Страница 11 из 13 · 77%

Həsənzadə (stuldan qalxaraq)

Yaxşı, uşaqlar, ümid edirik ki, o hadisə bir də təkrar olmayacaq. İndi isə, gəlin bununla qurtaraq. Mən özüm Rəşidlə danışaram. (Zarafatyana). Hələ desəniz üzr də istərəm.

Nargilə (həyəcanla)

Necə? Üzr istərsiniz? Heç vaxt!

Həsənzadə (eyni zarafatyana ifadə ilə)

Madam ki, sizi işə mən götürmüşəm, demək, hərəkətlərinizə mən də cavabdehəm. Elə deyilmi?

Qısa, gərgin pauza.

Nargilə (yavaş səslə)

Mən özüm üzr istərəm...

Birinci işçi

Vaxta ki, öz günahınızı hiss etməyə başlayırsınız, üzr istəmək lazım deyil...

İkinci işçi (Nargiləyə)

Siz gələcəkdə görəcəksiniz ki, Rəşid də, onun dostları da necə oğlanlardır...

Üçüncü işçi (zarafatyana)

Onda siz Rəşidə bıçaq yox, gül atarsınız.

İşçilər çıxmaq istəyərkən birinci işçi ayaq saxlayır və Nargiləyə sarı dönür.

Birinci işçi

Ancaq onu bilin ki, Rəşid ömründə heç bir kəsi sizin qədər istəməyib!

Nargilə kəskin hərəkətlə başını döndərib, oğlana nə isə acıqlı bir şey demək istəyir, lakin cavan işçilər çıxırlar. Gərgin pauza.

Nargilə (yavaş və təqsirkar ifadə ilə)

Bağışlayın. (Çevrilib tələsik çıxır).

Həsənzadə (qızın ardınca uzun bir nəzər salaraq)

Nə üçün həmişə o gedəndən sonra mən özümü bu qədər yalqız, bu qədər qəmgin hiss edirəm? Elə bil ki, o, bir də qayıtmayacaq... (Qısa pauza). Əgər bütün bunlar belədirsə, nə üçün mən qəti qərara gələ bilmirəm? Yoxsa qarşımda açılan bu yeni bahar səhərinin qeyri-adi gözəlliyi məni qorxudur? Yoxsa mən böyük insan məhəbbətinin qüdrətinə inanmağı yadırğamışam? Bəlkə, mən işıqdan qorxub qaranlığa çəkilirəm?

İşıq yavaş-yavaş azalır və nəhayət, sönür. İşıq yananda Nargilənin otağı görünür. Nargilə nə isə tikir və radioda oxunan mahnıya qulaq asır. Qapının zəngi çalınır.

Nargilə (işindən ayrılmayaraq)

Gəl.

Sarısaç qız daxil olur.

Sarısaç qız

Salam, Nana... (Onu öpür). Vicdansız... Görürsənmi, ürəyim durmadı, yenə də mən səni axtarıb tapdım. (Ətrafa göz gəzdirərək). Nə qəşəng mənzilin var!

Nargilə

Xoş gəlmisən, əyləş...

Sarısaç qız

Bu nədi, yoxsa özünə cehiz düzəldirsən?

Nargilə (gülümsəyərək)

Aha...

Sarısaç qız

Nana, sən, doğrudan, Həsənzadəyə gedirsən?

Nargilə

Sən bu sualı bir dəfə də mənə vermisən. Bəli, mən onu istəyirəm!

Sarısaç qız

Görünür ki, sizin aranızda mənim bilmədiyim, başa düşmədiyim nə isə var...

Nargilə

Ola bilər...

Sarısaç qız

Yaşlı da olsa, çox yaraşıqlıdır. Yerişi, duruşu... sifəti...

Nargilə

Məsələ yalnız yaraşıqda deyil...

Sarısaç qız

Yaraşıqda deyil, yaşda deyil, pulda, varda deyil, bəs nədədir?

Nargilə

Bilmirəm.

Sarısaç qız (mənalı bir təbəssümlə)

Çox yaxşı bilirsən. Dünən zavoddan çıxıb evinə gedirdi... Kişi məni nə cür cəlb etmişdisə, Dodik bayağıdı özündən çıxdı. (Bərkdən gülərək). Sən qısqanmırsan ki?

Nargilə

Əksinə... Mən istəyirəm ki, bütün qızlar, qadınlar onu görəndə yerlərində quruyub qalsınlar... Çünki o buna layiqdir.

Sarısaç qız

Doğru sözündür?

Nargilə

Mən indiyə qədər onsuz necə yaşadığıma təəccüb edirəm. Çünki o mənim üçün havadır, sudur, bütün bir həyatdır. (Sarısaç qızın üzü birdən-birə qüssəli bir ifadə alır.) Səninlə Dodikin əhvalatı nə yerdədir?

Sarısaç qız

Eh...

Nargilə

Necə «eh?»...

Sarısaç qız (yavaş səslə)

Mən ondan büsbütün təngə gəlmişəm... Hər gün eyni anekdotlar, eyni şit zarafatlar...

Nargilə

Bəs evlənmirsiniz?

Sarısaç qız

Əvvəllər o, gündə qulağımı dəng elədi ki, «evlənək», indi isə susur. Mənə nə düşüb, yoxsa ki, ondan ötrü gözüm uçurdu... (Pauza. Nargilə tikir. Sarısaç qız pəncərədən bayıra baxır). Nana...

Nargilə

Eşidirəm.

Sarısaç qız

Həsənzadəyə de, zavodda mənim üçün də bir iş düzəltsin.

Nargilə

Doğru sözündür?

Sarısaç qız (başı ilə təsdiq edir)

Düzəldər?

Nargilə (həyəcanla)

Əlbəttə. Ancaq... bilirsənmi, ordakılar çox ciddi adamlardır...

Sarısaç qız (gülümsəyərək)

Qorxma... Özün bilirsən ki, istəyəndə mən də ciddi olmağı bacarıram.

Nargilə (zarafatyana)

Gərək işə gecikməyəsən...

Sarısaç qız

Bilirəm... Onsuz da hər gün saat on ikiyəcən yatmaqdan bezaram.

Nargilə (tikişi bir kənara qoyaraq, aludəliklə)

Həsənzadə mütləq düzəldər. Bir yerdə işləyərik... Elə maraqlıdır ki, adam heç bilmir gün necə gəlib-keçir.

Qısa pauza.

Sarısaç qız

Nar, mən çox bədbəxtəm.

Nargilə

Nə üçün? Sənə nə olub ki?

Sarısaç qız

Bilmirəm, gecələr gəzmək... tans... şərab... Elə bil ki, yaşamaqda heç bir fərəh, heç bir məna yoxdur... Ata-ana işdə... Ev bomboş... qalıram avara, bilmirəm neyləyim. Bir donu neçə dəfə söküb təzə modaya salarsan?! (Ağlamsınır). Çapıq Dodiklə nə qədər öpüşmək olar?.. Birdən az qalıram onun da baş-gözünü vuram əzəm, özümü də atam dənizə.

Nargilə

Bir az yavaş...

Sarısaç qız

Sən zarafata salma, Nar... (Pauza). Ah... Məktəb nə gözəl idi. Nar... Heç olmasa, sabah nə iş görəcəyini, nə edəcəyini bilirdin... Qarşında onilliyi qurtarmaq kimi bir məqsəd var idi... İndisə...

Nargilə

Məktəb ona görə gözəl idi ki, bizi bir-birimizə hələ pozulmamış, təhrif olunmamış duyğular bağlayırdı... Evdə günümüz nə qədər qara olsa da, məktəbdə hər şeyi unudurduq...

Sarısaç qız

Bizi kəsib ali məktəbə girməyə qoymayan o qızın qanını içərdim.

Nargilə

Bir gün gələcəkdi, ali məktəbi də qurtaracaqdıq, məsələ onda deyil.

Sarısaç qız

Bəs nədədir?

Nargilə

Həsənzadə deyir ki, bizim quruluşumuzda insan cəmiyyətdən, onun mübarizəsindən kənarda qalarsa, heç bir zaman xoşbəxt ola bilməz.

Sarısaç qız (qulaqlarını tutur)

Oh, yenə də təbliğat...

Nargilə

Yox, mən indi hiss edirəm ki, bu, doğrudan da, belədir... Axı hamı, bütün xalq böyük bir məqsədə doğru irəliləməkdə ikən sən bu axından necə kənarda qala bilərsən?

Sarısaç qız (dalğın)

Mən heç nə istəmirəm. Heç nəyi sevə bilmirəm, Nar... Atom əsri hara, sevgi hara... Əgər bir düyməni basmaqla yüz milyonlarla insanı bir anda külə döndərə bilərlərsə, onda nə sevgi?

Nargilə

Boşla bu bədbin fikirləri. Səni inandırıram ki, hər şey yaxşı olacaq. Bir yerdə işləyərik, məktəbdəkki kimi, yenə də hər gün görüşərik... Zavodun yaxşı klubu da var... Hər gecə film göstərirlər. Lap qiyabi instituta da girərik. Həsənzadə kömək eləyər. (Qürurla). İndi biz daha əvvəlki kimi köməksiz deyilik!

Sarısaç qız

Heç kəsə ürəyim qızmır, Nar... Mənə elə gəlir ki, adamlardan milyon verst uzağa düşmüşəm. Atam işdən sonra bütün günü aşnasının yanında olur. Anamı da qısqanclıq əldən salıb, gündə qanqaralığı, gündə dava, eh...

Nargilə

Darıxma, biz onlar kimi yaşamarıq... Biz özümüz üçün tamam yeni bir həyat qurarıq. İstəyirsən Həsənzadəyə deyək, zavodda Dodik üçün də bir iş düzəltsin.

Sarısaç qız

Qoy cəhənnəm olsun. Bəyəm o, işləyəndir?

Nargilə

Nə vaxtacan atasının əlinə baxacaq?

Sarısaç qız

Narahat olma. O, darmayedliyə öyrənib. (Qalxır). Mən getdim, Nar...

Nargilə

Nə tələsirsən?

Sarısaç qız

Partnixaya gedəcəyəm.

Nargilə

Təzə paltar tikdirirsən?

Sarısaç qız

Sən də, təzə paltar üçün pul hardadır... Qırmızi donumu sökdürüb ayrı formada tikdirirəm... Demək, mənim məsələmi çuvakınla danışarsan...

Nargilə

Surik!

Sarısaç qız

Bağışla... Zəhrimar dilim öyrənib... (Güzgüdə özünü səliqəyə salaraq). Nar, üçüncü dəfədir ki, qiyamət bir oğlanla qabaq-qabağa çıxıram. Üzünə baxıram, az qalır yerişini itirsin. Məni gülmək tutur, o isə qulaqlarının dibinə qədər qızarır. Görünür, çox üzüsulu uşaqdır... (Qəhqəhə ilə gülür. Nəzakət gəlir. Sarısaç qıza soyuq bir nəzər salır. Sarısaç qızın gülüşü arvadın bu soyuq nəzərləri altında donur).

Sarısaç qız

Yaxşı, Nar. Mən getdim. Sağ olun.

Nargilə

Xoş gəldin. (Sarısaç qız çıxır). Sən nə üçün onunla salamlaşmadın?

Nəzakət

Sən bunlarla əlaqəni kəs, o günü də dedim... (Gərgin pauza). Özün də qayıt evinə.

Nargilə

Mən bir də Fərəcin yanına qayıdım?

Nəzakət

Dedim ki, öz evinə!

Nargilə

Belə söhbətlər daha nəyə lazımdır? Hər şey olub-keçib.

Nəzakət

Mən onun stol-kürsüsünü sənin otağından çıxarmışam.

Nargilə

Soruşmaq ayıb olmasın, bu gün hardan doğub?

Nəzakət

Sən mənə cəhənnəm əzabı verirsən! Heç yerdə qərar tuta bilmirəm... Mən Fərəcə də, özümə də nifrət edirəm. Mən bunu ona demişəm... Daha neyləməliyəm?!. (Göz yaşları içində). On iki ildən artıq idi ki, mən sənin atanı yuxuda görmürdüm. Amma indi hər gecə görürəm. Mənimlə bir kəlmə danışmır. Siz məndən nə istəyirsiniz? Bir canım var, əgər onu verməklə bu əzabdan qurtara bilərəmsə, alın, vallah, sizə minnətdar olaram. Heç olmasa, qəbirdə rahat yataram. Mən pisəm... ancaq mən, heç bir şeyi bilə-bilə, öz iradəmlə eləməmişəm. Heç olmazsa, sən bunu başa düş.

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов