Mən bir kitabəm
Mən bir kitab, hər vərəqim min kitabdır,Ayati-məhkəmati bütün inqilabdır.
Qılsın mütaliə məni ərbabi-inqilab,Görsün bu ayələrlə nasıl feyziyabdır!
Sönmüş həvasə şö'lə verir nuri-fikrətim,Ruhum füyuzvərvər olan afitabdır.
Olmuş vətən qünudə ləyali-cəhalətə,Zülmatə qarşı mə'rifətim mahtabdır.
Hürriyət ilə etməli mə'mur milləti,Yarim, əsarət ilə vətən pək xərabdır!
Tiği-məzalim ilə əvalim cərihədar,Ey ədl, sür'ət eylə, zəmani-şitabdır!
Əshabi-zülm ziynətidir təxti-rahətin,Məzlumlər dilim kimi püriztirabdır.
Bax, bax, şu hurə, qoynuna girmiş səfalərin!Dildadeyi-cəmali düçari-əzabdır.
Ağuşuma atılma, a zalim, dayan, dayan!Son xabgahin iştə kənari-türabdır.
Aldanma rəngü buyinə gülbərgi-hüsnünün,Beş gün sürər də, sonrası bibuyi-tabdır.
Çox süzdü gözlərim bu riyazi-təbiəti,Hər qönçənin təravəti mərrüssəhabdır.
Gəl müstəfid olaq, mələkim, gəl, həyatdən,Hər dəmdən istifadə edən kamiyabdır.
Şeyxuxətin şitası gəlir, qafil olma kim,Fürsət zəmani iştə bəhari-şəbabdır!
Yoxsa başında kövsərü huri həvası var?Olsun nəticəbəxş, nə ləzzətli xabdır!
Tihi-xəyal içində şitaban olan səfil!Yortma! O parlayan su deyildir, sərabdır.
Sun badeyi-məhəbbəti hürriyyət eşqinə,İnsanə intibah verən bu şərabdır.
Çıx, çıx məzardən, ərəsati-həyatə gəl!“İqrə kitabəkə”... bu ki yövmül-hesabdır.
Zülmətpəsəndlər giriyorlar cəhənnəmə,Rövşəndilani-elm behiştiməabdır.
Əsfəllərə tənəzzülü şayistə görməyən –İnsanə afərin, necə alicənabdır!
Elm əhlidir cahanda səzavari-iltifat,Cahil həmişə məzhəri-qəhrü itabdır.
Cahil sənə edərsə cəhulanə bir xitab,Mə'nalı bir sükut ona ə'la cavabdır!
Şeytani-cəhli yaxmağa əflaki-elmdən –Bu xaki-tirənakə yağanlar şəhabdır.
İnsanları birər ediyor əsr imtahan,Bu dövri-irtiqa, məhəki-intixabdır.
Çıxdı niqabdən o həqiqət çiçəkləri,Millət xəyalət ilə hələ dərhicabdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-men-bir-kitabem
Клавиши ← → для перехода, R — случайное стихотворение