Sevgililərin cəhənnəmdə vüsalı
Содержание
Страница 11 из 11 · 91%
On səkkizinci şəkil
Mayisin kabineti.
İkinci milis
Yoldaş rəis, Xumar Tağıyevanı gətiriblər.
Mayis
Qoyun gəlsin. Üst-başını nəzərdən keçirin.
İkinci milis
Aydındır, yoldaş rəis. (Qapını açaraq Xumara) Buyurun.
Xumar taqətsiz addımlarla daxil olur. Son dərəcə solğun, üzgün görünür.
Mayis (ayağa qalxaraq nəzakətlə)
Buyurun, əyləşin. (Milisə) Sən get. (İkinci milis çıxır) Sizi gətirəndə incitmədilər ki? (Xumar “yox” mənasında başını bulayır) Görünür, son hadisələr sizə çox təsir eləyib. Sınıxmısınız. Ancaq, bu, sizin cazibədarlığınızı daha da artırıb. Mən sizin gözəlliyiniz qarşısında baş əyirəm.
Xumar
Siz məni həbs etməyə gətirtmisiniz?
Mayis
Siz sürgün olunmalısınız.
Xumar
Nə üçün?
Mayis
Çünki xalq düşməninin nişanlısısınız. Dayınız, keçmiş komissar Səlim Babayev də xalq düşməni kimi həbs olundu. Hər şeyi də boynuna aldı.
Xumar
Mənim atam inqilab veteranı idi. On birinci ordu sıralarında ağ qvardiyaçılara qarşı vuruşmuşdu. Orden də almışdı.
Mayis (gülümsəyir)
Xumar, özünüz savadlı qızsınız, bilirsiniz ki, Mərkəzi İcraiyyə Komitəsinin sədri S.M.Əfəndiyev də, Komissarlar Şurasının sədri Musabəyov da, Həmid Sultanov da... Ayna xanım da, son vaxtlar tutulan dövlət xadimlərinin hamısı Azərbaycanda sovet hakimiyyətini quranlardır. Gəlin, mətləbdən uzaqlaşmayaq. Mən sizi sürgün eləyə bilmərəm. Toy zamanı nişanlınız Ayazı tutmağa gələrkən, sizi görəndən bəri bir saat... bir dəqiqə gözümün qabağından getmirsiniz. Siz mənim bütün ixtiyarımı, iradəmi əlimdən almısınız. Mən sizi sürgün eləyə bilmərəm... Özümü öldürərəm, amma sizi sürgün eləmərəm.
Xumar
Siz bilirsiniz ki, mən nişanlımı sevirəm.
Mayis
Madam ki, toyunuz baş tutmadı, neyləmək olar? Bu dünyada kim taleyin hökmündən qaçıb qurtara bilib? Mən etiraf edirəm ki, Ayaz sizə layiq oğlan idi... Ancaq nə etməli ki? Siz mənim sevgimi qəbul eləyin... Köləniz ollam... Bu sallaqxanada xidmət eləməyimə baxmayın. Mən də insanam. Mən də sevməyi bacarıram. Sizi görəndə bu dərəcədə vurulmağıma təəccüb elədim. Çünki mən elə bilirdim, bu cəhənnəm cəlladı olmaq mənim qəlbimi, bütün insani duyğularımı qurudub məhv eləyib. Elə bilirdim, daha mən adamların boynunu vurmaq üçün əlinə balta verilən robotdan başqa bir şey deyiləm... Mən sizi sevirəm... Dəli kimi, divanə kimi...
Xumar
Mən ölənə kimi nişanlımı gözləyəcəyəm.
Mayis
Xumar! Siz dünya gözəlisiniz, özünüzə heyfiniz gəlsin!
Xumar
Mənə onsuz həyat yoxdur.
Ağır pauza. Mayis nəsə demək istəyir. Çətinlik çəkir. Xumar həyəcanla ona baxır.
Mayis
Siz o qədər gözəl, o qədər zərif, o qədər cazibədarsınız ki, doğrusu, nə deyəcəyimi bilmirəm.
Xumar (birdən canlanaraq)
Yox, deyin! Mən daha heç nədən qorxmuram! Siz məni həbs edirsiniz?
Mayis
Xeyr, dedim ki, mən sizi sürgün etməliyəm.
Xumar
Haraya?
Mayis
Sibirə!
Xumar
Siz mənim nişanlımı neylədiniz?
Mayis (tərəddüdlə)
Hələ ki, həbsxanadadır.
Xumar
Necə yəni hələ ki?
Mayis
Demək istəyirəm ki, onun işinin nə ilə qurtaracağını deyə bilmərəm.
Xumar
Nə üçün onunla görüşməyə icazə vermirsiniz?
Mayis
Bizim bu lənətə gəlmiş işimizin qaydası belədir.
Xumar
Siz o cür günahsız adamı məhv edərkən, az da olsa, vicdan əzabı çəkmirsiniz?
Mayis
Onu sizin öz dayınız Səlim Babayev istintaq edirdi. Mən onu dayınızın əmri ilə həbs etdim. Dayınız sizin toy elədiyinizi eşidən kimi, ər-arvad olmağınıza imkan verməmək üçün toy gedə-gedə oğlanın həbs olunmasını əmr elədi.
Xumar
Siz nəyisə məndən gizlədirsiniz. Ayaz sağdır? (Mayis susur) Ayaz sağdır? Cavab verin!
Mayis
Mən sizin əsassız xəyallarla yaşamağınızı istəmirəm. Ona görə də, sizi aldada bilmərəm. Hələ dayınız Səlim Babayev iş başında ikən onun bilavasitə təkidi ilə Ayaza güllələnmək kəsilmişdir. Hökm də təsdiq edilmişdir!
Ağır pauza. Xumar halsız halda yıxılır. Mayis stəkana su tökərək ona yaxınlaşır.
Mayis
Özünüzü ələ alın Xumar, için!
Xumar (gözlərini açaraq əli ilə stəkanı kənara itələyir. Sakit səslə)
Onu nə vaxt güllələyəcəklər?
Mayis
Yəqin ki, sabah. Özünüzü ələ alın. İnanın ki, bu işdə mənim təqsirim yoxdur. Siz özünüzü taleyin dözülməz sistemi ilə məhv etməyin. (Diz çökür) Mən and içirəm... Bütün həyatımı, səadətimi, bu dünyada ancaq sizə həsr edəcəyəm. And içirəm! İnanın mənə! Olan olub. Özünüzü həlak eləməyin. İstəyirsinizsə sizi götürüb başqa ölkəyə qaçım. Nə cür istəyirsinizsə, elə eləyim...
Xumar (qəribə bir sakitliklə)
Əgər, sizin dediklərinizdə zərrə qədər həqiqət varsa... Əgər, məni, doğrudan da, istəyirsinizsə, icazə verin onunla vidalaşım... (Mayis susur)
İşıq sönür
On doqquzuncu şəkil
Mayis (ikinci milisə)
Ayaz Turanın görüşdən sonra ölüm hökmünü bu gün yerinə yetirin. Güllələyin!
İkinci milis
Baş üstə!
Mayis
Amma bir kimsə bilməsin! Qohumlarından soruşan olsa, deyərsiniz ki, göndərilib sürgünə!
İşıq sönür
İyirminci şəkil
Yer altında həbsxana. Ayaz təkadamlıq kameradadır. Qapı açılır, Xumar daxil olur. O, toy gecəsindəki gəlinlik paltarındadır. Onlar səssiz qucaqlaşırlar.
Ayaz
Ölkədə baş verən bu hadisələrin sonu nə ilə qurtaracaq, ilahi? İnsanların mənəvi gözəllikləri məhv edilir. Ədəbiyyat, incəsənət saxtalaşdırılır. Xalqın həqiqi ziyalıları, istedadlı yazıçıları, şairləri, sənətkarları həbsxanalar küncünə atılır, məhv edilir, güllələnir, sıradan çıxarılır. Əvəzində isə, xalqına, millətinə alçaq böhtanlar yazmaqla mənsəb, vəzifə qazanan alçaq millət satqınları, adlarını yazıçı qoyan alçaq cızma-qaraçılar vəzifə qazanır, irəli çəkilir. Bütün bu işlərin sonu nə ilə qurtaracaq, ilahi? Nə ilə? (Xumara) Mən, onsuz da, bu dünyadan sənin böyük məhəbbətinlə gedirəm, Xumar! Nə üçün özünə əzab verib bu cəhənnəmə enirdin?
Xumar
Mənim sevgilim! Mən səninlə vidalaşmağa gəlməmişəm. Mən səninlə getməyə gəlmişəm. Necə ola bilərdi ki, mən sənsiz qalaydım. (Oğlanı təkrar-təkrar öpür)
Ayaz
Görürsənmi, xoşbəxtliyin ömrü nə qədər qısaymış, Xumar. Səninlə birinci dəfə görüşdüyümüz anlar, elə bil, bir saat bundan qabaqmış...
Xumar
Yox, Ayaz, bizim səadətimizin ömrü əbədidir. Mən o əbədiyyətə sənin mənə aldığın bu toy paltarında gedirəm.
Ayaz
Yox, Xumar! Sən yaşayacaqsan. Sən məni hər gün xatırlayacaqsan. İndi mənim üçün ən böyük təsəlli budur.
Xumar
Mən sənsiz yaşaya bilməzdim, Ayaz. Qoy cəlladlar, qəddar insanlar bizi məhv olmuş sanmasınlar! Mən inanıram! İnanıram ki, bizim ruhlarımız, bizim məhəbbətimiz hansı başqa bir dünyada isə əbədi yaşayacaqdır! Elə bir dünyada ki, orda onlara cəlladların, qəddarların, insan əti yeyən əjdahaların gücü çatmayacaqdır! (Paltarının harasındansa iki balaca dərman çıxarır. Birini özü udur, o birini Ayaza verir) Bu da sənin!
Ayaz
Necə? Zəhər?
Xumar
Sus... Cəlladlar bizi pusurlar.
Ayaz ona dərin bir nəzər salaraq, tərəddüd etmədən dərmanı udur.
Ayaz (qızın boynunu qucaqlayaraq)
Mənim sevgilim! Uçaq ərşi-əlaya! Orada bizi bu gözəl dünyanın əbədi ülviyyəti gözləyir. Orada bizi əbədi azadlıq gözləyir!
Bir-birinin ağuşunda bihuş olurlar.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-sevgililerin-cehennemde-vusali
Другие произведения автора
Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:
Yenə şəhərdəBir neçə gündən sonra babam anamgilə xəbər verdi ki, onu «A» qəzasına rəis təyin eləyiblər. Ona görə də köçüb getdik şəhərə, evimizə...Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çəkdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını belinə bağlayaraq məşhur kəhər atına minib, Qızılbaşoğlu Alının müşayiətilə «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atamla anam da gəlmişdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:
Nuru dayımın qayıtmağı...Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?
Anamın bir rəfiqəsi vardı...Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.