovlanmışdı.

Xan hövlnak bir halda yanan imarətinə doğru yönəlmişdi və qabağına çıxan qoca bağbanın üstünə düşüb bağırmışdı:

– Bu nədir qoca? Kimin işidir bu?

Qoca bağban yanan imarətə tərəf baxmışdı və demişdi:

Bu xəbərdarlıqdır, xan... Elin-obanın qəzəbindən həzər elə, odunçu oğlunu incitmə, çünki bu işin axırı daha xətərnak ola bilər.

Xan diqqətlə qocanın gözlərinə baxmışdı, qoca baxışlarını qaçırtmamışdı və xan əlini çırpmışdı:

– Rədd eləyin çıxıb getsin!


Elə haman gecə gəlmişdilər, zəncirlərini açmışdılar və qapını taybatay qoyub getmişdilər.

Və o güclə ayağa qalxmışdı, açıq qapıdan çıxmışdı, ayaqlarını sürüyərək bir addım xan malikanəsindən uzaqlaşmışdı.

Lakin çox gedə bilməmişdi, ayaqlarının heyi kəsilmişdi və zülmət bir gecə içində, yol qırağında, alçaq bir təpəcik üstündə təkbaşına oturub qalmışdı.

Göydə tez-tez ulduzlar axmışdı, dağlardan sərin meh əsmişdi və o səhərin açılmasını gözləmişdi. Nə qədər ki, dan yeri ağarmamışdı, bu qaranlıq yolda araba təkərlərinin cırıltısı eşidilməyəcəkdi, at ayaqlarının tappıltısı gəlməyəcəkdi və ins-cins gözə dəyməyəcəkdi. Amma birdən hardansa gələn bir səs eşitmişdi, qulaq vermişdi – zınqırov səsləri idi, hardansa üzübəri dəvə karvanı gəlirdi.

Səbirsizliklə yaxınlaşan karvanı gözləmişdi və o vaxt ki, böyük bir dəvə karvanı gəlmişdi, gecə qaranlığında qarşısından keçməyə başlamışdı, sevinmişdi, ayağa qalxmışdı və sarbanı səsləmişdi:

– Ey sarban, – demişdi, – yollar yorğunuyam, saxla karvanı məni də götür!

Lakin sarban ya onun səsini eşitməmişdi, yaxud eşitmişdi, amma gecənin bu aləmində yol qırağından gələn o səsə etibar eləməmişdi və karvan dayanmamışdı.

O isə gözləmişdi ki, karvan ha indi, ha bu saat dayanacaqdır, amma dəvələr səssiz addımlarla laqeyd və çalxanan kölgələrlə, bir-biri ardınca ötüb getmişdilər, qaranlığa batıb yox olmuşdular və odunçu oğlu alçaq bir təpəciyin üstündə – səssiz və qaranlıq bir gecə içində tək qalmışdı...

Və bu vaxt elə bil bir anda o kiçik təpəcik üstündə, bu böyük qaranlıq içində birdən-birə sinəsi uçmağa hazırlaşan bir quş sinəsi kimi qabarmışdı, hava ilə dolmuşdu və o mahnı ki hələ zindanda ikən qollarındakı zəncirlərin cingiltisi altında bəstələnmişdi, indi nəhayət pərvaz olmuşdu və ürəyindəki təkliyin fəryadı kimi uçmuşdu, göylərə ucalmışdı.

Sonra başını yuxarı qaldırmışdı və səsi sonsuz boşluqlar içində kimsəsiz qalmış bir dünyanın fəryadına çevrilmişdi, getmişdi ulduzlara çatmışdı və ulduzları sarsıtmışdı və o vaxt ki gözlərin aşağı salmışdı gecənin qara divarı ilə üz-üzə qalmışdı, fəryadını qaranlıqda yox olan karvanın arxasınca göndərmişdi və səs getmişdi kəmənd kimi karvanın boynuna sarılmışdı, dəvələr bir-birinə dirənmişdi, zınqırovların səsi batmışdı və qocaman bir karvan yolun ortasında qaranlıq içində hərəkətsiz qalmışdı.

...İndi artıq elə bil onun özündən özünə, heç nə qalmamışdı, nəyi vardısa təkliyinin bu gecə nəğməsi əlindən alıb aparmışdı – ürək tükənmişdi, səs sim kimi qırılmışdı və o yerə sərilib təpə üstündə gözlərin qapamışdı ki, birdən uzaqdan qaranlıq içindən, karvanın ötüb getdiyi tərəfdən qoca sarbanın həyəcanlı səsi eşidilərkən, bir an ona elə gəlmişdi ki, o hardasa dərin bir quyu içində idi və indi birdən kim isə yuxarıdan əlini ona doğru uzatdı.

Bu vaxt qoca sarban:

– Ey hey, odunçu oğlu, tanıdım səni, – deyə onu səsləyirdi, – hardasansa dur bəri gəl, saxlama karvanı yolum uzaqdır.

Başını torpaq üstündən qaldırmışdı, quyudan çıxırmış kimi ağır-ağır ayağa qalxmışdı və kiçik təpəcik üstündən yola enmişdi, karvana doğru getmişdi.

Sarbanın yerə yatırtdığı qoşa hürgüclü nər dəvə odunçu oğlunu belinə almışdı, zarımışdı, nərildəmişdi və ayağa qalxmışdı.

Və odunçu oğlu sarbana demişdi:

– İndi çək karvanını, sarban, çək apar məni bu yerdən ki, burda ürək daşa dəydi və əlim burda son ümidimdən üzüldü...

Sarban karvan önündəki nər dəvənin ovsarını çəkmişdi. Karvan yenidən hərəkətə gəlmişdi və qoca demişdi:

– Elə hey diyarbadiyar gəzirsən odunçu oğlu, nə bir yerdə qərar tutursan, nə bir hovur nəfəsini dərirsən...

– Elədir, həmişə yollardayam, sarban – sinəmdən keçən arzular karvanıyla yol gedirəm... və gedəcəyəm son nəfəsimə kimi... Amma gecə çox uzun, çox qaranlıqdır və işıq hələ çox uzaqdadır.

Təbriz, 1944

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə

Azərbaycan dağları. Bilalabad kəndi.Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırdı.

2 ч 40 мин
Bakı gecələri

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

1 ч 10 мин
Ayrıldılar

Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

39 мин
Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 мин

Стихи других поэтов