Qaranlıqdan çəkək əl, gər ziyayi-nur lazımsa,
Edək dəryad əsayi-ictihadı Tur lazımsa.

Cəlali-elmi gör heybətnümadır ərzi-Məğribdə,
Cəmali-fənnə bax, bir çöhreyi-məftur lazımsa.

Qopur hürriyyət avazı bu gün vicdani-Məğribdən,
Ayıl, ey Şərq, dinlə, zümzümati-sur lazımsa!

Doğrudur afitabi-mə'rifət afaqi-Məğribdən,
Cahani-Şərqi seyr eylə şəbi-diycur lazımsa.

Nə yerdə bir xərabə varsa olmuş məskən islamə,
Edək kəsbi-məali laneyi-mə'mur lazımsa.

Fədakaranə iqdam etməli abadiyi-mülkə,
Əgər Avropaasa sizlərə “kultur” lazımsa.

Görək birlikdə iş tənviri-istiqbali-millətçin,
Nifaqı tərk edək şanü şükuhü zur lazımsa.

Nəzər qıl, diqqət et, öyrən həyatın əsl mə'nasın,
Həyatından sənin bir mətləbü mənzur lazımsa.

Xəyalından keçən “hur”i burax, xülyapərəst olma,
Həyatın cənnətdən al həqiqət hur lazımsa.

Həqiqətpərvərənə ərzi-rüxsar eylədi dildar,
Soyun, yax kisveyi-övhamı dil pürnur lazımsa.

Bütün əqvam üçün firdovsi-aləm surgah oldu,
Burax bu matəmi, gül, gül, sənə gər sur lazımsa!

Bu vəhşətlə sizi bərbad edər axırda istibdad,
Olun məftuni-hürriyyət, əgər cümhur lazımsa.

Əcanib mülki-nasutə kəsildi hakimi-qahir,
Bu gün islamı seyr et, xadimi-məqhur lazımsa.

Bu gün islamı görməkçin dur, ey Adəm, məzarından,
Qucaqla, bağrına bas, naxələf bir pur lazımsa!

Təcəssüm eyləsəydi maziyi-müzlim bu halətdə,
Görərdi Şərqi zülmət, halımız binur, lazımsa.

Qaranlıqdır vətən, bir gül, açıl, ey fəcri-hürriyyət,
Zəmini-Məşriqə nəşri-ziya qıl nur lazımsa!


Dalıb cəmiyyəti-xatirlə bu ümmani-imkanə,
Çıxar, qə'rində çoxdur lö'löyi-mənsur lazımsa.

Bişir, hazırlanır əqvatımız dəsti-təbiətlə,
Qida tənnuridir dünya, bizə tənnur lazımsa.

Gözəl bir istifadə etməli gəncinədir aləm,
Ədibi-əqldən dərs al, əgər düstur lazımsa.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов