Страница 12 из 13 · 85%

Nargilə (yaxınlaşıb əlini onun başına çəkir)

Sakit ol, ana!

Nəzakət

Qızım! (Ona qısılır).

Nargilə (mütəəssir halda)

Sakit ol, ana!

Nəzakət

Mən sənin məhəbbətini qaytarandan sonra ayrı cür yaşamaq istəyirəm...

Nargilə (mehribancasına)

Belə ürəyinaziklik nəyə lazımdır...

Nəzakət

Yox, qayıtmalısan... Mən sənin nəfəsini atanın evində, öz yanımda hiss etməyincə rahat ola bilməyəcəyəm.

Nargilə (zarafatyana)

Elə fərz elə ki, ərə getmişəm.

Nəzakət

Ərə getmək başqa, mən səni bir ana kimi bütün qayda-qanun ilə köçürmək istəyirəm. Mən bunun üçün illər uzunu Fərəcdən gizlin, öz maaşımdan qəpik-qəpik kəsib pul yığmışam. Mən səni ləyaqətlə ərə verəcəyəm.

Nargilə (zarafatmı və ya həqiqətmi olduğu bilinməyən bir sevinclə)

Demək, mənim cehizim də olacaq. (Anasını öpür).

Nəzakət (təəccüblü bir ruhi sakitliklə)

Bu neçə ilin ərzində birinci dəfədir ki, sən ananı öpürsən... Mən də sənə analıq xeyir-duası verirəm, qızım... Səni görüm dünyalarca xoşbəxt olasan.

Nargilə (ürəyinin dərinliklərindən qopub gələn bir istək və ehtiramla)

Amin! (Pauza. Nargilə anasına qısılır və indi işıq yalnız onların üzünə düşür. Sanki hər ikisinin gözü nəhayətsiz uzaqlara... eyni məchul nöqtəyə zillənmişdir. Hər ikisinin çöhrəsində eyni sakit ifadə vardır). Yadındadırmı, mən dörd-beş yaşlarımda olduğum zaman qıçımı it tutmuşdu. Fərəc kurorta getmişdi...

Nəzakət (pıçıltı ilə)

Yadımdadır.

Nargilə

Yaram simlədiyi üçün sən neçə gecə yuxusuz qalmışdın. Mən isə hey sənə nağıl dedirdirdim. Yorulub əldən düşmüşdün. Bir gün də mahnı oxumağını tələb elədim... Sən oxudun... Birdən susdun... Baxdım ki, yuxuya getmisən... (Pauza. Anasına daha da qısılaraq). O mahnının yadında qalan yerlərini mənim üçün oxu.

Qısa pauza. Birinci şəkildəki musiqi davam edir. Ananın xəyalı uzaqlara uçur.

Yenə də zaman dayanmışdır.

Nəzakət

Yox, o mahnını yadıma sala bilmirəm.

Nargilə (ürəkdən)

Fikir eləmə, ana... Hər şey yaxşı olacaq...

Nəzakət

Mən ömrümə on ömür calayıb sənin xoşbəxtliyin üçün dişimlə-dırnağımla çalışacağam.

Nargilə

Sağ ol ana. (Onu öpür). Neçə illərdir ki, mən sənin nəfəsini belə yaxından hiss etməmişdim.

Nəzakət (qalxır)

Bu gün yığışıb gələrsən. Sabah gedərik dərziyə.

Nargilə

Nə var ki?

Nəzakət

Sənin üçün də, özüm üçün də kostyumluq almışam.

Nargilə (ürəkdən, lap uşaq kimi sevinir)

Nə danışırsan?.. Yaxşı materialdır?

Nəzakət

Gərək xoşuna gəlsin... Məncə, çox yaxşıdır...

Nargilə (eyni uşaq sevinci ilə)

Axır ki, mənim də əynim bir təzə kostyum üzü görər...

Nəzakət

Anan sənin üçün hələ ayrı şey də alıb.

Nargilə

Nə?

Nəzakət

Gələrsən, görərsən...

Nargilə

Bəlkə... (Məzəli bir əda ilə ayağına işarə edir). Dünən univermağa gələn tuflilərdəndir? (Nəzakət başı ilə təsdiq edir). Sağ ol, ana. Bir gün mən də heylə bahalı tufli ayağıma geyəcəyimi heç ağlıma da gətirməzdim. Ancaq... ana, bir məsələ var...

Nəzakət

Yenə nə məsələdir?

Nargilə

Axı mən o kişinin üzünü bir də görmək istəmirəm.

Nəzakət

Sən onun üzünü görməyəcəksən. Mən aralıq qapını bağlamışam.

Nargilə

Qoy elə mən burda qalım.

Nəzakət

Təzədən başlayırsan?

Nargilə

Yaxşı...

Nəzakət

Hələlik...

Nargilə

Hələlik, ana!

Nəzakət çıxır. Nargilə onun ardınca uzun bir nəzər salır. İşıq tədricən azalır, nəhayət, Nargilənin həyəcanlı, xoşbəxt nəzərləri altında sönür. Həsənzadənin eyvanı. Ətrafda bir tör-töküntülük nəzərə çarpır. Həsənzadə şeylərini çamadanlara yığır. Telefon zəngi. Həsənzadə dəstəyi götürür. İşıq eyni zamanda telefon xəttinin o biri ucunda dəstəyi qulağına tutmuş Nəzakətin üzərinə düşür.

Həsənzadə

Eşidirəm.

Nəzakət

Sizi bir də narahat elədiyim üçün üzr istəyirəm.

Həsənzadə

Eybi yoxdur, buyurun...

Nəzakət (həyəcanını güclə boğaraq)

Bilirsinizmi, biz barışdıq...

Həsənzadə

Təbrik edirəm... Mən bunu gözləyirdim...

Nəzakət

İcazə verin sizə dünyalar qədər təşəkkür edim.

Həsənzadə

Mənə?

Nəzakət

Əlbəttə... Sizin təsiriniz olmasaydı, biz ana-bala arasındakı əhvalat, kim bilir, haralara gedib çıxardı... Bəlkə də heç ölənəcən barışmazdıq. (Qısa pauza). Ancaq sizdən böyük bir xahişim var.

Həsənzadə

Buyurun...

Nəzakət (həyəcan içində)

Deməyə cəsarət eləmirəm.

Həsənzadə

Ürəyinizə nə gəlirsə, deyin.

Nəzakət

Elədiyiniz yaxşılığı axıra qədər aparın.

Həsənzadə

Başa düşmürəm.

Nəzakət

Siz nə qədər yaxşı insan olsanız da, mən onun sizə ərə getməsinə razı deyiləm.

Həsənzadə

Mən bunu bilirəm.

Nəzakət

Siz Allah inciməyin...

Həsənzadə

İncimirəm...

Nəzakət

Özünüz deyin, insafdırmı ki, o cür gənc qız...

Həsənzadə (səbirsiz onun sözünü kəsir)

Aydındır.

Nəzakət

Rica edirəm, məni səhv başa düşməyin... Biz çalışmalıyıq ki, övladlarımızın xoşbəxtliyi bütöv olsun. Elə deyilmi?

Həsənzadə

Elədir... Əlbəttə, elədir...

Nəzakət

Biz xoşbəxt olmadıq, heç olmasa, onlar olsunlar... Yalvarıram, bir vasitə ilə onu özünüzdən uzaqlaşdırın. Elə edin ki, bir də sizin barənizdə düşünməsin... Siz alicənab adamsınız... Siz bunu bacararsınız...

Həsənzadə

Mən o barədə fikirləşərəm. Ancaq siz öz səhvinizi işdə düzəldin... Nargilə sizin bilib-tanıdığınızdan çox-çox yüksək bir qızdır. (Pauza. Dərin böhran içində). Siz onun xoşbəxt olmasına çalışın!.. Bunun üçün, əgər bir çətinliyə rast gəlsəniz, mənə müraciət eləməyi unutmayın!.. (Qısa pauza). Mənim ünvanımı zavoddan soruşsanız, deyərlər...

Nəzakət

Necə bəyəm, siz bir yerə gedirsiniz?

Həsənzadə

Bəli, gedirəm.

Nəzakət

Neçə vaxta?

Həsənzadə

Həmişəlik.

Nəzakət

Nə danışırsınız...

Həsənzadə (artıq danışmaq onun üçün çətindir)

Başqa sözünüz yoxdur ki?

Nəzakət (mütəəssir halda)

Gedin, işiniz həmişə avand olsun. Siz dəyərli insansınız.

Həsənzadə dəstəyi asır və dərhal papiros yandırır. O, heç bir zaman indiki qədər həyəcanlı görünməmişdir. Birinci şəkildəki musiqi yenidən qalxır. Pauza. Həsənzadə papiros çəkdikcə onun həyəcanı sonu görünməyən bir kədərə çevrilir. Yaşlı bir kişi, Fərəcov və keçən dəfə Həsənzadənin kabinetində gördüyümüz üç cavan oğlan daxil olurlar.

Yaşlı kişi

Salam.

Həsənzadə

Əleykəssalam, buyurun, əyləşin...

Gələnlər otururlar.

Yaşlı kişi

Bu nə əhvalatdır, əşi, deyirlər gedirsən?

Həsənzadə (zarafatyana)

Elə deyirlər.

Yaşlı kişi

İyirmi ildir bir yerdə işləyirik, üzümüz-gözümüz öyrəşib...

Fərəcov

Ba...a... balaca bir sexi böyüdüb o cür zavod eləmisiniz... İ... i... indi ən ya... ya... yaxşı vaxtında qoyub gedirsiniz.

Birinci işçi

Harada işləyəcəksiniz?

Həsənzadə

Gəncə tərəfdə təzə zavod tikmək lazımdır.

Yaşlı kişi

Deyir, özün ərizə vermisən?

Həsənzadə (qəsdən kişinin sözünün üstündən keçərək)

Eh, ay Muradxan dayı, sənlə mənə bu dünyada tikməkdən başqa ayrı nə qalıb ki...

Yaşlı kişi

Tikmək yaxşı şeydir. Ancaq sən niyə özünü mənimlə bir tutursan?.. Mən yetmişi vurub keçmişəm. Amma sən.

Birinci işçi

Rəşid bayaq kəndlərindən zəng eləmişdi. Sizin getməyinizi biləndə yaman pərt oldu...

Həsənzadə

Məzuniyyətini nə cür keçirir?

Birinci işçi

Deyir, darıxıram... Sabahda, birigündə qayıdacaq...

İkinci işçi (mənalı təbəssümlə)

Darıxmağının səbəbi var.

Həsənzadə (gülümsəyir)

Nədi eylə?

Birinci işçi

Bilmirsiniz?

Həsənzadə (qəsdən)

Yox, bilmirəm, nə olub bəyəm?

İkinci işçi

Naryadçı qız gələndən bəri nə gecəsi gecədi, nə gündüzü gündüz...

Üçüncü işçi

Lap Məcnun olub.

Həsənzadə

Nargiləni deyirsiniz?

Birinci işçi

Ancaq qızın onunla ulduzu barışmır ki, barışmır... Rəşidi görəndə, elə bil, cini qalxır. İllah da ki, oxuyanda.

İkinci işçi (mənalı təbəssümlə)

Bunlar Rəşidin xeyrinədir.

Birinci işçi

Xeyrinədir?

İkinci işçi (filosofanə bir görkəm alaraq)

Bəs necə...

Üçüncü işçi (hərarətlə)

Sən də ağ eləmə! Nəyi xeyrinədir, az qalmışdı kişini vurub öldürsün...

İkinci işçi

Siz hələ uşaqsınız. Mən belə romanları çox oxumuşam.

Üçüncü işçi

Qız nervinnidi, vəssalam...

İkinci işçi

Xeyr a... nervin bura dəxli yoxdur. (Bilici ədası ilə). Psixoloji!

Pauza. Həsənzadə ikinci işçiyə baxır. Sonra gözlərini ondan çəkərək papiros yandırır. O öz dərin kədərinə qalib gəlməyə çalışır.

Birinci işçi

Biz gərək onu həmkarlar ittifaqına götürək.

İkinci işçi

Götürməyinə götürər, ancaq həmkarlar ittifaqının məhəbbətə nə dəxli var?

Birinci işçi (ötkəm)

Çox dəxli var!.. Əgər o, bir təşkilatın üzvü olsa, kollektivə daha tez isinişər. Adamlara dəvə nalbəndə baxan kimi baxmaz.

Üçüncü işçi

Təzə gələn vaxt söz demək olmurdu. İndi xeyli dəyişib.

Yaşlı kişi

Qızın ağlı olsa, çəm-xəm eləməz. Bu mahalda Rəşid kimi oğlan yoxdur.

İkinci işçi

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов