Koroğlu
Страница 1 из 3
Dumanlı kəndi böyük bir dairənin mərkəzi olaraq iki yüz iyirmi beş “tüstüdən” ibarət bir kənddi. Bu kəndin mindən artıq əhalisinin əksəri bağdarlıqla dolanırdı. Dumanlı üzümü, Dumanlı şaftalısı hər yerdə ad qazanmışdı. Hər “tüstünün” özünə məxsus bir desyatin, ya bir desyatin yarım bağı var idi. Kəndin ortasından axan qədim, böyük bir arxın suyu ilə camaat bağlarını sirab edirdi. Camaatın cüzi hissəsi əkinçiliklə məşğul idi. Bunlar, kəndə məxsus əkin yeri olmadığından, gedib kəndin yavuqluğundakı min desyatindən ibarət “ağalıq” yerdən lazım qədər, dörddən bir mədaxilinə ağadan icarəyə götürüb, taxıl ya pambıq əkərdilər. Hamıdan çox ağalıq yerində ziraət edən kəndin zəngin qolçomağı Hacı Bayram idi. Bu adam götürdüyü yerdə özü işləməyib camaatın füqərasından, ya “həmişərilərdən” muzdur tutub işlədirdi. Hacı Bayramın qoyununun, atının, qaramalının hesabını bilən yox idi. Onun qoyunlarını beş çoban çətinliklə idarə edirdi. Hacı Bayramın nəinki dairə, tamam qəza tanıyırdı. Qəzanın hər bir yerindən pula ehtiyacı olan atını minib Hacı Bayramın ydanına gələrdi. Hacı verdiyi pullara faiz almazdı, deyərdi: “Şəriətdə faiz almaq haramdır”. O, pulu verib əvəzinə nuyanda müəyyən qiymətə məhsuldan verilməsini şərt edirdi. Söz yox ki, qərəzdarın bir əli ilə boğazından yapışıb, o biri əli ilə onun nuyanda hasil etdiyi məhsula İndidən qiymət təyin edən Hacı Bayram birə-iki puluna faiz qazanırdı.
Dumanlı kəndində bir nəfərin nə bağı var idi, nə əkin yeri – bu adam İsrafil Vəlioğlu idi. İsrafil on İki yaşında ikən çiçək xəstəliyindən iki gözü də kor olmuşdu. Kor İsrafil i tamam dairə tanıyırdı. Çünki onun peşəsi oğlunun əlindən tutub, kəndbəkənd gəzib saillik etmək idi.
İsrafilin İki oğlu var idi: böyüyü – Nəriman, kiçiyi – Qəhrəman. Nə qədər ki Qəhrəman kiçik idi, Nəriman atasının əlindən tutub dilənməyə aparırdı. Nəriman on altı yaşı addadıqdan sonra Qəhrəmana dedi:
– Qardaş, mənim üçün belə sərgərdan dolanmaq ayıbdır. Mənim İndi iş görən vaxtımdır, bir-İki il atamızı sən gəzdir. Mən də gedib bir adama muzdur durub işləyim. Elə ki sən də böyüdün, ikimiz də işləyib atamızı dolandıraraq. Daha saillikdən əl çəkərik.
Qəhrəman qardaşının sözünü qəbul etdi. Nəriman isə gedib qonşu kənddə bir bəyə otuz manat pulla, yediyi çörəyə, bir dəst paltara və bir cüt çarığa nökər durdu.
Nəriman nökər duran gündən ağası onun adını “Koroğlu” qoydu.
O zamandan bu ad onun üstündə qaldı. Çox yerdə onun əsl adını bilməyib, “Koroğlu” deyə çağırırdılar.
Nərimanın qoçaqlığı, karigənliyi, çapıqlığı, müdrikliyi tamam dairənin qolçomaqlarının diqqətini cəlb etmişdi. Hamı deyirdi: “Koroğlu” nökər deyil, xəzinədir, elə bir fəhlə saxlayanın dünyada dərdi olmaz.
Beş adamın işini bir tək özü görür”.
Hacı Bayram Nərimanın qoçaqlığını, sədaqətlə iş görməsini eşidib, onu öz yanına gətirməyi qət elədi. Bir gün həftəbazarında onu ağası üçün mal aldığı yerdə görüb dedi:
– Ay oğul, nə olubdur sənə kəndindən didərgin düşüb, ora-bura qulluq eləyirsən, gəl öz kəndinə, mənim işlərimə bax, atanın-qardaşının üstlərində gözün olsun. Mən də sənə İkiqat məvacib verim.
Nəriman cavabında:
– Hacı əmi, mən bəylə kağız bağlamışam, ilim tamam olmayınca heç yana gedə bilmərəm.
– Mən sənin ağandan iznini alaram.
– Ağam izni verəndən sonra mənim sözüm yoxdur.
Nərimanın ağası Rəhim bəy Hacı Bayramın borclularından idi. O səbəbdən onun təklifini rədd edə bilməzdi. Hacı Bayrama Nəriman kimi qoçaq bir işçi lazım idi. Hacı Nərimanın cəm işlərinin üstündə gözətçi qoya bilərdi. Yəqin də etmişdi ki, bu surətdə onun işləri qüsursuz gedəcəkdir. Nərimana ayda yüz manat da versə, yenə qazanacaqdır.
Hacı öz işlərinin xeyir-şərini gözəlcəsinə düşünürdü. Söz yox ki, Rəhim bəy Hacı Bayramın xahişini rədd eləməyib Nərimanın haqq hesabını çəkdi.
Hacı, Nərimana ildə yüz manat məvacib, bir dəst paltar, iki cüt çarıq və yedikcə çörək təyin edib evinə apardı. Nəriman gələn gündən hacının evinin övzai dəyişdi. Bir az vaxtın zərfində hacının tamam pozğun işləri nizama düşdü. Çobanların vaxtında çörəyi, atların, qaramalın arpası, ələfi öz vaxtında verilməsi, inəklərin, qoyunların südlərinin öz vaxtında toplanıb qatıq çalınması, pendir qayrılması, yağ çalxanıb bazaar getməsi – hamısı Nərimanın əlindən gəlib keçirdi. Əlavə, Hacı Bayramın üç arvadı var idi. Hər arvad üçün xüsusi bir ev tikdirmişdi.
Bu üç evin cəmi dolanışına Nəriman baxırdı. Axır belə də olmuşdu ki, Hacı Bayram hər bir yanına ehtiyaca gələni Nərimanın yanına göndərib deyirdi:
– Oğul, bu işləri Nəriman bilər, get onunla görüş, nə etməlidir eləsin.
Bir gün Hacı Bayrama şəhərdən bir vergi kağızı gəldi. Hacının nə rusca, nə də türkcə (azərbaycanca) savadı yox idi. Nərimanı çağırıb kağızı ona verib dedi:
– Ay oğul, bu kağızı apar “uçtel” oxusun, görək nə yazıblar?
Kənd müəllimi Mirzə Hüseyn məktəbin balkonunda əyləşib kitab oxuyurdu. Nərimanı görcək başını qaldırıb xəbər aldı:
– A Koroğlu, xeyirdirmi, nə istəyirsən?
– Mirzə, hacı deyirdi bir bu kağıza baxsın, görsün nə yazıblar.
Mirzə Hüseyn kağızın məzmununu dedikdən sonra üzünü tutdu
Nərimana:
– A Koroğlu, sən bir cavan oğlansan, hər yerdə sənin iş bacarığının söhbətini edirlər. Nə olar bu qoçaqlıqla bir az da oxuyub savadlanasan.
Savadın sənə daha da xeyri olar. Birdən görərsən səni suda təyin ediblər, kəndxuda təyin ediblər. Hacı Bayram kimi qan içənə, camaatın dərisini soyana nökərçilik edincə öz işinə qulluq edərsən. Sən elə özündən hesab apar. Hacı Bayram sənə yüz manat ildə məvacib verir.
Amma sən ona ayda İki yüz manatdan artıq xeyir verirsən. Sən gendən Hacı Bayramın adını eşidirdin. İndi ona yavuq olandan sonra onun cəm tutduğu əməlləri, qazanc yollarını, qaynağına keçənləri tutub, sıxıb, sularını çıxartmasını öz gözünlə görürsən. Bir azdan sonra Hacı Bayram kimi qolçomaqlar təpələri üstə uçacaqlar. Camaat işləri sənin kimi fağır muzdurların əllərindən keçəcəkdir. Sənin savadın olsa, nə qədər xalqa səndən xeyir dəyər. Mən səninlə çoxdan görüşüb danışmaq istəyirdim.
İndi yaxşı oldu, öz ayağınla gəldin. Sən hər gün gəl mənim yanıma, sənə dərs verim, savadlan.
Mirzə Hüseyn kommunist firqəsinin kənddə nümayəndəsi olaraq xırdaca bir özək düzəldib xəlvət işləməkdə idi. Nəriman kimi müdrik bir cavanı özünə tərəf cəlb etmək onun gördüyü işlər üçün, apardığı təbliğat üçün lazım idi.
Hacı Bayram hər gün axşam gün batan kimi arvadlarının birinin evinə gedib orada qalardı. Doğrudur, keçmişdə neçə dəfə durub ata-mala baş çəkərdi. Hər bir itlər hürüşdükdə qapıya çıxıb səslənərdi. İndi isə Nərimana ümidvar olub xatircəm yatardı.
Nəriman Hacı Bayramı arvadının birinin evinə ötürüb, birbaş gedərdi Mirzə Hüseynin yanına. Mirzə Hüseyn ona dərs oxutmaqdan əlavə, sadə sözlərlə onu siyasətə həm bələd edərdi. Məmləkətlərdə olan üsuli-idarənin neçə növ olduqlarını və hər üsuli-idarənin mahiyyətini ona anladıb, şura üsuli-idarəsinin ən yüksək üsuli-idarə olmasını, xalq hakimiyyətini, hacı bayramlarla, minlərlə desyatin yerləri olan və bu yerləri xalqa icarəyə verib, özləri istirahət edən bəylər və xanlarla mübarizə yollarını, mollaların camaatı qoyun sürüsü kimi özlərinə tabe edib yunlarını qırxdıqlarını mükəmməl bir surətdə Nərimana öyrədirdi.
Nəriman isə qabil bir şagird olub, az zamanda həm rusca, həm türkcə yazıb-oxumaq öyrəndi və Mirzə Hüseyn onun gələcəkdə fəal bir firqə üzvü olacağına etiqad bağışlamışdı.
Bir dəfə Hacı Bayrama şəhərdən bir “povestka” gəldi. Adət üzrə Nərimanı çağırıb kənd “uçitelinin” yanına göndərmək istədi. Nəriman “povestkanı” alıb, baxıb dedi:
– Hacı, bu ayın on dördündə sizin Xəlil bəylə olan dörd yüz əlli manatın
davasına baxacaqlar. Ona görə sizi suda çağırırlar.
Hacı Bayram təəccüblə:
– A balam, sən nə bilirsən orada nə yazılıb? Sən ki, bisavadın birisən.
– Xeyr, hacı, bir az Mirzə Hüseyndən dərs almışam. İndi belə xırda-para kağızlardan başım çıxır.
Hacı Bayram bir yandan nökərinin savad öyrənməsindən məmnun olub, bir yandan şəkkə düşdü və dedi:
– Ay oğul, sən də “uçitellə” ehtiyatlı dolan. O sənə bir yandan dərs verib, bir yandan bir para boş danışıqları ilə, padşahımızın üzünə duranların əməllərindən söyləməklə sənin başını doldurub, axırda səni bədbəxt eləyəcək. Dərs oxuyubsan, nə eybi var. Savadın olsa məvacibini də artıraram. Amma olma-olma boş danışıqlara qulaq verəsən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-koroglu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Uca dağ başında, mədəniyyət mərkəzlərindən və dəmir yolundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər düşübdür. Dağın sağ və sol ətəklərindən köpüklənərək sürətlə axan iki çay, axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edirlər.Şəhər tamam qışı və baharın yarısını qara, dumana bürünmüş keçirib; axırda bu qara çadırşəbi atıb gözəl bir nazənin sənəm tək surətinin parıltısını aləmə salıb, tamam yay istirahəti arzusunda olan isti yerlər əhalisini öz ağuşuna cəlb edir.
Seyidlər ocağıMəlumdur ki, islam və xüsusən şiəyi-Əmirəlmöminin vilayətlərinin cəmi ehtiyacatını: istər xeyirdə, istər şərdə, rəf edən İrandır.Əgər Iran olmasa idi, bilmirəm, bu yazıq camaat haraya gedərdi. Şad günümüzdə Iran bizə mütrüblər, hoqqabazlar, kəndirbazlar, meymun oynadanlar, ayı oynadanlar göndərir.
QəndilBütün dağlar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Atı, qaramalı saysız idi.Qubernatordan tutmuş axırıncı pristavadək onun evinə gələrkən “hər barədə” razı gedərdi. Kimin Iskəndər bəyin əlindən hökumətə şikayət eləməyə cürəti vardı?
ÇeşməkŞəhərimizdə məşhur advokat Mahmud bəy əhli-kef və əhli-damaq bir vücud idi. Əhalidən, hər ürəyi darıxan, istəyəndə ki, bir qədər kefi açılsın, gedərdi Mahmud bəyin söhbətinə və həqiqət onun yanında əyləşənlər iki, üç saat dünya qeydini yadından çıxarardı. Mahmud bəyin mənzilində lətifələr danışıb gülməkdən sivay bir iş olmazdı. Şəhərin cəmi zəriflərinin yığıncağı Mahmud bəyin mənzili idi. Bunu da qeyd etməliyəm ki, iş vaxtında hər bir kənar söhbəti atıb ciddi işə məşğul olardı. Şəhərin ən qabil advokatlarından sayılardı.Mahmud bəy kitaba və qəzetə aşiq bir adam idi. Çox gözəl bir kitabxanası var idi və Rusiyada çıxan qəzetlərin zübdələrinə həmişəlik abunəçi idi.
Стихи других поэтов
Брось науку! Ведь она нам страшнее адаИ душнее, чада.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.