Qəbullar
Страница 4 из 5 · 60%
Elçi əvvəlcə hökmdara, sonra vəzirə baxdı və əlini qoltuq cibinə salıb oradan səliqəli tikilmiş rizaləni¹ çıxardı, əvvəlcə dəbirə vermək istədi və tez nə fikirləşdisə Sədəddin Əsədə təqdim etdi. Cahan Pəhləvan işarə etdi ki, ver dəbir açıb oxusun..
Məktubda Georgi öz sələfi ilə Cahan Pəhləvanın sələfi arasında olan narazılıqları sadalayır, Ani, Dvin düzlərində, çar Demetrenin apardığı vuruşları yada salır. Gəncəni necə dağıtdıqlarını, Naxçıvana necə qoşun yeritdiklərini, bu yerlərin sakinlərini necə əsir alıb apardıqlarını xatırladı və axırda əsas mətləbə keçərək Gəncə və Beyləqandan son illərdə yığılıb qalan xəracın ödənilməsini tələb etdirdi...
Cahan Pəhləvanın sadalanan məsələlərdən çox risalədən gələn hədəqorxu düşündürürdü, topa saqqalını sol ovcu içərisinə alıb fikrə getdi:
– Mən bu göndərişə görə sizi zindana saldıraram, – dedi Cahan Pəhləvan. – Və həm də cəzalandıraram... bəxtiniz orda kəsib ki, elçisiniz... Ərəblər deyiblər:”Ər-rasul mubəlliğun ğayru məlum”². Buna görə də elçilərin dili uzun olur, çox uzun olur...
¹ Məktub
² Elçiyə zaval yoxdur
– Eldəgəzli hökmdarın dediklərini mən elə beləcə çatdıraram bizim böyük hökmdarımız Georgi cənablarına.
– Elə beləcə çatdırın! – deyə Cahan Pəhləvan az qala hökm verdi:
– Bacarırsız hələ onun xələfinə də deyin... Lap ölüsünə!
Vəzir başını qaldırıb Cahan Pəhləvana ani, ancaq mənalı bir nəzərlə baxdı:
– Hökmdar...
Saray sahibi nə fikirləşdisə dəbirə üz tutub dedi:
– Son sözlərimi tərcümə etmə...
Elçi kinayə ilə gülümsədi və və ara-sıra dən düşən şəvə saçlarına tumar çəkib təmiz Azərbaycan dilində dedi:
– Əlbəttə, mütərcimə havayı əziyyət vermək kimə gərəkdi?..
Pişgahdakılar bir-birinə baxdılar. Cahan Pəhləvan fikirləşdi: “Demək, mən yanılmamışam... Georginin elçisi də özü kimi xəbis və hiyləgərmiş..”
– Elçinin bizim dili bilməsi xoşuma gəldi... Onda çarınıza çatdırın ki, mən nə burilərin atabəyi Cəmaləddin Məhəmmədəm, nə artugilərin atabəyi Nurəddin Məhəmmədəm, nə də xarəzmşahların atabəyi Qütbəddin Məhəmmədəm... Mən Atabəy Nüsrətəddin Məhəmmədəm... Eldəgəzlər dövlətinin hakimi Cahan Pəhləvanam...
Yoxsa siz Cahan pəhləvan böyük Azərbaycan dövləti yaratmaq niyyətindəsiniz? – Elçi gülümsədi.
Cahan Pəhləvan onun sifətindəki kinayəni də görüb hiss elədi, səsindəki istehzanı da başa düşdü.
– Siz deyən dövləti biz artıq yaratmışıq. Bu dövlətin torpaqları Qafqaz dağlarından başlayıb İran xəlicinə qədər uzanır. – Hökmdar iti nəzərlərini bir an elçinin sifətinə tuşladı.
– Siz nə bilirsiz ki, Eldəgəzlər sülaləsi sasanilərdən də çox, beş-altı əsr yaşamayacaq... Sasani törəmələri Ərəbistanı, Misiri, Suriyanı, nə bilim, Fələstini, İberiyanı zəbt edib öz torpaqlarına qata bilərlər, bizsə Aranı genişləndirə bilərik, qədim əmirliklərimizi özümüzə ilhaq edə bilmərik?..
– Mənim ilhaqdan zəhləm gedir. Elçi yenə kinayə ilə gülümsədi.
– O kəlməni eşidəndə, bağışlayın, qatır yadıma düşür...
Cahan Pəhləvan alışdı. Vəzir yenə qarışmalı oldu:
– Bizim babalarımız qanlarını içməyə gələn yağılara əvvəlcə şərbət təklif ediblər, sonra əllərinə ox-kaman, qılınc-qalxan götürüblər... Bu da kişiliyin, mərdliyin bir nümunəsidir.
Cahan Pəhləvan vəzirin sözünə qüvvət verdi:
– Mənim başqa qonşu dövlətlərlə heç bir dava-dalaşım yoxdur. Bizim üstümüzə qalxan qaldıran, qılınc çəkən, nizə tuşlayan olmasa onları şərbətlə qarşılayacağıq...Biz heç kimin üstünə qoşun yeritmək niyyətində deyilik... O ki, qaldı bizim xərac verməyimizə... onu da verməyəcəyik!.. Hələ üstəlik, bir vaxtı çıxarıb apardığınız Gəncənin darvaza qapılarını da geri qaytarmalı olacaqsınız!
Elçi isə öz sözünün üstündə möhkəm dayanmışdı:
– Sizin dövlət Atabəy Şəmsəddin Eldəgəzin məğlubiyyətindən sonra belə bir xərac verməyi öhdəsinə götürmüş və bunu rəsmi sənədlə təsdiqləmişdir...
– Atabəy Şəmsəddin Eldəgəz Ani düzlərindəki son vuruşda çar Demetreni darmadağın edəndən sonra və sizin çarınız qaçıb abxaz meşələrində gizlənəndən sonra bütün rəsmi sənədlər öz dəyərini itirmişdir.
– Mən bunları da böyük hökmdarımız Georgi cənablarına çatdıraram...
– Çatdırın, mütləq çatdırın!.. Onu da çatdırın ki, biz cavan Azərbaycan dövlətini köksümüzlə qoruyub hər cür fənalıqdan və bəladan hifz edəcəyik, onun bayrağını daim uca tutacayıq!.. Xəbərdarlıq edirəm: əgər çar Georgi bu bəd əməllərindən əl çəkməsə Gürcüstan üzərinə qoşun yeridəcəyəm. Özü də kifayət qədər... Mənim son cavabım belədir! Bu dediklərimi yola düşəndə gətirdiyiniz risaləyə cavab olaraq sizə rəsmən təqdim edəcəklər. Cahan Pəhləvan əvvəlcə Sədəddin Əsədə, sonra dəbirə baxdı. Vəzir cəld ayağa qalxıb təzim etdi, Siz buyuran kimi olacaq, hökmdar.
– Elçi mürəxxəs ola bilər.
– Hökmdar icazə versə, bir məsələni də qeyri-rəsmi olaraq ona çatdırım... Əlbəttə, qeyri-rəsmi olsa da, bizim böyük hökmdarımız Georginin adından. – Elçi ayağını sürüdü.
– Nədir o məsələ?
– Bilməmiş deyilsiniz ki, mərhum çar Demetre Dvin ətrafında mərhum atanız Atabəy Şəmsəddinlə vuruşanda ona xəyanət ediblər... Pisi də budur ki, bu xəyanət bizim tərəfimizdən edilib, yəni özümüz xəyanət etmişik özümüzə...
– Çox yaxşı...
– Bizim babalar deyiblər: dünyada ən alçaq iş xəyanətdir. Və onu da deyiblər ki, dünyada ən ağır cəza xainə verilməlidir. Amma xain cəzasız qalıb. Və qaçıb atabəy Şəmsəddinin tərəfinə... Pisi də budur ki, mərhum atamız ona havadarlıq edib...
– Yəqin ki, elçi Lipariti nəzərdə tutur... Orbeli övladını?
– Bəli.
– Lipariti xain olmayıb, öz arzusu ilə keçib bizim tərəfə.
– Bəs xainlər necə olurlar?
– İki cür... Biri öz istəyiynən, biri də məcburi.
– Siz deyən olsun, – Elçi razılaşdı. – Bizim böyük çarımız Georgi cənabları tələb edir ki, siz Liparitinin oğlu Elikumu bizə qaytarasınız. Xristianların qanununa görə o ən ağır cəza almalıdır.
– Elikum daha isəvi deyil. – Bunu Sədəddin Əsəd dedi. – Necə yəni xristian deyil... Yoxsa o məlun..
– Bəli, Elikum öz xoşu ilə xütanə olunub...
Elçi Cahan Pəhləvanın sözlərini, deyəsən, başa düşmədi. Vəzir izahat verməli oldu.
– Elikum müsəlmançılığı qəbul edib...
– Həm də saraya ən yaxın adamdı... Biz bu fədakarlığına görə onu Sulfaya məlik təyin etmişik... – Bunları da hökmdar dedi.
İşi belə görən elçi bu barədəki söhbəti qurtarmaq istədi:
– Hökmdar rüsxət versə, mən yoluma rəvan olaram.
– Sizi bizim mühafizlər Çuxur-sədə kimi yola salacaqlar.
Elçi etiraz etmədi, ayağa qalxıb təzim etdi və otaqdan çıxdı. Hökmdarın işarəsilə dəbir də onunla getdi.
Saray sahibinin son sözləri hamıdan çox dəbirin ürəyincə olmuşdu, çünki hökmdar bir neçə vaxt bundan əvvəl onun şərəfinə düzəldilən məclisdə Əcəminin ürəyindən keçənləri özü də bilmədən təkrar etmişdi...
Otaqda bir an sakitlik oldu. Sükutu bu dəfə vəzir pozdu.
– Məktuba cavabı siz deyən kimi tərtib etsək, çox sərt olmaz ki, hökmdar?..
– Siyasət sərtliyə və gücə söykənəndə kəsərli olur. Hökmdarın gərək dörd böyrəyi ola, dörd də...
Səddədin Əsəd söhbəti dəyişdi və qayğıkeşliklə dedi:
– Hər şeyə əsəbləşmə... Sən Azərbaycan Atabəylər dövlətinə lazımsan...
Hökmdarın dinmədiyini görən vəzir otaqdan çıxdı.
Elçini yola salandan sonra Cahan Pəhləvan taxta söykənib xeyli fikrə getdi. Hələ atabəy-əzəmin sağlığından dəfələrlə baş sındırıb götür-qoy etdiyi bir sual yenə onun beyninə yol tapdı: “Görəsən gürcülər əvvəllər Demetre, indi də Georgi bu Azərbaycandan nə istəyir?.. Arranlıların onlara nə yamanlığı keçib ki, nahaq qan tökmək, qarət etmək istəyən atlanıb Gəncəyə basqın edirlər?.. Dvini, Anini dağıdırlar?..”
Hökmdar bu müəmmalı sualları öz-özünə verib cavab almasa da, heç zaman yadından çıxara bilməyəcəyi bir hadisə – vəzirin “Sən Azərbaycan Atabəylər dövlətinə lazımsan” sözləri yenidən onun xəyalında canlandı:
...Gürcü çarının qoşunları atabəy-əzəmin Arranda olmasından istifadə edərək yenə qəfildən Azərbaycanın ucqar şəhəri Dvinə basqın etmişdilər. Dağıtmaq istədiklərini dağıtmış, yandırmaq istədiklərinin külünü göyə sovurmuşdular... Amma dvinlərin ciddi müqaviməti, sərt igidliyi qarşısında axıra kimi tab gətirə bilməyib geri dönməli olmuşdular. Bu dəfəki müqavimətdən qeyzə gələn başkəsənlər yollarda istədiklərini edir, keçdikləri kəndlərin dinc əhalisinə divan tuturdular... Onlar ələ keçirdikləri qənimətlə kifayətlənməyərək ən rəzil işlərdən də çəkinmirdilər...
Bu vaxt atabəy-əzəmin tapşırığına görə Diyarbəkrdə qalib hakimin qoşununa məşq keçən əmir-hacib Cahan Pəhləvana xəbər çatdırıldı ki, gürcü qoşununun böyüklərindən biri arranlı övrətlərdən bir neçəsini atının döşünə salıb harasa aparır. Və onu da xəbər verdilər ki, qoşun böyüyünün çox iyrənc niyyəti vardır. Gizli xəbər gətirən çapar onu da bildirdi ki, arranlı övrətlər iki gündür ki, karvan yolunun üstündəki bir kəndin kilsəsindədirlər...
Cahan Pəhləvan təğyir-libas olub iki gün atının belindən düşmədi. Kilsənin yerini öyrənib gecədən xeyli keçmiş gözətçini tapdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-ibrahimov-esrin-onda-biri-qebullar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşam idi, qaranlıq bir axşam. Şəhər elə bil indiyə kimi belə bir qaranlığa bürünməmişdi, onun üzərinə belə bir qatı zülmət pərdəsi çəkilməmişdi.Göz-gözü görmürdü. Elə bil kimsə göyə süpürgə çəkib ulduzları təmizləmişdi.
Axşam əzanından sonraŞəhər rəisinin ovqatı son vaxtlar çox təlx idi, qaşqabağı açılmırdı. Züriyyətsizlik, vəsi dərdi yaşa dolduqca onsuz da gödək olan boyunu bir az da aşağı basırdı.Cahan Pəhləvanın şəhərə varid olan gündən göstərdiyi laqeydlik onun gününü göy əskiyə döndərmişdi. İki gündən – bir etdiyi töhmətlərin, dediyi acı sözlərin isə sayı-hesabı yox idi: “Sən mərhum atabəy-əzəmin etimadını doğrultmursan”, “Şəhərdə özbaşınalıqdır, əxiliyə arxa çevirənlər peyda olub... Əsnaf əhli vergi verməkdən boyun qaçırır, “Bədəvilər, rahzənlər¹ oğurluq edirlər, şəhərdən çıxan karvanlara həmlə çəkib soyurlar”, “Başını isə görmək, şəhəri, ona tabe olan kəndləri idarə etmək əvəzinə həmbəzmlərə² qarışıb, mey və zənən düşgünü olub qalmısan... övrətin isə...”
Əsrin onda biriCahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:
Analar kövrək olurlar– Olar?– Buyurun, buyurun... həmişə siz gələsiz. Mənim bacımın əhvalı necədir? – Əcəmi əl verib Cəmillə görüşə-görüşə Zəhra ilə salamlaşdı, onun kefini xəbər aldı, hal-əhval tutub qızları soruşdu.
Стихи других поэтов
Nəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,
Aşıq Camalın İbrahimlə deyişməsiAşıq Camal**Aşıq Camal içdi kövsər şərabı,
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,