Страница 2 из 3 · 33%

Həm özün badifənaya gedərsən, həm atan yiyəsiz qalar. Yazıq kişi yavaş-yavaş dilənçilikdən əl çəkir. Sən onun əlindən getdikdən sonra kəndbəkənd dolanıb, dilənməyə başlayacaq.

Nəriman hacını inandırdı ki, Mirzə Hüseyn ona dərsdən başqa bir şey öyrətmir və onunla heç bir özgə söhbətlər eləmir.

– Mirzə Hüseyn mənim tayım-tuşum deyil, o, oxumuş, alim, “uçitel”, mən isə bir yazıq kəndlinin biri. Mənimlə onun nə alıb-verəcəyi.

– Elə isə oxu, yaxşı savadlanarsan, mən də sənə artıq məvacib verərəm, mənim dərə-divan işimə də bundan sonra sən gedərsən.

Nəriman getdikdən sonra Hacı Bayramı fikir apardı. Öz-özünə deyirdi:

– Bu gədə dərs oxuyur, nə eybi var, qoy oxusun. Ancaq Mirzə Hüseyndən onun dərs oxumağı mənim xoşuma gəlmir. Mirzə Hüseynin orada-burada danışıqları mənim xoşuma gəlmir. Qorxuram oğlanın da beynini yesin. Onda Nəriman kimi işlək bir fəhlədən mənim əlim çıxacaq.

Axşam yatmağa getməzdən qabaq Nərimana dedi:

– Ay oğul, sən niyə gedib bizim molladanca dərs almırsan? Molla sənə gözəlcə müsəlmanca dərs verər, Quran oxumaq öyrədər; cümə axşamları ölənlərinə Quran oxuyarsan. Onların ruhları səndən şad olarlar.

Nəriman Hacı Bayramın üzünə baxıb güldü:

– Hacı əmi, mənim ölənlərim Qurandan nə fayda aparacaqlar? Bizim ölənlərimiz hamısı dünyada ac dolanıb, axırda da aclarından ölübdürlər.

Mənim atamın da ki, yaşayışı sizə məlumdur. İndi də yüz il onların qəbrinin üstündə Quran oxuyam, qarınları doymayacaq. Elə qoy dinməz yatıblar yatsınlar. Onların Quran nələrinə lazımdır.

– Oğul, Allaha naxoş gedər. Müsəlmanlıqdan uzaq söz danışma.

Ölənlərinə Quran oxuyarsan, Allah günahlarından keçər. Qiyamətdə onlara öz behiştində yer verər. Buradan ac gedərlər, o dünyada behiştin gözəl, dadlı nemətlərindən yeyərlər.

Nəriman cavabında:

– Qiyamətdəki ləzzətli nemətləri biz, dövlətli kəslərə, bəylərə, xanlara, axundlara vagüzar edirik. Onlar burada yağlı plovlara, ləzzətli xuruşlara, istirahətlə yatıb-durmağa adət ediblər. Bizim ölüb getmişlərimiz quru yerdə də istirahət edə bilərlər. Biz yerdə qalan fəqirfüqəra behiştimizi bu dünyada almağa çalışmalıyıq. Bu yolda ölümədək varıq. Ya arzumuza çatarıq, yainki ata-babalarımız kimi biz di quru yerdə can verərik.

Hacı Bayram İndiyədək Nərimanın dilindən belə danışıqlar eşitməmişdi.

O, Nərimanla danışanda, Nəriman başını aşağı salıb, ona “bəli”, “xeyr” və “baş üstədən” sivayı bir cavab verməzdi. Nərimanın belə hazırcavablığı Hacı Bayrama əsla xoş gəlmədi. Hacı qaş-qabağını turşudub, bir söz deməyərək, üz qoyub getdi ortancıl arvadın mənzilinə.

Nəriman hacını yola salıb, kitab-dəftərlərini götürüb birbaşa getdi Mirzə Hüseynin yanına və habelə keçən söhbəti də müfəssəl ona nağıl elədi. Mirzə Hüseyn gülüb dedi:

– Bərəkallah! Bu qarnıyoğunlarla elə bu dillə danışılmalıdır ki, çox qudurmasınlar. Ancaq özünü gözlə. Birdən səni qulluqdan qovar.

– Mirzə, mən qulluqdan qovulmaqdan qorxan deyiləm. Bu saat yüz yerdə məni İki qat məvacibə çağıranlar var. İkincisi, “kəsilsin iki əli ki, bir başı saxlaya bilməyə”. Mən bu saat Hacı Bayramın evindən özüm gedərəm. Onun çörəyi zəhrimardır. Ancaq bir şey məni dayandırır.

– O nədir?

– Vallah, nə deyim. Özünüz bilirsiniz. Dərsimizi oxuyaq.

Mirzə Hüseyn gülüb Nərimanın dərsinə məşğul oldu.


Nəriman böyüdükcə gözəllənib uca boylu, xoşsima, mövzun qədli bir oğlan olmuşdu. Kəndin qızlarının hamısının gözləri onda idi. Ancaq Nərimana bircə qız xoş gəlirdi: Hacı Bayramın yeganə qızı Güldəstə. Bu qız doğrudan da kənd qızlarının zübdəsi idi. Qız kəndin adətinə görə Nərimandan gizlənməzdi. Amma onunla əyləşib söhbət də etməzdi. Nəriman düşəndə gəlib evdən baltadan, xurcundan, çuvaldan bir şey götürəndə bir gözü ilə Güldəstə baxıb, ah çəkib dinməz gedərdi. Bu vaxtlarda Güldəstənin də sifətində müşahidə olunan təğyir Nərimanın gözündən yayınmayırdı. Güldəstə ilə yeganə görüşü, heç olmasa yarım saat danışmaq üçün Nəriman nə qədər fürsət arayırdısa, mümkün olmayırdı. Hacı Bayram xəbərdar olsaydı, yəqin qızının başını kəsərdi. Hacı Bayramdan qız istəməyə də Nəriman cürət etmirdi; bir muzdura, kor dilənçinin oğluna Hacı Bayram qızmı verərdi? Güldəstə üçün mahalın hər tərəfindən elçilər gəlirdi: dövlətli hacılar, bəylər bir-bir özləri gəlib elçi düşürdülər. Hacı Bayram hamısını rədd edirdi.

Hacı Bayram məhkəməyə gedəsi günün axşamı Nərimanı yanına çağırdı:

– Oğul, sabah tezdən mən şəhərə getməli oluram. Ola bilər ki, şəhərdə dörd-beş gün qalam. Mənim naxırçılarımın, çobanlarımın, rəncbərlərimin cüvəllaqlıqları sənə məlumdur. Cəmi mal-qoyunu, ev-eşiyi sənə tapşırıb gedirəm. Atların arpa-samanını vaxtında verdirərsən. İki gündən sonra duz günüdür. Qoyunlara duz verilən gün özün sürünün yanına gedib göz yetirərsən. Arvadların evlərinin azuqəsini vaxtında verdirərsən, xülasə, mənim sənə nəsihət eləməyim nahaqdır. Neçə ildir ki, mənə qulluq eləyirsən. Öz işini yaxşı bilirsən. Mən gedirəm yatmağa; sən də get rahat ol. Səhər tezdən dur məni yola sal.

Nəriman Hacı Bayramı yola salıb, birbaş getdi Mirzə Hüseyn müəllimin yanına...

...Nəriman türkcə və rusca gözəlcəsinə yazıb-oxumaq bilirdi. Ona görə həmkəndlilərinin günü-gündən ona rəğbətləri artırdı. Hamı onu “Molla Nəriman” deyə çağırırdı. Nəriman kəndin hər işlərinə yarayırdı: kəndə gələn kağızları oxuyurdu, kəndlilərin kağızlarını yazırdı, kəndə gələn rus çinovnikləri ilə gedib, kəndin söhbətini eləyirdi. Kəndlilərin sözlərin onlara tərcümə edirdi. Bu səbəbdən bir gün kənd camaatı yüzbaşı divanxanasına toplaşıb qətnamə qoydular ki, həmin gündən İsrafil kişini daha dilənməyə qoymayıb, onun evinin dolanacağını camaat versin. Kor İsrafil ə qətnaməni xəbər verdilər. Çox şad olub dedi:

– Allah sizdən razı olsun, ay camaat. Mən də qocalmışam. Yolları düz gedə bilmirəm. Bundan sonra oturaram evdə, siz də mənim iki oğlum məni ölənədək dolandırarsınız. Sizə artıq əziyyətim dəyməz. Çünki ölməyimə az qalıb. Daha heydən düşmüşəm.

İsrafil kişinin məişəti təmin olunduqdan sonra kiçik oğlu Qəhrəman da bir peşə dalısına düşməyə məcbur oldu. Istədi rəncbərliyə getsin. Nəriman razı olmadı. Onu aparıb kəndin yuxarı başında işləyən dərzi Məmmədəliyə şagird verdi. Qəhrəman gündüzlər dərzinin dükanında işləyib, axşamlar qardaşı ilə bahəm gedib Mirzə Hüseyndən dərs oxuyurdu...

Nəriman inqilab tarixinə, inqilabın nə olduğuna Mirzə Hüseynin söhbətlərindən lazımınca bələdiyyət yetirmişdi. Fəqət Mirzə Hüseynin fiqrə üzvü olub, firqə yolunda işləməyindən xəbəri yox idi. Şəhərdən Mirzə Hüseynin yanına bəzi naməlum şəxslərin gəlib. Onunla xəlvət söhbətlər edib, bir gün, iki gün evində yatıb getdiklərini gördürdüsə də, heç əhəmiyyət vermirdi.

Hamının dostu və qonağı ola bilər. Dost arasında da xəlvət söhbətlər təbiidir.

Mirzə Hüseyn camaatın Nərimana olan hüsni-rəğbətini görüb ona kənd cavanlarından bir neçə nəfər etibarlısını firqəyə çəkməyi təklif etdi.

Bu günlər Nəriman ciddi, fəqət ehtiyatla camaat arasında çalışmağa başladı. Bir-iki aydan sonra altı-yeddi nəfərdən ibarət bir firqə özəyi təşkil etdi. Bu özəkdə ən fəal və ən ciddi işləyənlər Mirzə Hüseyndən sonra İki qardaş – Nəriman və Qəhrəmandı. Az keçmədi ki, bunlar şəhər təşkilatı ilə də rabitə bağladılar: özək üzvlərinin ayda biri, bir bəhanə ilə şəhərə gedib, oradan təbliğat vərəqləri gətirib həftə bazarında camaatın ciblərinə, çuvallarına, xurcunlarına xəlvətcə qoyurdular. Bu yolla ətraf kəndləri vərəqlərlə doldurmuşdular.

Hacı Bayram Nərimanın halətindəki təğəyyüratı, fikirli danışıqlarına, hər sözə fövrən cavab verməsini, camaat yığıncaqlarında araya qoyulan məsələləri hamıdan yaxşı həll etməsini görürdü. Amma daha onun “bir elə də uzaq getməsindən” və, – öz sözü, – “padşah düşməni” olduğundan xəbəri yox idi. Hacı istəyirdi ki, Nərimanı rədd eləsin. Hərdənbir arvadlarına da deyirdi ki: “Bu gədə çox buğda çörəyi yediyindən qudurubdur”. Bununla belə baxıb görürdü ki, Nəriman getsə, onun tamam təsərrüfatı pozulacaqdır, labüd qalıb bu “acı loğmanı” udurdu.


Sabah tezdən Hacı Bayram şəhərə getməli idi. Nəriman o gecəni sübhədək yata bilmədi. Neçə müddət idi ki, belə bir günü gözləməkdə idi. Hacı Bayram gedir. O, da Güldəstə ilə bir neçə gün təklikdə görüşüb söhbət edib, ona ürəyini açmaq imkanını əldə edir.

Bir fikir Nərimanın qabağını almışdı və bunun da qarşısında o, aciz idi. Əvvəla, Hacı Bayram heç bir vəchlə qızını Nərimana verməz; İkincisi, versə də firqə üzvü olmağa hazırlaşan Nərimana Hacı Bayram tək bir qolçomaqla qohum olmaq yaraşarmı? Bir qədər fikirləşib özünə təskin verdi.

– Vaxta ki, Güldəstə özü öz xahişi ilə mənə gəlməyə razı ola, atasından və atasının sərvətindən əl çəkə, bizim tərəfimizə keçə, o vaxt mən nə səbəbə onu ala bilmərəm?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Uca dağ başında

Uca dağ başında, mədəniyyət mərkəzlərindən və dəmir yolundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər düşübdür. Dağın sağ və sol ətəklərindən köpüklənərək sürətlə axan iki çay, axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edirlər.Şəhər tamam qışı və baharın yarısını qara, dumana bürünmüş keçirib; axırda bu qara çadırşəbi atıb gözəl bir nazənin sənəm tək surətinin parıltısını aləmə salıb, tamam yay istirahəti arzusunda olan isti yerlər əhalisini öz ağuşuna cəlb edir.

15 мин
Seyidlər ocağı

Məlumdur ki, islam və xüsusən şiəyi-Əmirəlmöminin vilayətlərinin cəmi ehtiyacatını: istər xeyirdə, istər şərdə, rəf edən İrandır.Əgər Iran olmasa idi, bilmirəm, bu yazıq camaat haraya gedərdi. Şad günümüzdə Iran bizə mütrüblər, hoqqabazlar, kəndirbazlar, meymun oynadanlar, ayı oynadanlar göndərir.

7 мин
Qəndil

Bütün dağlar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Atı, qaramalı saysız idi.Qubernatordan tutmuş axırıncı pristavadək onun evinə gələrkən “hər barədə” razı gedərdi. Kimin Iskəndər bəyin əlindən hökumətə şikayət eləməyə cürəti vardı?

5 мин
Çeşmək

Şəhərimizdə məşhur advokat Mahmud bəy əhli-kef və əhli-damaq bir vücud idi. Əhalidən, hər ürəyi darıxan, istəyəndə ki, bir qədər kefi açılsın, gedərdi Mahmud bəyin söhbətinə və həqiqət onun yanında əyləşənlər iki, üç saat dünya qeydini yadından çıxarardı. Mahmud bəyin mənzilində lətifələr danışıb gülməkdən sivay bir iş olmazdı. Şəhərin cəmi zəriflərinin yığıncağı Mahmud bəyin mənzili idi. Bunu da qeyd etməliyəm ki, iş vaxtında hər bir kənar söhbəti atıb ciddi işə məşğul olardı. Şəhərin ən qabil advokatlarından sayılardı.Mahmud bəy kitaba və qəzetə aşiq bir adam idi. Çox gözəl bir kitabxanası var idi və Rusiyada çıxan qəzetlərin zübdələrinə həmişəlik abunəçi idi.

8 мин

Стихи других поэтов